Azərbaycanlı rəssam Aralıq dənizi
barədə tablolar seriyası yaradır
Bütün sahələr üzrə
dinamik inkişafda olan Azərbaycan-Türkiyə
müttəfiqliyinin yüksəlişində
mədəniyyət sahəsinin
təmsilçilərinin, eləcə
də rəssamların
xüsusi əməyi
var. Qardaş ölkədə
yaşayıb yaradan rəssamlarımız bir tərəfdən Azərbaycan
həqiqətlərinin təbliğatına
təkan verirlərsə,
digər tərəfdən
də Türkiyənin
əsrarəngiz gözəlliyini
tablolara köçürərək
tərənnüm edirlər.
Bu rəssamlardan biri də Azərbaycan
Rəssamlar İttifaqının
üzvü, Rusiya, İtaliya, Lüksemburq və digər ölkələrdə keçirilən
bir sıra beynəlxalq sərgilərin
iştirakçısı və
qalibi Əflatun İsrailovdur.
AZƏRTAC xəbər verir ki, cari ilin aprel ayının əvvəlində Antalyaya gələn rəssam artıq bu payızda Türkiyənin Aralıq dənizi sahillərinə həsr olunmuş və realizm üslubunda işlənmiş dəniz mənzərələri silsiləsini tamamlamaqdadır. Adıçəkilən seriyaya müəllifin iyirmidən çox əsəri daxildir. Həmin rəsmlərdən bəziləri artıq İspaniya və ABŞ-dakı şəxsi kolleksiyaları bəzəyir.
Rəssam Antalyanın ictimai həyatında, o cümlədən, valiliyin, yerli bələdiyyələrin və Rəssamlar Assosiasiyasının keçirdiyi seminarlarda, ustad dərslərində, plenerlərdə (açıq havada rəsm çəkmək) fəal iştirak edir. Onun təkrarolunmaz üslubu təkcə sənətsevərlərin deyil, akademik rəssamların da böyük marağına səbəb olur.
Həmsöhbət olduğumuz Əflatun İsrailov deyir ki, Türkiyə nə qədər doğma olsa da, onun üçün ana Xəzəri heç nə əvəz edə bilməz. Soydaşımızın yaradıcılığının məqsədlərindən biri də Xəzər dənizini, onun əzəmətini, gözəlliyini, qüdrətini bütün dünyaya nümayiş etdirməkdir. Rəssamın sözlərinə görə, çoxları əbəs yerə qeyd etmir ki, Xəzər dənizinin lap üfüqdən uzanaraq çağlayan dalğaları okeanı xatırladır.
Sosial şəbəkələrin inkişafı sayəsində müxtəlif ölkələrdən olan rəsmsevərlərin onun işlərini izlədiklərini diqqətə çatdıran ustad rəssam deyib: "Onlardan çoxlu dəstək və təşəkkür məktubları alıram. Ən çox da bir vaxtlar Xəzər dənizinin sahilində yaşamış insanlardan aldığım məktublar məni sevindirir və ruhlandırır. Yazırlar ki, həqiqətən də Xəzər dənizi, Vətən üçün darıxırlar və mənim əsərlərim onları uzaq uşaqlıq çağlarına qaytarır".
Rəssamın əsərlərinə onun şəxsi saytında, sosial
şəbəkələrdə, həmçinin Madriddəki
"Gaudi" qalereyasında canlı
şəkildə tamaşa etmək olar.
525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.9.