Yaxşı memar, yaxşı şair, yaxşı insan...

 

DƏYƏRLİ MEMAR VƏ UNUDULMAZ ŞƏXSİYYƏT YUSİF MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ

 

Memarlıq da böyük yaradıcılıqdır. Nizamini, Füzulini, Nəsimini... sözü - şeirləri yaşatmaqdadı, Əcəmi İbn Əbubəkiri - memarlıq əsərləri. Şeir yaddaşlara oxunduqca hopur, memarlıq əsərləri - baxıldıqca. Oxunur - dərk edilir, baxılır - dərk edilir...

Təbiətdə görünməyən, duyulmayan, hiss edilməyən təsirlərin olduğunu kimsə inkar edə bilməz; təbiət duyuma da təsir göstərir, duyğulara da. Onda dünya elə gözəlləşir ki!..

Yusif İsa oğlu Məmmədov 1943-cü il iyulun 12-də Zəngilan şəhərində anadan olmuşdu. 1960-cı ildə orta məktəbi gümüş medalla bitirmişdi. O illərdə belə bir nəticə olduqca böyük nailiyyət idi; təhsildə işıq qüdrəti var və bu qüdrət heç zaman sözalmır...

Belə bir təhsillə Yusif istənilən ixtisas üzrə ali təhsil ala bilərdi. Hansı duyumun təsiriyləsə Azərbaycan Politexnik İnstitutunu (indiki Texniki Universitet) seçmisdi. Memarlıq fakültəsinin tələbəsi oldu Yusif İsa oğlu.

Gözəlliyi sevməmək mümkünmü? Gözəlliyi yaratmaq necə? - asan deyil. Bunun üçün təxəyyül gərəkdi, incə duyğu gərəkdi, rəngi rəngdən, çaları çalardan fərqləndirmək bacarığı gərəkdi, Yusifdə bu qabiliyyətlər vardı. İxtisas fənnini tədris edən professor demisdi. Onda Yusif gözucu auditoriyanın pəncərəsindən böyük dünyaya baxmışdı...

60-cı illərin güzəranını xatırlayaq...

Mükəmməl təhsilin sabahların zəmanəti olacağını duyduğu üçün əla qiymətlərlə oxuyurdu...

Müəllimləri dünya memarlıq incilərindən danışanda ilkin olaraq "Möminəxatun türbəsi"ni nişan vermişdilər. Əcəmi ibn Əbubəkir Naxçıvaninin "Möminəxatun" möcüzəsini. Müəllifin türbə üzərinə yonduqları da xatırladılmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə". Digər tələbələr kimi Yusif də Əcəmi Naxçıvani ad-soyadını ömrünə həm də mütəfəkkirin bu fikirləri ilə yazdı..

1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Həmin gün ona elə gəldi ki, ruhu göy üzünün göylüyündə dolaşan alğışların əhatəsindədi...

Təyinatını Naxçıvana verdilər. "Möminəxatun türbəsi"ni də görəcəkdi. Heyranlığının ünvanında uca ruhlardan xeyir-dua istəyəcəkdi...

Naxçıvan şəhərinin gözəlləşməsində, tikinti işlərində təşəbbüskarlığıyla tanınmışdı. Ona ayrıca tapşırıqlar da verilirdi. Bilirdilər ki, gənc memar nə yaradacaqsa, milli ruhda yaradacaq, xalqın malik olduğu qədim mədəniyyətin çalarlarını yaşatmaqla yaradacaq, ornamentlərdən yeni düşüncə tərzi "toxumaqla" yaradacaq...

Yaradırdı. Yaratdıqları bəyənilirdi. Bir sıra bina və tikintilərin layihəsində, onların tikintisində Yusif Məmmədovun təfəkkürünün işığı olub. Həmin illərdə onun da məsləhətləri eşidilirdi. Dövlətçilik naminə, Naxçıvana sevgi naminə...

Naxçıvanda işlədiyi ilk günlərdə "Möminəxatun türbəsi"nin heyrət cazibəsinə o da düşmüşdü. Saatlarla baxmışdı bu möcüzəyə. Naxışlarda tariximizin izlərini görmüşdü, naxışlarda müqəddəsliyə sədaqət görmüşdü, naxışlarda əbədiyyət işığı görmüşdü. Onda heyrəti sözə, sözü şeirə çevrilmisdi Yusif İsa oğlunun. Həyatda həqiqətlər görməyəndə kərpiclərdən "Allah" yazan, divarların səthini bu müqəddəslik bəzədikcə xəyalında "Sabah" yazan Əcəmi İbn Əbubəkiri yeniyetməlik sevgisi kimi şeirləşdirmişdi. Və kürreyi-ərzin "şeyxül-mühəndis" adlandırdığı bu böyük şəxsiyyətin işığından bəhrələnməyi özünün vətəndaşlıq borcu bilmişdi. Zəngilanda həmin borcun işığında yaradırdı yaratdıqlarını...

Yusif kimi geniş dünyagörüşə malik olanlar üçün Vətənin "o başı-bu başı" olmur. Bu xarakterli insanlar üçün Vətən kəlməsi məhdud mahiyyətli deyil. Onlar üçün Vətəni azərbaycançılıq müəyyənləşdirir. Azərbaycançılığın müəyyənləşdirdiyi sərhədlərin daxilidi Vətən. Yusif də Vətəni belə sevirdi. Zəngilan ona digər ərazilərimizdən "bir köynək yaxın idi". Hamı belədi. Hamı üçün nəfəsin, ürəyin uçunduğu bir beşik sevgisi olur; 1969-cu ildə Zəngilana qayıtdı. Uşaqlığının Zəngilanına, yeniyetməliyinin Zəngilanına gənclik niyyətləriylə qayıtdı. Abituriyent kimi getdiyi Zəngilana ali təhsilli memar kimi bu qayıdış ruhun salavat qayıdışıydı...

Bu qayıdış Zəngilanın görkəminin gözəlləşməsində vasitə olacaqdı...

Yusif Məmmədov 13 saylı tikinti sahəsinin və 65 saylı təsərrüfat hesablı səyyar tikinti idarəsinin rəisi işləyirdi. "Hər şeyin başlanğıcı çətin olur" deyiblər. Yusif üçün başlanğıc da çətin olmadı. Heç zaman yadından çıxmayacaqdı: Naxçıvana ilk gəlişində eşitmişdi: Sonluq başlanğıcdan asılıdır. Başlanğıcı hansı sevgilərlə başladınsa, sonu da həmin ovqatla yekunlaşdıracaqsan. Bu kəlmələri aqil kəlamı kimi yaşadırdı düşüncələrində. Zəngilanda da işə bu düşüncələrin işığında başladı. Necə kadr olduğu qısa müddətdə bəlli oldu. Hətta Naxçıvandan ona verilmiş xasiyyətnamə ilə kifayətlənməmişdilər, telefon əlaqəsi yaradıb haqqında əlavə olaraq bəzi fikirlər soruşmuşdular. Aldıqları cavablar gənc memara münasibətin (əslində, etibarın, inamın) davamı oldu...

Yusif Məmmədovu tanıyanlar deyirlər ki, onun şeirə, şeiriyyətə böyük marağı olub. Sonralar məlum oldu ki, bu fikirlər yanlışdır, Yusifin şeirə, şeiriyyətə adicə marağı olmayıb: Yusif şair olub! Şair imiş Yusif! Onlarla dərc olunan şeiri oxuyanların düşüncələrini, duyğularını silkələyib. Belə bir ruha malik olan memarın yaratdığı memarlıq əsərlərində də poetik çalar olacaqdı, şübhəsiz. Sultanməcid Qənizadə "Gəlinlər həmayili" yaratmışdı, Yusif Məmmədov Zəngilanda "Qızlar bulağı"! "Qızlar bulağı" qızların bulağı deyildi, gözəlliyin bulağı idi, gözəlliyə məftunların bulağı idi, gözəlliyi gözlərinə, gözlərindən könlünə köçürmək istəyənlərin bulağı. Bu ovqatı onlara memar Yusif İsa oğlu Məmmmədov vermişdi. "Qızlar bulağı" Zəngilanın abidələrindən biri idi və Yusif Məmmədovun yaradıcı təfəkkürüylə gerçəkləşən "Qızlar bulağı"na görə burdan bir qurtum su içən özünü əfsanəvi İrəm bağında hiss edirdi.

Zəngilan şəhərinin mərkəzində bir otel vardı. Dövrünə görə görüntülü otel idi. O oteli yaraşığa mindirən bir amil də vardı: qarşısında Yusif Məmmədovun layihəsi ilə inşa edilmiş bulaq. Otelə gələnləri Yusif Məmmədovun təxəyyül-bulağı qarşılayırdı, uğura çıxanları bu bulaq uğurlayırdı...

Su müqəddəsliyi Yusifin ruhuyla bağlıdı. Söz düşəndə deyərmiş: Adımın başlanğıcı olan Yusif peyğəmbəri böyük dünyaya su uğurlamışdı. Mən həmişə bu addan da, bu adı uğurlamış sudan da güc almışam. O bulaqların layihəsini də bu inancdan aldığım gerçək duyğuların diqtəsi ilə vermişəm. Yusif Rəzdərə kəndindən Zəngilan şəhərinə çəkilən su kəmərini də bu duyğuların cazibəsində gerçəkləşdirmisdi. Yusif Məmmədov nə yaradırdısa, qala xisləti ilə yaradırdı. Bilirdi ki, ulularımız "tikmədim özüm qalam, tikdim ki, izim qala" kəlamını da qala möhtəşəmliyiylə deyib...

Zəngilanın dəyişən görkəmi - gözəlləşməsi Zəngilanın tarixi idi. Bu tarixi yazanların sıralarında memar Yusif İsa oğlu Məmmədov da vardı...

Zəngilanda çörək və şərab zavodlarının, bir sıra ticarət, ictimai-iaşə obyektlərinin tikintisində də yaxından iştirak etmişdi. Bu iştirak həm də Vətənə sədaqətdən rişələnən vətəndaşlıq duyğularının nəticəsiydi. Heç zaman "mənim işim" deməyən, "bizim işimiz" deyən Yusif İsa oğlu rayonda hər yeni tikiliyə öz əsəri kimi baxırdı. Bilavasitə məsul olmadığı tapşırıqların icrasında da gərəkli tövsiyələrini verirdi. Bu tövsiyələr yerinə yetiriləndən sonra yaradılanın gözəlliyi onun da könül xoşluğuna dönürdü. Hamı Yusif İsa oğlunu belə tanıyırdı, tanıyanlar da sevirdi Yusif Məmmədovu, tanımayanlar da eşitdiklərinə görə sevirdi. O sevgi 40 ildi həmin sevgidi; səmimi sevgilər əbədiyyən yaşadılır, yaşayır..

1980-ci ilin noyabr ayında Yusif Məmmədovu Zəngilan rayon kommunal müəssisələri kombinatının müdiri vəzifəsinə təyin etdilər. Ən böyük zəmanəti yaratdığı memarlıq əsərləri idi. Onun əsərlərində xəlqilik vardı, milli ruh vardı, min illərin tarixini yaşadan memarlıq ənənələrinin izləri vardı, bir də xalqın ruhuna dönməz sədaqət vardı...

Yusif İsa oğlu şair idi və onun incə ruhu bu və ya digər mətləbə gözəl poetik yozum verə bilirdi. Onun "Tərcümeyi-halım" şeirinin mahiyyətini Maksim Qorkinin "Mənim universitetlərim" əsərinin mahiyyəti ilə müqayisə etmək suç olmaz. Şair həyatın çətinliklərini misralasdırıb, o çətinliklər göz qorxutmur, oxucunu bu çətinliklərlə mübarizəyə çağırır. Bu, insansevərliyin təzahürüdür, yəni Yusif Məmmədov həm memar kimi qurub yaratdıqlarıyla, həm də şair kimi yazdıqlarıyla insanlara gərək olub:

 

Anamın südünü də

əmmişəm səksəkələrdə,

Körpəliyimi keçirmişəm səkilərdə.

...İstəmirəm mənim tək başlasın

Tərcümeyi-halı körpələrin...

 

Uşaqlığı beləcə - çətinliklərlə ötüşən Yusifin gəncliyi az qala həsəd ünvanı idi. Nəyin hesabına? - istedadın, əməksevərliyin, insansevərliyin, özünə və işinə məsuliyyətin, bir də şeirdən düşən işığın hesabına...

SSRİ Memarlar İttifaqının üzvü idi; memarlıq əsərləri yeni, orijinal olmasaydı, onu bu ittifaqa üzv qəbul etməzdilər...

Fəal ictimaiyyətçi olan Yusif Məmmədov rayon partiya komitəsinin üzv namızədi, Zəngilan şəhər sovetinin deputatı idi. O rayonda keçirilən bütün ictimai-kütləvi tədbirlərdə, xüsusən şəhərin tərtibat işlərində həmişə fəal iştirak edirdi

Şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilən Yusif İsa oğlunun memarlığında şairlik də duyulurdu. Söz düşüncələrə, qəlbə, könülə necə sarılırsa, memarlıq elementləri də gözə, düşüncələrə, ürəyə elə sarılır. "Azərbaycan memarlıq məktəbini Əhməd Naxçıvanski, Əbdülvahab Salamzadə, Mikayıl Hüseynov, Rasim Əliyev, Məmməd İbrahimov... yaşatdı, onların davamçıları da yaşadır, bizdən sonra da yaşadılacaq", - Yusif Məmmədov belə deyərdi. Həm də deyərdi ki, sözü sözdən seçməyi bacardığım vaxtlardan sevmişəm şeiri. Şeir ruhuma ana laylalarıyla hopub. Ona görə həmişə şeirdən layla hikməti arzulamışam". "Bəs memarlıqda?", - soruşana "Əcəmi hikməti..." deyərdi...

Yusif İsa oğlu illərini layla - şeir, memarlıq - Əcəmi hikmətiylə yaşadı...

Təcrübəli memar, qurub-yaratmaqdan yorulmayan insan Yusif Məmmədovun həyatının son 13 ili doğma Zəngilan rayonu ilə sıx bağlı olub; yəni Yusif İsa oğlu duyanlar üçün həm memar kimi, həm şair kimi, başlıca olaraq vətənpərər kimi Zəngilanın mənəvi səyyarəsi idi...

Yusif İsa oğlu Məmmədov 1982-ci il aprelin 8-də 39 yaşında köçdü dünyadan...

Azər də, Səbinə də, Könül də, anaları Zemfira həkim də Yusifin qisa tərcümeyi-halını Yusifsiz günlərinə təsəlli bilirlər: Yusif İsa oğlu Məmmədov gözəl memar, gözəl şair, gözəl ata, gözəl insan idi...

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.15.