"Laçına dönüş
Qarabağa qayıdışımızda çox mühüm mərhələdir"
Avqustun
26-da Prezident, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin tapşırığına
əsasən Laçın
şəhəri, eləcə
də Zabux və Sus yaşayış
məntəqələri Azərbaycan
Ordusunun bölmələri
tərəfindən tam nəzarətə
götürülüb. Laçının tamamilə azad olunmasından sonra Qarabağ separatçıları
təşvişə düşüblər.
Onlar Azərbaycan Ordusunun tezliklə Xankəndi, Xocalı və digər ərazilərdə
də nəzarəti ələ alacağı günü qorxu ilə gözləyirlər.
Millət vəkili Elman Məmmədov
deyib ki, Laçın şəhərinin,
Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən
təmizlənməsi və
ordumuzun nəzarətinə
keçməsi ilə
işimiz hələ
tam bitməyib. Bu böyük
hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir.
Laçının tam azad
olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru
irəliləyəcək: "Məqsədə çatmaq
üçün cənab
Prezidentin, müzəffər
Ali Baş Komandanın
növbəti tapşırıq
və göstərişləri
xalqımız və ordumuz tərəfindən
səbirsizliklə gözlənilir".
E.Məmmədov hesab edir ki,
Azərbaycan bayrağı
Laçınla yanaşı,
Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində
olan digər ərazilərdə də
dalğalanacaq. Sadəcə olaraq zamana ehtiyac
var: "Azərbaycan ərazisində sonuncu separatçı, cinayətkar
zərərsizləşdirilənə qədər biz əməliyyatları
davam etdirəcəyik.
Ərazimiz bu yaramaz, arzuolunmaz ünsürlərdən
təmizlənəcək. Azərbaycan suveren, müstəqil dövlət kimi öz ərazilərini tamamilə separatçılardan
təmizləyəcək. Hələlik müəyyən
səbəblərdən 30 il ərzində
öz ərazimizdə
kök salmış separatçılar, cinayətkarlar
mövcuddur. Adını çəkdiyimiz əraziləri erməni terrorçularından təmizləyəcəyik.
Buna əmin ola
bilərsiniz. Orada bir
terrorçu da qalmayacaq. Həmin ərazilər yenidən
Azərbaycanın tam nəzarətində
olacaq. Sadəcə bu məqsədə
çatmaq üçün
müəyyən qədər
zamana ehtiyacımız
var. Cənab Prezident nəyi, nə zaman və necə
edəcəyini yaxşı
bilir. Biz 44 günlük Vətən müharibəsini qələbə
ilə başa vurandan sonra bütün bu sözlər, deyilən fikirlər dəfələrlə
öz təsdiqini tapıb. Bir sözlə, yaxın
gələcəkdə Ali Baş
Komandanımızın rəhbərliyi
ilə digər hədəflərimizə də
çatacağıq. Bizi qarşıda yeni qələbələr gözləyir".
Millət vəkili Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanın şanlı Qələbəsi
ilə yekunlaşan Vətən müharibəsi
siyasi, diplomatik müstəvidə uğurla
davam edir. Azərbaycan addım-addım
öz mühüm vəzifəsinə doğru
inamla irəliləyir.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı,
Azərbaycan Ordusunun rəşadəti sayəsində
bu gün artıq Laçın şəhərindəyik, Zabux
və Sus kəndlərindəyik: "Dövlətimiz
istər döyüş
meydanında, istərsə
də informasiya cəbhəsində sübut
etdi ki, Qarabağ və Şərqi Zəngəzur
əzəli Azərbaycan
torpağıdır. Azərbaycanlılar deyil, məhz ermənilər bu torpağa gəlmədirlər.
Azərbaycanın əsas hədəfi
regionda sülhün qorunub saxlanılması, ölkəmizin suverenliyinin
tam bərpası, beynəlxalq
təşkilatların qəbul
etdiyi ümumbəşəri
sənədlərin icrası
və əmin-amanlığı
uzunmüddətli prosesə
çevirməkdir. Bu proses isə öz növbəsində
Azərbaycanla yanaşı,
regionun sosial-iqtisadi rifahına, sülhə və təhlükəsizliyə
birbaşa təsir göstərəcək".
Millət vəkilinin dediyinə görə, Azərbaycan həm də məsuliyyətli, ləyaqətli
dövlət olduğunu
bütün dünyaya
sübut etdi. Belə bir
güclü Azərbaycanla
dünya ölkələri,
beynəlxalq təşkilatlar
da əməkdaşlıq
etməyə hazırdır.
Vətən müharibəsinin yekunlaşmasından keçən
qısa müddətdə
azad olunmuş ərazilərdə avtomobil
və dəmir yolları, körpülər,
tunellər çəkilir,
sosial infrastruktur qurulur, kəndlər, şəhərlər salınır,
tarixi-dini irsimiz yenidən bərpa edilir, beynəlxalq hava limanları tikilir. Bütün bunlarla yanaşı, ölkəmiz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli
Bəyanatın müddəalarına
uyğun şəkildə,
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirir.
Bəyanatın şərtlərinə uyğun
olaraq Laçını
tərk edən ermənilər ölkəmizin
onlar üçün
yaratdığı şəraitdən,
göstərdiyi humanizmdən
sui-istifadə edərək
Kəlbəcərdə törətdikləri
barbarlığı, vəhşiliyi
Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq
şəkildə nümayiş
etdirdilər. Ermənilərin Azərbaycanın əzəli
torpaqlarını tərk
edən zaman törətdikləri vəhşiliklər
də onların əsl simalarının təqdimatında mühüm
rol oynayır. Ermənistan işğalçı
tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini
kobud şəkildə
pozaraq, Laçın rayonunda azərbaycanlılara
məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun
təbii resurslarının
talan edilməsi və qazanc mənbəyinə çevrilməsi,
əsasən Suriyadan gətirilmiş ermənilərin
məqsədyönlü məskunlaşma
siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi
qeyri-qanuni işlər
görüblər. Onların torpaqlarımızı
boşaldarkən törətdikləri
cinayətlərə dünyanın
susmasını artıq
Azərbaycan ictimaiyyəti
təəccüblə qarşılamır.
Çünki beynəlxalq hüquq
adı altında
"beynəlxalq ədalətsizlik"
artıq adi hala çevrilib. Ancaq dövlətimizin müdrik lideri ustalıqla beynəlxalq hüququn verdiyi öhdəlikləri əldə
etməyə nail olur:
"Qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin
yaradılması Azərbaycan,
Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli
bəyanatında öz
əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın
11-də imzalanmış üçtərəfli
bəyanatda da Zəngəzur dəhlizinin
açılması, istifadəyə
verilməsi təsbit edilib. Bu baxımdan,
növbəti hədəf
Zəngəzur dəhlizidir".
Demokratiya
və İnsan Hüquqları komitəsinin
sədri Çingiz Qənizadə bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli
razılaşmaya uyğun
olaraq Azərbaycan tərəfi son ana qədər davranış,
səbr və təmkin nümayiş etdirdi. Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini
tam nəzarətə götürməsi
Prezident İlham Əliyev siyasətinin və Azərbaycan diplomatiyasının uğuru
kimi dəyərləndirilməlidir:
"Qan-qadasız, itkisiz
istəyimizə nail olduq.
Hətta
bir neçə xoşgəlməz haldan başqa oradakı tikililərin yandırılmasının
da qarşısı dövlət başçısının
tələbi və apardığı danışıqlar
nəticəsində alındı.
Bu gün 30 ildən
sonra Laçın şəhəri Azərbaycana
qayıdıb. Müqəddəs torpaqlarımız artıq
öz nəzarətimizdədir.
Amma bəzi siyasətçilər, politoloqlar,
radikal müxalifət
təmsilçiləri "qınaqlar" səsləndirirdi
ki, üstündən
il yarım
vaxt keçib, biz niyə Laçın şəhərinə girə
bilmirik? Zaman göstərdi ki, Laçın şəhərindən
yan keçməklə
həyata keçirilən
alternativ yolun çəkilişi üç
il müddətində
nəzərdə tutulsa
da, Azərbaycan tərəfindən daha tez çəkilib istifadə verildi. Artıq rus sülhməramlıları
da Laçın dəhlizindən çıxaraq
yeni Laçın yoluna yerləşdirilib.
Beləliklə, Laçın Azərbaycanın
tam nəzarətinə keçməklə
ölkəmizin bu ərazimizdə də suverenliyi təmin olunub. Bu, Azərbaycan
dövlətinin növbəti
uğuru, ölkə başçısının apardığı
siyasi işin nəticəsidir. Ümumən demək istərdim ki, Laçına dönüş Qarabağa
qayıdışımızda çox mühüm mərhələdir".
Çingiz Qənizadənin sözlərinə əsasən, bir çox məsələlərin əsl mahiyyətini isə erməni tərəfinin heç özü də dərk etmir. Görünən isə odur ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının bütün bəndlərinin icrası üçün öz israrlı mövqeyini nümayiş etdirir. Ona görə də, üçtərəfli razılaşmada nəzərdə tutulan bütün müddəaların təmin edilməsi həyata keçiriləcək: "Bu baxımdan Azərbaycanın Laçından sonra növbəti hədəfləri delimitasiya, sülh sazişi və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Qarabağda yaşayacaq erməni icmasının da taleyi artıq müəyyənləşmiş olacaq. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşamağa davam edə bilərlər. Bu şəxslərin Azərbaycan xalqına, ordumuza qarşı hər hansı bir cinayət əməlində iştirak edib-etməməsi məsələsi aydınlaşdıqdan sonra buna qərar veriləcək. Azərbaycan xalqına qarşı cinayət törətmiş, münaqişə başlandığı dövrdən sonra qanunsuz olaraq gəlib bizim ərazilərimizdə yaşamış şəxslər də bölgəni tərk etməlidir. Bütün bunların fonunda qarşıya qoyulan hədəflərə çatmaq üçün səbr və təmkin lazımdır. Emosiyalara qapılmaq olmaz. Dövlətin siyasəti birmənalı olaraq dəstəklənməlidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 3 sentyabr.- S.12.