Bütövlük nümunəsi

 

 

Bu günlərdə yazıçı-dramaturq Ağalar İdrisoğlunun görkəmli ictimai xadim, filologiya üzrə fəlsəfə doktoru, alim, dəyərli insan, 31 il məmləkətimizin müxtəlif rayonlarına rəhbərlik etmiş Sadıq Murtuzayevin əziz xatirəsinə həsr olunmuş "Torpağa bağlı insan" kitabı işıq üzü görüb. Yazıçının barəsində xatirələrini bölüşdüyü əvəzolunmaz ziyalı Sadıq Murtuzayevin daxili aləmində olan saflıq, təmizlik bütün işlərində özünü göstərir, onu digərlərindən fərqləndirirdi. Sadıq müəllim məhz bu cür seçilmiş insanlardan idi. Belələri bu dünyadan köçəndə öz əməllərini, mənəvi varlığını digərlərinə əmanət olaraq qoyub gedirlər. Onların ruhu bizim aramızdadır, insanları saflaşdırmağa davam edir. Hər hansı bir məclisdə kimsə onun adını çəksə, onun hər hansı bir hərəkətini xatırlasa, o dəqiqə ətrafdakıların əhval-ruhiyyəsi dəyişər, ümumi ab-hava saflaşmağa başlar. Rəhmət sözləri eşidir, Allahı yada salaraq hər kəs öz mənəvi dünyasına nəzər yetirmək üçün imkan qazanır. Bu, Sadıq müəllimin sonrakı nəsillər üçün qoyub getdiyi ən böyük nemətdir.

Sadıq Murtuzayev 40 ilə yaxın mühüm dövlət vəzifələrində çalışıb, 31 il respublikanın müxtəlif rayonlarında - Zaqatala, Abşeron, Şəki və Ağdamda Partiya Komitəsinin birinci katibi vəzifələrində işləyib, bir dəfə SSRİ, altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, iki dəfə Lenin ordenionlarla digər ordenmedallarla təltif edilib. S.Murtuzayev ondan çox kitabın müəllifidir. Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. Sadıq müəllim harada işləyibsə, həmişə xalqa arxalanıb və heç vaxt haqqı nahaqqa verməyib. Abşeron rayonunda birinci dəfə işə başlayanda bu rayon ərazisi və əhalisinin sayına görə respublikanın ən böyük rayonu idi. Bakının kəndlərinin əksəriyyəti bu rayonun tərkibində idi. Burada işlədiyi dövrdə Bakı bağlarının əmək adamlarına verilməsi, Xırdalanın abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında salınan meşə zolaqlarının qorunması, çox gəlir verən Terrarium təsərrüfatının yaradılması, Zəfəran sovxozunda istehsalın artırılması, Mehdiabad qəsəbəsinin salınması da məhz onun adı ilə bağlıdır. Sadıq müəllim Abşeronun geniş ərazisinə səpələnmiş onlarla kəndin hər birinin ağsaqqalını, sözükeçən adamlarını, ziyalılarını, təsərrüfat adamlarını şəxsən tanıyır, bu insanların hər biri ilə öz dilində danışmağa bacarırdı. Nardaran, Maştağa, Buzovna, Kürdəxanı, Goradil və digər kəndlərin ağsaqqalları Sadıq müəllimi bu günbir ağsaqqal olaraq öz məclislərinə dəvət edib yuxarı başda əyləşdirirlər. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Təsadüfi deyil ki, Sadıq müəllim Ağdamdan Bakıya çağırılanda Abşeron ağsaqqalları yanına gələrək ondan rayona rəhbərlik etməsini xahiş etmişdilər.

Mən onunla 20 il əvvəl Bakıda tanış olmuşam. Amma atam, əmim və digər yaxın qohumlarım onu Ağdamda işlədiyi vaxtdan tanıyaraq onunla dostluq ediblər. Sadıq müəllim haqqında ən çox xoş sözləri elə onlardan eşitmişəm. Amma eşitməklə görmək, canlı ünsiyyətdə olmaq ayrı-ayri şeylərdir. 20 illik tanışlıq bizi çox yaxınlaşdırdı. Məni ona, onu mənə doğmalaşdırdı. Bir-birinə mənəvi ehtiyacı olan insanlara çevirdi. Mən çox şadam ki, həyatda belə nəcib bir insanla tanış olub dostlaşmışam, onun dediklərini eşitmiş, etdiklərini görmüş, yazdıqlarını oxumuş, nəcib əməllərinin şahidi olmuşam. Sadıq Murtuzayevin bir neçə kitabına redaktorluq etmiş, bəzilərinə ön söz yazmışam. Bunları yada salmağın özü mənəvi rahatlıq, bütövlük nümunəsi olan insanla virtual təmasda olmaq deməkdir.

 

Rafiq ƏLİYEV

 

525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.16.