"...Quşlar yuva qurmur bar ağacında"  

 

MƏRHUM ŞAİR RAUF SOLTANI ANARKƏN

 

Hər bir əsrin sosial və mənəvi problemləri ədəbiyyata ciddi təsir göstərir, hətta məfkurəvi inkişafını, üslub istiqamətini arxasınca aparır. Bu proses nəsrdə ləngərli, bir qədər də ağır gedir, çünki kiçik janr olan hekayənin yazılması belə vaxt hesabına başa gəlir. Poeziya çevik janr olduğundan şeirin yazılması üçün hisslərin özü "tələsir", şairi masa arxasına çəkir. Bu real həqiqətlər XX əsrdə bariz şəkildə nəzərə çarpdı. Şairlər arasında cüzi yaş fərqi olmaqla şeirə axın başladı, kitablar çıxdı. Oxucular şeir kitabları içində yaxşı mənada itib-batırdılar. Lakin istedadlı gənc şairlərdən Rauf Soltan, Suliddin Qasımlı, Eldar Nəsib, Əbülfəz Naxçıvanlı, Vaqif Yusifov (Gursel), Aslan Kəmərli, Oqtay Şamil nəslindən xeylisi ya fiziki, ya da yaradıcılıq baxımından XXI əsrə çıxmadılar. Amma təkrarsız, orijinal, yaşayacaq şeirlər yaddaşlarda qaldı.

 

Mən sonuncu şərti böldüyüm şair nəslin çoxu ilə mütəmadi görüşmüşəm, yoldaşlıq etmişəm, çay stolunda oturmuşam. İndi kitabxanama baxıram, bəzisinin avtoqrafla bağışladığı şeir kitabları məni o illərə aparır. Belə unudulmaz şairlərdən biri də Rauf Soltan idi. O, Bayılda kirayədə yaşayırdı, Vahid bağının aşağısındakı çayxanaya gəlirdi. Söhbətcil olmasa da, söhbətə reaksiya verməyi xoşlayırdı. Qəzetdə şeiri çıxanda "axşam oxuyarsan, fikrini görüşəndə bildirərsən", - deyib çayını həvəslə içirdi. Stəkanı nəlbəkiyə qoyandan sonra siqaret çıxarıb qullab vururdu.

Rauf Soltan sakitliyi, susmağı sevirdi, özünü şeir yazan kimi aparmırdı. Belə bir təvazökarlığı vardı... Bir gün çayxanada ikimizdik, mən ondan qabaq gəlmişdim, Əbülfəz Naxçıvanlı ilə vədələşmişdik. Gözümə həyəcanlı dəyirdi. Bir stəkan pürrəngi çay içəndən sonra pencəyinin qoltuq cibindən ağ-yaşıl üzlü kitabça çıxartdı və: - Müəllim, - dedi. Şeir kitabımdır, dünən nəşriyyatdan verdilər. - Mənə uzatdı. - Evdə vərəqlə, bir-ikisini götürmüşəm. Görüşəndə fikrini bildirərsən.

Təbrik etdim, oxuyacağıma söz verdim. Və növbəti görüşümdə: - Xoşuma gəldi, Rauf - dedim. - Əla şeirlərin var, "Qara kağız" şeirini oxuyub özümü saxlaya bilmədim.

O, kövrəldi...

Günlərin bir günü Rauf Soltanın dünyasını dəyişdiyi xəbərindən sarsıldım. Bu ağır gündən günlər keçib, ilk və son "Dünyadan istəyim" şeir kitabı qarşımdadır. "Yazıçı" nəşriyyatı 1987-ci ildə çap edib, 35 il əvvəl. Bir igidin ömrü, müəllifi isə bu qədər şair ömrünü yaşamadı. Poeziyamız gələcəyi olan bir istedadı itirdi.

Biz iki Qarabağ müharibəsini yaşadıq, erməni işğalçıların Qarabağ iddiasını gözlərində qoyduq, 44 gün çəkdi qələbəmiz, itirilmiş ulu torpaqlarımıza qovuşduq. Hərçənd şəhidlər verdi analarımız, ünvanlara "qara kağızlar" gəldi. Hərçənd bu "qara kağız"lar II Dünya müharibəsində şəhid olanlardan deyildi, II Qarabağ savaşından yollanan "qara kağız"lardı.

Müharibə müharibədir, əsgər analarının intizarı isə əbədidir, gözləri yoldadır.

 

 

 

Bir ana baxırdı tozlu yollara,

Dilində göynəyən acısı vardı.

Kimsəsi yox idi bu yer üzündə,

Sandıqda bu qara kağızı vardı.

 

 

Açılmaq bilmirdi tutqun bənizi,

Gözləri çıraq tək sönmüşdü onun.

Kağıza yazılan qəmli sətirlər

Üzündə qırışa dönmüşdü onun.

 

Şalının ucunu quru görmədim,

Sızlayan qəlbinin yarası idi.

Əyninə geydiyi matəm paltarı

Sanki o kağızın qarası idi.

Ana yas içində sürdü ömrünü,

Neçə fəsil gəlib ötdü dünyadan.

Bir gün sandıqdakı qara kağızın

Ağına bürünüb getdi dünyadan.

 

Rauf Soltan ana məhəbbətindən çox yazırdı, anasını Naxçıvanda qoyub gəlmişdi. "Anamın məktubuna cavab", "Ana qəlbi", "Öyüd əvəzinə" şeirləri intizar hissindən yazılmışdı.

O, həssas, adi detala (onun üçün "adi" deyildi) biganə qalmayan şairdir, ruhun heyvan bədəninə keçməsi - metaformasiya hikmətinə inanırdı. Bu barədə söhbətimiz düşürdü. Bir dəfə dedi ki, bu ovqatda bir şeir yazmışam. "Ağıllı və böyük ürəkli quşlar" adlandırmışam. Müşahidə eləmişəm ki, bir çox quşlar bar ağacında yuva qurmurlar. O, cibindən şagird vərəqini çıxartdı. Oxumasını xahiş etdim. Xatırlayıram: şeir məni necə tutmuşdursa: "Müəllim, çayın soyudu, için, sonra gerisini oxuyaram", - dedi.

Mən əlimlə işarə etdim ki, oxusun. Oxuyandan sonra ikiyə qatladığı vərəqi aldım, bəzi misraları bərkdən səsləndirdim. İndi kitabça əlimin altındadır, o vaxt xətlə fərqləndirdiyim beytləri pıçıldayıram:

 

Gör necə budaqdan-budağa səkib

Ötürlər yamyaşıl dağ yamacında.

Ağılları var ki, əziyyət çəkib

Quşlar yuva qurmur bar ağacında.  

 

Bu, deyilməyən "quşbeyin" sözünü xatırladır, belə olmasaydı "quşlar yaz çağı barsız ağaclarda yuva tikirlər" - şair qənaətinə inanmazdıq. Amma ağaclar bilmir əlacları nədir, "yarpaq gözlərindən süzülür yaşları, xiffət edən barsız ağacı yuvayla ovutmaq istərlər quşlar",

 

Çöpləri üst-üstə hörür astaca,

Nəzərə gəlməsin kaş yuvaları.

Barsızlıq dərdini çəkən ağaca

Təsəlli olubdur quş yuvaları.

 

 

"Yanan kibrit çöpü", "Müqəvvadan qorxmayan sərçələr", "Bu bahar göylərdə durna görmədim", "Qayış", "Sadəlövh uşaq kimi" şeirlər müəllifin duyduğu, yaşadığı hisslərin harmoniyasını əks etdirir. Həyatda adi bir şeyin, deyək ki, çöpün yanması bizi düşündürür. Tüstü gözümüzü yaşardır, qovuruq onu, papiros çəkənlərin də halı buna bənzər, tüstünü kənara üfürürlər. Amma şair Rauf Soltan üçün tüstünün ayrı bir fəlsəfəsi var: Və özünə sual verir: "Niyə söndürmürəm çöpü görəsən, daha lazım deyil o mənə?" O da var ki:

 

Titrəyən şöləsi kədərli, kövrək,

Duyana çox şeyi andıra bilər.

Vaxtında söndürəm bu çöpü gərək -

Yoxsa barmağımı yandıra bilər.

 

Fəqət, söndürməyə tələsmirəm mən,

Başqa bir duyğudur ürəyimdəki.

Çöpün alov donu çıxır əynindən -

Büzüşür soyuqdan üşümüş təki.

 

Şair üçünsə sanki ümiddir, arzudur, yanan üçün böyükdür, deməli, əlində yanan çöpdürsə, yanırsa, çöp deyil, böyükdür.

 

Bükülən belinə nəzər salın bir,

İndicə həyatı sona çatacaq.

Çöpü söndürməyə ürəyim gəlmir -

Kimsə yanan qəlbi söndürür ancaq.

 

 

Mən Rauf Soltanın şəxsi həyatı ilə maraqlanmadım, düzü. Belə məsələləri "qabartmağın" da öz şakərləri olur. O da heç vədə mənimlə bu barədə danışmazdı, aramızdakı yaş fərqi, görünür, buna imkan verməmişdir. Amma o, sevgi şeirləri yazmaya bilməzdi. Bəli, yanılmamışam. Kitabı vərəqləyirəm. "Yuxuma daş atan həsrət", "Getdi", "Əridən qar", "Əlim tonqala döndü" şeirləri Rauf Soltanın sevən ürəyinin pıçıltılarıdır, eşidirəm, kövrəlirəm. Sevirmiş və sevilirmiş ki, illər keçəndən sonra da xatirələr oyanır, ürəkdə çırpınırmış:

 

Əlim saçlarında gəzərdi elə,

Bir vaxt görünməzdi sığalın sonu,

Getmisən... Getdiyin o gündən belə,

Balaca tonqala dönübdür əlim -

Saçının həsrəti qalayıb onu.

 

Hər titrək barmağım bir alov dili,

Səssizcə od tutub alışır indi.

Hayıma tək bircə o günlər gəlir,

Qızınıb əlimin hərarətinə

İpək saçlarımdan danışır indi...

 

 

Rauf Soltan şairdir - epitetsiz. Tənhalıq qorxusu vardı, bu anlarında şeirə sığınırdı, poeziyanın namütənahibliyinə - sonsuzluğuna arxalanırdı, onun sakral - ilahi qüvvəsinə inanırdı. Onun şeirlərində obrazlılığın çalarları, fiqurantlığı - sözlə oyunbazlığı orijinaldır, demonemenlik - sehrbazlıq yoxdur. Fikrimi bəzi nümunələrlə çatdırmaq istərdim:

 

Öləndə sanc onu məzarın üstə,

Bəlkə pöhrələnib qol-budaq atdı.

("Əsa" şeirindən)

 

 

Yox, ana ölmədi, muştuluq kimi

Xəbər gətirənə verdi canını.

 

("Muştuluq")

 

 

Gün altda saralıb quruyub tamam,

Tarladan nə vaxtsa yığılan tütün.

 

Elə bil tələsir, o özü kimi

Bizi də saraldıb qurutmaq üçün.

 

("Tütün")

 

Qürbətdə varlılar var ki, Vətəndə

Dilənçi olmaqçün milyon verərlər.

("Qızıl külçəm")

 

Sinən qardı gözəl, hə, qardı ancaq

Əriyən qar deyil, əridən qardı.

("Əriyən qar")

 

Şəlalə bürünüb qızıl şəfəqə,

Qayadan tərtəmiz, durğun düşəcək.

Xəlvətcə bir gülün öpdüm üzündən -

Bülbüllər eşitsə, qırğın düşəcək.

("Düşəcək")

 

Toylar yavaş-yavaş seyrəlir deyə

Payız ağlamağa bəhanə gəzir.

("Bəhanə gəzir")

 

Məni qayış ilə döyərdi atam,

İndi həsrət döyür atamdan betər.

 

("Qayış")

 

Mən Rauf Soltanın harada, hansı məzarıstanda dəfn olunduğunu bilmirəm, gedib ziyarət edərdim, ruhuna dua oxuyardım. Yazdığım vərəqləri büküb qərənfil əvəzi məzarı üstə qoyub pıçıldayardım: şairlər ölmürlər, uyuyurlar, şeirlərilə yaşayırlar...

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.12.