Rənglər və səslər
dünyasında
FIRÇA
VƏ MİZRAB
Rəssam, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun
rəssam qızı Lətafət xanım Məmmədova ilə
mənim tanışlığımın maraqlı br
tarixçəsi var.
Tarzən Hacı Məmmədov haqqında
paylaşmalarımın birinə onun internetdən
götürdüyüm bir şəklini əlavə
etmişdim. Şəkildə tarı sinəsinə sıxıb
hansısa melodiyanı ifa edən ustad
çıxışının elə bir kuliminasiya məqamında
təsvir olunmuşdu ki, sanki baxdığım şəkil yox,
canlı ifanın dayandırılmış, dondurulmuş
hansısa bir məqamının əksi idi. Bəlkə
elə buna görə fikirləşdim ki, bu şəkil kim tərəfindənsə çəkilmiş
fotonun surətidir. Lakin bir neçə gündən sonra bir
xanım mənə mesaj yazıb bildirəndə ki,
paylaşdığım bu şəkil onun atası,
tanınmış rəssam Hafiz Məmmədovun illər
öncə çəkdiyi portretin reproduksiyasıdır,
düzü, müəllifin qeyri-adi həssaslığına,
ən vacib məqamı kətan üzərində əbədiləşdirməklə
böyük bir hekayə yaratmaq bacarığına heyran
oldum.
Lətafət xanım sonra Dövlət İncəsənət
Muzeyində saxlanılan portretin yaranma tarixindən,
atasının tar ifaçılığı sənətinə
marağından, Hacı Məmmədovla dostluğundan
danışdı və mən də dəqiq faktlara əsaslanan
bu məlumatları yazıma əlavə etdim.
Bu günlərdə isə Lətafət xanım məni
yeni sürprizlə sevindirdi - atasının arxivindən
tapdığı bir neçə köhnə fotonun və
musiqi mövzusunda işlədiyi bir neçə tablonun surətini
elektron ünvanıma göndərdi və bəri başdan
deyim ki, gələcək axtarışlara stimul verən bu
qiymətli materiallara görə Lətafət xanıma minnətdaram.
Fotolardan
üçü ötən əsrin 30-cu illərində
çəkilib, Lenin və Stalin adına Mədəniyyət
saraylarında fəaliyyət göstərən tar dərnəkləri
üzvlərinin kollektiv şəkildə çəkdirdikləri
ənənəvi fotolardır. Hafiz Məmmədovun 1922,
Hacı Məmmədovun isə 1920-ci ildə anadan olduğunu
nəzərə alsaq, onların hər ikisinin, eləcə də
gələcəyin bir çox məşhur tarzənlərinin
təxminən 80-85 il əvvəl kameraya - yəni bizə
baxan bu şəxslər arasında olduğunu güman etməyə
xeyli əsasımız var. Amma buna tam əminliklə inanmaq
üçün həmin şəxsləri uşaqlıq
simalarından tanıya bilən adamların - onların
yaxınlarının, doğmalarının köməyi
lazımdır.
Fotolardan biri ötürdüyü informasiyanın qəfilliyi
baxımından diqqəti cəlb edir - gənc Yavər Kələntərli
əlində qaval ayaq üstə dayanıb oxuyur, onu tarda
müşayiət edən isə gənc Hafiz Məmmədovdur. Bu foto rəssamın
tarda peşəkar səviyyədə ifa etmək
bacarığını əyani şəkildə
nümayiş etdirir. O ki qaldı fotonun hansı şəraitdə,
nə vaxt çəkilməsinə, təəssüf ki, bu
barədə hələ ki, konkret heç nə deyə bilmirəm.
P.S. Əlavə edim ki, bu ilin payızında rəssam
Hafiz Məmmədovun 100 illik yubileyinin keçirilməsi
planlaşdırılır.
RUHUN
ŞAD OLSUN, USTAD!
Hər
şey Göyçayda tarzən Rövşən Zamanovgildə
6 saat yarım davam edən görüşümüzdən
başladı...
...Muğam
ifaçılarımız haqqında fikirlərimizi
bölüşür, onların yaratdığı inciləri
dinləyib müzakirə edirdik. Xanəndə Ramiz
Hacıyevin oxuduğu "Mirzə Hüseyn
segahı"nın audioyazısını dinləyəndən
sonra hər ikimiz bu qənaətə gəldik ki, onun Xan
Şuşinski və Yaqub Məmmədovun ifaları ilə rəqabətə
dözümlü bir "Mirzə Hüseyn segahı"
yaratması istedadına və ustalığına ən parlaq
sübutdur.
Elə bu
vaxt Rövşən müəllimin böyük oğlu
Elşən içəri girib sözün kimdən getdiyini
bilən kimi dedi ki, söhbətiniz çox yerinə
düşüb - bu gün R.Hacıyevin anım
günüdür. Feysbukda bu barədə paylaşımlar
var. Mən dərhal 3 il əvvəl Ramiz müəllimin xatirəsinə
həsr etdiyim "Dərd əlindən bəmə
qaçdım..." oçerkimi kiçik bir giriş mətni
ilə təkrar paylaşdım, ardınca Rövşən
müəllimə dedim ki, Ramiz müəllimin evində xeyli
audio və videokasset var və çox güman, onların
arasında musiqi ictimaiyyətinə bəlli olmayan ifalar da yox
deyil. Bu lent yazılarının formatını dəyişib
sosial şəbəkələrdə paylaşsaq, xanəndənin
ruhunu sevindirmiş olarıq.
Rövşən
müəllim dərhal ümumi dostumuz, ustad tarzən və təcrübəli
pedaqoq Vamiq Məmmədəliyevin oğlu, gənc olsa da,
televiziya sənəti üzrə təcrübəli mütəxəssis İqbal Məmmədəliyevə
telefon açdı ki, bəs hal-qəziyyə belə-belə,
gərək kömək əlini uzadasan. Təfərrüatlara
varmadan deyim ki, İqbal müəllim bu xahişə mənəvi
irsimizə xüsusi həssaslıqla yanaşan əsl bir
ziyalı kimi reaksiya verdi və bir neçə
gün sonra mənim Ramiz müəllimin vəfalı həyat
yoldaşı Almaz xanımdan götürdüyüm həmin
kassetlərdəki lent yazıları məhz onun sayəsində
müvafiq formatlarda disklərə
köçürüldü. Bu təmənnasız
köməyə görə İqbal müəllimə bir
daha təşəkkür edirəm.
Ramiz
müəllimin arxivindəki audio və videoyazıları
araşdıranda onun 1994 və 1999-cu illərdə İrana səfərinin
ayrı-ayrı məqamlarına işıq salan videomateriallar diqqətimi
çəkdi. Lakin bir videofraqment öz qəfilliyi və
orijinallığı ilə sözün yaxşı mənasında
məni heyrətləndirdi - Ramiz müəllim 1994-cü ildə
Cənubi Azərbaycanda, çox güman ki, toy məclisində
tarda "Şur" muğamını ifa edir, ardınca isə
yeri gələndə tarın çanağını
yuxarı - başı səviyyəsinə qaldırıb bir
növ onunla dialoqa girərək öz müşayiəti ilə
"Zabul" oxuyur. Onun gözəl tar çalmağı bir
yana, öz ifasını özü
müşayiət etməsi, düşünürəm ki,
muğam ifaçılığımız tarixində unikal
bir hadisədir.
Əlqərəz, yüz dəfə eşitməkdənsə,
bir dəfə görmək yaxşıdır - mən həmin
videonu yutub kanalında yerləşdirmişəm. Maraqlananlar baxa və 28 il əvvələ qayıdıb Ramiz müəllimi
dinləyə bilərlər.
Ruhun şad olsun, ustad!
AY
İŞIĞI VƏ "SARI GƏLİN"
...Axşamdan
xeyli keçmiş bir nəfər qəsdənmi, ya bilmədənmi
xətrimə dəydi, qəlbimi qırdı və nəyə
görəsə toxtamaq üçün qəfildən
"Sarı gəlin" mahnısını dinləmək
istədim. Əvvəlcə Akif İslamzadənin,
sonra da Qədir Rüstəmovun ifasında
xalqımızın yaratdığı bu möhtəşım
sənət incisinin gözəlliyinə daldım və bilmirəm
tək olduğumdanmı, ətrafdakı sakitlikdənmi, ya nə
isə ayrı bir səbəbdən mahnının
melodiyaları ruhuma hakim kəsilib sözün yaxşı mənasında
onu didməyə, söküb yeni düzəndə qurmağa
başladı.
Bir
müddət həyətdə bu melodiyaları zümzümə
edə-edə gəzdim, ürəyimdə mahnının
özünü, Allah bilir, neçə dəfə oxudum və
bir də gördüm ki, gecə yarıdan keçib...
...Yarım
saat, ya 40 dəqiqə mürgüləmişdim ki, qəfildən
diksinib yerimdən dik atıldım və başa
düşdüm ki, "Sarı gəlin"in içimdə
yaratdığı fırtınadan, təlatümdən xilas
olmağın bircə yolu var - bu melodiyaları ürəyimdən
barmaqlarıma "köçürüb" oradan da
çölə - azadlığa buraxmalıyam...
Həyətə düşüb köhnə
taxta-tuxtalardan, mebel qalıqlarından "ştativ"
düzətdim, smartfonu ona quraşdırıb taymeri qurdum. Sonra udu götürüb
öz yerimə keçdim və vədə yetişəndə
ilk mizrabı vurmağa hazırlaşırdım ki
işıqlar söndü!!!
Amma gecə
Ay işığında udda "Sarı gəlin"i ifa eləməyin
də öz ləzzəti var. Təbii ki, mən də bu
fürsəti əldən vermədim və "Sarı gəlin"ə
həsr olunmuş videoçarxın həm müəllifi, həm
də oradakı ifaçının silueti olmaq şərəfinə
qovuşdum.
Bir də fikirləşirəm ki, bu mahnını elə
qaranlıqda ifa eləmək daha düzgün yoldur. Çünki
"Sarı gəlin" dünyaya məhz zülmətlərin
bağrını dəlmək, zülmətləri yarmaq
üçün gəlib.
"Sarı gəlin" bizim umacaqlarımızın, təmənnamızın,
ehtiyaclarımızın fövqündədir - deməli,
ilahidir, əbədidir. Elə isə onun öz əbədi,
tükənməz işığı olan yerdə əlavə
işığa nə ehtiyac?!
Sonda
dünən axşam xətrimə dəyib qəlbimi qıran
həmin şəxsə dərin təşəkkürlərimi
çatdırır, bu mahnıya yeni həyat verən Qədir
Rüstəmova Allahdan rəhmət, Akif İslamzadəyə
isə cansağlığı diləyirəm! Bu
mahnını heç vaxt heç kim
onların oxuduqları ucalıqda oxuya bilməyəcək.
Çünki
zirvə 1 dəfə fəth olunur!!!
O zirvəyə
isə bu 2 sənətkar bir yerdə qalxdı və " Sarı gəlin"ə heç vaxt
yorulmayacaq qoşa qanad bəxş etdi.
İRANDA
"RAST" MUĞAMI
Bu yaxınlarda xanəndə Ramiz Hacıyevin şəxsi arxivindən götürdüyüm videokassetlərdə onun 1994 və 1999-cu illərdə İrana səfərləri, oradakı çıxışlarına aid zəngin materiallarla ətraflı tanış oldum. Tehran radiosunun xanəndənin həyat və yaradıcılığına həsr etdiyi ikihissəli radiooçerki çıxmaq şərti ilə Ramiz müəllimin Cənubi Azərbaycanın bir neçə şəhərində müxtəlif şənliklərdə, məclislərdə, tədbirlərdə etdiyi çıxışlar eksklüziv şəkildə həvəskar operatorlar tərəfindən lentə alınıb və onlar üzərində heç bir montaj, cilalama işləri aparılmadığından elə çəkildiyi formatda da uzun illər xanəndənin şəxsi arxivində "mürgü döyüb". Tarzən Rövşən Zamanovun, tarzən Vamiq Məmmədəliyevin oğlu, televiziya mütəxəssisi İqbal Məmmədəliyevin və mənim birgə səylərimizlə daha etibarlı formata salınan həmin materiallardan birini artıq sizə təqdim etmişəm. Bu gün isə Ramiz müəllimin İran səfərinin daha bir epizodunu - onun ifasında "Rast" muğamını mühakimənizə verirəm.
Xanəndənin çıxış etdiyi məclisin hansı şəhərdə, nə münasibətlə təşkil olunduğu barədə konkret heç nə deyə bilməyəcəyəm. Lakin bir sıra cəhətlərinə görə bu qeyri-adi çıxış barədə bəzi fikirlərimi bölüşmək istəyirəm.
1. Adi gözlə də görmək olur ki, Ramiz müəllimi müşayiət edən çalğıçılar peşəkarlıq və təcrübə baxımından xanəndədən geri qalırlar. Xüsusilə tar çalan şəxsin passivliyi muğamın üçlük formatında ifası zamanı zəruri olan "vokalçı - sazəndələr" dialoqunun sözün tam mənasında baş tutmasına mane olub. Üstəlik, kamançanı əvəz edən qarmonun belə məqamlar üçün tipik olmayan canfəşanlığı tarın səsini demək olar ki, batıraraq onu oyundan kənar vəziyyətdə qoyub.
2. Videogörüntülərin mühüm cəhətlərindən biri Ramiz müəllimin əsl xanəndələrə xas olan qaval çalmaq bacarığının əyani nümayişidir. Bu, ifanın bədii-estetik dəyərini xeyli artırıb.
3. Çox güman ki, çəkiliş həvəskar
tərəfindən aparılıb. Ona görə də
videomaterialda kifayət qədər artıq, yersiz detallar,
nüanslar yer alıb.
Əlbəttə, bu "Rast"ı müasir
texnologiya ilə təchiz olunmuş studiyada lentə alınan
"Rast"la müqayisə etmək olmaz. Lakin Ramiz
müəllimin belə məhdud imkanlar çərçivəsində
də "Rast"ın fəlsəfəsini, məzmununu
ortaya qoya bilməsi təqdirəlayiqdir.
Ruhu şad olsun.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2022.- 2 sentyabr.- S.8.