“Mahmud və Məryəm”
filmi Qətərə nümayiş
etdirilib
Azərbaycan Respublikasının Qətər
Dövlətindəki səfirliyinin
təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində
Qətərin “Katara” Mədəniyyət Şəhərciyinin
Drama Teatrında “Mahmud və
Məryəm” filminin
ilk nümayişi keçirilib. Ümumiyyətlə, “Mahmud
və Məryəm” Dohada nümayiş olunan ilk Azərbaycan filmi hesab olunur.
Səfirlikdən 525.az-a bildirilib ki,
filmin təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyinin
Baş direktoru D-r
Khalid İbrahim Əl-Sulayti,
Azərbaycan Qətər
Dövlətindəki səfiri
Rəşad İsmayılov,
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə
Respublikasının Qətərdəki
səfiri Mehmet Mustafa Göksu, Qətərin bəzi ictimai xadimləri, həmçinin
Qətərdə akkreditə
olunan bir sıra ölkələrin
səfirləri (Qazaxıstan,
Qırğızıstan, Tacikistan,
Moldova, Ukrayna) və diplomatik heyəti, Qətərdə fəaliyyət
göstərən yerli
media nümayəndələri, eyni zamanda bu
ölkədə yaşayan
Azərbaycan icmasının
nümayəndələri iştirak
etmişlər.
“Mahmud və Məryəm” filminin nümayişindən
əvvəl çıxış
edən səfiri Rəşad İsmayılov
göstərdikləri köməkliyə
və dəstəyə
görə “Katara” Mədəniyyət Şəhərciyi
Fondunun Baş direktoru D-r Khalid İbrahim
Əl-Sulaytiyə, həmçinin
dəvəti qəbul
edib gəldiklərinə
görə qonaqlara təşəkkür etmişdir.
Səfir daha sonra film haqqında qısaca məlumat verərək, onun Azərbaycanın Xalq yazıçısı Elçinin
eyniadlı romanı əsasında, türk rejissoru Mehmet Ada Öztekin tərəfindən 2013-cü ildə
çəkildiyini və
Azərbaycan-Türkiyə tərəfdaşlığında
ilk kino layihəsi olduğunu, filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli
Eva Dedovanın yaratdığını
bildirib.
Səfir, “Mahmud və Məryəm” filminin ərəb dilində dublyaj olunaraq, ərəb ölkələrində ilk dəfə
olaraq Qətərdə
nümayiş olunduğunu
diqqətə çatdırıb.
Daha sonra çıxış
edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, filmin nümayişinin yüksək səviyyədə
təşkil olunmasında
xidmətləri olan Azərbaycanın Qətər
Dövlətindəki səfirliyi
və “Katara” Mədəniyyət Şəhərciyi
Fonduna dərin təşəkkürlərini çatdırıb.
O, filmin çəkilişlərinin
Azərbaycanın paytaxtı
Bakıda, eləcə
də Şəki və Qax şəhərlərində
həyata keçirildiyini,
filmin 2013-cü ildə
Türkiyədə və
Azərbaycanda nümayiş
olunduğunu bildirib.
Qeyd etmək lazımdır ki, “Katara” Mədəniyyət Şəhərciyində
nümayiş olunmuş
“Mahmud və Məryəm” filmi
və tədbir haqqında Qətərin ingilisdilli
“Gulf Times” və “The Peninsula” qəzetlərində
geniş məqalələr dərc olunub, həmçinin “Katara”
Mədəniyyət Şəhərciyinin rəsmi
saytında və sosial şəbəkələrində
məlumatlar yerləşdirilib.
525-ci qəzet.- 2022.- 2 sentyabr.- S.7.