"Bu vəzifəni ilahi bir təltif kimi
qəbul etdim"
Müsahibimiz professor, şair Elçin İsgəndərzadədir. Onunla Qarabağdan,
Şuşadan və təbii ki, yeni vəzifəsindən -
AYB-nin Qarabağ bölməsinin sədri kimi planlarından
danışdıq.
- Şuşasına qovuşan Elçin İsgəndərzadə
indi necədir?
-
Heç bir poetiklik qatmadan, tam olduğu kimi deyirəm:
Şuşasına qovuşan Elçin İsgəndərzadə
8 milyarda yaxın əhalisi olan bu gözəl planetimizin ən
xoşbəxt, ən məmnun, ən möhtəşəm və
bunların əbədi olacağına inanmış
adamıdır. Hətta mən düşünürəm ki, Şuşa mənimdirsə, daha mən
ölümə də təslim olmaram. 58 illik
ömrümün yarısını Şuşalı,
yarısını Şuşasız yaşamışam.
Şuşasız ömrümdə nə qədər
boşluq, vakum olubsa, indi Şuşalı ömrümdə o
boşluqların hamısı dolub. Mənimçün Şuşa Cıdır düzüdür. Hətta bəzən elə bilirəm Azərbaycan, bəzənsə
bütün Türk dünyası Cıdır
düzüdür. Sanki Cıdır
düzü bizim milliliyimizin, türklüyümüzün
pasportudur. Mənim özümçün
də maraqlı idi ki, Cıdır düzünə getsəm,
necə olaram?! Şuşaya ilk ayaq basanda
birinci Cıdır düzünə getdim. Ora
necə getdiyimi mən yox, bircə Allah bilir. Bildiyim odur ki, Cıdır düzünə
çatanda sanki şokdan çıxdım, özümə
gəldim və ilk etdiyim o oldu ki, əlimi göylərə
doğru açdım. İlk
gözümün qabağına Rəsul Rza gəldi. Fikrimcə, aydınlardan Cıdır
düzünü Rəsul Rzadan çox sevən olmayıb.
Sonra Məmməd Arazı, Xudu Məmmədovu,
Şahmar Əkbərzadəni və Akif Səmədi
"gördüm". Özümü
sanki onların salamını Cıdır düzünə
çatdırırmış kimi, ya da onlarla birgə bu
görüşə gəlmişəmmiş kimi hiss edirdim.
Sonra üç günlük Şuşa səfərimdə
əzbərdən tanıdığım bütün
küçələri gəzdim, dolandım, müxtəlif
hisslər yaşadım. Şuşada bir-birindən
fərqli hisslər çuğlayır insanı.
Ağdamda isə hissin adı birdir: şəhəri viran qoyan
qaniçən düşmənə nifrət! Çünki
hər küncünü əzbərdən
tanıdığım Ağdamda heç yeri tapa bilmədim,
o boyda şəhər sanki bir ovuc qalıb. Cıdır düzü də, əslində, mənə
belə təsir bağışladı. Sanki
nəhəng Cıdır düzü kiçilib. Şuşanı gəzdikcə sanki 1945-ci ildə
müharibədən qayıtmayan, heç zaman görmədiyim,
amma bütün kəndin məni bənzətdiyi Əhəd
babam mənimlə birgə addımlayırdı.
Özü də onu əsgər paltarında hiss edir və
onun barıt qoxusunu alırdım.
-
Elçin müəllim, artıq illərdir sizin adınız
mütləq ki, Şuşayla bir çəkilir. Qarabağlı tanınmışlar çoxdur.
Amma hamısında bu cür olmur. Sizi Şuşayla özləşdirən təkcə
orda doğulmağınız deyil, məncə.
- Mən
də bu fikirlə razıyam. Həqiqətən
Şuşalı günlərimdə də, Şuşasız
günlərimdə də mənə qəribə gələn
çox nəsnələr vardı. Çünki hiss
edirdim ki, mən təkcə Şuşada doğulduğum
üçün oraya bağlı deyildim. Fiziki
mənada ömrümün cəmi 7 ilini Şuşada
yaşamışam. Ağdamda isə düz 20 il yaşamışam. Amma
bütün sevinclərimdə Cıdır düzünə
gedib, ən yüksək qayasının üstündə
dayanıb sevincimi Cıdır düzüylə
paylaşmışam. Sevdiyim və ailə
qurduğum qızın adını da hər kəsdən
öncə ilk Cıdır düzünə
pıçıldayıb, ondan xeyir-dua istəmişdim.
Yadıma gəlir ki, 1977-ci ildə-6-cı sinifdə
oxuyanda biologiya müəllimimiz demişdi ki, bitkini ən
gözəl saxlama üsulu spirtin içində saxlamaqdır. Həmin
gün dərsdən çıxıb getdim Cıdır
düzünə, ordan bir dəstə Xarıbülbül
yığıb gətirdim. Evdə stolun üstünə
sərib ən gözəlini seçdim və bir
şüşə qabın içinə spirt töküb
gülü içinə qoydum, tarixini də üstünə
yazdım. O Xarıbülbül həmin gündən
mənim talismanıma çevrildi. Sonra
hara gedirdimsə, onu yanımda aparırdım. Tələbəlik illərimdə, sonrakı
zamanlarda da yanımda gəzdirmişdim. Bunu
Şuşanın işğalından 15 il
öncə etsəm də, fikrimcə, Şuşasız illərimdə
məni yaşadanlardan biri də məhz o Xarıbülbül
oldu. Bu, özümə də maraqlıdır
ki, bunu niyə etdim? Axı uşaq idim, hələ
heç dünyanı anlamırdım. Sonralar
Nizami Cəfərov mənim haqqımda yazdığı məqaləyə
"Poeziyamızın Xarıbülbülü"
adını qoydu. Bundan başqa mənim
dünyanın 20-dən çox ölkəsində 60-dan
çox kitabım çap olunub. O kitabların əksəriyyətinin
üz qabığında Xarıbülbül rəsmi var.
Türkiyənin böyük şairi Osman Baş
"Xarıbülbül" kitabını mənə həsr
etmişdi. Fikrimcə, bunlar təsadüf ola
bilməz. Əminliklə deyirəm ki, dünyada mənim qədər
Xarıbülbülü sevən, totemləşdirən,
ilahiləşdirən, təbliğ edən, söhbətləşən
ikinci bir adam yoxdur, olmayacaq da. Bəli, bütün bu bağlılığım təkcə
orda doğulmağım üçün deyil. Sanki Allah məni Şuşanı, Cıdır
düzünü bu dərəcədə sevmək
üçün yaradıb.
- "Şuşa torpağına qanım
qarışıb" deyirsiniz son məqalənizdə. Lakin indi o
daşı tapmadınız. Sizcə,
tapsaydınız, ömrünüzdə nə dəyişərdi?
- Bəli,
Cıdır düzündə mənə görə dəqiq
xatırladığım o daşın yerinə getdim və o
daş yox idi. Əlbəttə, orda daş
çox idi və mən yalnışlıqla başqa
daşı o zənn edib, öpərdim. Amma
ona oxşayan daş yox idi. Lakin o daşdan da daha
çox, adına "Şairlər qayası" dediyim, Sabir
Rüstəmxanlı, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənlinin
adı yazılmış qayanı, nə də onun
yaxınlığında atamla mənim üçün
seçdiyimiz qayanı tapmamağım sarsıtdı.
Tapsaydım, mənimçün iki şey dəyişəcəkdi:
yəqin ki, qanım qarışan o daşı Kəbə
daşı kimi gətirib özümün ev
muzeyimə qoyacaqdım və fikirləşirdim ki, o qayaya
adımı yazsam, ölümsüzləşəcəm. Bax, bu iki arzum ürəyimdə qaldı.
-
Qarabağ deyə qan ağlayan qələminiz də şənlənib.
Son şeirlərinizdə sevinc, özləm dərhal
duyulur. Amma o nisgil də tam bitməyib.
Nədir hələ də qəlbinizdə qalan
nisgilin səbəbi?
- Bəli, çox gözəl müşahidədir. Dediyim kimi, Şuşada ikən babam da, nənəm də, itkin düşən tələbə yoldaşım Mayıl da, qucağımda şəhid olan tələbəm də, mənlə bir məktəbdə oxuyan Milli Qəhrəman Canpolad Rzayev də mənimlə birgə oldular. Onlarla bağlı heç bir hüznüm yox idi. Ancaq Şuşaya qalxarkən cəmi 3-4 dəqiqə ərzində yanından ötüb keçdiyimiz sıldırım qayaların qarşısında mən sanki üç əsr donum qaldım. Hətta sanki içimdən bir Elçin çıxıb o qayaların önündəcə əbədi donub qaldı. Mən orda o qayaları qalxaraq Şuşamızı bizə qaytaran şəhidlərimizi, qazilərimi xatırladım. Sanki onlar mənimçün oradaca ilahiləşiblər. Çünki o qayaları çıxmaq üçün insanlıqdan çıxıb ilahiləşmək lazımdır. Düzdür, bütün şəhidlərimiz mənimçün eynidir. Amma düşünürəm ki, Daşaltıdan üzü yuxarı böyük çətinliklə qalxıb, qanı, canı bahasına, əli yalın, əlbəyaxa döyüşlə Şuşamızı bizə qaytaran oğullarımızın nə mənəvi, nə fiziki borclarını min illər də keçsə, qaytara bilməyəcəyik. Mənim içimdəki əbədi xoşbəxtliklə bərabər, əbədi hüzn məhz onların hüznüdür. Hər birinin ruhu qarşısında baş əyirəm.
- Texnika elmləri üzrə professor, institut direktoru, onlarla təltifin sahibi, şair, AYB-nin bölmə sədri, oğul, ata, həyat yoldaşı, qardaş, baba... və sair... Bir ömürdə bu qədər tale çətin deyil?
- Əslində, bəzən özüm də özümə heyrət edirəm ki, bir ömürdə bunları necə etmək olar? 50 illik yubileyimdə hörmətli millət vəkilimiz, filologiya elmləri doktoru, professor Jalə Əliyeva demişdi ki, "Elçin İsgəndərzadə fövqəlbəşər bir şəxsiyyətdir. Mən heç cür inana bilmirəm ki, o, bu qədər ömrü 50 illik bir ömrə necə sığışdırıb". Nə qədər qeyri-təvazökarlıq olsa da, getdiyim bütün ölkələrdə də bu uğurlarım insanlarda heyrət doğurur. Mənimçün bunun cavabı çox qısadır. Bütün bunların hamısının səbəbi mənim Şuşada doğulmağım və Cıdır düzüylə aramdakı bu mistik bağlılıqdır. Ömrüm boyu zəhmətkeş olmuşam. Ta uşaqlığımdan zəhmətə alışmışam. Amma bəlkə də Cıdır düzünü görməsəm, aramdakı o bağlılıq yaranmasaydı, bütün bunları bacara bilməzdim.
- Düsturların içindəki professor Elçin, ya poeziya sahillərindəki şair Elçin əsl sizsiniz?
- Düsturların içindəki professor Elçin… Bunun da əsas səbəbi Bəxtiyar Vahabzadədir. O deyirdi ki, Qatlayıb dizinin altına qoyar, Alim Bəxtiyarı şair Bəxtiyar. Məni ta əvvəllərdən hər kəs məni alim-şair kimi qəbul edirdi. Amma Bəxtiyar hocanın bu misraları dilimdən düşməzdi, hətta bir növ o alimə yazığım gəlirdi ki, alim o qədər ixtiralar edir, elmə töhfələr verir, amma şair onu qatlayıb dizinin altına qoyur. Elə bu fikirlərlə sanki bu misralardan qisas alar kimi öz-özümə deyirdim, mən sübut edəcəm ki, "şair Elçini alim Elçin qatlayıb dizinin altına qoyar". Beləcə, Bəxtiyar hocanın alimliyinin qisası kimi şair tərəfi fövtə vermədən, alim tərəfi hər zaman güclü tutmağa çalışdım.
- Ədəbiyyatdan söz düşmüşkən, bu yaxınlarda AYB-nin Qarabağ bölməsinə sədr təyin olundunuz. Qarabağ vətəniniz idi sözünüz olmuşdu. Şeiriniz idi, indi də vəzifəniz oldu. Nələr düşünürsünüz?
- AYB mənim Şuşada, Ağdamda gedə
bilmədiyim ata ocağımdır. Mənə görə
dünyanın ən böyük məbədlərindən
biridir. Buna görə də AYB-dən heç zaman vəzifə
təmənnam olmayıb. Bundan cəmi 19 gün öncə
Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutuna direktor təyin
olunmuşdum. İclasda mənim AYB-nin Qarabağ bölməsinə
sədrliyim təklif olunanda əvvəlcə qarşı
çıxdım. Qarabağdan olan bir neçə şairimizin
adını çəkdim ki, onlardan biri olsun. Amma dedilər
ki, yox, məsləhət belədir. Mən
bunu ilahi bir təltif kimi qəbul etdim.
Düşünürəm ki, Allah bunu da mənim Qarabağ
sevgimə, Şuşa, Cıdır
düzü məhəbbətimə bir cavab kimi göndərdi.
- Bu vəzifədə
ilk planlarınız nələrdir?
-
Artıq ilk addımlarımızı atmışıq.
Qarabağ bölməsi 7 rayonu əhatə edir: Şuşa, Füzuli, Ağcabədi, Ağdam,
Bərdə, Tərtər və Cəbrayıl
rayonlarını əhatə edir. Rəhbərliklə
birgə bölmənin mərkəzinin Ağcabədidə
olmasını qərarlaşdırdıq. Rayon İcra Hakimiyyətinin başçısı
Rafiq Hüseynov bizi yüksək səviyyədə qəbul
etdi və bizim ofislə təmin olunmaq təşəbbüsümüzü
gözəl qarşıladı. Dərhal
Ağcabədinin Bayraq Meydanındakı binada bizə
bütün şəraitə malik iki otaq ayırdılar və
biz də fəaliyyətə başladıq. Öncə bölməyə aid rayonların şair
və yazarlarıyla əlaqələr yaratdıq. Hazırda bir neçə layihə üzərində
işləyirik. Birincisi, bölmənin
üç dildə saytını yaratmaq nəzərdə
tutulub. Saytda bölgə ədiblərinin
hamısının adları, haqqında məlumatlar və əsərlərindən
nümunələr yer alacaq. Həmçinin,
Qarabağ bölməsinin nəsr və poeziya olmaqla, iki
almanaxını hazırlamağa başlamışıq.
Devizimiz budur ki, üzvümüz olan heç
bir şair və yazıçı diqqətdən kənarda
qalmayacaq. Yazıçılar Birliyi olaraq,
onların tanınması və təbliği
üçün nələr lazımdırsa, edəcəyik.
-
Payız aylarında AYB-nin növbəti qurultayı
keçiriləcək. Buna necə
hazırlaşırsınız?
- Bu, Azərbaycan
Yazıçılar Birliyinin iştirak edəcəyim 5-ci
qurultayıdır. Hər birində olduğu
kimi, bu dəfə də qurultaya bayrama
hazırlaşırmış kimi hazırlaşıram.
Əslində, "qurultay" sözü
poeziyayla, ədəbiyyatla səsləşməyən bir
termindir. İmkanım olsa, qurultayda ilk bunu
təklif edərəm ki, bu adı
yığışdıraq, "Yazarların
görüşü" deyək. Çünki
mən hər qurultayı sevdiyim, tez-tez görüşmək
imkanım olmayan qələm dostlarım, ustadlarla
görüş kimi qəbul edir və sevinirəm. Əvvəllər bu qurultaylara dünyanın ən
bədbəxt insanı kimi gedirdim. İndi
isə dünyanın ən xoşbəxt adamı kimi gedəcəm.
Və mənə söz verilsə, Cıdır
düzündəki o qayanın üstündə durub
çıxış edirmiş kimi çıxış edəcəm.
Bölmə olaraq da, buna yüksək səviyyədə
hazırlaşırıq. Bu qurultayda məni
sevindirən bir məsələ də, iki qurultay
arasındakı dəyişikliklərdir. Qardaşım
Rəşad Məcid sədrin birinci müavinliyinə,
Elçin Hüseynbəyli və Səlim Babullaoğlu katibliyə
namizəddirlər və böyük sevinclə onları dəstəkləyəcəm.
Həmçinin, bu il AYB
üzvlüyümün 25 illik yubileyidir. Sevinirəm ki, 25 il öncə o vəsiqəni mənə verən,
çox sevdiyim Anar müəllim qurumun başındadır və
bizi yenə də böyük qurultaylara aparacaq, Cıdır
düzü nitqləriylə sevindirəcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.13.