Ələddin Əzimlidən daha bir şeirlər toplusu

 

 

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələddin Əzimlinin "Şeir yazmıram ki" adlı yeni şeirlər kitabı çap olunub. Müəllifin, sayca, 8-ci olan kitabında son illərdə yazdığı şeirlər cəmləşib.

Kitabın məsləhətçisi Xalq şairi Nəriman Həsənzadə, redaktoru ön söz müəllifi filologiya elmləri doktoru, professor Yaşar Qasımbəylidir.

"Duyğuların təbiiliyi və şair səmimiyyəti" adlı ön sözdə Yaşar Qasımbəyli şairin daxili dünyasının zənginliyindən və bu zənginliyin peşəkar bədii həllindən söhbət açıb. Professor müəllifin yaradıcılığının timsalında sənət və səmimiyyət məsələsinə toxunub: "Ələddin Əzimlinin səmimiyyəti... Onun poetik dünyasını səciyyələndirən əsas xüsusiyyət məhz səmimiyyətdir. Əslində, təkcə şairliyin yox, elə insanlığın da mahiyyətini səmimiyyət təşkil edir. Hər bir sənətin təməlində dayanan əsas şey, nüvə, təbii ki, səmimiyyətdir. Bəstəkar da, rəssam da, müğənni və şair da bütün varlığını, qəlbini öz yaradıcılığında əks etdirə bilməsə, özünü və sənətini heç kimə sevdirə bilməz. Sənətkar öz əsərlərində yaşadıqlarını və yaşantılarını ifadə edir. Poetik hissiyyat və yaşantılar nə qədər təbii və özəldirsə, bir o qədər yadda qalan və qiymətlidir. Burada ən çətini poetik hissiyyatın həyatiliyini və orijinal ifadəsini təmin etməkdir. Şairin bizim mühitimizdə, birgə yaşadığımız həyatımızda poetik-mənəvi təhlildən keçirdiyi düşüncələri, duyğuları və xülasələri səmimi özünü ifadə şəklində kağıza fəlsəfi-bədii köçməlidir. Öz yaşantılarının təbiiliyini zədələmədən, təhrif etmədən və ilkin təbiiliyini qoruyaraq yazıya köçürmək şair istedadının və cəsarətinin dərəcəsindən xəbər verir".

Qeyd edək ki, Ələddin Əzimlinin "Yarımçıq yuxular" adlı ilk şeirlər kitabı 2004-cü ildə nəşr olunub. Müəllif 60 yaşının ərəfəsində oxucuların görüşünə "Altmışa doğru" adlı kitabı ilə gəlib. 2014-cü ildə şairin tələbə yoldaşlarına həsr etdiyi "Elə yaşayaq ki, unudulmayaq" adlı poeması ayrıca kitab şəklində çap olunub. Son dövrdə çox fəal çalışan Ələddin Əzimlinin "Üç şairin bir kitabı" adlı şeirlər toplusu, eləcə də, "Sən" adlı kitabı 2015-ci ildə işıq üzü görüb. 2016-cı ildə "Varis", 2019-cu ildə isə "Susamış dəniz" adlı kitabları çap olunub.

 

 

525-ci qəzet.- 2022.- 1 sentyabr.- S.8.