"Əsir düşərgəsi"
hekayələr toplusu "Ədibin
Evi"ndə müzakirə olunub
Bu günlərdə "Ədibin Evi"ndə yazıçı, jurnalist
Vüsalə Məmmədova
ilə görüş
keçirilib. "Müharibə
cinayətlərinin işıqlandırılması:
qurbanlar və dəyərlər" mövzusunda
təşkil olunmuş
tədbirdə Vüsalə
Məmmədovanın TEAS Press Nəşriyyat evində işıq üzü görmüş "Əsir
düşərgəsi" hekayələr toplusu ətrafında müzakirələr
aparılıb.
Tədbiri giriş sözü
ilə açan "Ədibin Evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva
"Ədibin Evi"
haqqında məlumat verib, görkəmli yazıçı Mir Cəlalın
məşhur "Bir gəncin manifesti" və "Dirilən adam" romanlarını,
eləcə də bir çox satirik hekayələrini məhz bu evdə
qələmə aldığını
bildirib: "Mir Cəlal Paşayev
1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın
Təbriz şəhəri
yaxınlığındakı Əndəbil kəndində
anadan olub. Kiçik yaşlarında olarkən
atası Bakıya işləməyə gəlir,
Mir Cəlal isə qardaşı ilə birlikdə atası tərəfindən Gəncəyə
aparılır və orada məktəbə gedir. Amma təəssüf ki, atası gənc yaşlarında vəfat edir, beləcə iki qardaş Gəncədə
qalır və xeyriyyə cəmiyyətlərinin
hesabına məktəbi
bitirirlər. Mir Cəlal
əvvəl müəllimlik
texnikumunda, sonra isə bir il Kazanda təhsil alır. Bundan sonra onun həyatının
qalan hissəsi müəllimlik və yazıçılıqla bağlı
olur. Yazıçının
1929-1941-ci illərdə Bakıdakı
ünvanı məhz bu ev olur. O vaxt İçərişəhərdə
çox gözəl bir mühit vardı. Ev deyəndə böyük
görünür, əslində
isə Mir Cəlal həyat
yoldaşı Püstə
xanımla iki pəncərənin arasında
iki otaqda yaşayıblar. Ümumilikdə, bu evdə bir neçə ailə yaşayıb.
Mir Cəlalın burdakı qonşuları məşhur ədiblərimiz
olublar".
Sonra "Əsir düşərgəsi" hekayələr toplusu ilə bağlı müzakirələrə toxunan Ş.Mehrəliyeva tədbirin adının təsadüfən seçilmədiyini bildirib: "Müharibə cinayətlərinin işıqlandırılması: qurbanlar və dəyərlər" adı təsadüfən seçilməyib. Biz indiyə qədər öz dəyərlərimizi qorumaq uğrunda saysız-hesabsız qurbanlar vermişik. Bundan sonra çalışmalıyıq ki, bu yolda bir daha qurbanlar verməyək. İki il bundan əvvəl qazandığımız Zəfərdən sonra bizi barış prosesi gözləyir. Cənab Prezident də öz çıxışlarında dəfələrlə bunu vurğulayıb. Bizim mənəvi sütunlarımız və bunlara ehtiramımız digər xalqlarla müqayisədə fərqlənir. Ən birinci kitabımız olan "Kitabi Dədə Qorqud"a baxsaz, görərik ki, o kitab sanki bizim konstitusiyamızdır. Orada oğuzların müharibədə necə davranması, əsirlərlə, uşaqlarla, qadınlarla necə rəftar etmələri barədə xeyli məlumatlar var. Demək istədiyimiz odur ki, qarşı tərəf nə qədər amansız olsa da, azərbaycanlılar heç vaxt elə ola bilməzlər. Bu mövzudan yazanda da məsələyə hərtərəfli yanaşmaq lazımdır. Çünki bizim yazdıqlarımız sadəcə bir kitab deyil, həm də cəmiyyətin düşüncəsinə təsir edən önəmli bir vasitədir. Vüsalə Məmmədovanın qələmə aldığı "Əsir düşərgəsi" kitabları hekayələr toplusudur. Mən hər dəfə bu hekayələri nəzərdən keçirəndə düşünürdüm ki, Vüsalə xanım necə bir mənəvi gücə sahibdir ki, burada danışılan faciə dolu hadisələri dinləsin və onlarda belə bir kitab da yazsın. Biz istərdik ki, Vüsalə xanım bu gün prosesin bizim görmədiyimiz tərəflərindən danışsın".
Kitabın yazılma tarixçəsi haqqında məlumat verən yazıçı, jurnalist Vüsalə Məmmədova bildirib ki, kitabda toplanan hər bir hekayəni yazarkən önəm verdiyi başlıca dəyər həqiqəti olduğu kimi çatdırmaq olub: "Mən bu yola 2014-cü ildə Lent.az saytı ilə birlikdə çıxmışam. Layihənin adını saytın ovaxtki baş redaktoru Qabil Abbasoğlu vermişdi. Mən "Əsir düşərgəsi"ndə yaşayan, taleyindən girovluq keçən vətəndaşlarımızın dilindən Qarağacı qəbiristanlığını soraqlayaraq bu hekayələri yazmışam. Özümü müsahiblərimin yerinə qoymuşam, həmin girovların taleyini yaşamağa çalışmışam. Eyni zamanda, çalışmışam ki, öz duyğularımı önə buraxmayım, mizan pozulmasın. Çünki mən həmin anda hiddətlənə də bilərdim, amma hadisəni olduğu kimi yazmaq lazım idi.
Bu gün jurnalistlər üçün Vətən müharibəsi şəhidlərindən, onun qurbanlarından, qazilərindən yazmaq jurnalist üçün daha asandır, çünki əlimizin altında bir baza var. Amma Birinci Qarabağ müharibəsindən nəsə yazmaq istəyəndə təəssüf ki, istifadə edə biləcəyimiz baza yoxdur".
Tədbir "Əsir düşərgəsi" hekayələr toplusunun müzakirəsi ilə davam etdirilib.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.11.