Mirvari Qəhrəmanlı: "İki il əvvəlki hesabatda SOCAR-da hər fəhləyə 9 nəfər menecer düşürdü"

Müsahibim "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın rəhbəri Mirvari Qəhrəmanlıdır.

 

- Mirvari xanım, bir neçə il əvvəl Azərbaycanda Benefisiar sahibliklə bağlı qanunun qəbul edilməsi üzrə işlər gedirdi. Lakin qanun qəbul edilmədi. Buna səbəb nə idi?

- Hələ 2-3 il əvvəl ölkədə "Benefsiar sahiblik" haqqında qanun qəbul edilməli idi. Bu qanun Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanırdı və Neft Fondunun icraçı direktorunun, fondun hökumət komissiyasının marağında idi. Benefsiar sahiblik hüquqi şəxs üzərində sahibliyi olan, ondan yararlanan, nəzarəti və idarəetməni həyata keçirən, qərarların qəbulunda təsirə malik fiziki şəxs deməkdir. Biz istəyirdik ki, Azərbaycanın neft sənayesinin faktiki sahibi haqqında qanun qəbul edilsin, hasilat sənayesində hər bir qurumun faktiki sahibi aşkarlansın, adı açıq-aşkar qeyd olunsun. Qanunla bağlı, demək olar, bütün müzakirələrdə mən də iştirak etmişəm. 25 il Dövlət Neft Şirkətində çalışmışam və müstəqillikdən sonra orada yüksək vəzifə tutan ilk qadın olmuşam. Kadr və sosial məsələlər üzrə müavin idim. Həm də mühəndisəm, sahəyə bələdəm, bütün proseslərdən xəbərdaram. Bunu ona görə deyirəm ki, bu cür qanunun bizdə qəbul edilməsi işdən başı çıxan hamını maraqlandırırdı. Bu qanun bizim üçün vacib idi, ancaq yaranmış situasiyanı da görürdüm və ona görə də bilirdim ki, qanunu parlamentə buraxmayacaqlar. Qanun layihəsi hazır idi, lakin mən onun qəbul olunacağına inanmırdım.

Bu qısa keçidi ona görə verirəm ki, sosial şəbəkə hesablarımda paylaşım edərkən tez-tez "əl dəyişib", "sahiblik dəyişib" ifadəsini işlədirəm. Belə təsəvvür yaranır ki, istər şirkətlərin, istərsə də MMC-lərin hamısının sanki gözəgörünməyən sahibi var. Bunu çoxları bilir, lakin sahibin adını çəkmək üçün sübut lazımdır. Bu sübut isə bəhs etdiyim qanunun qəbulu ilə ortaya çıxa bilərdi.

- "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" hazırda fəaliyyətini hansı formada davam etdirir?

- Mən 26 ildir bu təşkilatın rəhbəriyəm. Təşkilatımız hasilat sənayesində çalışan insan hüquqlarını müdafiə edir. Bununla bağlı 3-4 yöndə fəaliyyət istiqamətimiz var. Biz həm insanlara hüquqi yardım göstəririk, həm seminarlar keçiririk, həm də Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən böyük layihələrin monitorinqini aparırıq.

- Tez-tez sosial şəbəkə hesablarınızda neftçilərin narazılıqlarını işıqlandırırsınız. Narazılıqların kökündə dayanan səbəblər hansılardır?

- Bayaq qeyd etdiyim kimi, hasilat sənayesində "əl dəyişmə" ifadəsindən geniş istifadə edilir. Bu, bizi çox narahat edir. Hələ koronavirus pandemiyası dövründə SOCAR kobud bir səhv buraxdı. O zaman prezident Rövnəq Abdullayev idi. Onlar bu səhvi iki istiqamətə yönəltmək istədilər, lakin alınmadı. Birinci istiqamət 2020-ci ilin may ayında, yəni pandemiya zamanı OPEC+ ölkələrinin hasilatı aşağı salmaq haqda qərar qəbul etməsilə başladı. Bu qərar 2021-ci ilin aprel ayına kimi nəzərdə tutulurdu. Əgər hasilat aşağı salınırsa, demək, bəzi quyular da bağlanmalı, işçilər isə evdə oturmalıdır. Əgər bu, işəgötürənin günahından baş verirsə, əmək haqqının üçdə iki hissəsinin ödənməsi şərtilə işçiləri evə buraxırlar. Lakin bu dövrdə SOCAR bundan istifadə etməyə və özlərinin təbirincə desək, optimallaşdırma aparmağa başladılar. Bu proseslərə Azərbaycanda işəgötürənin qeyri-rəsmi strukturuna çevrilmiş Həmkarlar İttifaqını da qatdılar. Rövnəq Abdullayev əmrə Həmkarlar Komitəsinin sədri Cahangir Əliyevlə birgə qol çəkdilər və əmr oldu qərar. Bununla da SOCAR-da optimallaşdırma aparıldı. Bir tərəfdən OPEC-lə əlaqədar qərar verildi ki, işçiləri göndəririk 80 faizə, digər tərəfdən isə dedilər ki, hasilat düşdüyündən optimallaşdırma aparırıq. Bunun üçün Əmək məcəlləsində göstərilməyən, qeyri-qanuni test imtahanlarına başladılar. Biz bu imtahan prosesinin də monitorinqini apardıq. Misal üçün, kompüterdən istifadə edə bilməyən çilingərlər, neftçıxarma operatorları və s. var. Onları birdən-birə imtahana çağırırdılar. Biz suallarla tanış olduqda görürdük ki, bakalavr dərəcəsi alan mühəndislə o çilingərlərə verilən suallar eyni idi. Bununla da insafsız hərəkət etmiş oldular. Az bal yığanların qarşısına 3 şərt qoymuşdular. Belə desək, az bal toplayanlara bal təyin etdilər. Bundan da ən çox əziyyəti fəhlələr, operatorlar, qazmaçılar, çilingərlər və şirkətdə qohumu olmayan şəxslər çəkdi. Mən bu sözü məsuliyyətlə deyirəm, şirkətdə qohumbazlıq siyasəti yeridilirdi. Demək, bu insanlara üç təklif verirdilər. Birincisi, sən ya özün ərizə yazıb işdən azad edilirsən və əvəzində əmək haqqının 5 mislini alırsan. İkincisi, proqrama qoşulursan, əmək haqqının 50 faizini alırsan və gözləyirsən sənə iş təklif ediləcək. Üçüncüsü, ixtisara düşürsən. Biz işçilərə anlatdıq ki, əgər sən ixtisara düşürsənsə, Dövlət Məşğulluq idarəsində uçota dura bilərsən ki, müəyyən məvacib alırsan. Çünki İşsizlikdən sığorta haqqında qanun var. Məsələ onda idi ki, özü ərizə yazıb, maaşının 5 mislini alıb çıxan işçilər hər şeydən məhrum olurdu. Proqrama qoşulanlara qarşı isə hiyləgər varianta əl atdılar. Demək, "Neftçilər Klubu" adlı ictimai təşkilat yaratdılar. Proqrama qoşulanlara, hansı ki, onlar da ərizə yazıb işdən çıxıblar artıq, həmin şəxslərə 50 faiz gəlir köçürülməyə başlanıldı. Bu maliyyə "Neftçilər Klubu"na haradan köçürülürdü bilinmədi, çünki nə mənbəsi, nə mənşəyi, nə də harada qeydiyyatdan keçməyi haqqında məlumat əldə etmək oldu.

- Bəs proqram işçiləri normal əmək haqqı ilə işlə təmin edə bilirdimi?

- Xeyr. Proqrama qoşulanlar arasında çoxlu sayda Birinci Qarabağ müharibəsi döyüşçüləri vardı ki, ixtisara düşmüşdülər. Biz onların bir neçəsinin hüqüqunu müdafiə edib, çox böyük hay-küylə işə düzəldə bildik. Burada digər bir hiylə də var idi. Proqramdakı işçilərə yaşayış yerindən çox uzaq məsafədə olan zavodda 500 AZN maaşı olan iş təklif edirdilər. Tutalım, Bakıda yaşayan adama Siyəzəndə, yaxud əksinə. Həm də bir adama 3 dəfə iş təklif edilirdi, imtina edən proqramdan çıxarılırdı. Uzun müddət neft sahəsində çalışan peşəkar adamlar ancaq neft çıxara bilirlər. Onların əlindən başqa iş gəlmir. Bu adamların çoxu da 50-55 yaşında təqaüdə çıxmayan şəxslərdir. Onlar bu yaşda gedib harada iş tapa biləcəkdilər? Təbii ki, heç harda! Bu kobud səhv optimallaşdırma deyil, kütləvi ixtisar idi.

- Bəhs etdiyiniz dövrdə şirkətdə həm də xeyli struktur dəyişikliyi oldu. Bu dəyişikliyə ehtiyac vardımı?

- SOCAR-ın əvvəlki strukturu ümumittifaq struktur adlanırdı. Yəni dənizdə ayrı, quruda ayrı idi. O vaxtlar Dövlət Neft Şirkəti idarə olunan bir struktur idi, yəni  hər şey onun özünün daxilində idi. Bir müddət keçəndən sonra "Azərineft" konserni yaradıldı və rəhbəri Sənan Əlizadə seçildi. Sonradan isə adı dəyişdirilib indiki kimi SOCAR adlandırıldı. O zaman rəhbər rəhmətlik Natiq Əliyev idi. Sonradan onun yerinə gənc mütəxəssis kimi Rövnəq Abdullayev gəldi. O, hidrotexniki qurğular üzrə peşəkardır və yaxşı mühəndisdir. Onun gəlişindən sonra şirkətin daxili strukturuna Azəriqaz, Azərikimya, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və digər qurumları daxil edildi və SOCAR sanki amöbə döndü. Şirkət idarəedilməz struktura dönməyə başladı və göbələk kimi yuxarı şişməyə başladı, rəhbərliyə 12 vitse-prezident gətirildi və s. Əgər o vitse-prezidentlərdən hansı birini ixtisar etsələr, o, öz qohum-əqrabası, dostu-tanışı ilə, ümumi 5-6 min adamla çıxıb gedəcək. Onu da qeyd edim ki, bu idarəetmə ilə bərabər, hasilat da xeyli düşməyə başladı. 1993-cü ildə Dövlət Neft Şirkətinin 10 milyon ton neft hasilatı vardı. İndi heç 6 milyon da deyil. Təsəvvür edin, 6 milyon neft ixrac edən şirkətin 50 minə yaxın işçisi var, həm də həddindən artıq çoxlu rəhbər vəzifələr təsis edilib. Bizim iki il əvvəlki hesabatımızda şirkətdə hər bir fəhləyə 9 menecer düşürdü. Çünki zamanında hər qohumdan ötrü bir ştat açılmışdı, əksəriyyəti də qeyri-peşəkar. Bununla da hasilat yaddan çıxdı, korrupsiya, pul mənimsəmə prosesləri başlandı.

- Bir neçə il əvvəl SOCAR-ın tərkibində yaradılan və yüksək maliyyə ayrılan xeyli sayda törəmə şirkətlər vardı. Bu haqda nə deyə bilərsiniz?

- Əgər şirkətin saytına baxsaq, görərik ki, 2021-ci ilə kimi saytda göstərilən MMC-lərin sayı 40-a yaxın idi. SOCAR-ın demək olar ki, hər idarəsinə, hər şöbələrinə paralel MMC-lər yaradılmışdı. Misal üçün, "Neftqaztikinti" tresti və ona paralel adı rusca göstərilən ""Космонефть гострой"" MMC, yaxud da Ekol Birgə Müəssisəsi. Qeyd edim ki, SOCAR-ın özünün ekologiya departamenti var, ekologiya üzrə vitse-prezidenti var, strukturuna daxil olan idarə və müəssisələrin hamısında müvafiq ekologiya şöbəsi, sahə üzrə kurator olan şəxslər var. Bu qədər zəncirvari şöbələr olsa da, SOCAR hər il külli miqdarda cərimə ödəyirdi. Bunun səbəbi həm rəhbərliyin zəif olması, qeyri-mütəxəssislərin çoxluğu, həm də korrupsiya ilə bağlıdır. Misal üçün, Xəzər dənizinə buraxılan lay suları var ki, insan həyatı üçün çox təhlükəlidir. Mütəxəssislərin mənə verdiyi məlumata görə, həmin lay suları müvafiq çənlərin olmamasından tökülür. Deyirlər ki, bu çənlər vaxtilə aparılıb harasa qoyulub və s. Bu, həm də sualtı kəmərlərdə deşiklərin olmasından qaynaqlanır. Bu kəmərlərin ya təmirə, ya da dəyişilməyə ehtiyacı var. Ancaq bunun əvəzinə hər il yalandan üstü rənglənib təzə kimi göstərilib və nəticədə lay suları dənizə tökülür. Bu, fəhlələrin həyatı üçün də təhlükəlidir. Yaxud da ki Bakı Neft Emalı zavodundan fakerlərin göyə qalxması müşahidə edilir. Bu barədə zaman-zaman açıqlama verilir ki, zavod guya rekaonstruksiya olunacaq. Amma mən on ildir bu sözü eşidirəm.

Belə MMC-lər SOCAR-ın tərkibində çoxdur. Onların hər biri hansısa vəzifəli şəxslərə məxsusdur. Son zamanlar bu MMC-lərin sayının azaldılmasının nəzərdə tutulduğu haqda məlumat verilib. Hətta mənə dedilər ki, İctimaiyyətlə əlaqələr şöbəsində işçi çox olduğu üçün orada da bir MMC yaradılmışdı. Ümumiyyətlə, şirkətin saytına girəndə aşağı hissədə görmək olur ki, nə qədər mətbuat xidməti, yaxud mətbuatla işləyən qurum yaradılıb və çox sayda mətbu orqanlar onlardan bəhrələnir.

Narahatlıq doğuran amillərdən biri də islahatların normal şəkildə aparılmamasıdır. 2020-ci ildə SOCAR-da ixtisarlar gedirdi. Kompleks Qazma İşləri Trestində də onun kimi. Təsəvvür edin, bu trest ola-ola, bir dənə də SOCAR AQŞ yaratmışdılar. Hətta 2020-ci ilin noyabrında bir MMC də yaradıldı. Təsisçisi şirkətin vitse-prezidenti Daşqın İsgəndərov idi. Mən bayaq Benefsiar sahibliklə bağlı qanundan və onun qəbulunun mümkünsüzlüyündən danışdım. Ona görə ki, hər şirkətin gözəgörünməz bir sahibi var və onlar bu qanunun qəbuluna imkan verməzdilər. Əgər bu qanun qəbul olunsaydı, MMC-lərdə, törəmə şirkətlərdə sahiblərin adları açıqlanmalı idi və bu da Azərbaycanın neft hasilatı sənayesindəki qarışıqlığı aradan görürmüş olardı. Amma təəssüf ki, qanun layihəsi eləcə qaldı, sənəd heç parlamentə də gedib çıxmadı.

 

Afaq RZA

 

525-ci qəzet.- 2022.- 1 sentyabr.- S.6.