Ədəbi-elmi axtarışlar yolunda
ŞİRİNDİL ALIŞANLININ 70 İLLİYİNƏ
Şirindil
Alışanlının bu il nəşr olunmuş
"Sözün yaşamaq haqqı" kitabını və
bu kitab haqqında mətbuatda dərc edilmiş məqalələri
(Baba Babayev, Sara Osmanlı, Safurə Quliyeva) oxuduğum məqamda
birdən məlum oldu ki, yaxın günlərdə onun 70
illiyidir.
Deyirlər,
"vaxtdan gileylənmə, vaxtın gedər", ancaq bu 70 rəqəmi
mənim üçün tamam gözlənilməz oldu, onun 50
illiyi, 60 illiyi yadıma düşdü və bu heyrətamiz
vaxt uçuşu kimi bir sürətlə də Şirindilin ədəbiyyata
gəlişi, ötən illər ərzindəki ədəbi-tənqidi
və elmi-təşkilati fəaliyyəti fikrimdən
ötüb keçdi. Onun məqalələri,
monoqrafiyaları, kitabları, həm müəllif olduğu, həm
də redaktə və tərtib etdiyi bir çox məcmuə
və elmi əsərlər əlli (!) ilə yaxın bir
yaradıcılıq yolunun və bu yoldakı ədəbi-elmi
axtarışların xeyli dərəcədə elə həmin
50 il ərzində Azərbaycan ədəbiyyaşünaslığının
və ədəbi tənqidinin mənzərəsini əks
etdirir.
Keçən
əsrin 60-70-ci illərində ədəbiyyatımızda
maraqlı (və belə görünür ki, zəruri) bədii-estetik
və ədəbi-elmi bir hadisə baş verdi: bədii ədəbiyyata
gəlmiş "60-cılar" artıq özlərini təsdiq
etdikdən sonra, dünyagörüşü, bədii-estetik
zövqü, siyasi-ictimai mövqeyi etibarilə bu ədəbi
nəslin davamı olaraq, 70-ci illərin ikinci yarısında mənim
üçün doğma olan tənqidçi-ədəbiyyatşünaslar
nəsli (Aydın Məmmədov, İsa Həbibbəyli, Rəfael
Hüseynov, Kamal Abdulla, Nizaməddin Şəmsizadə, Vilayət
Quliyev, Kamil Vəliyev, Vaqif Yusifli, Rəhim Əliyev, İlham
Rəhimli, Məryəm Əlizadə, Nadir Cabbarov… bir az sonra
sürət və keyfiyyətlə ədəbi prosesə
daxil olmuş Nizami Cəfərov, Tehran Əlişanoğlu...)
özünü ifadə və təsdiq etməyə
başladı və onların ən istedadlı nümayəndələrindən
biri də Şirindil Alışanlı idi.
Mən bu
gün yaxşı tanınan və nüfuzlu, artıq özləri
yeni ədəbi-elmi nəsillər yetişdirən bu qələm
sahiblərini - o zamankı yeni ədəbiyyatşünas-tənqidçi
nəslini doğma adlandırdım və bu doğmalıq
yalnız şəxsi münasibətləri yox, eyni zamanda sənətə
(və aşağı-yuxarı dərəcədə,
ümumiyyətlə, dünyaya) münasibəti, bədii-estetik
zövqü ifadə edir. 1970-80-ci illərdə mən
özüm də Yazıçılar İttifaqının tənqid
və ədəbi orqanlar üzrə cavan bir katibi idim və o
vaxt, onları İttifaqa cəlb edirdim, yazı-pozuları
haqqında daima fıkir söyləyir, bir çoxunun
kitabına ön söz yazırdım, həmin kitabların
redaktoru olurdum, bu nəslin ədəbi prosesə gətirdiyi
yeni ab-havanı, yeni düşüncə tərzini, bədiiyyatı
təhlil və qiymətləndirmə prinsiplərini və
bacarıqlarını müxtəlif münasibətlərlə
ədəbi-elmi ictimaiyyətə çatdırmağa
çalışırdım. Bütün bunları ona
görə söyləyirəm ki, o zamankı ədəbi əhval-ruhiyyəni,
nəsillər arasındakı müsbət enerjili birliklə
sosrealizm doqmalarına qarşı aparılan - bir az təmtəraqlı
səslənə bilsə də - qələm mübarizəsi
və bədii ədəbiyyatla ədəbi tənqidin sinxron
və effektli fəaliyyəti barədə müəyyən təsəvvür
yaransın.
O gənc
ədəbiyyatşünas və tənqidçilər nəslinin
nümayəndələrinin artıq 60-70 yaşları tamam
olur və onların keçdiyi həyat yolunun böyük bir
hissəsi ədəbi-elmi axtarışlar yoludur. Bu
axtarışlar nəticəsində onlar Azərbaycan ədəbiyyatının
problemlərini müəyyənləşdirmək və həll
etmək baxımından əvvəlki nəsil nümayəndələrinin
(Əziz Şərif, Həmid Araslı, Mirzə Feyzulla
Qasımzadə, Məmməd Cəfər Cəfərov, Məmməd
Arif, Mir Cəlal, Mirzəağa Quluzadə, Məmməd
Hüseyn Təhmasib, Cəfər Cəfərov, Mehdi
Hüseyn, Mikayıl Rəfili, Əli Sultanlı, Əzitz Mirəhmədov,
Abbas Zamanov, Əkrəm Cəfər, Cəfər Xəndan,
Əkbər Ağayev, Hidayət Əfəndiyev və bizim
xatırlamalı olduğumuz başqa yaşlı ədəbiyyatşünas
və tənqidçilərimiz, eləcə də gənc
yaşlarında repressiyaya məruz qalmış, həyatları
kimi yaradıcılıqları da yarımçıq kəsilmiş
və yazacaqlarını özləri ilə aparmış
Əli Nazim, Hənəfi Zeynallı, Əmin Abid, Məmməd
Kazım Ələkbərli, Mustafa Quliyev, Vəli Xuluflu və
b.) işini nəinki davam etdirdilər, onlar bu böyük
yaradıcı fəaliyyəti daha da inkişaf etdirdilər,
yeni-yeni elmi-ədəbi nailiyyətlərə nail oldular. O
zamanlar onların 60-70 illik yubileyləri hələ çox
uzaqlarda idi və mənim də fikrimdən keçməzdi
ki, vaxt gələcək, bu cavanların - Kamal Abdullanın,
İsa Həbibbəylinin, Nizami Cəfərovun... - qocaman (!)
yubileyləri münasibətiylə yazılar yazacağam,
onların ədəbi-elmi (və qalın həcmli!)
kitabları, monoqrafiyaları ədəbiyyatşünaslığımızın,
tənqidimizin etibarlı və mötəbər mənbələri
olacaq.
İndi də, budur, Şirindilin 70 illiyidir.
Şirindil Alışanlı elə ilk
yazılarından nəzəri təfəkkür tərzi,
orijinal təhlil manerası, səriştəsi və elmi
mütaliəsinin geniş coğrafıyası ilə
seçilirdi.
Mənim yaxşı yadımdadır ki, Şirindilin elə
ilk məqalələri diqqəti cəlb etdi, əks-səda
doğurdu, bu məqalələri qəbul və müdafiə
edənlərlə bərabər, sırf ideoloji baxımdan qəbul
etməyənlər də oldu və biz o yazıları
Yazıçılar İttifaqının katibliyində
müzakirəyə çıxartdıq, onun o dövr
üçün cəsarətli ədəbi mövqeyini
müdafiə etdik, 1977-ci ildə Nizami adına Ədəbiyyat
İnstitutu ilə birgə keçirdiyimiz Respublika
müşavirəsinin məruzəçisi də Şirindil
oldu. Bu gün mənim üçün xoş bir gözlənilməzlik
oldu ki, Şirindil həmin müşavirənin
materiallarını "Sözün yaşamaq haqqı"
kitabına daxil edib və bu yerdə həmin müşavirədə
çıxış edən, mənim də daima böyük
hörmətlə xatırladığım Məmməd Cəfər
Cəfərovun, Mirzağa Quluzadənin, Kamal Talıbzadənin,
Yazıçılar İttifaqının o zamankı Birinci
katibi İmran Qasımovun, Abbas Zamanovun, Əziz Mirəhmədovun,
Bəkir Nəbiyevin, Yaşar Qarayevin Şirindilə və
onun timsalında gənc tənqidçi-ədəbiyyatşünaslara
göstərdikləri qayğı və xeyirxahlığı
xüsusi qeyd etmək istəyirəm.
Şirindil ədəbi prosesə şeiri duyan, onun
ideya-estetik tutumunu, emosional qatlarını ümumiləşdirməyi
bacaran, sosioloji təhlildən hər vəchlə yan
keçməyə çalışan bir tənqidçi kimi
gəlmişdi. Əziz və unudulmaz dostum Yaşar Qarayevin rəhbərliyi
ilə Nizami adına İnstitutun "Müasir ədəbi
proses" şöbəsinin hazırladığı
"Ədəbi proses" silsiləsindən məcmuələr
mənim kitabxanamda qalmaqdadır və o məcmuələrdə
poeziya bölməsinin əsas müəlliflərindən biri
də Şirindildir. Onu da qeyd edim ki, vaxtı ilə
Yazıçılar İttifaqının geniş iclasında
müzakirə etdiyimiz, qurultay kürsüsündən
yüksək dəyər verdiyimiz bu məcmuələr bu
günün özündə də 1960-80-ci illər ədəbi
prosesini öyrənmək baxımından ciddi mənbələrdən
biridir.
Şirindilin
tənqidçi kimi mühüm bir cəhəti ondadır ki,
onun qələmi prinsipial və güzəştsizdir və o, poeziyanın, əgər
belə demək mümkünsə, estetik dünyasına bələd
olduğu üçün mövqeyi də səriştəli
və əsaslıdır. O, poetik fikir tariximizi, klassik poeziya ənənələrimizi
yaxşı mənimsədiyi üçün, Azərbaycan
poeziyasını müxtəlif ədəbi nəsillərin və
müxtəlif də poetik nəfəsə malik nümayəndələrinin
yaradıcılığı fonunda izləyir. Şirindil bu
gün əsasən, ədəbiyyatın nəzəri problemləri
ilə məşğul olur, ancaq onun xeyli müddət əvvəllər
yazdığı və "Sözün yaşamaq
haqqı" kitabına daxil etdiyi Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Aşıq Şəmşir haqqındakı məqalələrini
nəzərdən keçirsəniz, hiss edəcəksiniz ki,
söhbət nəzəri mənada poetik xüsusiyyətləri
dərindən mənimsəmiş bir qələm sahibindən
gedir.
O da
yadımdadır ki, Şirindil təxminən qırx il bundan əvvəl Azərbaycan
ədəbiyyatında romantizm probleminin nəzəri-estetik
fikirdə tədqiqinə həsr edilmiş namizədlik
dissertasiyası yazıb, müdafiə etdi və iyirmi ildən
sonra həmin əsər monoqrafiya kimi nəşr olundu. Aradan
bu qədər vaxt keçsə də, elmi-nəzəri
çəkisini və əhəmiyyətini saxlamış həmin
monoqrafiya haqqında mən vaxtı ilə
yazmışdım: "Şirindil Alışanovun
"Romantizm: mübahisələr, həqiqətlər"
kitabı Məmməd Cəfər Cəfərovun
yazılarından sonra, xüsusən onun Cavid romantizmi
haqqında yazılarından sonra, romantizm haqqında Azərbaycan
ədəbiyyatşünaslığında ən ciddi əsərlərdən
biridir. Şirindil mükəmməl nəzəri
hazırlığı ilə onun təhkiyyə
bacarığı arasında bir vəhdət var, onlar
bir-birini tamamlayır və buna görə də sırf nəzəri
problemlərə həsr olunmuş bu kitab canlıdır, asan
və maraqla oxunur. O da yaxşı cəhətdir ki,
kitab rus dilindədir, auditoriyası geniş və müxtəlifdir
və o auditoriya həm Azərbaycan romantizmi haqqında, həm
də Azərbaycan ədəbiyyatşünaslığının,
ədəbi-estetik və nəzəri fıkrinin səviyyəsi
haqqında bizim üçün müsbət olan bir təsəvvür
əldə edəcəkdir" ("525-ci qəzet", 6 mart
2003-cü il).
Mən
unudulmaz Məmməd Cəfər müəllimin adını
çəkdim və Şirindili həm bir şəxsiyyət,
həm də alim-tədqiqatçı kimi səciyyələndirən
(və bu gün çoxlarına nümunə ola
biləcək!) bir cəhətini də vurğulamaq istəyirəm:
onda həm insani, həm də elmi mənada qədirbilənlik
var, o, unutmur və unutdurmamaq üçün də
çalışır. Onun Məmməd Cəfər, Mir Cəlal,
Həmid Araslı, Kamal Talıbzadə, Abbas Zamanov, Yaşar
Qarayev kimi bizim böyük ədəbiyyatşünaslarımız
haqqında portret oçerkləri tarixi ədəbi prosesi dərindən
bilən, ədəbiyyatşünaslıq elminin qanun və
kateqoriyalarını müasir elmi tələblər
mövqeyindən dəyərləndirən bir müəllifin
qələmindən çıxmışdır. Ədəbi məclislərdə Şirindillə
görüşlərimiz zamanı, hərdənbir də
telefonlaşanda mən həmişə razılıq etmişəm
ki, o, bizim ədəbiyyatşünaslıq irsimizə, bu irsi
qoyub gedən rəhmətliklərə xüsusi diqqət ilə
yanaşır. Yaşar Qarayevin əsərlərinin V
cildlik nəşrini də mən Şirindilin ədəbi-elmi
ictimaiyyətimizə çox ciddi töhfəsi hesab edirəm
və bu cildləri vərəqlədikcə,
monoqrafiyaları, məqalələri, esseləri yenidən
gözdən keçirdikcə məndə elə bir təəssürat
yaranırdı ki, elə bil, canlı Yaşarla ünsiyyətdəyəm,
indicə qalxıb onunla növbəti dəfə
telefonlaşacağıq.
Elə
bilirəm ki, Şirindilin aspirant vaxtı o zamankı SSRİ
Elmlər Akademiyasının M.Qorki adına Ədəbiyyat
İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinə
ezam edilməsi, orada yalnız SSRİ-də, sonralar isə postsovet məkanında deyil, xaricdə
də tanınan və qəbul edilən Y.Borev, B.Kojınov,
S.Borev, N.Qey, D.Urnov, Q.Belaya, E.Meletinski, S.Averintsev və
başqaları kimi nəzəriyyəçi alimlərlə
biləvasitə ünsiyyəti, oradakı yaradıcı
mühitin içində olması, onun
dünyagörüşünün formalaşmasında, ədəbiyyat
nəzəriyyəçisi kimi yetişməsində
mühüm rol oynamışdı. SSRİ
dağıldı və o dövrün bir çox ədəbiyyat
(sosrealizm) nəzəriyyəçilərini də özü
ilə apardı, ancaq baxın, artıq vəfat etmiş Yuri
Borev böyük estet alim kimi bu gün də rus ədəbi-elmi
prosesində iştirak edir.
Yuri Borevlə Şirindilin yaradıcılıq əlaqələri
bizim nəzəri fikirlə rus ədəbiyyatşünaslığının
qarşılıqlı təmasında effektli rol oynadı və
elə Şirindilin də təşəbbüsü ilə
Bakıda "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji problemləri" mövzusunda çox əhəmiyyətli
Beynəlxalq konfrans keçirildi (mən də o konfransın məruzəçilərindən
biri idim).
Şirindilin Azərbaycan
ədəbiyyatının tarixi poetikası silsiləsindən
nəşr etdirdiyi və nüfuzlu mütəxəssislərin,
eləcə də onun özünün məqalələrindən
ibarət kitabları, məncə, müasir ədəbiyyatşünaslığımızda
əhəmiyyətli bir təmayülün sistemli
başlanğıcı idi. Bu
yazını yazarkən, mən o vaxt nəşr olunmuş bu
iki kitabı ("Azərbaycan ədəbiyyatının tarixi
poetikası. I kitab. Bakı,
"Elm", 1989; "Azərbaycan ədəbiyyatının
tarixi poetikası. II kitab. Bakı, "Elm" 2006) bir daha vərəqlədim
və burada tarixi poetikanın nəzəri-metodoloji problemləri,
ayrı-ayrı janrların və bədii ifadə vasitələrinin
təkamülü, eləcə də poetik fikrin təkamül
özünəməxsusluğu yüksək elmi-nəzəri
səviyyədə, professionallıqla
araşdırılır. Şirindil bu
vacib elmi istiqamətin tədqiqinə səriştəli
mütəxəssisləri cəlb edə, onların tədqiqatlarını
konkret elmi konsepsiya hüdudlarında əlaqələndirə
bilib.
Mən
1965-75-ci illər arası aspirantlıqdan baş elmi
işçiyəcən Nizami adına Ədəbiyyat
İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsinin ("Məmməd Cəfər müəllimin
şöbəsi"!) əməkdaşı olmuşam və
o zaman İnstitutun bizimlə yanaşı otağındakı
"Sovet ədəbiyyatı" şöbəsinə Məmməd
Arif, sonra Bəkir Nəbiyev, sonra da Qasım Qasımzadə rəhbərlik
edirdi, bu gün isə adı dəyişmiş o şöbəyə
- "XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinə Şirindil rəhbərlik
edir. Mən bunları ona görə
xatırladıram ki, elə o zamanlardan etibarən də bu iki
şöbəylə (əslində, elə bütün
şöbələrlə) bağlı elmi nəşrləri
izləmişəm və xüsusən müstəqillik
dövründə sovet zamanı yaranmış ədəbiyyata
yanaşmada metodoloji prinsipləri ədəbiyyatşünaslığımızın
inkişafında və ədəbiyyatımızın
ümumi mənzərəsinin yaranmasında
oynadığı rolu çox ciddi və bu gün də
aktual hesab edirəm. Sovet dövrü ədəbiyyatı
tarixi-siyasi reallıqlar kontekstində öyrənilməli və
təbii ki, bədii-estetik meyarlar əsas götürülməlidir,
ancaq eyni zamanda, ideoloji baxımdan bu gün məğlub
əsərlərin səviyyəsi dediyimiz həmin meyarlara
cavab verirsə, bu cəhət də sərf-nəzər edilməməli,
onların bədii dilin zənginləşdirilməsi,
poetikanın yeni estetik keyfiyyətlər əldə edilməsi,
janr və forma müxtəlifliyi baxımından ədəbiyyatmızın
inkişafındakı rolu da qiymətləndirilməlidir.
Bu mənada "XX əsr ədəbiyyatı məsələləri"
silsiləsindən nəşr edilən kitablar bu dövr ədəbiyyatının
bir sıra nəzəri problemləri və ədəbi şəxsiyyətlərinin
yaradıcılığı ilə bağlı obyektiv nəticələrə
gəlməyə yardımçı oldu. Səməd Vurğun,
Mikayıl Müşfiq, Məmməd Arif, Mir Cəlal və
İlyas Əfəndiyevə həsr edilmiş məcmuələr
bu klassiklər haqqında müasir elmi meyarlara cavab verən
bir səviyyədə yazılmışdır. I kitabda redaktor kimi ön söz yazmış
Şirindil doğru olaraq deyir ki, "Çağdaş nəzəri-metodoloji
araşdırmalarda iki cəhət gündəmdədir.
Birincisi, ümumən humanitar fikrə məxsus
metodoloji problemləri dünyanın qabaqcıl elmi fikri
kontekstində araşdırmaq, perspektivləri müəyyən
etmək. İkincisi, milli ədəbi
fikrin öz daxili ədəbi-estetik inkişaf
qanunauyğunluqlarını üzə çıxartmaq.
Nəzəri konsepsiyalarla milli ədəbi təcrübənin
yekunlarının vəhdətdə götürülməsi
müasir nəzəri-metodoloji böhrandan
çıxmağın səmərəli, düzgün
yoludur" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri,
I kitab. Bakı, "Elm", 2006, s.3). "XX
əsr Azərbaycan poeziyası" antologiyaları da (20-50-ci
illəri əhatə edən cildlər) Sovet dövrü Azərbaycan
poeziyası haqqında təsəvvürü genişləndirir
və konkretləşdirir.
Şirindilin
onilliklərdir ki, ədəbiyyatın nəzəri və təcrübi
problemləri ilə bağlı araşdırmaları və
bu araşdırılmaların ədəbiyyatşünaslıq
elmimizin uğuru kimi dəyərləndirilən iki kitabı
üzərində qısaca dayanmaq istəyirəm
("Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
və "Ədəbi-nəzəri fikrin tarixiliyi və
müasirliyi"), çünki bu sanballı tədqiqatlar
onun tarixi və müasir ədəbi proses, dünya və Azərbaycan
nəzəri-estetik fikri haqqında düşüncə və
mülahizələrini qabarıq şəkildə meydana
çıxarmışdır.
Ayrı-ayrı
klassik sənətkarların və tənqidçilərin ədəbi-nəzəri
görüşləri, müəyyən dövrün ədəbi
prosesi ilə bağlı Məmməd Cəfərin, Məmməd
Arifin, Kamal Talıbzadənin, Yaşar Qarayevin, Şamil
Salmanovun, İsa Həbibbəylinin, Nizaməddin Şəmsizadənin,
Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun, Kamran Əliyevin,
Kamal Rüstəmin (ilk yadıma düşənlərin
adını çəkirəm) və başqalarının tədqiqatları
var və ədəbiyyatşünaslığımızın
təşəkkülü və inkişaf tarixi
baxımından həmin tədqiqatlar mühüm rol
oynayıb (və oynayır!). Kamal Talıbzadənin vacib tarixi
bir missiyanı yerinə yetirmiş "XX əsr Azərbaycan
tənqidi" monoqrafiyasını isə ayrıca qeyd etmək
istəyirəm və bu fundamental əsərdə Azərbaycan
tənqid tarixi ilə bağlı ilk dəfə sistemli tədqiqat
aparılmışdır. Şirindilin monoqrafıyası isə
dünya humanitar nəzəriyyələri fonunda ədəbiyyatşünaslığımıza
geniş masştablı baxış kimi meydana
çıxdı və hər bir tarixi mərhələdən
bəhs edərkən, müəllifin nəzəri səviyyəsi,
professionallığı, dünya ədəbiyyatşünaslığı
ilə təmasına görə də mən bu sanballı əsəri,
ümumiyyətlə, müasir humanitar elmlərimiz
üçün əhəmiyyətli bir hadisə hesab edirəm.
Ədəbiyyatşünaslıq, aydın məsələdir,
humanitar təfəkkürün mühüm qollarından
biridir və onun tərəqqisini, kəsir və
qüsurlarını da özündə təcəssüm
etdirir.
Müstəqilliyimizin
bərpasından sonra humanitar elmlərin problemləri
yalnız elmi-ədəbi ictimaiyyətin yox, ümumiyyətlə,
cəmiyyətin diqqət mərkəzindədir və bu da təbiidir:
dünyada qarşı-qarşıya duran iki
dünyagörüşü, iki iqtisadi-siyasi sistem
dağıldıqdan sonra humanitar elmlərin ciddi metodoloji
problemləri ortaya çıxdı. Tarixi dəyərləri
qiymətləndirməyin prinsipləri müəyyən edilməli,
ictimai formasiyalar nəzəriyyəsini əvəz edə biləcək
nəzəri meyarlar müəyyənləşdirilməli
idi. Şirindilin haqqında
danışdığım tədqiqatları məhz belə
bir şəraitin, ədəbiyyatşünaslıq elminin
daxili zərurətinin və ehtiyacının məntiqi ifadəsi
kimi yaranıb.
Bu tədqiqatların
mühüm cəhəti ondadır ki, burada nəzəriyyəçiliklə
tarixilik bir-birini tamamlayır, zəncirvari şəkildə
biri digərindən doğur və buna görə də nəzəri
mülahizələr, təkidlə, inamla müdafiə edilən
konsepsiyalar havadan asılı qalmır, əksinə, bir əsrdən
artıq dövrü əhatə edən ədəbiyyatşünaslıq
faktlarının təhlili ilə bizi inandırır və bu
baxımdan ədəbiyyatşünaslığın aksioloji
problemləri ilə bağlı əldə edilmiş elmi nəticələr
əhəmiyyətli və əlamətdardır. Müstəqillik illərində təşəkkül
tapmış ədəbi-siyasi reallıqların məzmunu və
bu zəmində klassik irsin, o cümlədən, XX əsr ədəbiyyatının
dəyərləndirilməsi problemi aktual olduğu qədər
də mübahisələr, fikir ayrılıqları yaradan
bir məsələdir. Klassik irsi qiymətləndirmək
məqamında qarşımızda böyük tarixi təcrübə,
müxtəlif ədəbi-fəlsəfı məktəblərin
baxış bucağı, konsepsiyalar var və tarixin
gördüyü işi heç bir tədqiqatçı
görə biməz. Şirindil haqlı
olaraq yazır ki, "tarix heç bir vaxt indiki qədər
müasir mənəvi dəyərlərin yenidən dərki
və qiymətləndirilməsinin elmi-metodoloji cəbbəxanası
kimi mənalı olmamışdır" (Müasir humanitar təfəkkür
və Azərbaycan ədəbiyyatşünaslığı.
Bakı, Elm, 2011, səh. 25).
Klassik
irsi qiymətləndirmək baxımından ədəbiyyatşünaslıq
faktlarını araşdırarkən Şirindil həqiqətə
söykənən belə bir qənaətini bildirir ki, nəzəri-estetik
fikir bir çox "vərdişləri"ni inersiya ilə
hələ də davam etdirməkdədir və həqiqətən,
böyük bir tarixi dövrün ədəbiyyatşünaslığın,
tənqidin vulqar-sosioloji qoluna əsaslanıb vulqarcasına da
inkar etmək elmi-metodoloji baxımdan ciddi
yanlışlıqdır. Bu barədə mən əvvəllər
də, o cümlədən, "Sosrealizm bizə nə verdi?" silsilə məqalələrimdə
də yazmışam və əslində mövcud tarixi siyasi
rejim çərçivəsində belə, ədəbiyyatşünaslıq
elmi dünya bədii fikrinin müasirlərimizə
çatdırılmasında, onun tarixi və müasir mənasının
şərhində, xüsusən tekstologiya sahəsində
böyük xidmət göstərmişdir. Bu
baxımdan Şirindilin ədəbiyyatşünaslıq tariximizə,
onun nümayəndələrinin fəaliyyətinə
yanaşmasını və elmi (elmi-bədii!) qiymətləndirməsini
mən obyektiv elmi möqeyin ifadəsi kimi qəbul edirəm.
Şirindil
tədqiqatlarında əsaslandırır ki, postsovet məkanında
marksist-leninçi metodologiyanın iflası ilə heç
bir elmi-nəzəri prinsipə əsaslanmayan konsepsiyalar ortaya
çıxdı və bəzən ekstremist (əslində
vulqar bolşevizm) mövqedə dayanaraq, klassik irsimizi
"köhnəlmiş", "dəyərsiz" elan etdilər.
Bir çoxları isə dini-mistik mövqedə dayanaraq, az
qala klassik irsimizin böyük bəşəri məzmununun
sırf sufi ideyalarla bağladılar və Şirindil haqlı
olaraq klassik irsin, xüsusən XX əsr ədəbiyyatının
çağdaş meyarlar əsasında təhlili zamanı
tarixiliyi və ədəbiyyatın öz daxili mahiyyətini,
onun bədiilik tutumunu əsas götürür. O, Azərbaycan,
eləcə də dünya elmi fikrinin mənzərəsi
haqqında yaxşı təsəvvür yarada bilir və
marksist nəzəriyyənin bu sahədəki rasional cəhətlərini
qabartmaqla yanaşı, ədəbi irsimizə münasibətdə
sovet dövrünün mövcud sanballı nəşrlərindəki
yanlışlıqları da nəzərdən
qaçırmır, əksinə, onların elmi fəsadlarını
da üzə çıxarır, əsaslı və
soyuqqanlı surətdə fəsadların mahiyyətini
göstərə bilir, yəni söhbət tendensiyalı
münasibətdən, birtərəfli yanaşmadan yox,
obyektivlikdən gedir.
Layiqli cəhətlərdən
birini də mən onda görürəm ki, o, ədəbiyyat
tariximizin qədim və orta əsrlər, XIX əsr, XX əsrin
əvvəlləri, sovet dövrü kimi mərhələlərini
tədqiq etmiş Həmid Araslı, Feyzulla Qasımzadə,
Mir Cəlal, Məmməd Arif kimi görkəmli alimlərin tədqiqatları
ilə yanaşı, bu tarixi dövrlərin müəyyənləşməsində
fon olan nəzəri, tekstoloji iş görmüş ədəbiyyatşünaslarımızın
da xidmətlərini dəyərincə
işıqlandırır. Bunu da qeyd etmək istəyirəm
ki, "Sözün estetik yaddaşı" əsərində
Şirindil romantik ədəbiyyatın mərhələləri
haqqında tutarlı bölgü təklif etmişdi və bu
haqda mən "Aqoniya" yoxsa təkamül?" adlı
araşdırmamda yazmışdım: "Şirindil
Alışanov "müəyyən təşəbbüs"
kimi Azərbaycan klassik romantizminin belə bir mərhələ
təsnifatını verir:
1. Erkən
orta əsərlərin intibah romantizmi (Nizami, Xaqani, Məhsəti);
2. Yetkin
orta əsrlərin klassik romantizmi (Nəsimi, Füzuli);
3. Klassik
romantizmin ənənə kimi davamı və tənəzzülü
dövrü (M.Ş.Vazeh, Natəvan).
Bu təsnifat,
elə bilirəm ki, mahiyyət etibarı ilə Azərbaycan
klassik romantizminin mərhələlərini dəqiq müəyyən
edir" ("Aqonya", yoxsa təkamül?,
Bakı, "Təhsil", 2014, s.9).
Şirindil
Alışanlı haqqında yazanlar və danışanlar, adətən,
ondan tənqidçi, nəzəriyyəçi alim kimi bəhs
edirlər və bu təbiidir, ancaq bununla yanaşı, o, son
30 ildə çap edilmiş bir çox sanballı nəşrlərin
icrası ilə məşğul olmuş professional naşir,
səriştəli redaktordur. Yadımdadır,
Respublikamızda ilk özəl "Sabah" nəşriyyatını
o təsis etmişdi və sovet dönəmində yasaq
olunmuş müəlliflərin əsərlərini nəşr
etmişdi. Eləcə də "Elm"
nəşriyyatının direktoru işləyəndə də
Şirindil elmimizin və ədəbiyyatımızın
müxtəlif sahələrini əhatə edən onlarca
çoxcildliklər, lüğətlər, monoqrafiya və
jurnalların nəşrinə xeyli əmək
(yaradıcı əmək) sərf etmişdi.
Mən bu yazını Şirindilin 50 və 60 illiklərini
yada salmaqla başladım və səliqəsiz arxivimdə
axtarıb həmin yubileylərlə bağlı göndərdiyim
teleqramların surətini tapa bildim. Elə o teleqramlarla da
bu yazını bitirmək istəyirəm.
"Əzizim, Səni Azərbaycan ədəbiyyatşünaslığının
və ədəbi tənqidinin görkəmli nümayəndələrindən
birini anadan olmağının 50 illiyi münasibətilə
ürəkdən təbrik edirəm. Sənin bu əlli
illiyin mənim üçün çox gözlənilməz
oldu. Çünki gənclik
şövqü həmişə səninlə bir yerdədir
və mən arzu edirəm ki, həmişə də belə
olsun. Sən əlli illiyinə bir çox
prinsipial və obyektiv tənqidi məqalələrlə bir
çox yüksək nəzəri səviyyəli elmi
araşdırmalara romantizm haqqında ən yaxşı
kitablardan biri ilə gəlib çıxmısan. Sənin obyektiv və səriştəli qələmin
daima ədəbiyyat təəssübü çəkmişdir
və bütün bu illər ərzində sənin səmimi,
təvazökar, etibarlı şəxsiyyətin də
yaradıcılığını tamamlamışdır.
Əziz dostum səni bir daha təbrik edir, sənə
uzun ömür, cansağlığı və yeni-yeni
yaradıcılıq qələbələri arzulayıram.
Elçin.
05.XI.2002"
"Əzizim Şirindil!
Sənin altmış illik yubileyin ailən, nəslin və
dostların üçün sevinc və qürur mənbəyi
olduğu kimi, müasir ədəbiyyatşünaslığımız
və tənqidimiz üçün də fərəhli bir
hadisədir. Sən elmi-yaradıcı estafeti XX əsr ədəbiyyatşünaslığımızın
və tənqidimizin klassiklərindən alıb, onların ən
yaxşı ənənələrini XXI əsrdə nəinki
davam, həm də inkişaf etdirən görkəmli və
nüfuzlu bir alim və tənqidçisən. Bu gözəl yubiley münasibətilə səni
ürəkdən təbrik edir, sənə uzun ömür,
cansağlığı, xoşbəxtlik arzulayıram.
İstedad,
axtarış və yaradıcı enerji isə həmişə
səninlədir
Elçin
2.XI.2012".
İndi isə artıq 2022-ci ilin oktyabrıdır.
Ancaq... "vaxtdan gileylənməyək ki, vaxtımız gedər..."
24 oktyabr 2022.
Bakı.
ELÇİN
525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.12-13.