"Vətən, onun dünəni, bu
günü və sabahı bütün varlıqların
fövqündədir"
Beynəlxalq
Avrasiya Mətbuat Fondunun yaranmasından 30 il
ötür. Dünyanın bir sıra nüfuzlu
beynəlxalq qurumlarının üzvü olan bu unikal təşkilatın
otuz illik tarixçəsi, yəni bu günlərə qədərki
ömür yolu əziz Vətənimizin - Azərbaycanın
müstəqillik tarixi ilə, demək olar ki, günbəgün
üst-üstə düşür. Əlbəttə,
bu, xoş bir reallıq, fərəh verən tale
yazısıdır. Fəqət müstəqilliyin
övladı olaraq dünya işiğına göz
açmaq, bu ali məqama layiq olduğunu əməllə,
işlə, can yanğısıyla təsdiqləyərək
milli varlığın dəyərli bir hissəsinə
çevrilmək hər təşkilata, hər şəxsiyyətə
qismət olmur, bununla bərabər, vətəndaş cəmiyyəti
və milli media mühitimiz üçün də eyni dərəcədə
qiymətli olan, BAMF-a və onun qurucusu Umud Mirzəyevə məxsus
bioqrafiya bu həqiqəti bir daha sübut edir...
Həmsöhbətimiz
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin
fikrincə, onun şüurlu həyatı boyu
yaratdığı tək bir kitab var: O kitabın adı
BAMF-dır.
Onu nə
qədər müfəssəl tanısam da, yazılı
şəkildə suallar tərtib edərkən
düşüncələrimə hakim kəsilən məsuliyyət
hissinin səbəbini bilirəm: çünki o, bütün
həyatının mənasını daim hərəkətdə
dərk edən, əməyi, qətiyyətli yanaşmanı,
ardıcıllığı ən böyük
uğurların mənbəyi sayan nadir şəxsiyyətlərdən
biridir. Bu, mənim illər öncə Beynəlxalq
Avrasiya Mətbuat Fondunda çalışarkən indiki
müsahibənin qəhrəmanı Umud Mirzəyevin şəxsində
hiss etdiyim və ən ümdəsi zaman keçdikcə
öz əzəli məzmununu dəyişməyən, əksinə,
daha da möhkəmlənib bərkiyən qənaətimlə
bağlıdır.
O,
yaşamağı fərdi bir mövcudluq kimi deyil, ictimai borc
anlamında dərk edir, əminliklə deyirəm, bu, dəqiq
belədir.
O,
çiynini ən ağır yükün altına verməyə
nəinki həmişə hazır olan, həm də həmişə
buna can atan lider şəxsiyyətdir.
O, humanizm
və xeyirxahlıqdan böyük enerji alan
insandır.
O, digər
insanların uğurlarına sevinməyi, həmin
uğurların əldə olunmasına yardım göstərməyi
bacaran ziyalıdır. Əgər belə
olmasaydı, BAMF tranplinindən keçən, bu gün isə
respublikamızın müxtəlif təşkilatlarında,
xüsusilə media qurumlarında uğurla fəaliyyət göstərən
onlarca peşəkar insan barədə əminliklə
düşünmək mümkün olmazdı.
Fikrimdə tutmuşam ki, BAMF-ın 30 illiyini məxsusi dəyərləndirərək,
Umud müəllimə təqribən otuz sual ünvanlayım. Bu müsahibənin
də ayrıca yer alacağı nəzərdə tutulan
kitabda həmsöhbətimin yaradıcı, işgüzar
bioqrafiyası işıqlandırıldığına
görə daha çox ümumi, fundamental istiqamətlərə
aid sualları qeydə alıram. Əlbəttə,
əminəm ki, bu insana məxsus olan, səmimiyyətlə
dolu həyat fraqmentlərindən, yaddaş xatiratlarından da
imtina edə bilməyəcəyik.
Budur, indi
tanış və deyərdim ki, doğma
ünvanda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Şəhidlər
xiyabanından eni dörd-beş addım yolla ayırılan
ofisində müsahibimlə masa arxasında üzbəüz əyləşmişik.
Onun simasında yenə də həmin ifadə -
işin gərginliyindən doğan cizgilər aydın
görünür. Və mənə elə
gəlir ki, Umud müəllim indi veriləcək sualları
cavablandırmağa hazırlaşdığı anda daha bir
neçə vacib məsələni "xəyalən həll
edir".
Nə qədər həqiqətə yaxın olsa da,
söylənilənlər ehtimal və təfsilatdır, halbuki
indi bütün bunlara vaxt yoxdur.
Səmərəli, yaradıcı enerji ilə
çulğaşan, qaynayıb qovuşan vaxt toplam bir
gücdür.
Bu gen dünyada ən uzunömürlü insanın da
vaxtı, zamanı dardır. İşgüzar,
zəhmətkeş, iradəli, zəkalı insanlar
üçün yeganə çatışmayan bir amil varsa,
onun başqa adı yoxdur. Onun adı vaxtdır! Elə bu səbəbdən sözümün mabədinə
qayıdıram.
Nədənsə, XX yüzilliyin qəribə
ziyalılarından biri Xudu Məmmədov barəsində
danışılan bir əhvalatı xatırlayıram. Bir gün
alimin çalışdığı elmi müəssisənin
baş mühasibi Xudu müəllimlə rastlaşır və
mühasibatlıqda yığılıb qalan əmək
haqqısını niyə gəlib götürməməsi
ilə bağlı gileylənir. Xudu müəllim isə
cavabında: - Əzizim, vaxtım yoxdur. Əgər
mümkün olsaydı, bütün pullarımı verib vaxt
alardım - deyir.
İki əsrin qovşağında, siyasi, ictimai, mədəni
mühitimizin təlatümündə yetişib püxtələşən,
milli ictimai düşüncəmizdə ciddi mövqeyə
sahiblənən həmkarımın vaxtını almamaq məsuliyyətini
bir daha dəyərləndirir və ilk sualı səsləndirirəm.
- Umud
müəllim, nə xoşdur ki, sizinlə bərabər, Azərbaycan
ictimaiyyəti də BAMF-ın 30 illik yubileyini qeyd etməyə
hazırlaşır. Bu təşkilatı siz
yaratmısınız. Gözlənilən
tarixi hadisə öncəsi hansı hissləri
keçirirsiniz?
Cavab bir qədər yubanır, müsahibin çöhrəsində
kədər və sevinc qarışıq bir ifadə var, sanki
deyəcəyi sözlər hardasa dərinliklərdədir. Sükutun
ardınca özünəxas ləngərli səslə
danışmağa başlayır.
- Ənənəvi sualdır, əslində cavabı da
sadədir. Amma içimdə köksümə sığmayan
elə mübhəm hisslər var ki, nədən, haradan
başlamaqda çətinlik çəkirəm. 30 il əvvəl təxminən elə 30
yaşlarda idim. 30 yaş ömrün əhəmiyyətli
bir hissəsi deməkdir. Yəni az-çox təcrübəsi
olan şəxs kimi ictimai sektoru təsadüfən seçmədim.
Zaman özü bunu diktə elədi,
dövrün ictimai-siyasi vəziyyəti hazırda davam etməkdə
olduğum yolun bəlli bir xəritəsini cızdı.
Baxmayaraq ki, ötən əsr səksəninci illərinin
sonu, doxsanıncı illərinin əvvəllərində
bugünkü BAMF formatında nüfuzlu bir təşkilatı
yaratmaq ideyasının özü belə əlçatmaz
görünürdü.
Konkret suala gəlincə, təbii olaraq bu günlər fərqli
duyğular yaşayıram. Bax elə indi, söhbətimizin bu məqamında
sanki 30 il əvvələ qayıdıram.
30 il... Bu tarixin içində nələr
yoxdu. İşğal altında zəlil günə qalan
torpaqlarımız, ömrü yarımçıq bitən
şəhidlərimiz, yurd-yuva həsrəti ilə qovrularaq
gor evinə gömülən yaşlı insanlarımız,
qaçqın-köçkün harayı, hələ də
ümidini üzmədən, gənc yaşında saç
ağardaraq itkin ər yolu gözləyən gəlin
ağbirçəklərimiz... Sönən, ocaqlar,
xarabalığa çevrilən kəndlər, gülləbaran
edilən məzarlıqlar... hansı birini sadalayım... Həmin vaxt dövlət qurumları demək olar ki,
fəaliyyət göstərmirdi. Xaotik vəziyyətdən
çaşqın vəziyyətə düşən insanlar
meydanlara axışırdı. Təbii
ki, meydan problemlərin çözüm yeri deyildi. Mən də o insanların arasında idim, uzun
müddət meydanlarda sərgərdən dolaşandan sonra nə
edəcəyimə qərar verib ictimai sektoru seçdim.
Kimsədən kömək ummadan çarəsiz
qaçqın-köçkün soydaşlarıma
bacardığım qədər kömək göstərmək,
xalqımızın başına gətirilən ədalətsizlikləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
bildiyim yoldan hərəkətə keçdim.
Ürəyimin bir yanı yanıb qovrulsa da, digər
parası təbii olaraq sevinir. İndi yurdum,
torpağım azaddır, Şuşanın başı
üstündən qara buludlar dağılıb, ilk sakinlər
Qarabağa köç eləyirlər.
Məkrli düşmən əməllərindən əl
çəkməsə də, ucsuz-bucaqsız Qarabağ
torpaqlarında həyat dirçəlir. Qürur hissi keçirirəm
ki, bu ölkənin vətəndaşı, həm də bir təşkilat
rəhbəri olaraq əldə edilən nəticələrdə
bizim də az-çox
payımız var.
- Sözə
qüvvət olaraq BAMF haqqında ümumi təəssürat
yaradan xronoloji bilgiləri sizin öz dilinizdən eşitmək
istərdik.
- Əvvəla deyim ki, bu təşkilat mənim həyatımın
ayrılmaz parçasıdır. Mən yurd, vətən
sevdalısı bir adamam. Vətən, onun
bu günü, sabahı mənim üçün hər
şeyin fövqündədir. Yəni
BAMF-ın ən ümdə məqsədi böyük mənada
Vətənə, xalqa, vətəndaş cəmiyyətinə
xidmətdən ibarətdir. Bəli,
çox ağrılı şəraitdə olsa belə, otuz
illik bir yol qət etmişik və arxada qalan illər ərzində
çox işlər görmüşük. Əgər onları sadalamalı olsam, zənnimcə,
bir neçə kitablıq söhbət alınar. İllər boyu müxtəlif mətbuat
orqanlarına verdiyim müsahibələrdə BAMF, onun yaranma
zərurəti, tarixi şərait, məqsəd və məramı
haqqında açıqlamalarım olub. Amma
o tarixə, o illərə təkrar-təkrar qayıtmaq
lazımdır. Qanlı-qadalı
doxsanıncı illər bizim qan yaddaşımızdı,
xatırlamalıyıq, xatırlatmalıyıq ki, təkcə
tarixin yaddaşında qalmasın, nəsillərin
yaddaşına həkk olunsun, unudulmasın.
80-ci illərin sonları, 90-cı illərin əvvəlləri
ölkəmiz, xalqımız üçün məşəqqətli
illər idi. Sovet imperiyasının süqutundan sonra milli
münaqişələr pik həddə
çatmışdı. Abxaziyada,
Baltikyanı ölkələrdə, Cənubi Qafqazda, Orta
Asiyada, Çeçenistanda konfilikt ocaqları durmadan şiddətlənirdi.
Ermənistan separatçılarının Ermənistanda,
Azərbaycanda, eləcə də ölkəmizin Dağlıq
Qarabağ bölgəsində azərbaycanlılara
qarşı törətdikləri qanlı hadisələr,
etnik təmizləmə siyasəti əsl vəhşilik idi.
1989-cu ilin noyabrında başa çatan
deportasiya nəticəsində 300 mindən çox
soydaşımız Ermənistandan - doğma ev-eşiyindən,
yurd-yuvasından qovuldu. Qeyri-rəsmi mənbələrdə
bu rəqəmin yarım milyondan çox olduğu qeyd edilir.
Xalq bu qanlı olaylara biganə qala bilməzdi,
etiraz üçün yaşından, mövqeyindən
asılı olmayaraq insanlar meydanlarda ədalət
axtarırdılar. Amma nəticə nə
oldu? Qanlı Yanvar hadisələri. Sovet hərb maşını qansızcasına
günahsız insanları qanına qəltan elədi. 1990-cı ilin 20 Yanvarında baş verən dəhşətli
qırğından dünya xəbərsiz idi. Biz informasiya blokadasındaydıq. Səsimiz, bağırtımız,
hayqırtımız öz içimizdə boğulurdu. Ölkə darda, xalq xaosda çabalayırdı.
Dünyanın gözləri kor, qulaqları kar idi. Çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bütün mətbu orqanların, eləcə də özümün də çalışdığım "Ədəbiyyat və incəsənət" qəzetinin əsas auditoriyası demək olar ki, yalnız azərbaycanlılardan ibarət idi və bu qəzet də ölkədə baş verənləri beynəlxalq səviyyədə çatdırmaq iqtidarında deyildi. O vaxtlar Azərbaycanda, regionda baş verən hadisələrlə bağlı informasiyalar yalnız Kreml senzurasından keçdikdən sonra auditoriyada yayıla bilərdi. Ümumiyyətlə, bu, bütün regiona aid idi və bütün konflikt zonalarından dezinformasiya və qeyri-obyektiv məlumatlar sanki sistemli şəkildə yayılırdı. Bu məhdudiyyət xüsusilə Qarabağla bağlı məlumatlarda özünü göstərirdi. Düşünürdük ki, obyektiv məlumat hər kəs tərəfindən əlçatan olsaydı, ictimai rəy münaqişələrin həllinə dəstək verə bilərdi. Bu halda konfliktlər daha tez həll olunar, sülhlə yekunlaşardı. 1982-1987-ci illərdə Moskvada birlikdə təhsil aldığım tələbə dostlarım regionda baş verənlərlə bağlı doğru-dürüst məlumat almaq istəyirdilər. Onların hər biri media qurumlarında çalışan yaradıcı insanlar idi və mənim kimi postsovet məkanında baş verən konfliktlərə biganə qala bilmirdilər. Mən onları ölkəyə dəvət edir, reallıqları öz gözləri ilə görmələrinə dəstək olmağa çalışırdım. Latviyadan olan Modris Auzenş və Rusiyadan Andrey Edokovla birlikdə 1992-ci il may ayının 5-də - Şuşanın işğal tarixindən üç gün öncə orada, Şuşa şəhərində idik. Xocalıdan sonra Şuşanın süqutu son dərəcə sarsıdıcı idi və bu işğal BAMF-ın yaradılmasına önəmli şəkildə təkan verdi. Zaman vətəndaş olaraq qarşımda yaradıcı ilhamla vidalaşmaq, mənim əqidəmə görə daha vacib yolda yürümək tələbini qoydu. Nəticədə bizimlə həmfikir olan dostlarla birlikdə Moskvada toplaşdıq və müzakirələrdən sonra BAMF-ın yaradılmasına qərar verdik.
1992-ci il iyun ayının 22-də Moskva şəhərində yerləşən Azərbaycan nümayəndəliyində BAMF-ın təsis yığıncağı keçirildi. Elə həmin il sentyabrın 4-də BAMF Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alındı. Təşkilatın nizamnaməsinə görə, ana məramımız regionda baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Qarabağ probleminin ədalətli həll olunmasına dəstək göstərilməsi idi. Çox şükür ki, biz o reallığı yaşayırıq. Qarabağın böyük hissəsi işğaldan azad olunub. Gec də olsa azğın düşmən layiqli cavabını aldı, dövlətimiz artıq regionda böyük quruculuq işləri həyata keçirir. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla milli ordumuz düşməni diz çökdürməyi bacardı. Bu prosesdə - böyük zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də əsl fədakarlıq göstərdilər. Təbii ki, ictimaiyyətin fəal iştirakı, xalqın birliyi də Qarabağ işğalının yekunlaşmasında əsas hərəkətverici qüvvə oldu.
BAMF-ın ilk layihəsindən danışmağa başlasaq, o, bu gün də davam etdirilən, təşkilatın əsas şüarına çevrilən "Evdə sülh, ölkədə sülh, cahanda sülh" layihəsi idi. Bu layihə çərçivəsində postsovet məkanında bir-birinin ardınca alovlanmaqda olan konflikt bölgələrinə səfərlər edir, müharibədən əziyyət çəkən insanlarla görüşür, onların problemləri ilə tanış olur, mümkün dəstək göstərir və real vəziyyəti, həqiqi görüntünü dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq. Qarabağ bölgəsində də vəziyyətin günü-gündən gərginləşib kritikləşməsi Azərbaycanda baş verən hadisələrin dürüst, obyektiv işıqlandırılmasını aktuallaşdırırdı. Təbii ki, BAMF-ın yaranmasında ideya müəllifi olmağımın bizim regiona xüsusi diqqətin ayrılmasında ciddi rolu var idi. Biz bölgədəki real vəziyyəti, haqq səsimizi dünyaya çatdırmaq üçün davamlı olaraq beynəlxalq jurnalist təmsilçilərinin ölkəmizə səfərlərini təşkil edirdik. Əlimiz çatan qədər beynəlxalq jurnalistlərə bələdçilik missiyamızı yerinə yetirirdik. Bəzən 7-8 nəfər əcnəbi həmkarımızla eyni otaqda qalırdıq, söhbətləşirdik, fikir mübadiləsi aparırdıq. Bu, bir mücadilə idi və biz bunu ürəkdən edirdik. Həmin vaxtlar ailələrimiz, dostlarımız ən yaxın dəstəkçimiz idi. Təkcə doxsanıncı illərin əvvəllərində Qarabağ bölgəsinə xarici jurnalistlərin yüzdən çox səfərinin təşkilinə yardımçı olmuşduq. Məhz həmin səfərlərin nəticəsində baş verən hadisələrlə bağlı çoxsaylı yazılar yazılmış, reportajlar hazırlanmış, bəyanatlar imzalanmışdır. Həmin dövrdə Yuri Pompeyevin yazdığı "Qarabağ qan girdabında", "Vəhşətli gecə", "Xarabazarlıq" əsərləri rusiyalı oxucular üçün ciddi mənbəyə çevrilmişdi. Biz 1993-cü il fevral ayının 26-da Moskvada "Radio-Mayak"da çıxış edərək obyektiv informasiyanın yayılmasında xüsusi xidmətləri olan jurnalistlər üçün təsis etdiyimiz mükafata layiq görülən adları açıqladıq. Çingiz Mustafayevə (ANS) və Leonid Lazareviçə ("Radio Mayak") ölümündən sonra, eləcə də təşkilatla sıx əməkdaşlıq edən Riçard Lapaitsə (Litva), Yuri Pompeyevə mükafatlar təqdim etdik. "Radio Mayak"da təxminən 1 saat davam edən verilişdə həmkarlarımızla birlikdə sərt açıqlamalar verdik. 1993-cü ildə Azərbaycan torpaqlarının işğalından sonra BAMF olaraq yurdsuz-yuvasız qalmış insanların yerləşdirilməsi, zəruri ehtiyaclarının qarşılanması, ərzaq problemlərinin həlli, işlə təmin olunmaları istiqamətində beynəlxalq təşkilatlar və yerli qurumlarla əməkdaşlıq çərçivəsində layihələr icra etməyə, insanlara mümkün dəstək göstərməyə çalışdıq.
BAMF 1996-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədə təşkil etdiyi MDB konfransının əsas üzvlərindən biri oldu. Bu konfransda BAMF olaraq biz "Konfliktlərin proqnozlaşdırılması və qarşısının alınması", eləcə də qaçqınlarla və məcburi köçkünlərlə bağlı işçi qrupunda aktiv iştirak edib Azərbaycandakı problemlərin uzun müddət BMT auditoriyasına daşınmasına çalışdıq. 1997-ci ildə Sankt-Peterburqda "Milli məsələ və qaçqınlar problemi" mövzusunda beynəlxalq konfrans keçirməyə nail olduq. Dövrün real vəziyyətini nəzərə alsaq, Rusiyada erməni separatizmindən söz açmaq heç də asan və sadə məsələ deyildi. Rusiya Yazıçılar İttifaqının Peterburq bölməsi, Rusiya Mədəniyyət Akademiyası, Qumilyov adına Coğrafiya İnstitutu ilə birlikdə həyata keçirdiyimiz konfransda 30-a yaxın nümayəndənin iştirakı ilə Qarabağ probleminin ictimai müzakirəsinə nail olduq. Görünən o idi ki, vətəndaş cəmiyyətinin potensialı böyükdür. Biz istənilən qapını döyə bilir, dərdimizi danışa bilirdik.
Sıxıntılar və çətinliklər olmasına baxmayaraq, 90-cı illərin sonlarında peşəkar bir komandaya çevrilməyə nail olduq. 2000-ci ildən başlayaraq 5 əsas fəaliyyət istiqaməti üzrə beynəlxalq layihələrə qoşulduq və daha da inkişaf etdik. Media və Vətəndaş Cəmiyyətinin inkişafı, Sülhməramlı aksiyalar və konfliktologiya, Qaçqın və məcburi köçkünlərin problemləri, İcma inkişafı, həmçinin, təhsil sahəsində də ölkə əhəmiyyətli layihələrə imza atmışıq. BAMF 2000-ci ildən "Mina təhlükəsizliyi ilə mübarizə" proqramına da qoşulmuşdur. Biz 20 il ərzində ciddi bir proqramın parçasına çevrilə bilmişik.Vətəndaş cəmiyyəti qurumu olaraq belə bir mübarizə proqramında yer almaq heç də təsadüfi, heç də asan məsələ deyil.
Fəaliyyət sahəmiz o qədər
çoxşaxəli, coğrafiya o qədər geniş,
informasiya o qədər zəngindir ki, doğrusu, hansı
birini sadalamaqda çətinlik çəkirəm. Azərbaycan
Qeyri-Hökumət Təşkilatları Forumu və Mətbuat
Şurasının formalaşmasında BAMF-ın müstəsna
rolu vardır. Danimarka Xarici İşlər
Nazirliyi və Danimarka Qaçqınlar Şurası ilə
birlikdə həyata keçirdiyimiz "Qafqaz Fresta"
proqramı çərçivəsində Rusiya,
Gürcüstan, Azərbaycan və Ermənistanda fəaliyyət
göstərən, məcburi köçkünlərlə
bağlı layihələr həyata keçirən təşkilatların
informasiya dəstəyi olan infoterminalın
yaradılmasına vəsilə olduq. Əslinə qalanda bu
regionda həyata keçirilən ən böyük layihə
idi ki, onun da informasiya nəzarəti birbaşa bizim təşkilatımız
tərəfindən həyata keçirilirdi. Bu unikal bir model idi və beş ilə yaxın davam etdi. Biz
BAMF olaraq hər zaman Azərbaycanın mənafelərindən
çıxış etdik. Daha doğrusu, ədalətin,
doğrunun, dürüstün yanında olduq və Azərbaycana
qarşı olan yalan və qarayaxmaların davam etməsinə
imkan vermədik. Missiyamı, vətən
qarşısında şəxsi borcumu heç zaman
unutmadım və unutmaram.
2000-ci illərin
əvvəllərindən BMT-nin İnkişafı
Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq,
Amerikanın Tədqiqat Əməliyyat Mərkəzi, Beynəlxalq
Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu və bir
çox digər qurumlarla əməkdaşlığa
başladıq. Amerika Dövlət Departamenti, həmçinin,
Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərlə,
o cümlədən, Amerika, Yaponiya, Türkiyə səfilikləri
ilə əməkdaşlığımız dərinləşdi.
2001-ci ildə NATO ilə əməkdaşlıq çərçivəsində
Azərbaycanda və regionda keçirilən "NATO və Cənubi
Qafqazda regional təhlükəsizlik" mövzusunda ilk
böyük konfransın keçirilməsinə nail olduq. Tədbirdə NATO-nun ən yüksək çinli məmuru,
Rusiya, Türkiyə, Gürcüstandan, eyni zamanda səfiliklərdən
nümayəndələr və demək olar ki, ölkənin
bütün aparıcı jurnalistləri iştirak edirdilər.
Yüksək səviyyəli tədbirin yekununda
"NATO və Cənubi Qafqazda regional təhlükəsizlik"
kitabı çap edildi.
Həqiqətən
danışılası, söyləniləsi, deyiləsi
çox iş var. Bu günlərə böyük zəhmət
və sözün əsl mənasında əziyyət sayəsində
gəlmişik. BAMF 30 il ərzində
çoxfunksiyalı fəaliyyəti ilə həm ölkə
daxilində, həm də beynəlxalq arenada zəhmət,
alın təri, halalıqla öz imicini yarada bilib. İstərdim ki, çox önəmli fəaliyyətimiz
barədə qısaca məlumat verim. 2002-ci
ildə bütün ölkəni əhatə edən
"Minaların mənfi təsirinin tədqiqatı" layihəsi
məhz bizim təşkilatımız tərəfindən həyata
keçirilmişdir. 2006-cı ildə BAMF
Amerika Dövlət Departamentinin Özəl Tərəfdaşlıq
Proqramına qoşuldu. 2007-ci ildə ilk
olaraq BMT-nin xüsusi məşvərətçi statusuna yiyələndi.
2011-ci ildə Beynəlxalq Mətbuat İnstitutu
ilə birlikdə "Neft, Qaz, Media" adlı beynəlxalq
konfrans keçirdik. Həmin vaxt dünyanın
əksər aparıcı media qurumları Azərbaycanda
toplaşmışdılar. Belə bir qlobal tədbirin
Azərbaycanda keçirilməsi heç də asan məsələ
deyildi və bu, BAMF-la BMİ arasındakı sıx əlaqələrin
göstəricisi idi. Burada təbii ki, 4 il ərzində BMİ-nin direktorlar şurasının
üzvü olmağımın da rolu vardı. BMİ-nin
mənim rəhbərlik etdiyim Azərbaycan Milli Komitəsi həmişə
öz uğurlu fəaliyyəti ilə fərqlənirdi.2013-cü
ildə isə BMT-nin ən yüksək statusunu - Əsas Məşvərətçi
statusunu qazandıq. Xatırladım ki, BMT
ilə 34 min təşkilat əməkdaşlıq edir,
onların içərisindən yalnız 141 təşkilat bu
statusa sahibdir. Amma belə bir status sözdə
səsləndiyi kimi, heç də asanlıqla
qazanılmır, biz bu işə illərimizi vermişik.
İstək, əzm və məsuliyyət olan
yerdə ən uca zirvələrə çatmaq mümkündür.
ECOSOC-a üzvlük dövlətlərin səsverməsi
yolu ilə olur. Biz o dövlətlərə təşkilatımızın
timsalında həm də ölkəmizi az-çox tanıda
bilmişik. Məhz bu status sayəsində
BMT-nin Nyu-York, Cenevrə ofislərində Azərbaycanın
Qarabağ problemi ilə bağlı tədbirlər keçirmişik,
önəmli məsələləri gündəmə gətimişik.
2016-cı ildə Nobel Sülh mükafatı
laureatı professor Məhəmməd Yunusun ölkəmizə
səfərini təşkil etdik. O, burada olarkən yerli
nazirliklər, ADA, UNEC, universitetinin rəhbərliyi ilə
görüşlər keçirdi, ölkənin ali rəhbərliyi tərəfindən qəbul
edildi. Onun BAMF tərəfindən tərcümə
olunan "Kasıbların bankiri" kitabı cənab
Prezidentə təqdim edildi, daha sonra təşkilatın
baş ofisində həmin əsərin təqdimat mərasimi
keçirildi.
BAMF 10 ildən
çoxdur ki, dünyanın ən nüfuzlu media
qurumlarından olan "Əl-Cəzirə" media şəbəkəsi
ilə sıx əməkdaşlıq edir və regionda onun rəsmi
tərəfdaşıdır. 2019-cu ildə BAMF "Əl-Cəzirə"
ilə birlikdə Azərbaycan haqqında hər biri 25 dəqiqədən
ibarət olan 5 unikal təqdimat filminin hazırlanmasının
əsas təşkilatçısı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı BAMF
komandası Bərdə, Tərtər, Ağdam və Goranboy
istiqamətlərində düşmənin artilleriya atəşi
altında ərazilərin partlamamış hərbi sursatlardan
təmizlənməsini həyata keçirmişdir. Paralel olaraq "Əl-Cəzirə" heyətini
müşayiət edən BAMF döyüş bölgələrindən
42 reportajın hazırlanmasında birbaşa iştirak
etmişdir. BAMF müharibə zamanı
düşmənin təxribat-terrorçu fəaliyyətinə
dair ilk beynəlxalq hesabatı 4 fərqli dildə
hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə
çatdırmışdır.
"Eurasia Diary" analitik portalı 2015-ci ildən fəaliyyət
göstərir və gündəlik olaraq 4 fərqli dildə xəbərləri
yayımlayır. Bu portal beynəlxalq ekspertlərin,
ictimai-siyasi xadimlərin daimi olaraq
çıxışlarının, şərhlərinin dərc
olunduğu və ölkənin beynəlxalq səviyyədə
imicinin formalaşmasına hesablanmış resursdur.
2018-ci ildə Qarabağda su mənbələrinin
minalarla çirkləndirilməsi və Sərsəng su
anbarının Ermənistanın işğalçı ordusu
tərəfindən qarşısının kəsilməsi nəticəsində
insanlarımızın üzləşdiyi su probleminin əks
olunduğu "Su - müharibə maşını"
adlı sənədli filmi Cenevrə ofisində və eyni
zamanda Braziliyanın paytaxtında keçirilən 8-ci Beynəlxalq
Su forumunda təqdim olunmuşdur. Bu yaxınlarda
dünyaca məşhur "Sülhün kökləri" təşkilatının
rəhbəri xanım Heidi Kühn BAMF-ın dəvəti ilə
Azərbaycanda səfərdə oldu. Səfər
zamanı iki təşkilat arasında Azərbaycan ərazilərinin
minalardan təmizlənməsi və birgə beynəlxalq
kampaniyaların başladılması ilə bağlı
anlaşma memorandumu imzalandı. Hazırda BAMF BMTİP,
BMTQAK, UNİCEF kimi BMT qurumları, Avropa
İttifaqı, Yaponiya Səfirliyi və sair kimi qurumlarla məcburi
köçkünlərin doğma torpaqlarına
qayıdışına dəstək istiqamətində
müxtəlif layihələr həyata keçirir.
- Umud müəllim, BAMF-ın 30 illik fəaliyyətini incələyib araşdırmalı olsaq, bu tarixçə, söhbətimizin əvvəlində sizin də söylədiyiniz kimi, onlarla cild kitaba sığmaz. Bir neçə gün fəaliyyətinizin yalnız cüzi hissəsini əks etdirən arxiv materiallarına göz gəzdirərək bu qənaətə gəldim. Təbii ki, yeri gəldikcə BAMF-ın keçdiyi yola nəzər salacağıq. Mən məqamı gəlmişkən başqa bir suala cavab almaq istərdim.
Sizi müəyyən qədər tanıyan şəxs kimi həyatınızı iki hissəyə bölərdim: BAMF yaranana qədər və bu təşkilat yaranandan sonrakı Umud Rəhimoğlu, Umud Mirzəyev, Umud müəllim... Yaradıcı şəxsiyyət, jurnalist-publisist, şair olaraq sizi Umud Rəhimoğlu kimi tanımışıq. Bəlkə bu sualın cavabına ənənəvi şəkildə belə başlayaq: Mən Umud Mirzəyev 1961-ci ildə, soyuq qış günündə, fevral ayının 1-də, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşam... Və sonra...
(Ardı var)
525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.10-11.