Gülçöhrə xanım və Əsgər ağa  

 

Hekayə

 

Miladi tarixlə 1919-cu il təzəcə girmişdi. Bakıda havalar bir o qədər də soyumamışdı. Payızın izi-tozu hələ hiss edilirdi. Haman gün sabahdan xeyli keçmişdi. Qulu mərmər pilləkənlərlə mülkün ikinci mərtəbəsinə hövlnak qalxıb Əsgər ağanın kitabxana otağına girdi. Əsgər ağa elə buradaca sübh yeməyini yemiş və indi yazı masasının arxasında oturub fikirli-fikirli pəncərədən küçəyə baxırdı. Fikirləri bir-birini qovurdu, nə barədə düşündüyünü bəlkə heç özü də bilmirdi. Pəncərənin altında balaca uşaqlar bir-birləriylə "dava-dava" oynayırdılar. Qışqırtıları burayacan gəlirdi. Qulu müti bir görünüş alaraq əlini əlinin üstə qoyub mızıldandı:

- Ağa, iranlı Məşədi Cabbar gəlib. Aşağıda qonaq otağında oturub səni gözləyir. Deyir, Əsgər ağa ilə vacib söhbətim var.

Əsgər ağa əvvəl-əvvəl anlamadı ki, Qulunun dediyi nədir və Qulu ondan nə istəyir.

- Kim gəlib dedin? Aydın danış...

- Ağa, Məşədi Cabbar iranlı gəlib. - Bu dəfə Qulunun səsi ucadan və aydın şəkildə eşidildi.

Əsgər ağa oturduğu masanın arxasından dik durdu, gəlib kitabxana otağından dəhlizə çıxdı. Qulunun yanından keçəndə boynunun arxasından yüngülcə bir şapalaq vurdu:

- Sən bu uşaqları pəncərənin altından nə zaman qovacaqsan, Qulu ağa?! Dava-dava oynamağın vaxtıdı?!

Məşədi Cabbar mülkün birinci mərtəbəsindəki qonaq otağında xalça üzərində yerdəncə bardaş qurub əyləşmişdi. Gözlərini zilləmişdi Əsgər ağanın atası rəhmətlik Kəblə Səcdəlinin rəssam tərəfindən son dərəcə dəqiq bir tərzdə çəkilmiş və qonaq otağının divarında yuxarıdan asılmış cavanlıq rəsminə. Bu rəsmdə Kəblə Səcdəli sanki köhnə dostuna üzügülər bir halda yalnız ikisinə aid köhnə əhvəlatları xatırladaraq "yadındamı?.." deyirdi. Məşədi Cabbar hər dəfə cavanlıq dostu Kəblə Səcdəlinin bu rəsminə baxdığında ürəyində "yadımdadı, dadaş, yadımdadı" cavabını verib köhnə unudulmaz günləri yada salaraq kövrəlirdi. Bu cürənə iki əziz dost bir-biri ilə bu otaqda görüşdükləri zaman beləcə "söhbət" edərdilər.

Əsgər ağa qonaq otağına daxil oldu. Atasının əziz dostunun ayağa qalxmağına imkan vermədi, iti addımlarla ona yaxınlaşıb çiyinlərindən qucaqladı və Məşədi ilə xeyli mehriban görüşdükdən sonra o da Məşədiyə hörmət əlaməti onunla üzbəüz yerdən əyləşdi.

- Sən rahatını pozma, Ağa Əsgər. Keç sandalyada əyləş. Sən ona alışmısan. - Məşədi Cabbar Əsgər ağaya mehriban bir nəzərlə baxaraq həlim səslə dilləndi.

Əsgər ağa halını dəyişmədi və necə ki, yerdən Məşədinin qarşısında əyləşmişdi, eləcə də əyləşməyinə davam etdi.

- Elə şey olarmı, Məşədi?! Olmaz! Sən heç rahatsız olma. Hələ bir söylə görüm, necəsən, nə təhərsən? Nə zaman qayıdıb gəldin?

 

Məşədi Cabbar təzəlikcə Rusetdən qayıtmışdı. Əsgər ağa bu xəbəri elə dünən dostu Süleymandan almışdı. İkisi də bu xəbəri səbirsizliklə gözləyirdi. Süleymanla söz bir edib onun görüşünə getmək və Rusetdə son zamanlar baş verən qaranlıq və qarışıq vaqeələrdən, olanlardan - olmayanlardan xəbərdar olmaq istəyi onları rahat buraxmırdı. Budur, Məşədi özü onları qabaqlamışdı.

- Ağa Əsgər. İki gün olar ki, qatardan düşmüşəm. Elə o iki gündür evdə yerimdən qalxıb çölə çıxa bilməmişəm. Canımdakı yorğunluq hələ də məni tərk etməyibdir. Bir zülm çəkdim bura yetişənəcən, bir zülm çəkdim... Allah-Təala o zülmü inşallah heç bir bəndəsinə bir daha göstərməz.

Əsgər ağa bilirdi ki, Qulu qapının ağzındadı və qulağını dayayıb qapıya onun əmrini gözləyir, başını döndərmədən:

- Qulu!.. - deyə ucadan səsləndi. - Çay gətirin və yemək tədarükünü görün.

- Yox, yox, nuri-didəm. Çay içərəm, amma yeməyə qala bilməyəcəm. Hacı Nurinin dükanına getməliyəm. Ona Peterburqdan xeyli vacib xəbər gətirmişəm. Gecikdirə bilmənəm. Bəlkə də artıq gecikdirmişəm. Bilmənəm ki... Məni məzur tut.

- Nə təhər istərsən, Məşədi... Öz evindi, istərsən qalarsan, istərsən gedərsən. Niyə bəs sənin gəlişin bu qədərinə uzandı?

Qulu ləngimədi. Bilirdi ki, ağa

çay istəyəcək, arvadı qulluqçu Tellini qapının ağzında hazır saxlamışdı. Məcmeyini Tellinin əlindən aldı və Əsgər ağanın Məşədi Cabbara son sualı ilə Qulunun əllərində meyvə məcmeyisi, üstündə çay dəsgahı içəri girməyi bir oldu. O, gətirdiklərini yerbəyer edib unudulmaz ağası rəhmətlik Kəblə Səcdəlinin sevimli dostu Məşədi Cabbara məhəbbət dolu bir nəzər saldı və dal-dalı gedib qapıdan çıxdı. Məşədi Cabbar ki, Qulunun hərəkətlərinə diqqət edirdi, o otağı tərk edən kimi nədənsə dərindən bir "ah" çəkərək Əsgər ağanın sualına bu zaman cavab verdi:

 

- Ağa Əsgər, onu heç sorma. Mən hələ bir ay bundan öncə gəlib bura yetişəsi idim. Mən çoooxdan məmləkətdə olmalıydım. İndi orda da bütün işlərim tökülüb qalıbdır yəqin. Allaha həmd olsun. Üç-dörd günə Arazı keçərəm, inşallah.

- İnşallah. Yəni Rusetdə vəziyyət belə qəliz bir hala düşübdür, Məşədi?!

- Çox qəliz bir hala düşübdür, çox qəliz bir hala düşübdür... - Məşədi Cabbarın bir anlıq gözünün qabağından gördüyü dəhşətli vaqelər ildırım sürətilə keçmədimi, keçdi.  Məşədi çay stəkanını əlinə alıb çaydan dərin bir qurtum aldı.

Əsgər ağanın Rusetdə baş verənlər barədə ümumi bir təsəvvürü yox deyildi, var idi. Amma bu qəzetlərdə, xüsusən, "Azərbaycan" qəzetində yayılanlardan və bazarda gəzən söz-söhbətdən başqa bir şey deyildi. İndi isə Məşədi Cabbar öz ayağı ilə gəlib vəziyyəti danışırdı və Rusetlə alış-veriş işini bundan sonra necə qurmaq lazım gəldiyini Əsgər ağa daha etibarlı və güvənli şəkildə düşünməli idi.

- Mən bu qədərinə pis bilmirdim... - Əsgər ağa kiçik şüşə nəlbəkiyə Məşədi üçün mürəbbə qoya-qoya dedi.

- Əsgər ağa, vəziyyət çox pisdi. Hökumət - yox, tamamən hərc-mərclik... Adamlar bir-birinə qarşı düşmən kimi durublar. Hər birində silah... Qardaş qardaşını öldürməyə gedir. Bölünüblər qırmızılara, bir də ağlara. Hər yerdə də bolşeviklərdi... Kim kimi vurdu, kim kimi kəsdi, bir kəsi rahatsız etmir. Fəhlə işləmir, bazar çalışmır, dükanlar qapalı... Ölkə dağılıb durub. Bu yandan da qış, şaxta... Bir ara hamı ancaq səhər-axşam dəstə-dəstə toplaşıb ağızlarından bolluca buğ çıxa-çıxa nitq deyir, nitq eşidirdi. Şaxtanın deyəsən, bunlara bir karı, əsəri yoxdur. Yollarda talan, qarışıqlıq... Qərəz, eşitdiklərimdən yadımda qalan bu oldu ki, oteldəkilər danışırdılar, rusların başbilənləri deyirlər ki, almanlar bizi aldadıblar, biz öz torpaqlarımızı qaytarmalıyıq. Şah zamanındakı torpaqları. Qafqazları yəni... Buraları.

- Eləmi?! Bəs bizimkilər buna nə deyir?! Bu barədə bir məsələ, zənnimcə, hələ qalxmayıb hökumətdə. Parlaman da təzədi, hələ ki, susur...

- Biləsən, Əsgər ağa. Bunu sənə mən deyirəm. Bolşeviklər əvvəl-axır buraları geri alacaqlar. Rusetdə hamı bunu danışır. Əvvəlcə, deyirlər, satqınları qovaq, ağları məhv edək, sonra padşahın torpaqlarını geri alaq. Gələcəklər buralara qədər. Hələ, Allah eləməsin, İrana da keçməsinlər, inşallah. Amma nə bilmək olar?! Bir də gördün ora da keçdilər... Ah, oh...

- Keçməzlər. İran nə zamandan onlarınkı oldu?! Buralara da... nə deyim vallah, yəni bunlar buraları təzədən gəlib tutmaq istərlər?! Bizim hökumət gün gündən güclənir. Süleyman deyir ki, Avropa ilə yeni-yeni müqavilələr hazırlayırlar.

- Nə deyim?! Mən eşitdiyimi deyirəm. Odu ağların qoşunu gəlib Qafqazın göbəyinə çıxıb. Təhdid edirlər buraları. Sən hər halda işini ağıllı tut. Ağa Əsgər, sənə bir tövsiyəm var.

Əsgər ağanın ürəyinə damdı ki, Məşədi nə deyəcək. Hər onunla görüşəndə bu tövsiyəni Məşədidən eşidirdi. Məşədi onu İrana çağırırdı. Həmişəlik gəlməyini tövsiyə edirdi. Ticarətini onun ticarətinə qatmağı təklif edirdi.

- Ağa Əsgər, sən mənim əziz dostumun, canbir qardaşımın yadigarısan. Onun ruhuna and olsun ki, mən bu işlərin burada bir sonunu görmürəm. Geci, tezi var. Gələcəklər bunlar, oğul. Gəlməyə bilməzlər. Yaddaşlarında bu torpaqlar qalıbdır. Nöyütün iyinə gələcəklər. İranda  isə əmin-amanlıq hökm sürür. Hökumət var, şah var. Malın, mülkün - toxunulmaz. Düzdü, sizinkilər biz iranlı tacirlərə əngəl törədirlər, burdan Rusetə yol keçən alverimizə yeni-yeni töycülər qoyurlar. Amma bu da keçər. Nə vaxtdı sənə deyirəm. Daşı tök ətəyindən. Gəl köç elə gedək İsfəhana. Mülklərimin birində ürəyin istəyən qədər yaşa. Hansını bəyəndin sənə peşkəşdi. Ticarətini qur. İstərsən mənimlə qur, istərsən özün tək qur. Xaricilərlə əlaqəni yenidən başla. Fransa ilə bütün əlaqələrin mənim boynuma. Amerikaya qədər sözüm yetişir. Bilirsən ki, mənim bir övladım yoxdur. Sən mənim övladım ol, oğul. Mən ölüb getdikdən sonra malım da, mülküm də sənin olsun. Bax, rəhmətlik Səcdəlinin özü burda deyil, ruhu ki, burdadı. And olsun bizi yaradan Allaha...

- Məşədi, Məşədi... Bilirəm, bilirəm ki, bütün bunları sidq-ürəklə deyirsən, bilirəm. Sən mənə rəhmətlik atamın əmanətisən. Əmisən mənə. Amma düşünməm lazım. Həm də ki, bu qərarı mən təkbaşına verə bilmənəm. Evdəkilərlə də məsləhət etməyimə ehtiyac var.

- Olsun. Et məsləhətini. Mən hələ 4-5 gün burdayam. Mənə qərarını söylə ki, mən də gedim oralarda sənin gəlişinə özüm əvvəlcədən tədarükümü görüm. Vallah gəl, billah gəl. Buraların axırı yoxdur. Hər nəyin var, alarlar əlindən, bunların allahı yox, imanı yox. Adamın, xudanəkərdə, canını da heç nədən alarlar, heç nədən. Mən, vallah, gördüyümü gördüm...

Əsgər ağa fikrə getdi. Bu dəfə Məşədinin sözlərini ciddi qəbul etməyə bilməzdi. Hadisələr heç də ürəkaçan istiqamətdə cərəyan etmirdi. Rusetdən gələn xəbərlər günü-gündən ağırlaşırdı. Hər bir ağıllı adama bəlli idi ki, Rusetdə baş verən hadisələr öz xoşuna bitən deyil. Bunu qəzetlər də yazırdı, bunu gedib qayıdanlar da deyirdi. Əsgər ağa hər şeydən əvvəl zövcəsi Gülçöhrə xanımla danışmalı, sonra vəkil dostu Süleymandan məsləhət almalı, daha sonra ciddi bir qərara gəlməli idi. Əsgər ağa üzünü Məşədi Cabbara tutdu:

- Məşədi, səndən təvəqqem budur. Mənə üç gün möhlət ver. Ən geci üç gündən sonra sənin yanına gəlib fikrimi söylərəm. Elə bilirəm, gec olmaz. Nə deyirsən?

- Gec olmaz, nuri-didəm, gec olmaz. Gözləyəcəyəm. Di, mənə icazə. Mən daha mürəxxəs olum. Salamat qal, Ağa Əsgər, Allaha əmanət ol...

Məşədi Cabbar çayını içib qurtardı, stəkanı ədəblə süfrəyə qaytarıb qoydu və əllərini yerə dayaq edub quş kimi ayağa qalxdı. Əsgər ağa da oturduğu yerdən dik durdu. Bunlar bir-birini qucaqlayıb qonaq otağından çıxdılar. Qulu içəri girib qab-qacağı yığışdırmağa başladı.

Gülçöhrə xanım günorta yeməyi zamanı Əsgər ağanı evdə görüb təəccüblənsə də, bunu büruzə vermədi. Adətən günorta yeməyini Əsgər ağa bazardakı dükanında edərdi. Bu gün belə olmayacağını isə o, heç Gülçöhrə xanıma da xəbər verməmişdi. Gülçöhrə xanım hələ onu bilmirdi ki, Əsgər ağa bu gün səhərdən bəri evdən çıxmayıbdır. Onu da yemək bitincə Tellidən öyrəndi. Nigaran qaldı.

Gülçöhrə xanım günorta yeməyindən sonra ərinin xahişi ilə kitabxana otağına gəldi. Ərini fikirli gördü:

- Əsgər ağa, indicə eşitdim ki, bu gün evdən çölə çıxmamısan. Gözümün işığı, xeyirdimi? Özünü necə hiss edirsən?

- Bir şeyim yoxdu. Narahat olma. Məşədi Cabbar gəlmişdi. Onunla söhbət etdim. - Əsgər ağa çalışdı ki, səsinə gümrah bir ifadə versin. Amma Gülçöhrə xanım buna aldanmadı.

- Yox, yox, məni aldatmağa çalışma. Əgər bir şeyin yoxdursa, o zaman halın niyə pəjmürdədi? - Gülçöhrə xanımın səsindəki rahatsızlıq bir az da artdı. O, ərinin dediyinə inanmadı.

 Əsgər ağa arvadını yaxşı tanıyırdı. Bilirdi ki, onun içduyumunu aldada bilməyəcək. Ona ancaq həqiqəti söyləsə, doğru olacaq. Gülçöhrə xanım məsələnin kökünü öyrənmədən əl çəkən deyil. Ona görə də söhbətə birbaşa keçməsi məsləhətdir. Əsgər ağa dedi:

- Yaxşı, yaxşı, anlaşıldı, sənin də gözündən bir şey qaçmır. O zaman mənə diqqətlə qulaq as, canım-gözüm, səninlə ciddi söhbətim var.

- Qulağım səndədi, buyur.

Əsgər ağa həmişə hər hansı mürəkkəbliyə düşərsə, doğru yola çıxmaq üçün cani-dildən sevdiyi zövcəsinə üz tutar, onun dediyinə əməl edər, nəticənin uyğun olacağına əvvəlcədən əmin olardı. İndi də bilirdi ki, Gülçöhrə xanım öz fitri qabiliyyəti ilə, bütün ruhu ilə doğruluq, təmizlik istiqamətinə yönələcək və ona yenə də yeganə həqiqi yolu tapmaqda kömək edəcəkdir. Onlar ikisi bir yerdə bu çətinliyin də öhdəsindən gələcəkdilər.

- Gülçöhrə, canım-gözüm, həyatım, ölkədəki vəziyyət get-gedə pisləşməkdədir. Yox, yox, narahat olma. Elə bir şey yoxdu. Lap doğrusu budur ki, Məşədi Cabbarın söylədiyi kimi, Rusetdə vəziyyət qarışıbdır. Adamlar bir-birini yeyirlər. O, özü Rusetdən iki gündür ki qayıdıb gəlib. Onun dediyinə görə, ruslar buranı yenə işğal edəcəklər. Bizim buralarda qalmamız, gələcək həyatımız sual altındadır. Bir sözlə, Məşədi bizi İrana çağırır...

- Həmişəki kimi...

- Bəli, həmişəki kimi. Amma bu dəfə, məncə, onun sözlərinə ciddi qulaq vermək gərəkir. Elə bil, daxilimdə bir səs mənə deyir ki, Məşədiyə qulaq ver.

- Mən sənə bir söz deyimmi?

- De, canım-gözüm.

- Gözümün işığı, mənim də daxilimdəki səs mənə deyir ki, heç yerə tərpənməyək. Elə evimizdə, yurdumuzda qalaq. Gediriksə də, elə birbaşa Fransaya gedək. Oralar indi sakitlikdi. Müharibə də qurtarıb gedib.

- Fransa sənin üçün ikinci vətən kimidir.

- Bəli, dillərini bilirəm, səni də öyrədərəm. Fransa gözəldi... Amma gözümün nuru, əvvəlcə dərindən bir düşünək. O qədər eşitdik ki, bu cür qorxulu söhbətləri. Gəl heç hara getməyək. Bu cür rahatlığımızı niyə verək yellərə?!

- Amma şər deməsən, xeyir gəlməz, deyərlər... - Əsgər ağa son dirənişini etdi.

- Deyərlər, düzdü. Nə şər deyək, nə xeyir. Allah nə deyir, onu deyək.

- Bəs o zaman de görüm, Allah nə deyir?!

- Bilmirəm. Bəlkə Süleymanla bir məsləhət edəsən?! O, xariciyyə məsələlərini yaxşı bilir.

- Edəcəyəm. Səndən sonra onunla da görüşüb danışacam. Bir bilsən Rusetdə nələr baş verir?! O zaman belə rahat olmazdın.

- Təsəvvür edirəm, gözümün işığı. Bəlkə sən belə edəsən?! Ürəyin rahat olsun deyi, Məşədinin ardınca İrana gedəsən, ehtiyac olarsa, gedəcəyimiz yeri-yurdu əvvəlcədən görüb danışasan?! Lap elə bir mülk alasan...

Əsgər ağa dirçəldi. Elə bil, axtardığını tapıb ona vermişdilər.

- Bax, ağıllı məsləhət dediyin elə budur. - Əsgər ağaya sanki ruh gəldi. - Düz deyirsən, canım-gözüm. Mən Məşədi ilə bahəm olmasa da, sonradan onun arxasınca gedim ki, qəfildən yolumuz o tərəfə düşərsə, gedib rahat şəkildə bəlli bir yerdə yerləşək. Çox doğru deyirsən.

Əsgər ağa dərindən və rahat bir nəfəs aldı. İndiki qeyri-müəyyən vəziyyətdə bundan daha ağıllı addım atmaq mümkün deyildi. O, Məşədinin ardınca İrana gedər, xudmani bir mülk gözaltı edər, bəlkə də pulunu verib alar, şəraitlə tanış olar, öz ticarət şirkətini orada qurmağa cəhd göstərər, işin bəri başdan yarısını görmüş olar. Əgər Məşədinin Rusetlə bağlı dedikləri düz çıxmazsa və onların buralardan köç etməsinə ehtiyac qalmazsa, İranda onun ticarət şirkətinin bir şöbəsinin dəxi açılmasının heç kimə zərəri olmaz. Günü sabah Süleymanla görüşüb bu barədə danışmaq lazımdır.

- Canım-ciyərim, sənə burdan oralara getmək, yeni bir yerdə qərar tutmaq çətin olmayacaq ki?!

- Olmayacaq, gözümün işığı. Sən harda isən, mən orda sənin ayaqlarının altında ölmək istərəm. Sənin harda kölgən olsa, o yer mənim üçün cənnət olar.

Əsgər ağa hiss elədi ki, gözləri nəmlənir. Söhbəti dəyişdi:

- Heç bilirsən, o gün Qulu mənə nə deyir?!

- Nə deyir, gözümün işığı?!

Əsgər ağa dedi, Gülçöhrə xanım güldü. Gülçöhrə xanım dedi, Əsgər ağa güldü. Vaxt beləcə keçib getdi.

Ertəsi gün axşama yaxın yağış çisəməyə başladı. Əsgər ağa Qubernat bağının içindən keçib Cümhuriyyət caddəsinə çıxdı. Bir qədər irəliləyib sola döndü. Sağdan gələn faytonu buraxdı və üzü yuxarı küçə ilə addımladı. Nəhayət, bir binanın qabağında dayandı. Bura dostu Süleymanın advokat kantoru idi. Əlini uzadıb qapının zəngini basdı. Qapını əziz dostu Süleyman özü açdı. Gözləri sevincdən parıldayırdı:

- Sən yolmu azdın, bəradər?! Keç, keç içəri. Xoş gəlmisən, səfalar... amma deyəsən, heç nə gətirməmisən... - Süleymanın şux səsi və qəhqəhəsi ətrafı bürüdü.

İkinci mərtəbəyə, Süleymanın iş otağına qalxdılar.

- Səni işindən-gücündən elədim. Türk qardaşlarımız demiş, qüsura baxma... - Əsgər ağa söhbətə belə başladı.

- Qətiyyən. Dedim, evə gələrsən, dedin - yox. Asya səndən incidi, biləsən. Gülçöhrəni də götürüb bizə gələrdiniz, nolardı... Çoxdandı qızlar da bir-birini görmürlər.

- Onu da edərik. Ay - çox, il - çox... Həftə - çox.

Süleyman dostunu yaxşı tanıyırdı. Bilirdi ki, əgər Əsgər ağa evə yox, kantora, özü də tək gəlməyi tərcih edibsə, deməli, onu rahatsız edən bir şey var. Ona görə də Əsgərin kantorda görüşmə təklifini gətirən Quluya əlavə bir söz demədi, sadəcə, Əsgər ağanın söylədiyi vaxtı təsdiqlədi.

Əsgər ağa məsələyə birbaşa keçdi:

- Süleyman, sən bilirsən ki, mən səninlə olan dostluğumuzu necə qiymətləndirirəm. Amma mənə elə gəlir ki, bizim bir-birimizdən ayrılma saatı yaxınlaşır.

- Heç bir şey anlamıram. Niyə, bəradər?

- Bizdən asılı olmayan səbəbə görə...

- Nooldu, sən Allahın, uzatma görüm. Dur, dur, dayan, mən tapdım nə olubdur. İstərsən sənə deyim nə olub. Məşədi Cabbar sənin yanına gəlib, eləmi?!

Əsgər ağanın təəccübdən gözləri bərəldi. Süleyman onun bu halını görüb yenə də gülüşünü cilovlaya bilmədi, yenə onun şaqraq səsi bütün kantoru bürüdü. Süleyman Əsgər ağanı təəccübləndirməyi çox sevərdi. Elə bil, balaca bir uşağa fokus göstərib təəccübləndirmək kimi idi. Bu onu xüsusi əyləndirirdi.

- Dayan, dayan. - Süleyman bəy gülüşünü güclə saxladı. - Bunu da deyəcəyəm. Yenə bu adam səni İrana çağırır?

- Bu, daha lap oldu. - Əsgər ağa başını buladı.

- Hə... Dur bir görüm, nə deyib sənə?

- Süleyman, əzizi-mən, sən bütün bunları hardan bilirsən? Məşədini görmüsən? - Əsgər ağa sidq-ürəklə təəccüblənməyini heç cürə gizlədə bilmirdi.

- Canım üçün, canın üçün görməmişəm.

Əsgər ağa hardan biləydi ki, dünən Qulunu Süleymanın yanına göndərəndə Süleyman da Quludan evə kimin gedib-gəldiyindən xəbərlər alıb. Hətta öz-özünə belə bir nəticəyə də gəlib çıxıbdır ki, Məşədi Cabbar Əsgər ağaya Rusetdəki son hadisələr barədə qara-qura məlumatları veribdir. Sonunda da necə ki, həmişə bunu edir, Əsgər ağanı İrana, öz yanına aparmaq təklifini edib. Bu edər iki üstəgəl iki. Süleyman bəyi bu cürə xoşbəxt edən o idi ki, Əsgər ağa bu adi, sadə şeyləri diqqətindən qaçırır, onlara əhəmiyyət vermir, nəticədə, Süleymanı xeyli ağıllı, müdrik, hətta bir az da sehrbaz və ən azından kələkbaz kimi tanıyır.

- Bəradər, sən lap sadədilmişsən ki... Bax, de görüm, Qulunu dünən bizə göndərmisən?

- Göndərmişəm. Noolsun ki...

- O olsun ki, o mənə Məşədinin sizə gəldiyini bir saniyənin içində xəbər verdi. Məşədi də ki, səni həmişə İrana dəvət etmirmi? Edir.

- Ay səni, Süleyman. Sən necə bir kələkbaz imişsən...

Əsgər ağa belə sadə məsələni nə üçün bəri başdan anlamadığını, nəhayət, dərk edib dilxor oldu. Süleyman onun bu halını görüb daha dərinə getmədi və söhbəti dəyişdi:

- Sənə çay deyim, ya qəhvə içəcəksən?

- Çay içərəm.

- Asya, - Süleyman bəy səsini qapıdan o tərəfə ucaltdı. - Eşidirsən bizi? Əsgər qardaşın çay içir.

O biri otaqdan Asyanın səsi gəldi:

- Eşidirəm, eşidirəm. Bu saat. Gəldiiim.

Asya Süleyman bəyin zövcəsi idi. Bu gün onun da şirkətdə olmağının səbəbi Əsgər ağanın bəlkə Gülçöhrəni də özü ilə gətirməsi ehtimalı idi. Asya ilə Gülçöhrə xanım əmiqızı idilər. Toyları da bir gündə olmuşdu. Bu toy əhvəlatının öz maraqlı tarixçəsi var idi. Bakıda hər kəs bunu bir-birinə danışıb ürəkdən gülərdi. Süleyman Əsgər ağanın evlənməsini təşkil etməmişdimi, etmişdi. Əsgərin əlinə arşın verib Bakı həyətlərinə salmamışdımı, salmışdı. O da qızı əvvəlcədən görüb bəyənmiş, sonra da evlənmişdi.

Asya əlində stəkan-nəlbəki, arxasınca qulluqçu Nisə, o da əlində balaca samavar otağa daxil oldular.

- Xoş gəlmisən, yeznə, səfa gətirmisən. Bəs bacımı niyə gətirmədin? - Asya həmişəki kimi Əsgər ağanı gülərüzlə dindirdi.

- Xoş günün olsun, Asya. Vallah tələsik oldu. Dükandan birbaşa gəldim. Mən sənə borclu. Gələn səfər - hökmən! - Əsgər ağa söz verdi.

- Evdə, Allaha şükür, sağ-salamatlıqdı? - Asya stəkan-nəlbəkini masanın üstünə düzərək çayları süzdü və sualına cavab gözləmədən:

- Bax, yeznə, gözləyəcəyəm. Sən mənə borclu qaldın, biləsən, - deyib otaqdan çıxdı, Nisə də onun arxasınca.

Çaylar isti idi. İkisi də çayları stəkandan nəlbəkiyə süzdülər, bir-birinə altdan-altdan baxa-baxa hortultuyla içməyə başladılar.

Söhbətləri uzun çəkmədi. Süleyman məsələnin ciddiliyini anındaca başa düşüb zarafatı qoydu bir kənara və Əsgər ağaya belə dedi:

- Bəradər, məsələ, həqiqətən, Məşədi deyən kimidi. Rusiyada inqilab bu gün də davam edir. Bolşeviklər hər şeyi alıblar əllərinə. Orda bolşeviklər var, qırmızılar, ağlar var - onların öz aralarındakı hakimiyyət davasıdı, baş alıb gedir. Xaricilər də istirlər ki, Rusiya parçalansın. İnqilab yavaş-yavaş artıq vətəndaş davasına keçdi. Bunlar bir-birini qırdıqca qıracaqlar. Ağların generalı Denikin gəlib Vladiqafqazı tutub, bizi təhdid edir. Bolşeviklərin naziri Çiçerin də bu biri tərəfdən deyir, qoşulun bizə, Denikinə qarşı çıxın. Bunların ki, başı qırğına qarışdı, qıra-qıra gedəcəklər, bunlar üçün fərq etməz ki, qırdığı kimdir - özününküdür, ya bir başqasıdır. Onların başbilənləri bu qırğını biz tərəfə yönəldə bilərlər. Burada Məşədi doğru deyir. Düşünmək lazımdır. Fikrin nədir?

- Vallah, qəti bir fikrim yoxdu hələ ki. Gülçöhrənin də ağzını aradım, dedi, sənlə məsləhət edim. Deyirəm, Süleyman, bəlkə gedim Məşədinin yanına, İrana, bir növ kəşfiyyata... Baxım görüm oralarda nə var, nə yox, mən orada öz işimi qura billəm, yainki...

- Bax, bu, doğru qərardır. - Süleyman əlüstü bu fikri dəstəklədi. - Get bir gör, bax, dəyərləndir. Köçmək həmişə var. Yerini-yurdunu düz-qoş... Hələ bolşeviklər bura nə zaman gələr, onu Allah bilir.

- Bəs siz Parlaman olaraq nə edəcəksiniz ruslar gələndə? Qabaqlarına çıxa bilməyəcəksiniz?

- Bəradər, coşqun və dəli bir dağ selinin qarşısında balaca bir quzu neyləyə bilər?! Biz də onu edəcəyik.

- Deyirsən, heç ümid yoxdu?

- Bunu sənə deyirəm. Başqa heç kimə bunu demənəm. - Süleyman ciddi bir tövr aldı. - Bəradər, ağlarla qırmızıların arasında qalmışıq. Gəlsələr, heç ümid yoxdu...

...Əsgər ağa getmək üçün ayağa qalxanda küçədə yağış artıq yağıb kəsmişdi. Əsgər ağa Süleymanla vidalaşıb evdən çıxdı. Fayton saxlamayıb piyada getməyə qərar verdi. Dənizdən əsən xəzrinin təmiz nəfəsini ciyərlərinə çəkə-çəkə Əsgər ağa yolboyu fikirləşdi ki, İrana nə zaman getsin - Məşədi Cabbara qoşulub onunlamı yola düşsün, yoxsa ondan bir-iki gün sonra səfərə çıxsın. Amma getməyə artıq tam qərarlı idi. Evə çatanda Süleymanla aralarındakı söhbəti olduğu kimi Gülçöhrə xanıma danışdı. Gülçöhrə xanım ona dedi:

- Bir-iki gün gözlə, sonra get. Onunla getsən, Məşədi yolboyu sənin beynini elə doldurar ki, İrana çatanda sən artıq başlarsan onun kimi fikirləşib düşünməyə. Orda isə sənin hər bir məsələyə dair öz baxışın olmalıdı. Bunu unutma!

...Aradan bir il və bir neçə ay keçdi. Bu iki sevgili üçün İran da vətən olmadı. Sadəcə, qürbət oldu. Günlərin bir günü Əsgər ağa Gülçöhrəni İrandan Fransaya yola saldı. Qulu ilə Tellini də ona qoşdu. Gülçöhrə xanım nə qədər ağladı-sısqadısa da, olmadı. Əsgər ağa özü onunla getmədi. Vətənə dönüb olan-qalan malını-mülkünü satmaq üçün Bakıya qayıtdı. Bunları edəndən sonra niyyəti bu idi ki, keçsin Türkiyəyə və artıq Türkiyədə məskunlaşmış dostu Süleymanın köməyilə İstanbuldan Marselə paraxodla yola düşsün. Amma alınmadı. Rus qoşunları Bakını işğal etdilər. Bu işğaldan cəmi iki gün öncə gizli şəkildə Bakıya gələn Əsgər ağa daha şəhərdən çıxa bilmədi. Bir gecə rus əsgərləri Əsgər ağanın mülkünə doluşdular. O, evdə tək idi. Əsgərlər onu tutub Bayıldakı həbsxanaya apardılar. Evinə "arest" qoydular. Sonra məhkəmə oldu. Onu fəhlə və kəndlilərin qanını içən bir müftəxor kimi Sibirə sürgün etdilər. Daha sonra Əsgər ağa qocalmağa başladı. Saçları ağardı, dişləri töküldü. Artıq keçmiş günləri güclə yada salırdı. Fransanın Marsel şəhərində hələ də həsrətlə onun yolunu gözləyən Gülçöhrəni Əsgər ağa xatırlamağa belə qorxurdu. Qorxurdu ki, bir dəfə də olsa, o xatirələr cığırına düşərsə, daha ordan çıxa bilməyəcək. Xatırlasa, məhv olacaq. O isə məhv olmaq istəmirdi. Heç istəmirdi. Ona yaşamaq, yaşamaq lazım idi. Bu nə üçün ona lazım idi - özü də bilmirdi.

Günlərin bir günü həbsxana zonasına dustaqlar üçün yeni bir film gətirdilər. Soyuq bir payız gecəsi idi. Nəzarətçilər dustaqları filmə baxmağa yığırdılar.

Gombul kapitan filmin nümayişi üçün tövləyəbənzər bir yerə doldurulan dustaq cərgələrinin arası ilə gəzə-gəzə soruşdu:

- Aranızda azərbaycanlı varmı? Bu film Azərbaycan filmidir. Azərbaycanlı varsa, keçsin qabaq sıraya...

Heç kimdən səs çıxmadı. Hamı bir-birinin üzünə maddım-maddım baxıb öz yerində qaldı. İşıqlar söndü və filmin nümayişi başladı.

Tövləyəbənzər bu yer buz kimi soyuq idi. Filmə baxa-baxa yerindəcə büzüşüb yumağa dönmüş Əsgər ağanın özündən bixəbər gözündən iki damla yaş süzülüb yanağına yapışmışdı. Sanki burada təsvir olunan hadisələri o, nə zamansa özü yaşamışdı. Burdakı adamların hamısı ona tanış gəlirdi. Bax bu, Süleymandı, bu, Quludu, bu, onun mehriban xalasıdı... Bu isə odur! Onun əzizi, onun yeganəsi, gözünün işığı... Görəsən, o, indi hardadır?! Özünə vətən tapa bildimi?! Xoşbəxt oldumu?! Hökmən, hökmən xoşbəxt olmalıdı. Bəs bu, bu mahnını mahnı dalıyca oxuyan, gözəl səsi olan bu cavan, amma artıq tosun kişi kimdir? Adı da onun adıdır - Əsgər ağa. Əhvalat da onun başına gələn əhvəlatdır. Arşın mal satan kimi həyət-həyət gəzib qız görmək və seçmək fikri isə Süleymandan gəlmişdi. Eyni gündə onların və Süleymangilin toyları oldu - bu da filmdə göstərildi. Qızı qaçırmaq - bu da olmuşdu. Gülçöhrə və Əsgər əhvəlatı o zaman bütün Bakıda dildən dilə gəzirdi. Deyirdilər ki, hətta Üzeyir bəy özü bu əhvəlatı yazmaq istəyir. Bu nə səs-küydü? Küçədə dava-dava oynayan uşaqların çığırtısını ancaq Qulu kəsə bilər. Hardadı bu Qulu?! Hərdən bu adam bir parça əppək olub çəkilir göyə, yox olur... Aman Allah, yəni bu qədər asan imiş bu...

Film bitdi. Hamı doyunca gülüşdü və dustaqlar bir-bir, iki-iki dağılışmağa başladılar. Hardansa süzülən zəif işıq parçası son dəfə sönməmiş gombul kapitan dustaqların oturduğu sıralara baxıb əmin olmaq istədi ki, tövləyəbənzər bu yerdə daha adam qalmayıb, amma gördü ki, bir nəfər hələ də arxa sırada öz yerində hərəkətsiz, tək və tənha oturub tərpəşmir.

 

SON

 

Kamal ABDULLA

ADU-nun rektoru, Xalq yazıçısı

 

525-ci qəzet.- 2022.- 29 oktyabr.- S.8-9;10.