Musiqi mozaikası
BİZDƏ SİMFONİK MUSİQİNİ NƏ
ÜÇÜN SEVMİRLƏR?
Bir sual məni
həmişə düşündürüb: Ü.Hacıbəyov,
Q.Qarayev, F.Əmirov, A.Məlikov, X.Mirzəzadə, S.Hacıbəyov...
kimi dünya şöhrətli bəstəkarlar yetişdirən
xalqın təmsilçiləri - bizlər musiqi
yaradıcılğının simfonik qoluna niyə bu qədər
biganəyik?
Bunu dilinin mürəkkəbliyi səbəbindən
simfonik musiqinin çətin başa düşülməsi ilə
izah edənlərin mövqeyi ilə qətiyyən
razılaşmıram. Çünki musiqi şüur yox,
duyğu, hissi idrak faktıdır, ilk növbədə
duyğuları sayrışdırır və yalnız bundan
sonra şüurun da qapılarını açıb müəyyən
qənaətlərlə sonunclanır. Bizi
isə dünyanın ən emosional, qaynar, duyğulu
xalqlarından biri hesab edirlər. Elə isə
bu paradoksu necə izah edək?
Pandemiya başlayana qədər Şəki və Qəbələ
şəhərlərində keçirilən musiqi
festivalları çox zəif təsəllidir. Bu tədbirlərdən
hazırlanmış konsert proqramlarına baxanda dinləyicilər
arasında gənc nəslin nümayəndələrini
görsən, əsl sensasiya olar. Digər
dinləyicilərin isə üz-gözündən gözəl
musiqi ilə ünsiyyətin nəticəsi olan məmnunluq,
sevinc, həzz duyğuları əvəzinə bezmişlik,
usanmışlıq, yorğunluq tökülür.
İndi gənclərin
televizorda simfonik orkestri, əl-qol atan dirijoru görəndə
təəccüblə "Bunlar nə edir?"
sualını verdikləri zamandır...
Mən demirəm ki, hamı ucdantutma simfonik musiqi bazı
olmalı, konsert salonlarından, televizordan da ancaq bu musiqi
eşidilməlidir. Xeyr! Amma unutmayaq ki, simfonik musiqi
janrının hörməti olmayan ölkədə
bütövlükdə musiqi sənətinin gələcəyinə
inamla, ümidlə baxmaq da çətindir.
Son vaxtlar
gənc, istedadlı dirijor, skripkaçı Mustafa Mehmandarovla
saatlarla davam edən onlayn söhbətlərimizin birində onun
danışdığı bir əhvalat axır ki, bu paradoksun
izahını tapmaqda mənə kömək oldu. Həmin əhvalatı
Mustafa müəllimin öz dilindən nəql edirəm:
"Hər il Almaniyanın Bayroyt şəhərində
gənc musiqi ifaçılarının ənənəvi beynəlxalq
musiqi festivalı keçirilir. Yəni dünyanın
hər yerindən seçmə gənc musiqiçilər bu
şəhərə dəvət olunur və onlardan təşkil
edilən simfonik orkestrin iştirakı ilə konsertlər
verilir. 2011- ci ildə mən skripka
ifaçısı kimi Azərbaycandan bu tədbirə
qatılmışdım. Məşqlərin
birində şahidi olduğum bir hadisə sözün
yaxşı mənasında məni sarsıtdı.
Deyim, bilin nə üçün.
Orkestr növbəti məşqində idi. Məşqin ən
gərgin məqamında qəfildən zalın qapısı
açıldı və təxminən 15-20 nəfər 4-5
yaşlı uşaq içəri daxil oldu. Elə bildik ki, nə isə bir
anlaşılmazlıq baş verib, azıb bura giriblər və
məşq pozulduğuna görə dirijor əsəbiləşəcək,
hay-küy salacaq. Amma belə olmadı.
Uşaqları görən kimi üzünə xoş bir təbəssüm
qonan dirijor dərhal məşqi dayandırdı, bizdən
üzr istəyib əlində dirijor çubuğu pultun
arxasından düşərək aşağı endi,
uşaqlara yaxınlaşıb bir-bir hamısı ilə
görüşdü, sonra onlarla birlikdə səhnəyə
qalxdı, pultun yanında dayanıb əlindəki çubuğu, bizləri göstərə-göstərə
uşaqlara nəyi isə izah etməyə, onlara qısa
suallar verməyə başladı.
Artıq məsələ aydın idi. Amma dirijor
çubuğunu növbə ilə bir-bir uşaqlara verərək
pultun arxasına dəvət edəndə, orkestri 1 dəqiqəliyə
idarə etmələri üçün onlara minnətçi
düşəndə bu jest məni əməllicə heyrətə
saldı. Təbii ki, uşaqların bir
neçəsi çaşıb qaldı, bir neçəsi hətta
qorxub ağladı da. Amma çubuğu alıb inamla bizə
"dirijorluq" edənlər də oldu və həmin o
anlarda mən anladım ki, dövlət hesabına 170 simfonık orkestrin (!!!) fəaliyyət
göstərdiyi Almaniya nə üçün simfonik musiqi
yaradıcılığının gündən-günə
çiçəkləndiyi bir ölkədir. Hələ
bağça yaşlarından uşaqlarda elitar, ciddi musiqi
zövqünü formalaşdırmağın bundan təsirli
metodunu fikirləşmək mümkün deyil...
Nəhayət, məşqimizin bu "fazası"
başa çatdı, dirijor uşaqları qapıya qədər
ötürüb hörmətlə yola saldı və biz
yalnız bundan sonra məşqimizi davam etdirməyə
başladıq".
Məncə, bu hadisənin özü şərhsiz-filansız
hər şeyi deyir. Ona görə də mən son nöqtəni
qoyub kənara çəkilirəm.
Bir
şey demək lazımdırsa, siz deyin.
NİYAZİNİN
KƏŞFİ
Alman
filosofu A.Şopenhauerin söylədiyi sadə, amma dahiyanə
bir fikir var: "Sözün qurtardığı yerdə
musiqi başlayır".
Bu fikir, məncə, musiqinin genezisi, fəlsəfəsi,
estetikası, funksiyası barədə söylənilmiş bəlkə
də ən dəqiq fikirdir. O, bizə sadaladığım
mövzularda yazılmış qalın-qalın elmi-nəzəri
kitablardan qat-qat zəngin informasiya ötürür, ən
başlıcası isə növündən, janrından, pis,
yaxud yaxşı olmasından asılı olmayaraq istənilən
musiqi əsərinin, melodiyanın onu düzüb qoşan (və
ifa edən!) subyektin nitqinin davamı olması həqiqətinə
inandırır.
Doğrudan da, bəzən elə məqam yetişir ki,
insan düşündüklərini, yaşantılarını
adi sözlərlə, danışıq nitqi ilə
çatdırmaqda çətinlik çəkir. Belədə
ilk növbədə poeziya, poetik nitq köməyə gəlir.
Lakin poeziyanın da imkanları limitsiz deyil: bir də
görürsən ki, duyğuların, düşüncələrin
bütün çalarlarını, spektrini ifadə etməyə
onun da gücü çatmır. Belə anlarda
sonuncu pənahımız rənglər və səslərdir
- körpənin qığıltısı, xəstənin
iniltisi, çəkdiyimiz ah, heyrət, təəccüb, qorxu
bildirən nidalar... əslində sözə çevrilə
bilməyən duyğuların, fikirlərin dilidir. Bu səslər
rənglər kimi bir-birinə qovuşanda kiçik musiqi
frazalarına, yəni səslərin ahəngdar
sıralanmasına çevrilir və
çatdırdıqları informasiyanın məzmunundan, həcmindən
asılı olaraq bu frazalar da bir-birinə hörülüb rəngarəng
səs çələnglərini - bir neçə səsin
melodik uzlaşmasından, yəni zümzümədən
tutmuş mürəkkəb
quruluşa malik çoxsəsli kompozisiyalara - simfonik əsərlərə
qədər müxtəlif musiqi əsərləri yaradır.
Burası belə. Amma mənim demək istədiklərim
yalnız bunlar deyil.
Demək
istədiyim əsas mətləb budur ki, musiqini insan nitqinin
davamı kimi başa düşür və qəbul ediriksə,
onda belə bir fikirlə də razılaşmalıyıq ki,
hər hansı kəsin adi danışıq dili üzərində
qurulmuş nitqindən çıxış edib onun daxili aləmi,
savadı, erudisiyası, dünyagörüşü, ən
başlıcası isə xisləti barədə qənaətlərə
gəliriksə, eşitdiyimiz musiqilər də onları
düzüb- qoşanların və ifa edənlərin
zövqü, istedadının səviyyəsi, xarakteri
haqqında tutarlı informasiya ötürür.
Əgər
eşitdiyimiz musiqi insan duyğularının ən mübhəm,
incə nüanslarını yox, müəllifinin şit, məzmunsuz
sicilləmələrini, boş hay-küyünü,
çığır-bağırını ifadə edirsə,
onu düzüb qoşan və dövriyyəyə buraxan
müəllif haqqında da eyni təyinlərlə
danışmaq zorunda deyilikmi?
Sağlığında
Azərbaycan musiqisinin saflığı keşiyində müsəlləh
əsgər kimi dayanan maestro Niyazi öz filosof adaşı
Niyazi Mehdinin sözləri ilə desək, sənətdə
bu "geydirməçilik" sindromunun mahiyyətini
çox uğurlu bir ifadə ilə açmışdı -
"meymun musiqisi"!
İndi
"dərə xəlvət, tülkü bəy" məntiqindən
çıxış edərək meymun musiqisi yaradıb
dövriyyəyə buraxanların, onların
"çakkudi-çukkidi"sinə atılıb
düşənlərin yeri də əslində meymunların
yaşadıqları məkan olmalı deyildimi??!!
Qəbrin
çatlamasın, maestro!
KÜSMƏYƏ
HAQQI ÇATANLAR
Bizim elə mahnılarımız, təsniflərimiz var
ki, nəinki özləri, hətta onların
ifaçıları da bilmərrə unudulub. 40-50 il əvvəl
ifaları radioda tez-tez səsləndirilən və nəyə
görəsə, səsini Əbülfət Əliyevin səsinə
oxşatdığım Teymur Hüseynov, onun oxuduğu
mahnı və təsniflər də belə unudulanlar
sırasındadır. Halbuki çox ürəyəyatımlı
səsi, özüməxsus ifa tərzi vardı və
oxuduğu mahnıların ruhu ilə dialoqa girməyi çox
yaxşı bacarırdı.
Mən internet şəbəkəsində Teymur
Hüseynov haqqında heç bir məlumata rast gəlmədim
- elə bil dünyada bu adda müğənni olmayıb. Amma yutubda
ifalarını tapdım, təkrar dinlədim. Həmin ifaları müşayiət edən
fotoların birindən belə nəticə çıxarmaq
olar ki, T.Hüseynov uşaq musiqi məktəbində tar müəllimi
olub və görünür, həssas musiqi duyumu, ürəyəyatımlı,
kövrək səsi ona həm də müğənni olmaq
şansı verib.
Unudulmuş müğənninin unudulmüş
repertuarından "Bilirsənmi səndən niyə
küsmüşəm?" (həm də "Segah təsnifi"
kimi təqdim olunur) mahnısını dinləyəndə nədənsə
mənə elə gəldi ki, oxuyan illərin o
tayındakı müğənninin özü deyil, onun incik
ruhudur və o ruh təkcə özünün yox,özü
kimi unudulan neçə-neçə həmkarının
nisgilini, qubarını, giley-güzarını səslərin,
sözlərin qanadında bizlərə ünvanlayır:
"Bilirsizmi sizdən niyə küsmüşük?.."
Unudulanlar məgər beşdirmi, ondurmu?
Ən
azından lent yazılarını səsləndirib,
adlarını, xidmətlərini dilə gətirib bu incik
ruhların könlünü almaq o qədərmi çətindir?
Axı nə mane olur?
Ayılıb öz çarəmizə özümüz
əlac tapmasaq, mənəvi dəyərlərimizin tənəzzülünü
daha da dərinləşdirə, keçmişimizə biganəlik
fonunda gələcəyimizi itirə bilərik.
Nə qədər
gec deyil, küsməyə haqqı çatanların
küskün ruhlarını ovundurmağa tələsək.
Sonra gec
olacaq!
EŞŞƏK
ARISININ PARLAQ QƏLƏBƏSİ
Vaxtilə
Çexov otağın küncündəki süpürgəni
dostuna göstərərık demişdi: "Bax, istəsən,
o süpürgədən də gözəl hekayə yazmaq
olar".
Onun həmvətəni,
bəstəkar Rimski Korsakov isə daha uzağa getdi,
eşşək arısının vahiməli
uçuşundan, hamının zəhləsini tökən
iyrənc vızıltısından dünya simfonik musiqisinin
şedevrlərlərindən birini - 1 dəqiqə 30 saniyəlik
"Eşşək arısının uçuşu"
adlı simfonik etüd yaratdı.
O vaxtdan
üzü bu yana dünyanın ən məşhur orkestrləri,
eləcə də solo ifaçıları məzmun qəfilliyi,
ifa texnikasının özəlliyi ilə heyrət doğuran
bu əsəri skripkada, pianoda, kontrabasda, fleytada, violonçeldə,
tubada, ksilofonda, saksafonda ifa edib eşşək
arısının vızıltısını estetik zövq
mənbəyinə çevirməkdən yorulmurlar. Azərbaycanda isə onun hətta milli musiqi alətlərində
- tarda, kamançada ifası imtahan proqramlarına
salınır.
Yeri gəlmişkən, Azərbaycan musiqiçiləri
də təbii səslərin imitasiyası fonunda möhtəşəm
əsərlər yaratmışlar. Azərbaycan simfonik musiqisinin (təkcə
Azərbaycanınmı?) incilərindən olan "Karvan"
simfonik lövhəsində Soltan Hacıbəyov
ucsuz-bucaqsız səhrada hərəkət edən dəvə
karvanının səs obrazlarını, ustad sənətkar
Habil Əliyev uşaqlar üçün işlədiyi
"Cücələrim" mahnısında anaş
toyuğun qaqqıltılarını, cücələrin
civiltisini bəlkə Rimski-Korsakovdan da üstün bir məharətlə
sənət faktına çevirməyi bacarıblar.
Bu əsərlər bir daha sübut edir ki, təbiətdəki
hər şeydə, hər səsdə bir gözəllik var
(Nizami demişkən, itin cəsədi də ağzındakı ağappaq,
mirvari kimi dişlərə görə gözəldir). Sadəcə
onu görməyə, duymağa, ifadə etməyə ürək
lazmdır.
Əlisəfdər Hüseynov
525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.11.