Qəribə qaynaqlar

 

esse

 

Ədəbiyyatda romantizmin meydana gəlməsinin səbəbi kimi, ona ilkin təkanı verən ilk amil kimi bu sahənin mütəxəssisləri müxtəlif faktorlar göstərirlər. Amma hamı bir şeylə razılaşır, hamı yekdilliklə deyir ki, romantizmin ilk mənbəyi insanın daxili iztirabları, güclü intizarla səciyyələnən hissləri olub. Yəni həmin iztirablar bədii ədəbiyyatda öz əksini tapanda romantizm bir cərəyan kimi meydana gəlib. Amma həmin cilovsuz iztirabların, cansıxıcı həsrətin əsasını təşkil edən olub? Güclü ürək çırpıntılarının səbəbinə çevrilən həmin duyğular sonradan ədəbiyyatda romantizmə necə çevrilib? Bax bu sualların cavabı romantizmin özü qədər maraqlıdır. Ədəbiyyatda dərin iz qoyan həmin cərəyan barədə düşünəndə görürsən ki, başlıca məsələ budur.

Böyük fransız yazıçısı Andre Moruanın fikrincə, bu gün romantizm kimi tanıdığımız cərəyanın ilk işartıları belə yaranıb: Xristian kişiləri ilə yanaşı, qadınlara da kilsədə mənəvi ata olan rahib qarşısında etiraf (İspoved) imkanı veriləndən sonra, xanımlarda da öz daxili aləmini araşdırmaq, qəlbinin alt qatlarında gizlətdiyi fikir-xəyalları təhlil etmək meyli yaranıb. Yəni dünənə qədər müəmmalı şəkildə susan qadın get-gedə öz dünyasını açmağa, özü özünü daha dərindən tanıyaraq başqalarına da tanıtmağa başlayıb.

Sonrakı mərhələdə buna, İsəvi kişilərinin müqəddəs yerləri müntəzəm olaraq ziyarət etmələri onlar uzaq səfərdə olaraq xanımların uzun müddət evdə tək qalmaları əlavə təkan verib. Belə ki, kişilər müqəddəs torpaqları ziyarət etməyə gedəndə, ocaq başında tək qalan xanımlardan başqa, yurdda kasıb, imkansız, boş-avara, tüfeyli həyat sürən gənc oğlanlar da qalardı.

Andre Moruanın fikrincə, kişilər şəhərdən, kənddən çıxan kimi, yəni gözdən iraq olan kimi, bax, həmin asudə oğlanlar eldə-obada tək qalan həmin xanımlara bulaq başında, bağda-bağçada vurulub aşiq olardılar. Necə deyərlər, "Dərə xəlvət, tülkü bəy..."

Amma aradan çox keçməmiş müqəddəs yerləri ziyarət etdikdən sonra öz evlərinə qayıdan ərlər öz gəlişləri ilə bu məxfi sevdaya, gizlin sevgiyə mane olardılar, aşiq-məşuqələrin yolunda ciddi maneəyə çevrilərdilər.

Fransız mütəfəkkirə görə, həmin o gizlin sevdalar, məxfi sevgilər ədəbiyyatda romantizmin yaranmasına təkan verib, onun inkişaf etməsinə başlıca səbəb olub.

Maraqlıdır, deyilmi?

Həm də fransız yazıçısı bu mülahizəni söyləyərkən sətiraltı mənalarla işarə edir ki, sonradan romantizmin banilərinə çevrilən yazıçılar və şairlər dərd əlindən qələmə sarılan həmin o bekar gənclər və xain xanımlar olublar.

 

İmir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2022.- 1 sentyabr.- S.8.