Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Kamill əlverişli
gecəni seçib, düşmən düşərgəsinə
yaxınlaşdı. Dan şəfəqi
söküləndə sərkərdə ağır
silahlanmış piyadalarını hücuma apardı. Qallar döyüş sırasına düzlənməyə
macal tapmamış, onların üzərinə ox və
daş dolusu yağmağa başladı.
Əlbəyaxa döyüş başlananda qalların
qılıncı dəmir dəbilqələrə dəyib,
korlaşırdı. Qalları, bu, dəhşətə gətirdi
və onlar düşərgədən qaçırdılar.
Məğlubiyyət tam və qəti idi.
Mark Furi Kamill və onun qoşunu şadlanan Romaya zəfərlə
qayıtdı.
O, senatda patritsilərlə plebeylərin mübahisəsinə
də son qoydu. İki konsul seçkisini
keçirdi, onlardan biri patritsi, digəri isə plebey idi.
Alba
çayı üzərindəki qələbədən iki il sonra b.e.ə. 365-ci ildə ahıl sərkərdə
olan Kamill oldu.
Kamillə
paxıllıq edənlər də az
deyildi. Veyidəki qələbəsindən sonra
Kamillin şərəfinə triumf keçirildi. Təntənənin dəbdəbəsi həm də
çox sayda paxıllıq nümunələri yaradır.
Kamillin triumfdakı hərbi arabasına dörd ağ
at qoşulmuşdu. Paxıllar deyirdi: "Heç kəs belə
etməmişdi, Kamill özünü allahlarla müqayisə
etmək istəyir".
Lakin Kamillə göstərilən ehtiramlara onun layiq
olmasını sonrakı qələbələri bir daha sübut
etdi. Onun Faleri xaininə göstərdiyi qəzəb həmin
müəllimi cəzalandırıb, şəhərə
qaytarması rəvayətlər mövzusuna çevrildi.
Kamillin alicənablığı yenə öz
mükafatını aldı, şəhər müqavimət
göstərmədən qapılarını onun üzünə
açdı.
lll
Qədim Roma tarixinin görkəmli simalarından biri olan
Furi Kamill barədə əfsanə xarakterli çox şeylər
danışılır. Lakin onların hamısı bu mərd
siyasi xadimin həyatında baş vermişdi. O, bir sərkərdə
kimi çoxlu məşhur qələbələr
qazanmış, beş dəfə diktator
seçilmiş, dörd dəfə triumfunu bayram etmişdir. Təsadüfi deyil ki, onu "Romanın ikinci əsasını
qoyan" adlandırırlar. Bu
böyük xidmətlərinə baxmayaraq, o, bir dəfə də
olsun konsul seçilməmişdi. Çünki
senatla mübahisə aparan xalq konsulu seçməyib, dövlətdə
yüksək vəzifəni özünün seçdiyi hərbi
tribuna verirdi. Onların hakimiyyəti və
vəzifəsi konsul səlahiyyətlərinə bərabər
idi. Bu vaxt Kamill şərəfin və
igidliyin yüksək nöqtəsində dayanmışdı.
O, xalqın iradəsindən kənar konsul olmaq istəmirdi,
hakimiyyət ona mənsub olanda, başqaları ilə
bölüşürdü. Qoşunlara digər
adamlarla birlikdə başçılıq edəndə isə,
qələbənin şöhrəti müstəsna qaydada ona
mənsub olurdu. Bunlara o, təvazökarlığına
görə, həm də öz ağlına görə
qazanırdı. Hamının rəyinə
görə Kamillin şöhrəti başqalarından xeyli
yüksək idi.
Mark Furi Kamill b.e.ə. 447-ci ildə anadan olmuşdur, onun
valideynləri patritsi olsalar da, böyük nüfuz sahibi
deyildilər.
Ona görə də bu məşhur adamın
nailiyyətləri şəxsən onun özünə məxsus
idi. Furi nəsli heç tanınmayanda,
Kamill bu ailənin ilk üzvü idi ki, özünü
şöhrət sahibi eməyi bacarmışdı. O,
böyük bir döyüşdə budundan yaralansa da, əsgərlər
sırasından çıxmamışdı, nizəni
yarasından çıxarıb, düşmənin ən igid
döyüşçüləri ilə, onlar
döyüş meydanından qaçana qədər
vuruşmuşdu. Buna görə o, senzor vəzifəsini
almışdı, bu vəzifə isə o vaxtlar böyük
nüfuza malik idi. O, sözlərin köməyi və hədə
vasitəsilə, cərimə tətbiq etməklə
subayları, həlak olmuş ərlərini itirmiş dul
qadınlara evlənməyə məcbur etmişdi. Tez-tez baş verən müharibələr hesabına
həmin vaxt dul qadınlar həddən çox idi. XX əsrin
sonlarında İraq-İran müharibəsində həlak
olmuş ərlərini itirmiş iranlı dul qadınların
tənhalığına son qoymaq və əlil veteranların
özlərinə ailə yaratması üçün ölkənin
ali dini rəhbəri ayatolla Xomeyni
onların arasında nikahın bağlanması kimi kütləvi
işə məscidləri cəlb etmişdi.
Sonra Kamill zəruri olduqda, yetimlərə maddi kömək
verilməsini tətbiq etdi. Bundan beş əsr
sonra Romanın nəcib imperatoru Trayan kasıb uşaqlara
yardım göstərilməsi barədəki yeniliyin -
"alimenta" adlanan ictimai fondların
yaradılmasını tətbiq etmişdi.
Çox maraqlı hadisə Etruriyada olan Veyinin mühasirəsi
vaxtı baş vermişdi. Bu etrusk şəhəri
silahının çoxluğuna və qoşunlarının
sayına görə Romadan geri qalmırdı. Öz var-dövləti ilə öyünməklə
onun sakinləri dəbdəbəli həyat sürürdü.
Romalılarla vuruşanda isə onun əsgərləri
çoxlu parlaq igidliklər göstərmişdi. Lakin bir neçə döyüşdə məğlubiyyətə
uğrayıb, onlar ədalı planlarından əl çəkdilər.
Öz şəhərini onlar hündür və
möhkəm divarlarla əhatə etmişdilər, onun daxilində
çoxlu silah və çörək ehtiyacı
toplamışdılar ki, mühasirəyə
dözümlüklə davam gətirə bilsinlər.
Mühasirə isə uzun çəkdi, hətta mühasirə
edənlərin özü üçün də bu, çətin
və ağır bir iş idi. Romalılar
qısa müddətli müharibələrə öyrəşmişdilər,
yayda yürüşə yollananda qışda evlərinə
qayıdırdılar. İlk dəfə
idi ki, hərbi tribunlar onlara istehkamlar tikməyi və
düşmən torpaqlarında qışı və yayı
keçirməyi əmr etdilər. Müharibə,
demək olar ki, yeddi illiyə uzandı. Xalq
ordu başçılarını ittiham edirdi ki, mühasirəni
heç də yaxşı həyata keçirə bilməmişdilər.
Bu vaxt Kamill ikinci dəfə hərbi tribun
seçilmişdi. O, mühasirəni qabağa çəkə
bilmirdi. Romalılar mühasirə ilə məşğul
olanda etrusklar bir neçə dəfə onların
torpaqlarını qarət etmişdilər. Kamill onları cəzalandırdığına
görə, ağır itkilərdən sonra onlar öz şəhərlərinin
divarları arxasına çəkilib, oradan bir daha
çıxmadılar.
Uzun müddətli mühasirədə, dəfələrlə
baş verən kimi, düşmən tərəflər
arasında canlı təmas yaranır və
danışıqlar gedirdi. Bir romalı mühasirədə olan
etrusk ilə tanış olmuşdu, onlar
tez-tez danışırdılar. Veyi sakini təbiət
möcüzəsindən söhbət salıb, bu
möcüzə də Alban gölü ilə əlaqədar
idi, romalıdan hansısa bir sirri öyrənmək istədi.
Söhbət əsnasında romalı onu xeyli uzağa
apardı, darvazadan çox uzaq olanda onu tutdu və sərkərdələrə
təhvil verdi. Etrusk bildirdi
ki, nə qədər ki, Alban gölündən çıxan
su geri qayıtmayıb, onun şəhərini götürmək
mümkün olmayacaqdır. Senat bunu
eşidəndə Delfə orakulun yanına səfirlik göndərdi.
Orakulun məsləhətindən sonra kahinlər
ibadət etməyə başladılar.
Müharibənin
onuncu ili senat bütün magistratları ləğv
edib, Kamilli diktator seçdi. Süvarilərin rəisliyinə
isə o, gələcək məşhur sərkərdə
Korneli Stsipionu təyin etdi.
Kamill and içib, qoşunları ilə iki şəhər-
dövlətin qoşunlarını məğlub etdi. Ondan sonra Veyin
mühasirəsini davam etdirdi və əmin oldu ki, hücumla
şəhəri tutmaq çətindir və hətta
mümkün deyildir, ona görə də divarın
altını deşməyə başladı. Lağım qazmaq işi çox dərində gedirdi.
O istəyirdi ki, divardan kənarda guya ona hücum etdiyini
göstərsin ki, düşmən divarın üstünə
çıxanda, Kamillin əsgərləri bu vaxt gözə
çarpmadan yeraltı girişlə qazılmış
çalaya girib, şəhərdəki məbədə
yaxınlaşdılar. Bu vaxt etruskların
başçısı qurban verirdi. Romalılar meydandakı
döşəməni deşib, oradan
çıxdılar, qışqırıqla və
silahlarını döyməklə məbədə
yollandılar.
Şəhər hücumla alındıqda romalılar əhalini
qarət edib, böyük var-dövləti özləri ilə
apardılar. Kamill buna qaladan baxıb, əvvəlcə
ağladı, sonra ətrafındakıların təbrikinə
cavab olaraq əllərini göyə qaldırıb, bu
duanı oxudu. "Qüdrətli Yupiter və
siz allahlar, xeyir və şər əməllərin şahidi
olmaqla, bilirsiniz ki, biz, romalılar bizə ədalətsizcəsinə
düşmən olan xalqın şəhərini haqqın
ziddinə deyil, zərurətə görə, onların
hücumlarından qorunmaq üçün işğal
etmişik. Bizə də öz növbəmizdə
bədbəxtliyi sınaqdan keçirmək qismət olsa,
bizim indiki təntənəmizin cəzası kimi, qoy o,
mümkünsə az dərdlə, Romanın və Roma
qoşununun xeyiri naminə yalnız mənim başımın
üzərində öz işini görsün".
Bu duasını bitirib, romalıların adətinə
görə, o, adamlara müraciət etmək istəyəndə
yıxıldı. İştirak edənlər bu mənzərəyə
görə utandılar. Lakin o, qalxıb dedi ki, onun
duası eşidilmişdir: böyük xoşbəxtlikdən
sonra ona kiçik bədbəxtlik baş vermişdir. O, bu vaxt
əsgərlərinin şəhəri qarət etməsini nəzərdə
tuturdu.
İnsan ağlı öz zəifliyində sərhəd
tanımır.
Özünü ələ almağı
bacarmır, ən yaxşısı yavaş tərpənmək
və mülayimlikdir.
Doqquz illik mühasirədən sonra Roma ilə rəqabət
aparan şəhər fəth edildi və Kamill heç də
öz böyük igidliyi ilə qürrələnmirdi.
Kamill
yenidən beş nəfərlə birlikdə
hərbi tribun seçildi, işlərin vəziyyəti tələb
edirdi ki, sərkərdəliyə hörmətli,
tanınmış, həm də təcrübəli adam
seçilsin. Kamill hakimiyyətə gəldi və
möhkəmləndirilmiş, hər cür zəruri mallarla
bolluca təchiz edilmiş Faleri şəhərini mühasirəyə
aldı. O bilirdi ki, şəhəri tutmaq çətindir
və çoxlu vaxt tələb edəcəkdir.
Falerililər şəhərin mühasirəsinə
çox laqeydliklə yanaşırdılar, öz
divarlarına arxayın olub, küçələrdə sərbəst
qaydada gəzirdilər. Uşaqlar da məktəbə gedir, müəllimləri
ilə birlikdə şəhərin divarlarından kənara
çıxıb, təbiət gözəlliklərinə
tamaşa edirdilər. Yunanlarda olan kimi
falerililərdə də yalnız bir müəllim var idi və
o, uşaqları körpəlikdən tərbiyə edirdi.
Bu müəllim öz məkrli planı üçün uşaqları alət seçib, faleriyalılara xəyanət etmək istədi. O, hər gün onları şəhər divarları arasından çıxarıb, əvvəlcə yaxın məsafələrdə gəzdirir və sonra geri qaytarırdı. Sonra o, daha uzaq məsafədə gəzintilər təşkil edirdi, uşaqlarla birlikdə bu vaxt əsas Roma postlarına yaxınlaşdı, onları mühafizəçilərə təhvil verib, özünü Kamillin yanına aparılmasını istədi. Onu sərkərdənin yanına gətirəndə uşaqların tərbiyəçisi və müəllimi olduğunu bildirdi və dedi ki, gəlmişdir ki, uşaqları girov götürsünlər və bu yolla şəhəri ona təhvil versin. Kamill onu dinləyib, onun hərəkətinə çox hirsləndi. Ətrafındakılara müraciət edərək dedi ki, müharibə əlbəttə bəladır; böyük ədalətsizliklərin və zorakılığın köməyi ilə aparılır. Lakin vicdanlı adamlar üçün müharibədə də bəzi qanunlar vardır. Qələbənin arxasınca o vaxt qaçmaq lazım deyildir ki, o, alçaqlıq və cinayətlər hesabına əldə edilir. Böyük sərkərdə öz igidliyinə arxalanıb müharibə aparmalıdır, digərləri tərəfdən öz borcuna xəyanət edilməsinə bel bağlamamalıdır. O, liktorlarına əmr etdi ki, xainin paltarlarını çıxarıb, qollarını belinə sarısınlar, uşaqlara isə çubuğu və qamçını versinlər ki, əsiri döysünlər və şəhərə qovsunlar. Bu dəhşətli hadisə şəhərə məlum olanda sakinlər ağlamağa başladı. Valideynlər çılpaq və qolubağlı müəllimlərini qovan uşaqlarını gördükdə, Kamilli özlərinin xilaskarı adlandırdılar. Təkcə valideynlər deyil, digər sakinlər də Kamillə hörmət və məhəbbət hiss etdilər, onun ədalətliliyini yüksək qiymətləndirdilər. Xalq yığıncağında qərara alındı ki, ona səfirlər göndərilsin və elan edilsin ki, onlar təslim olurlar. Kamill onları Romaya göndərdi. Senatda onlara dedilər ki, romalılar ədaləti qələbədən yüksək tutmaqla onları məcbur etdilər ki, azad olaraq qalmaqdansa, romalılara tabe olsunlar. Ona görə yox ki, onlar romalılardan zəifdirlər, məhz ona görə ki, romalıların alicənablığı onları özünü məğlub etiraf etməyə məcbur etmişdi. Senat öz tərəfindən Kamillə icazə verdi ki, bu vəziyyətdə özü bildiyi kimi sərəncam versin. O, falerililərdən pul aldı; onların digər müttəfiqləri ilə isə ittifaq bağlayıb geri çəkildi.
Əsgərlər Falerini qarət etməyə ümid edirdilər, lakin Romaya əliboş qayıtdılar. Buna görə onlar Kamilli ittiham edirdilər ki, o, heç də kasıbların vəziyyətini yüngülləşdirmək istəmir. Onu məhkəməyə verdilər ki, etrusklardan əldə etdiklərini gizlətmişdir. Ona cərimə kəsdilər və dostlar bu cəriməni verməyə hazır idilər. Kamill dözməyib, şəhərdən sürgünə getmək istədi. O, ikinci Axilles kimi öz həmvətənlərini lənətləyib, şəhəri tərk etdi və məhkəməyə gəlmədi. Onu iri məbləğdə cəriməyə məhkum etdilər. Elə romalı yox idi ki, Kamillin duasının tezliklə həyata keçiriləcəyinə inanmasın. Romaya dəhşətli bədbəxtlik və təhlükə baş verdi. Bir sadə romalı plebey tribunlara tezliklə qalların basqınını gözləməli olacaqlarını dedi. Tribunlar onun bu sözünü gülüş və zarafatlarla qarşıladılar.
Kelt tayfası olan qallar özlərinin çoxluğundan, onların hamısını qidalandıra bilməyən öz ölkələrini tərk edib, digər torpaqları axtarmağa yollandılar. Onlar minlərlə sayda olmaqla, gənc və döyüşkən adamlar idilər, onların arxasınca sayca daha çox olan arvadları və uşaqları gəlirdi. Onların bir hissəsi Avropanın şimalını tutmuşdu. Digərləri isə Pireneylərlə Alpların arasındakı ölkədə məskunlaşmışdılar. Xeyli vaxtdan sonra onlar İtaliyadan gətirilmiş şərabı dadmışdılar. Şərab onlara çox xoş gəldiyindən, bu ləzzətdən o qədər sevinmişdilər ki, silahlanıb, Alplara doğru hərəkət etdilər, həmin giləmeyvəni verən torpağı axtarmağa başladılar. Digər torpaqları onlar bəhrəsiz və becərilməyən hesab edirdilər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.14.