Gözlənilən ayrılığın tarixçəsi  

 

 

Nə gizlədim, hələ onun sağlığında mən bu yazı barədə düşünmüşdüm, hətta vacib saydığım bəzi materialların mənbəyini də gözaltı eləmişdim, çünki hər dəfə onun mənzilinin qapısından, öz sözü, "badi-səbadan qeyri" kimsə açmayan qapısından keçib qayıdandan sonra, növbəti görüşə ümidim azalırdı...

Onu son dəfə müayinə eləyən məşhur həkim də demişdi ki, bu gözəl insanı xəstəxanalarda gəzdirə-gəzdirə incitməyin, qoyun Allah verən ömrünü rahat yaşasın. Hər şey göz qabağında idi; dikəlmək istəyən kimi ayaqları titrəyirdi və ümumiyyətlə, iki il idi ki, ayaqları torpağa dəymirdi, dünyaya ikinci mərtəbədəki mənzilinin pəncərəsindən baxırdı. Xüsusu qurğunun köməyi ilə yataq otağından mətbəxə gəlib çıxana qədər, öz sözü, o dünyanı görüb qayıdırdı.

Amma kim bilir ki, kimin Allah verən ömrü nə qədərdi?..

Mən hər nə qədər kövrək məqamlara köklənsəm də, belə yazılar ( nekroloqlar da demək olar), qismən də olsa, tərcümeyi-halı əks etdirməlidi.

Riyaziyyat müəllimi olan, hətta müxtəlif illərdə Bakı məktəblərində direktor vəzifəsinə kimi yüksələn İmran müəllim Ərdəbil vilayətindən idi. Ona görə də Səyavuş müəllimin Bakıda atası tərəfdən simsarı yoxdu.

Anası Qəmər xanım Qarabağda- Ağdamda doğulub böyümüş, sonra da Bakıda Xarici Dillər İnstitutunu bitirmiş, alman dili ixtisasına yiyələnmiş və ömrünün sonuna qədər bu ali təhsil ocağında dərs demişdi. Böyük Vətən müharibəsində iştirak etmiş, sonradan hüquq təhsili almış, sonralar hüquq- mühafizə orqanlarında işləmiş dayılarını tez-tez xatırlayırdı; yadımdadır, 2020-ci ilin noyabrında Azərbaycanın erməni faşizmi üzərində qələbəsi elan olunanda pıçıltıyla dedi: kaş, anam, dayılarım bu günü görəydilər... Və bu sözün tamamında da iri, daha çox maviyə çalan gözləri doldu.

1935-ci ilin 2 oktyabrında Bakı şəhərində doğulan S.Məmmədzadə orta təhsilini Bakının mərkəzindəki rus dilli təhsil ocaqlarında alıb.

- Onuncunu bitirəndə Azərbaycan dilində danışa bilmirdim, günlərin birində bu məni çox məyus elədi, qət etdim ki, ana dilimi tezliklə öyrənməliyəm... - Bu Səyavuş müəllimin dilindən dəfələrlə eşitdiyim sözdür.

Və o zaman oğlunun niyyətindən xəbər tutan Qəmər müəllimə yeniyetmə oğluna alman dili ilə yanaşı, ana dilini də öyrətməyə başlayır.

Coşqun istək və məncə, həm də qan yaddaşı, çox keçmir ki, bəhrəsini verir.

Yəqin ki, Səyavuş müəllimi yaxından tanıyanların hamısı mənim bu fikrimə şərik olar; onun nitqində rus dilinin intonasiyasından belə əsər-əlamət qalmamışdı.

Atası İmran müəllim onu riyaziyyatçı, anası Qəmər xanım isə alman dili mütəxəssisi kimi görmək istəyirdi, amma bu zaman artıq, o öz sabahına doğru yol gedirdi, çünki mənzillərində hər şeydən daha çox olan kitablar, xüsusən, poeziya nümunələri - Puşkin, Lermontov irsi onu ovsunlamışdı.

ADU-nun Filologiya fakultəsində ( rus bölməsində) təhsil almağa başlayanda, həm də Universitet özfəaliyyət ansamblının xorunda oxuyurdu. Şirin, məlahətli səsi diqqət çəkmişdi. Görünür, Qarabağla bağlılığı və yenə də qan yaddaşı öz işini görmüşdü. Xorda hərdən solo oxuması isə onunla nəticələndi ki, onu professional səhnəyə dəvət etdilər. Lakin razılıq vermədi. Heç kim bilmirdi ki, o, bu xorda oxuyan tələbə qızlardan birinin xatirinə bu ansambla gəlir.

...Amma buna qədər də o sevgilər yaşamışdı. Təhsil aldığı orta məktəblərdə qarşısına bir- birindən gözəl qızlar çıxmışdı; boy-buxununa, mədəniyyətinə və ümumiyyətlə, səviyyəsinə görə, ona qarşı biganə qalmaq mümkün deyildi, amma sən demə, daha bir qız onu Moskvada gözləyirmiş... Özü də "xora" əsla dəxli olmayan, Moskvanın da özündə yox, ucqar kəndində yaşayan, Moskvaya iş axtarmağa gəlmiş bir qız- Valentina!

O, son günlərində, gözlərinin işıqdan düşməsi ilə bağlı mütaliədən qalsa da,mahnı oxumağından qalmadı. Əsasən, şahmat oynayarkən, mütləq zümzümə eləyirdi və sanki bundan rahatlıq tapırdı və hərdən deyirdi ki, şahmat ünsiyyət üçün bəhanədi...

Onun musiqi təhsili aldığını, beş-altı il musiqi məktəbinə getdiyini isə, mən sonralar - bir dostumuzun ad günündə, onu tanıyan adamların xahişi ilə pianino arxasına keçəndə bildim. Artıq altmışı haqlamış Səyavuş müəllim Bethovenin populyar musiqisini səsləndirdi və qonaqlar qalxıb onu ayaq üstdə alqışladılar. Mən onun nə mikrorayondakı, nə də Azadlıq prospektindəki mənzilində pianino görmədim, amma o, hərdən Yazıçılar İttifaqındakı qədim, hətta kökdən də bir qədər düşmüş pianinonun arxasına keçəndə, Natəvan klubunda kövrək melodiyalar əks-səda verəndə, hamı bilirdi ki, çalan kimdir...

- ADU-nun Filologiya fakültəsindəki beş illik əyani təhsildən sonra M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutu Sizə nə verdi?

Dəfələrlə bu və ya digər şəkildə ona ünvanladığım bu suala nəhayət ki, cavab verdi, özü də son dərəcə kəsə və məzmunlu: Dünya ədəbiyyat İnstitutu Səyavuşu Səyavuş Məmmədzadə elədi.

Bəli, o, Azərbaycan ədəbiyyatında öz yerini və adının necə hörmətlə səslənməsini bilirdi. Ədəbi xidmətlərinə görə o, Azərbaycanın İncəsənət xadimi Fəxri adına layiq görülmüşdü, Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü idi.

S.Məmmədzadənin , əsasən, rus dilində qələmə aldığı çoxsaylı şeirlər, hekayələr, povestlər, resenziyalar, o cümlədən, Azərbaycan dilindən rus dilinə və ruscadan azərbaycancaya çevirdiyi nümunələr, demək olar ki, araşdırılmayıb, amma bununla belə, onun çoxşaxəli yaradıcılığı haqqında yaddaqalan yazılar da (sayca az olsa da) var.

Xalq yazıçısı ANAR onu "Ədəbiyyat fədaisi" adlandırır və yazır:

"...BİR ŞAİR VƏ NASİR KİMİ DƏ, İSTEDADLI ŞEİR VƏ NƏSR TƏRCÜMƏÇİSİ KİMİ DƏ, ARAŞDIRICI VƏ PUBLİSİST KİMİ DƏ SƏYAVUŞUN ÇAĞDAŞ ƏDƏBİYYATIMIZDA ÖZÜNƏMƏXSUS YERİ VAR. SƏYAVUŞ BÜTÜN ÖMRÜNÜ AZƏRBAYCAN VƏ RUS ƏDƏBİ ƏLAQƏLƏRİNİN MÖHKƏMLƏNMƏSİNƏ HƏSR ETMİŞDİR. BU ƏLAQƏLƏRİN BAŞLICA ÜNSÜRÜ İSƏ, HEÇ ŞÜBHƏSİZ, BƏDİİ TƏRCÜMƏLƏRDİR. SƏYAVUŞ UZUN İLLƏR BOYU AZƏRBAYCAN ŞAİR VƏ NASİRLƏRİNİN ƏSƏRLƏRİNİ UĞURLA RUS DİLİNƏ ÇEVİRİR, EYNİ ZAMANDA HƏR İKİ DİLDƏ YAZDIĞI ORİJİNAL ƏSƏRLƏRİLƏ ƏDƏBİYYATI ZƏNGİNLƏŞDİRİR. MİNNƏTDARAM Kİ, SƏYAVUŞ MƏNİM DƏ BİR SIRA YAZILARIMI UĞURLA ÇEVİRİRƏK RUS VƏ RUS DİLLİ OXUCULARA ÇATDIRMIŞDIR".

 

Xalq şairi BƏXTİYAR VAHABZADƏ isə Səyavuş məllimin "ŞUŞANI QAR GÖRDÜM" kitabına yazdığı Ön sözdə həmkarının yaradıcılığını xoş məramla, saf niyyətlə araşdırır:

"Qələm dostumuz tərcüməçilik fəaliyyəti ilə yanaşı rus dilində bir neçə şeir kitabı da nəşr etdirmişdir. Mən bu kitabları oxumuş, onun özünəməxsus poetik üslubunu, yazı manerasını həmişə sevmişəm. (Bir neçə şeirini tərcümə də etmişəm). Doğrusunu deyim ki, mənim yazılarımı rus dilinə çevirdiyi zaman dilimizdəki mürəkkəb ibarələri, xüsusən, idiomatik deyimləri sərrast tərcümə edə biləcəyindən ehtiyat edirdim. Sonralar gördüm ki, Səyavuş mənim seçib sonaladığım şirin xalq deyimlərini, mürəkkəb ibarələrin rus dilindəki qarşılığını böyük ustalıqla tapır, bədiiliyi saxlamaqla mətləbi dəqiq tərcümə etməyi bacarır. Şübhəsiz, hər iki dili mükəmməl bilən, sözün rəng və çalarlarını bir- birindən seçib yerinə görə dəyişən bu cür ustalığa sahib ola bilər. Mən Səyavuşda bu məharəti gördüyümə görə, onun ana dilində şeir yazmağa başladığını eşidəndə buna təəccüb etmədim, əksinə sevindim. Bir neçə misalla mən Səyavuşun ana dilimizin incəliklərini nə qədər yaxşı bildiyini, şeir dilindəki nəğmə şirinliyini və axıcılığı göstərmək istəyirəm:

 

Bu aləmdə el dərdinə yanan var,

Babaları hörmət ilə anan var,

Unutma ki, Vətən adlı anan var.

Canın öz vətənində,

Şanın öz vətənində,

Tanın öz vətənində.

 

Mən istərdim ki, hörmətli oxucu bu misralardakı nəğmə axarlığına, deyim şirinliyinə, dil səlisliyinə diqqət yetirsin. Bu misralardakı dil səlisliyi ömrü boyu ana dilində yazan hansı ustad şairin dilindəki təmizlikdən və şirinlikdən əskikdir. Bu bəndin sonundakı "Tanın öz vətənində" misrasındakı fikir şeirin əsas məzmununu təşkil edir. Şair çox yaxşı bilir ki, öz Vətənində tanınmayan, öz xalqının sevimlisi olmayan bir sənətkar başqa xalqın da sevimlisi ola bilməz".

Yeri gəlmişkən, Bəxtiyar Vahabzadənin bu qənaəti, bu sonucu mənə, Səyavuş müəllimin bu səpgidən daha bir şeirini xatırladır. O, "Bağışla" adlı şeirində yazır ki...

 

Ürəyim qonmuşdu qərib ulduza,

Darısqal sanmışdım öz beşiyimi,

Bir könül canından ayrı oldusa,

Əriyib itərmiş tüstülər kimi,

Ayıltdı ayazlı yağışlar məni

 Ey isti ocağım, bağışla məni.

 

Şairin "Ayıltdı ayazlı yağışlar məni" söyləməklə, oxucuya nə anlatmaq istədiyi , zatən, sadə həqiqətdir. Ötən yüzilliyin 90-nıncı illərindən başlayan o ayazlı yağışlardan kim daldalana bildi ki? Məhz, həmin illərdə Səyavuş Məmmədzadənin qələmindən çıxan, ana yurdu Şuşaya həsr etdiyi mənzun parça isə dillərə düşdü.

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm.

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

Dağları dağ gördüm, dağ gördüm,

Həmişə sağ gördüm, sağ gördüm

Bir bulaq aynasında

Saçımı gördüm, ağ gördüm.

 

Bəxtiyar Vahabzadə də Səyavuş müəlllim haqqındakı qeydlərində bu şeirə biganə qalmayıb və yazıb ki...

 "...Bu nəğməmi, şeirmi, ya tablomu? Bu şeirin nəğməsi özündəndir. Bir bulaq aynasında saçımı ağ gördüm" deyimi isə qüdrətli bir sənətkar tərəfindən çəkilmiş gözəl bir tablo deyilmi? Saçın ağlığını ilk dəfə bulaq suyunda görmək ifadəsindəki gözəllik təbiətin özü qədər düşündürücü və füsunkardır".

Bir dəfə məndən soruşdular: Səyavuş Məmmədzadə Azərbaycan şairlərindən kimləri rus dilinə çevirib? Cavab verdim: bu sualı başqa şəkildə qoymaq lazımdı: "Səyavuş müəllim tanınmış Azərbaycan şairlərindən kimləri rus dilinə çevirməyib?" Məncə, bu yerdə, hətta barmaqları da işə salmaq olar.

Son illər Səyavuş müəllim öz zəngin kitabxanasını (indi isə arxivini) mənə etibar eləyəndən sonra diqqətimi bir teleqram çəkdi. Səyavuş müəllimin 70 yaşı ərəfəsində XALQ YAZIÇISI ELÇİNdən gəlmişdi:

"...SƏNİN BÖYÜK ZƏHMƏTLƏR BAHASINA ƏRSƏYƏ GƏLMİŞ ÇOXSAHƏLİ YARADICILIĞIN VƏ TƏMİZ XEYİRXAH SƏDAQƏTLİ, SON DƏRƏCƏ SƏMİMİ VƏ SADƏ ŞƏXSİYYƏTİN MÜASİR ƏDƏBİ MÜHİTİMİZDƏ SƏNƏ O YERİ QAZANDIRMIŞDIR Kİ, O YER HEÇ KİMƏ YOX, YALNIZ VƏ YALNIZ SƏYAVUŞ MƏMMƏDZADƏYƏ MƏXSUS LƏYAQƏT DOLU BİR YERDİR".

Yeri gəlmişkən, Səyavuş müəllimin, ömrünün onuncu onilliyində rus dilinə çevirdiyi Füzulinin "Leyli və Məcnun" poemasına da samballı ön sözü Elçin müəllim yazıb. Hətta bu tərcümənin Mədəniyyət Nazirliyinin xəttilə nəfis kitab halında nəşri də. Elçin müəllimin təşəbbüskarlığı ilə olub və məhz, buna görə özünü Elçin müəllimə çox borclu sayırdı.

Səyavuş Məmmədzadənin özünü borclu saydığı həmkarlarından biri isə Milli Məclisin sabiq deputatı, Xalq yazıçısı Elmira Axundova idi. Yatağa düşəndən sonra vaxtaşırı onu ziyarət eləyən, hətta çətin tapılan dava-dərmanlarını alıb gətirən yeganə həmkarı Elmira xanım. Səyavuş müəllim o görüşlərə hərdən məni də dəvət eləyirdi və çox istəyirdi ki, Elmira xanımın onu ziyarət etməsini hamı bilsin. Onlar ötən əsrin 80-ci illərində AYB-də eyni vəzifədə çalışmışdılar. Elmira xanım yeni təyinatı ilə əlaqədar olaraq Kiyev şəhərində yerləşəndən sonra da Səyavuş müəllim onunla əlaqələrini davam etdirmək istəyirdi, amma buna, cadəcə, fiziki imkanı yoxdu, nitqində yaranmış fasilələr öz yerində, daha telefon da işlədə bilmirdi.

 Yatağa düşəndən sonra onu vaxtaşırı məndən xəbər alan, onu ziyarət etmək istədiyini bildirən Əməkdar artist Rafiq Həşimovun da adını çəkmək istəyirəm. Onun salamını Səyavuş müəllimə çatdıranda üzü-gözü işıqla dolurdu. Onlar haçansa Kiyev şəhərində bir həftəlik səyahətdə olmuşdular.

O ki qaldı görkəmli şairin, ömrünün yeddinci onilliyində, ahıl yaşlarında "Leyli və Məcnun " kimi nəhəng bir abidəyə müraciət etməsinə, bu, onun daxilindən, mənəviyyatından irəli gəlirdi. O, Füzulinin şair mövqeyinə pərəstiş eləyirdi: "Aşiqi- sadiq mənəm, Məcnunun ancaq adı var".

O, həqiqətən sadiqdi; nəinki Dünya ədəbiyyatı institutunda qarşılaşdığı Çingiz Hüseynova,Vasili Belova, Alla Axundovaya, Maqsud İbrahimbəyova, Fikrət Qocaya, Eyvaz Borçalıya, Əkrəm Əylisliyə, Xeyrulla Camala, həmçinin məlum hadisələrdən sonra bütün dünyaya səpələnmiş sinifdaşlarına. Yadımdadır, hətta bir dəfə, yetmişindən sonra onların izinə düşərək gedib Peterburqa çıxmışdı. Mobil telefon işlədə bilənə qədər onlarla zəngləməsini, məktublaşmasını da xatırlayıram.

Hələ ayaqları yer tutan vaxtlarında onun həyatında dəhşətli bir hadisə baş verdi, yeganə övladı Maratın Rusiyadan, Novisibirskdən ölüm xəbəri gəldi. Cinayətkarlar erməni millətindən olan ünsürlərdi. Yadımdadır, bununla belə onun erməni toplumuna qarşı münasibəti dəyişmədi. Heç bilmirəm, binu da onun daxilindəki bəşəri paralellərə bağlayım, ya yox? O, son günlərinə kimi milli məsələdə məşhur "Kamança" əsərindəki ümunbəşəri mövqeyə ehtiramla yanaşdı.

Onun həyatında və eyni zamanda yaradıcılığında kifayət qədər heyrət və təəccüb doğuran məqamlar xatırlayıram; yenə də ahıl və həm də müdrik yaşında onun böyük ədəbiyyatşünas Vilayət Quliyevin Mirzə Kazımbəy haqqındakı araşdırmalarına (bu araşdırmaların rus variantı da S.Məmmədzadənin qələmindən çıxıb.) əsasən, Mirzə Kazımbəyə poema həsr etməsi də, onun yalnız insanlığa tapındığını göstərir. Qafqaz Şeyxülislamının oğlu olan Mirzə Kazım bəy birdən-birə xristianlığı qəbul eləyib. Nəyə görə? Bizim günlərdə belə bir mövzuya əl qatmaq doğrudan da ürək istəyir. Yeri gəlmişkən, vurğulayım ki, o çağdaş dünyanın görmək istədiyi kimi, tolerant bir insandı. İslam dininə də, xristianlığa da eyni prizmadan baxırdı.

 Səyavuş Məmmədzadənin həm orijinal yaradıcılığını, həm də tərcümələrini bir yubiley məqaləsində ümumiləşdirən görkəmli tənqidçimiz VAQİF YUSİFLİ yalnız onun Mirzə Kazım bəy haqqındakı "Həqiqət sorağında" poemasından bəhs etməyib. Daha çox Səyavuş müəllimin tərcüməçilik fəaliyyətindən bəhs edən zəhmətkeş ədəbiyyatşünas yazır ki, Səyavuş Məmmədzadənin bədii tərcümələrində də mümkün qədər Azərbaycan şeirinə nəxsus gözəllikləri hiss etmək, duymaq olur. Onun Şəhriyardan, Səhənddən, Nəbi Xəzridən rus dilinə çevirdiyi poetik nümunələrlə tanış olmaq kifayətdir, deyəsə

Həyat yoldaşı Valentina Alekseyevna on il qabaq dünyasını dəyişəndə ona vəsiyyət etmişdi ki, cavan rəfiqəsi Valentinaya biganə qalmasın və onun qayğısından imtina etməsin. O, son günlərinəcən, həqiqətən də, özündən iyirmibeş yaş kiçik Valentinanın qayğısı ilə yaşadı.

Yaddaşında saxladığı telefon nömrələri bir gecənin içində qeyb olanda isə, o, özünəməxsus təbəssümü ilə mənə dedi: yaddaşım, deyəsən məndən qabaq dünyasını dəyişdi. Bəli , o, ölümlə də zarafat etməyi bacardı.Amma bununla belə, uşaq vaxtı əzbərlədiyi bir sıra poetik nümunələr yadında idi, hətta bir il qabaq yaddaşında yaşayan bir poetik nümunəni tərcümə etmişdi və mən onu mərhumun dilindən yazıya alıb, "525-ci qəzet"də, onun istəyilə, çap etdirmişdim.

 Azadlıq prospektindəki mənzilini hələ neçə illər qabaq qardaşı Arifə vəsiyyət eləmişdi. O,bu fikirdə idi ki, qardaşının Məmmədzadə soyadı daşıyan nəvələrindən biri evinin çırağını yandırsa, ruhu şad olar. Qəbir yerini də neçə il qabaq qazdırmışdı. Yeganə övladı və həyat yoldaşının arasında.

 Mən ustadım, dostum S.Məmmədzadə haqqında altı-yeddi dəfə müxtəlif dərgilərdə müxtəlif səpgili məqalələr yazmışam. Məncə, bu da sonuncusu deyil.

 P.S. Son olaraq, "525-ci qəzet"in mənə verdiyi bu tribunadan istifadə eləyib şairlə ünsiyyəti olan yaradıcı ziyalılara müraciət edirəm: S.Məmmədzadə haqqında düşüncələrinizi mənim elektron ünvanıma göndərin ki, haqqında xatirə kitabı hazırlayaq, ruhunu sevindirək: mammadorucov 1947@gmail.com

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.14;16.