"Kitabi-Dədə Qorqud"un urdu dilində nəşrinin
təqdimatı keçirilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda "Kitabi-Dədə
Qorqud"un Pakistanda urdu dilində nəşrinin təqdimatı
keçirilib. Təqdimatda
Pakistan Ədəbiyyat Akademiyasının
Prezidenti, professor Yusif
Xuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, "Qardaş
qələmlər" dərgisinin
baş redaktoru Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, AMEA-nın müxtəlif institutlarının
direktorları və bir çox ziyalılar iştirak ediblər.
Təqdimatı giriş sözü
ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Ədəbiyyat
İnstitutu ilə
Pakistan Ədəbiyyat Akademiyası
arasında qarşılıqlı
əməkdaşlıq əlaqələrinin
konkret layihələr
üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Bu vaxta qədər
çap olunmuş kitablar, keçirilmiş konfranslar, əməkdaşlıq
müqavilələri, müxtəlif
tədbirlər barəsində
ətraflı məlumat
verib. Qeyd edib ki,
"Pakistan nümayəndə heyətini Gəncəyə,
Nizami Gəncəvinin
vətəninə aparmışıq.
Müəyyən səbəblərdən
hələ də Pakistanda Nizami Gəncəvini həm Azərbaycan, həm fars şairi
kimi tanıyırlar. Biz bunun səbəbini
başa düşürük.
Sovet ittifaqı ilə Pakistan arasında "dəmir pərdələr" olub.
Azərbaycan Nizami Gəncəvi
haqqında həqiqətləri
Pakistana çatdıra
bilməyib. Nizami Gəncəvi
haqqında məlumatlar
bütün dünyaya,
o cümlədən, Pakistana
İran vasitəsilə
daxil olub. Siz də bilirsiniz
ki, qədim və orta əsrlərdə
fars dilində
yazmaq ənənə
idi. Hindistanda Əmir Xosrov
Dəhləvi də farsca yazıb.
Biz artıq sizinlə
"Kitabi-Dədə Qorqud"
layihəsini başa çatdırdıq. Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. İstərdim ki, ikinci layihəmiz
Nizami Gəncəvi olsun. Biz əminik
ki, qardaş Pakistan xalqı Nizami Gəncəvinin hansı xalqa mənsub olduğunu dünyaya göstərməkdə tərəddüd
etməyəcək. Yayda
"Kitabi-Dədə Qorqud"un urdu dilində
çap ilə bağlı təklif etdik. Professor Yusif Xuşkun böyük səyləri ilə "Kitabi-Dədə Qorqud"
ilk dəfə urdu dilində çap olunub. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli kimliyidir. Pakistan xalqı
"Kitabi-Dədə Qorqud"u
urdu dilində
oxumaqla Azərbaycanı
incəliklərinə qədər
tanıyacaq. Bu iş
Pakistan-Azərbaycan əlaqələrinə
misilsiz töhfədir.
Akademiyanın prezidenti kimi ilk
tədbiri "Kitabi-Dədə
Qorqud"a həsr etdik. Həm də ilk tədbirimizdə
Azərbaycanı dövlət
kimi ilk tanıyan Türkiyənin və Pakistanın nümayəndələri
iştirak edir. İlk tədbiri Ədəbiyyat İnstitutunda keçirməyimiz
də bir tarixdir".
Pakistan Ədəbiyyat
Akademiyasının Prezidenti,
professor Yusif Xuşk eposun urdu
dilində nəşri
haqqında ətraflı
məlumat verib: "Hazırda Azərbaycan Respublikasının Pakistandakı
səfiri bizə çox kömək edir, əlaqələrimizin
inkişafına səy
göstərir. Azərbaycan yazıçıları
üçün Pakistan yazıçıları
yad deyillər və ya əksinə.
Pakistan Ədəbiyyat Akademiyası
Pakistanda yenidən Azərbaycan ədəbiyyatının
seçilmiş əsərlərini
urdu dilində
çap etdirmişdir.
Bununla belə, bu kitab Azərbaycan
ədəbiyyatının urdu dilinə tərcüməsi baxımından
çox böyük inkişafdır. Ən vacib məqam
odur ki, kitab Azərbaycan Yazıçılar Birliyinin
XIII qurultayı ərəfəsində
çap olunmuşdur.
"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanın ən qədim dastanıdır və ilk dəfədir ki, urdu dilinə
tərcümə edilmişdir".
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
çıxışında bildirib ki, "İsa müəllimin ədəbiyyat tariximizə
tamamilə yeni baxışdan yanaşması
və bunu əməli işdə göstərməsi, "Kitabi-Dədə
Qorqud"la ədəbiyyat
tariximizin başlaması
dönüş nöqtəsidir
və bu da İsa müəllimin
xidmətidir".
Təqdimatda Əlyazmalar İnstitutunun
baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əlyazmalar İnstitutunun şöbə
müdiri, professor Məhərrəm
Qasımlı, Memarlıq
və İncəsənət
İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan-Asiya ədəbi
əlaqələri şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva,
"Qardaş qələmlər"
dərgisinin baş redaktoru Yaqub Öməroğlu, AMEA-nın
müxbir üzvü Könül Bünyadzadə,
Dilçilik İnstitutunun
baş direktoru,
professor Nadir Məmmədli, Fəlsəfə İnstitutunun
icraçı direktoru
Eynulla Mədətli və professorlar Qəzənfər Paşayev
və Əsədulla Qurbanov da çıxış
edərək nəşrin
əhəmiyyətindən danışıblar.
Gülnar SƏMA
525-ci qəzet.- 2022.- 28 oktyabr.- S.9.