Hamının qəbul etdiyi münsif
Bu söz dilimizə kənardan gəldi. Amma dilimizə
elə doğmalaşdı ki, sanki ən köhnə, ən qədim
sözlərimizdənmiş. Həm də
o dildən ki bu söz dilimizə gəlmişdi, heç həmin
dilin özündə bu kəlmənin bizdəki qədər
genişliyi, dərinliyi, məhrəmliyi olmamışdı.
Müəllim!
Bu sözün əvvəlinci, ən üst
qatda olan mənası öyrədən, bilik verəndir.
Yəni məcazi mənada ustad. Ancaq azərbaycanılılar XX yüzildə bu
sözün məna yükünü lap
ağırlaşdırdılar. Bir zamanlar bizim ellərdə
insanlar bir-birinə müraciət edəndə "bəy"
demişdi, "xan" demişdi, "ağa", "mirzə",
"əfəndi", "molla" söyləmişdi. Ancaq "müəllim" kəlməsi onların
hamısını üstələyə və əvəz edə
bildi, dildə və yaddaşda özünə möhkəmcə
yer elədi.
Yavaş-yavaş "müəllim" kəlməsi
qarşındakını ucatutmanın, qiymətləndirmənin
ifadəsinə çevrildi. Bəzən kimsə
ağız da büzdü ki, axı müəllimlik bir
peşədir, sənətdir, bu işlə məşğul
olmayan hər kəsi müəllim çağırmaq rəvadırmı?!
Belə deyənlər bu sözü dilimizə
doğmalaşdırıb bunca qanadlı etməyi münasib
bilmiş aqil babaların hansı fəlsəfəni hədəf
götürdüklərini nəzərdən qaçıran
kimi oldular. Dərs
verməklə, məktəblə heç bir
bağlılığı olmayan hər Allah bəndəsinə
"müəllim" deyə müraciət edəndə
bizlər - azərbaycanlılar həm
qarşımızdakı insana, həm də eyni anda müəllimlik
peşəsinə yüksək sayğımızı dilə
gətirmiş olduq: yəni səni müəllimtək əziz,
hörmətli tuturam, a bəy, a qardaş, a mirzə, ay əfəndi,
ay yoldaş, ay cənab, ay ağa!
Hamının hamıya "müəllim" dediyi bizim
zəmanədə bir müəllim də yaşadı. Ona,
başqalarına olan sayaq, adından sonra "müəllim"
kəlməsini artıraraq müraciət etmirdilər. Hamı onu elə birbaşa "Müəllim"
çağırardı. Və "Müəllim"
söylənəndə hər kəs də yaxşı
anlayırdı ki, söhbət hansısa mücərrəd
müəllimdən deyil, Əhməd Bakıxanovdan gedir.
Müəllim müəllim olmağına müəllim
idi. Başqa müəllimlər kimi hər gün sinif
otağına girirdi, dərsini verirdi, qiymətini
yazırdı. Ancaq özgə müəllimlərdən
fərqi o idi ki, bütün yetirmələri onunçün
övlad əvəzi idi. Doğma
münasibətləri təhsil müddəti ilə
yekunlaşmırdı. Dərsləri
başa vurmaqla, məktəbi bitirməklə də o balalar
Müəllimdən ayrılmırdılar. Başlayırdılar evinə gedib-gəlməyə,
ən məhrəm söhbətlərini onunla etməyə,
ondan öyüd, məsləhətlər almağa - valideynlə
övlad necə, bunlar da həmin təhər.
Odur ki, MÜƏLLİM kəlməsi Əhməd
Bakıxanova hər cəhətdən yaraşırdı. Həm əsl
müəllim, öyrədici olduğuna görə, başqa
müəllimlərin verə bilmədiyi bilikləri səxavətlə
yetirmələri ilə bölüşdüyü
üçün, həm də hər bir öyrəncisinin əsl
böyüyü, ağsaqqalı olmaq məsuliyyətini ləyaqətlə
daşıya bildiyi üçün.
...Vaxt
gedişi ilə çox şeyləri aparır. 5 il qabaq,
2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində
böyük müəllim, ustad tarzən, misilsiz muğam
bilicisi Əhməd Bakıxanovun 125 illiyini qeyd edirdik. O gecədəkilərin
bir çoxu Əhməd Bakıxanovu görmüş, onunla təmasda
olmuş, birgə işləmiş insanlardı. Zaman qayıdışsız axını ilə
onların neçəsini özü ilə apardı. Ancaq aradan nə zaman keçib ki?! Vur-tut 5 il. O axşam Əhməd Bakıxanov
haqqında xatirələrini bölüşənlərdən
neçəsi - tarzən Firidun Ələkbərov,
müğənnilər Əlibaba Məmmədov, Canəli
Əkbərov, Teymur Mustafayev artıq həyatda yoxdur. 5-10 il sonra Əhməd Bakıxanovu
görmüşlərin, şəxsən
tanımışların sayı bir qədər də
azalacaq. Bəs 20 il, 30 il sonra?
Nə qədər müasirləri həyatdadır, sanki
haqqında yaddaşlar dilə gətirilən insan da bizdən
uzaqda deyil.
Vaxt çayı axıb gedir, özü ilə çox
şeyi aparır. Çox şeyi, amma hər halda hər şeyi yox! İnsan ömrü etibarsızdır, günlərin
birində tamamlanması qaçılmazdır. Lakin vaxtdan da güclü olan, vaxtın qoparıb
apara bilmədiyi dəyərlər də var. Elə dəyərlər,
elə dərslər, elə məktəblər, elə yollar
ki, onlara təqvimin gücü çatmır. Lap
yarım əsr, ondan da artıq illər sovuşandan, Əhməd
Bakıxanovu canlı görmüş insanların
hamısı gedəndən sonra da Ustadın yolu yaşayacaq,
müdafiəçisi, təbliğçisi, tətbiqçisi
olduğu saf musiqi dili canlı olacaq, görkəmli sənətkarın
yaratdığı rənglər, dəramədlər qalacaq və
onlar var olduqca Əhməd Bakıxanovu da sabahlar içində
diri saxlayacaq.
Əhmədxan
Məmədrzabəy oğlu Bakıxanov 1892-ci il
sentyabrın 5-də Bakıda doğuldu. Hansı
nəslin övladı olması artıq soyadında da
vardı, atasının ismində də, elə öz
adında da. Xan-bəy nəslinin törəməsi olan
və zadəgan ailəsində dünyaya göz açan
Əhmədxan qohum-əqrəba arasında dəfələrlə
etiraf etməsinə görə ata-babaların adına
layiq yaşamağın məsuliyyətini, cəmiyyət
qarşısında cavabdehliyini daim hiss etdi. Ağlı
dünyanı dərk edəndən onu belə öyrətmişdilər,
o da eyni tərbiyəni öz uşaqlarına verdi.
Məmmədrzabəy general Həsənağa
Bakıxanovun yaxın qohumu idi. Həsənağa
Bakıxanovsa, Abbasqulu ağa Bakıxanovun qardaşı
oğlu idi və öz əmisi Abbasqulunun qızı Bikə
xanımla da evlənmişdi. Şəcərəsinin
Bakı xanları nəslinə bağlı olması bir tərəfdən
Əhmədxan üçün ömrü uzunu qürur mənbəyi
idisə, digər yandan da istər çarlıq dönəmində,
istərsə də sovet əyyamlarında təqiblərə,
təhdidlərə uğraması üçün bəhanə
idi. Bakıxanovlardan Çar Rusiyası ordusunda və
hökumət idarəçiliyində sədaqətlə xidmət
edərək ucalanlar olmuşdusa da, rejim bunu da qətiyyən
unutmurdu ki, Bakının işğalı üçün
göndərdiyi general Pavel Sisianovu
Bakı xanı Hüseynqulu xanın qardaşı
oğlu Aslan bəy Qala divarlarının həndəvərində,
şəhərin girəcəyində qətlə yetirib. Hələ sonralar başqa oxşar qətllər də
olmuşdu ki, bunlardan birinə görə Məmmədrzabəyi
- Əhmədxanın atasını 6 illik Sibir
sürgünlüyünə məhkum etmişdilər.
Sovetinsə, bəydən-xandan bilmərrə zəhləsi
gedirdi və Əhmədxanın soyadı Bakıxanov deyil,
Muzdurov olsaydı, bəlkə də işləri daha avand gedərdi. Hər halda bir ara NKVD onu qondarma səbəblərlə həbsə
də atmışdı və Əhmədxanı yalnız
Üzeyir bəyin təcili müdaxiləsi xilas etmişdi.
Atalarımızdan zərbülməsəl qalıb ki,
insaf dinin yarısıdır. Sadə sözlər
deyil. Gözü tərəzi olan elin bu
deyişində elə tərəzi siqləti var. Tərəzinin
bir gözünə dini-imanı qoyur, o biri gözünə
insafı. Ağırlıq
yarıbayarıdır. Elə
"münsif" sözü də elə kökdəndir, elə
mənaları da birdir. İnsaflı, vicdanlı,
dürüst, ədalətli olmasan, kim sənə
əsl münsif deyər?! Sözdə
çoxuna münsif söylənə bilər. Ancaq gendən baxan gözlər əməlini
ölçərək axı münsifin özünün də
necəliyini insaf tərəzisinə qoyur.
Əhmədxan Bakıxanovsa o nadirlərdənmiş ki,
biqərəz və dürüst münsifliyini hamı qəbul
edirmiş.
Bəli,
o, məhz belə bir kişi olub. O qədər saf, o qədər
düzgün ki, hər kəs onu doğrunu ölçə
biləcək ən dürüst meyar, kim,
ya kimlərsə haqqı əyəndə buna susmayacaq qədər
qətiyyətli olan həqiqət deyicisi, sözün ən
yüksək mənasında münsif hesab edib.
Həmin səbəbdən də yaxından
tanıyanların hamısı bütün məhəbbət
və hörmətlərini bircə kəlməyə
sığışdıraraq onu "Müəllim!"
çağırıb.
Əhməd Bakıxanov musiqiçi idi, xalq musiqisi ilə
bağlanan insanların mühitində idi və həmin sahədə
də qeyd-şərtsiz münsif kimi tanınaraq yeri
düşdükcə sözünü deyirdi.
Amma hər sahənin, güzəranın hər səmtinin
Əhməd Bakıxanov biçimli öz sözü, qərarı
ilə haqqı yerinə qoymağı bacaran ülgü
adamlara ehtiyacı var.
İstənilən insanın əslində həmişə,
ən azı hansısa müşkül suallarla
qarşılaşanda, eləmi, ya beləmi arasında
seçim zərurəti yarananda ürəyindən keçir
ki, kaş yanında münsif kimi ürək və bel bağlayacağı
bir kəs olaydı.
İnandığın, etibar elədiyin, özündən
daha ağıllı, daha müdrik hesab etdiyin belə şəxslər
tərəddüd məngənəsində
qaldığın həmin anlarda sənin ömründə
olursa, bu elə ayrıca bir xoşbəxtlikdir.
Əks təqdirdə hər sualın, həm də ən
çətin sualların belə cavabını tək
özün tapmalısan. Həm də məsələ hətta
cavabı tapmaq da deyil. Bəzən sənin
ən qəliz suallara hazır cavabların, ən
pırtlaşıq düyünləri çözməyə
də yarayacaq açarın olur. Lakin yenə
də istəyirsən ki, böyründə bir məsləhətçin
olsun, öz düz cavabına onun münasibətini
soruşasan.
Bütün başqa elan edilməmiş münsifləri
bir kənara qoyaraq indi də tez-tez
rastlaşdığımız, rəsmən münsif elan edilən,
ayrıca bir masa arxasında oturaraq şəstlə qiymət
verən, nəticə çıxaran, tale müəyyənləşdirən,
hökm yeridən sıra-sıra insanları göz
önünə gətirin.
Bizdə və dünyanın çox yerində. Axı şahidik ki,
münsiflər heç də həmişə əsl
münsif olmur, ola bilmir, olmaq istəmir.
Gözümüz
görə-görə məhkəmə hakimindən
tutmuş futbol hakiminəcən, musiqi yarışmasından
başlamış gözəllik müsabiqəsinədək
neçələri "uf" demədən həqiqəti
elə əyir ki, "münsif" sözünün
özü bundan xəcalət çəkərdi.
Odur ki, əsl
haqpərəst münsiflərin dirisinə şərəflər,
həyatdan getmişinə rəhmətlər gərək
heç vaxt dilimizdən əskik olmaya!
Əhmədxan
Bakıxanov sakit təbiətli, mülayim adam
olub.
Lakin təbiətən
yumşaqlığı, hər məqamda barışıq,
güzəşt yolunu tutmağa can atması qətiyyən
mane olmayıb ki, gərək olan anda sərt üz də
göstərsin, kəskin də danışsın və
sözünü, aydın, barışmaz mövqeyini
hamının eşidə biləcəyi səviyyədə mətbuata
da çıxarsın.
Bəstəkar Azər Rzayev qəlbimə yaxın olan
insanlardandı, həm musiqiçi, həm sənətşünas,
həm mədəniyyət təşkilatçısı kimi
ona rəğbətlərim dərin idi.
Əhvalat vaqe olur 1969-cu ildə. Rəhmətlik Azər müəllim
bir az ifrat tələbkarlıq, bir az da cavanlara xas
çılğınlıqla "Bugünün
mahnısı" adlı bir məqalə dərc etdirir və
bir sıra bəstəkarları, ifaçıları sərt
tənqidə məruz qoyur.
Azər Rzayev həmin tənqidi məqaləsini yazanda və
Əhməd Bakıxanov da ona cavabını dərc etdirəndə
mən məktəbli olmuşam, bu mübahisələrdən
xəbərsizmişəm. Azər Rzayevi mən bir az sonralar - 1970-ci illərin ortalarından, tələbəlik
vaxtlarımdan tanıdım və ömrünün
axırınacan da mehriban ünsiyyətlərimiz davam etdi.
Bütün bu müddət ərzində bircə dəfə
də olsa onu səsini qaldıran, hansı məsələ
barədəsə çox kəskin danışan görmədim. Di gəl, həmin
məqalə mən tanıyan Azər müəllimin
üslubunda deyilmiş, yetərincə iynəliymiş.
Əhməd
Bakıxanov Azərin atası, rejissor Hüseyn Rzayevlə,
anası, muğam ifaçısı və opera müğənnisi
Həqiqət xanımla köhnədən dost idi.
Azər onun gözünün qabağında
böyümüşdü. O, Azərçün əmi əvəzi
idi, ona hər cəhətdən ərki çatırdı. Görüşərək,
çağırtdıraraq, ya telefonla ona öyüd-nəsihət
verə, "belə kəskin olma, filan məsələdə
haqsızsan" söyləyə bilərdi.
Ancaq yox, götürüb qəzetə yazır. Doğrudur, elə
məqaləsində də ona bir əmi, doğması kimi
müraciət edir, lakin hər halda
razılaşmadığını, cavan həmkarını
haqsız saydığını ictimailəşdirərək,
qəzet səhifəsindən deyir. O vaxtın qəzetisə
indinin qəzeti deyildi. Əvvələn, qəzetlərin
sayı az idi, hamı alırdı,
oxuyurdu, ikincisi də, mətbu sözün gücü,
sanbalı, nüfuzu ağır idi.
Zənnimcə,
Əhməd Bakıxanovun sözünü mətbuat səhifələrindən
çatdırmasının əsas səbəblərindən
biri bu idi ki, tənqidi məqalədə hədəfə
götürülmüş həvəskar bəstəkarı
və gənc müğənniləri qorusun, onların yolunda
sabah yarana biləcək maneələri kənarlaşdırsın,
onlar barəsində yanlış rəyin ayaq tutmasına imkan
verməsin.
Digər
tərəfdən də, elə Azərin özünü qo
rusun,
onu gənclik ifratçılığından uzaqlaşdırsın, gələcəkdə
istəməyənləri, rəqibləri yaranmasın deyə
fikirlərini daha ehmallı ifadə etməyə istiqamətləndirsin.
O
çağlar idi ki, Əhməd Bakıxanovun rəhbərlik
etdiyi Xalq Çalğı Alətləri Ansamblı
bütün ölkənin musiqi ictimaiyyətinin diqqət mərkəzində
idi.
Əhmədxan müəllim mütəmadi olaraq
istedadlı gəncləri, yeni avazları
başçılıq etdiyi sənət birliyinə dəvət
edir, onların ifalarının radioda, televiziyada səslənməsinə,
nümayiş etdirilməsinə səxavətlə meydan
açırdı.
Ələkbər Tağıyev bir-birinin ardınca
gözəl nəğmələr qoşurdu.
Təkəbbürlə,
bir az da hikkəylə ona "həvəskar"
deyərək Bəstəkarlar İttifaqına qəbul edilməsinə
imkan vermirdilər, mətbuata onun haqqında tənqidi
mülahizələri ötürürdülər. Əhmədxan ustad isə Ələkbər
Tağıyevin hər yeni mahnısına "yaşıl
işıq" yandırırdı, Bakıxanovun ansamblının
repertuarında olması o şux mahnılara həyat vəsiqəsi
bağışlayırdı.
"Azər,
oğlum, dahi bəstəkarımızın yazdığı
gözəl romansları sən müasir peşəkar bəstəkarlarımızın
"Sənsiz"dən və "Sevgili canan"dan geri qalan
romansları ilə müqayisə etsəydin, daha yaxşı
olmazdımı? Üzeyir Hacıbəyovun əsərlərini
niyə həvəskar bəstəkarın mahnıları ilə
qarşı-qarşıya qoyursan? Bunun kimə
xeyri vardır? Hələ mən onu demirəm
ki, mahnı ifaçıları haqqında danışarkən
sən onların siyahısını xalqımızın həqiqətən
dərin hörmət bəslədiyi iki müğənni ilə
məhdudlaşdırırsan. Hər bir
yeni ifaçı öz cığırını
açmağa çalışırsa, buna sevinmək və
ona kömək etmək lazımdır. Baltanı
kökündən vurmaq isə məyusluq yaradır.
Nihilizm, bədbinlik cavan sənətkarları yolundan
azdıra, onların qol-qanadını sındıra bilər".
Kim bilir, bəlkə də Azər müəllimin
sonralar həmişə mötədil mövqe tutması, sənət
məsələlərindən bəhs edərkən sərt
yanaşmalardan aralı durması həm də elə Əhmədxan
Bakıxanovun həmin nəsihətamiz məqaləsindən
qaynaqlanır?!
Bilirsinizmi
Əhməd Bakıxanovun o illərdə qol-qanadını
sındırılmaqdan qoruduğu gənc ifaçılardan
biri kim idi?
Məhz
bu cür sinəsini irəli verərək onu ürəklə
müdafiə edənlərin və özünün zəhmətsevərliyi,
parlaq istedadı sayəsində ən müxtəlif həmlələri
yenərək, maneələri aşaraq sonralar Azərbaycanın
ən üstün sənətkarlarından birinə
çevrilən Zeynəb Xanlarova!
Hamımızın
indi birmənalı şəkildə böyük muğam
ustası və ustadı kimi etiraf etdiyimiz xanəndə
Hacıbaba Hüseynovu da Əhmədxan Bakıxanov qısqanc,
paxıl yanaşmalardan, fərqli zövqlərin
yaratdığı yasaqlardan mühafizə edərək lentə
alıb, həmin oxuları radioda səsləndirib və bu
xeyirxahlığı ilə macal verməyib ki, qiymətlidən-qiymətli
bir sənətkar umulmaz münasibətlər ucbatından
gizli qalsın.
Əhməd Bakıxanov Hacıbaba Hüseynovu elə
sözün birbaşa mənasında həyatın dibindən
gətirərək böyük sənətə
qovuşdurmuşdu. Ustadın oğlu, görkəmli bəstəkarımız
Tofiq Bakıxanov yada salır ki, bir gün Radio Verilişləri
Komitəsinin rəhbərliyi Əhməd Bakıxanova
müraciət eləyir: "Yaxşı olardı müğənnilər
də götürəsiniz, ansamblınızla Keşlədə
məhbuslar üçün konsert verəsiniz".
(Əmək kollektivləri, zəhmətkeşlər
qarşısında konsertlər vermək onsuz da həmin
vaxtlar mütəmadi idi. Ancaq birinci dəfə idi islah-əmək
koloniyasının əməkdaşları və sakinləri
qarşısında çıxış etmək təklif
olunurdu və xeyirxah Əhməd müəllim bəlkə də
savabı digər çıxışlarından artıq
olacaq belə konsertə tərəddüdsüz
razılıq verir).
Tofiq
müəllim atasından eşitdiklərini mənə
nağıl eləyir ki, hərarətlə qarşılanan
konsertdən sonra ona qarayanız bir oğlan
yaxınlaşır: "Əhməd müəllim, mən də
burda olanlardanam, sizdən bir xahişim var. İmkan varsa,
nağarada çalardım, üçcə dəqiqə məni
dinlərdiniz".
Əhməd Bakıxanov çevrilir ansamblın artıq
yır-yığış eləyən üzvlərinə
sarı ki, verin nağaranı.
Və məhbus
cavanın çalğısını dinləyəndən
sonra Müəllim türmə rəisindən təvəqqe
edir ki, mən zamin duracam bu uşağa, yolunu siz başa
salın, hansı qapını deyirsiz, döyüm, bu cavan
oğlan gözəl ifaçıdır, heyifdir, onun yeri bura deyil,
məmnuniyyətlə onu ansamblıma götürərdim.
Çox keçmədən elə belə də olur, həmin
cavan - sonraların məşhur xanəndəsi Hacıbaba
Hüseynov başlayır Əhməd Bakıxanovun rəhbərlik
etdiyi Xalq Çalğı Alətləri Ansamblında işləməyə.
Tofiq müəllim bunu da yada salır ki, Hacıbabada
öyrənmək həvəsi çox böyük idi. Tez-tez bizə
gəlirdi, atamdan muğamları mənimsəyirdi. Bir müddət sonra oxumağa da başladı.
Atamın bilavasitə rəyi, köməyi ilə
yazılışı baş tutmuş bir neçə lentini
radioda hərdənbir səsləndirsələr də,
Hacıbabanın televiziyaya çıxmasına bu bəhanəylə
icazə vermirdilər ki, rəngi qaradır, ekranda
yaxşı görünməz. Atam bunu eşidəndə
çox əsəbiləşdi, yollandı Teleradio Komitəsi
sədrinin yanına ki, o nə sözdür deyiblər, mən
anlamıram, bu cavanın səsinə qulaq asacaqlar, yoxsa
üzünün rənginə baxacaqlar? Bədii
şuranı toplayın, oxumağını dinləyin,
görəcəksiniz necə yaxşı xanəndədir.
Və nəcib
Əhməd Bakıxanov ömrü boyu nə qədər
istedadlı insan üçün beləcə yol
açdı, arxa durdu, həyatlarının yönünü
dəyişdi!
Muğam
ifaçılıq sənətimizin son klassik zirvələrindən
olan Hacıbaba Hüseynov həmişə ustadı minnətdarlıqla
anar və etiraf edərdi ki, Müəllim olmasaydı, mən sənətdə Hacıbaba
olmazdım, nəinki Hacıbaba olmazdım, o yerdən ki o məni
çıxarıb gətirdi, həmin
görüşümüz baş verməsəydi,
rastlaşmasaydıq, Allah bilir, qismət məni haralara
aparıb çıxarardı, nə müsibətlərə
düçar olardım!
...Əhməd Bakıxanov biliklərini paylaşmaqda son
dərəcə səxavətli insan olub. Onu
görmüşlərin, onunla işləmişlərin
hansını dinləmişəmsə, bunu təsdiqləyiblər.
Söz yox, bunun ilk səbəbi Əhmədxan
ustadın özünün təbiətindən, qəlbiaçıqlığından,
hamıya xoşniyyətli olmağından irəli gəlirdi,
səs sərvətlərimizin gələcəkdə də
yaşaması xatirinə nigaranlıqdan doğurdu. Fəqət onun öz ömründən
keçmiş hadisələrin də burda izi olmamış
deyil. Əhməd Bakıxanovun öz xətti
ilə əski əlifbada qələmə aldığı
xatirələri qalır. Orda tarzənlik
yolunun başlanğıcı ilə bağlı bu təfərrüatları
da çatdırır ki, biliklərini artırmaq, peşəkar
bir sənətkara çevrilməkçün kamil bilici olan
bir ustada ehtiyac duyanda gedir ən adlı-sanlı
çalğıçı Mirzə Fərəcin yanına.
Mirzə
Fərəc (1847-1927) XIX yüzilin sonları, XX əsrin əvvəllərində
Sadıqcan - Mirzə Sadıq Əsəd oğlu (1846-1902) ilə
yanaşı Azərbaycan tarzənliyinin önündə gedən
mahir, mükəmməl muğam bilicisi və mahir tarzənlərdən
olub. Ancaq o çağın bir çox ayrı
tanınmış sənətkarları kimi, biliklərini
başqalarına ötürməkdə çox xəsismiş.
Əhməd Bakıxanovun xatirəsini sözbəsöz verirəm:
"Muğam ustası bakılı Mirzə Fərəcin
yanına getdim. Musiqinin sirlərini onun kimi bilən
yox idi. Ona müraciət etdim. O məni
qəbul etmədi. Mənə cavabı bu oldu
ki, əgər sənə bu sənəti tamam-kamal öyrətsəm,
onda sən musiqinin sirlərini saxlaya bilməzsən, başqa
çalanlara öyrədərsən".
Zavallı bir tərəfə baxanda elə düz
deyirmiş. Əhməd Bakıxanov sirri özündə
saxlayanlardan olmadı. Uşaqlıq,
yeniyetməlik illərindən burda və İranda (orda Rəştdə
yaşamışdılar. İlk təhsilini
də 1905-ci ildə İranda almışdı. 1908-ci
ildə tale ona məşhur Əbülhəsən xan Azər
İqbal Soltandan dərs almaq fürsətini də
bağışlamışdı) xalq musiqimiz, muğamlarla
bağlı nələri varlığına hopdurdusa, "tək
mənmkidir" deyərək bu xəzinənin üstündə
əyləşmədi, istədi ki, bu solmaz səs gövhərlərindən
lap çox adam bəhrələnsin, bu sərvətlərin
sədası gələcək zamanlara da yetişsin.
Əhmədxan müəllimliyə erkən
başlamışdı. 1922-25-ci illər arası hələ tara
həvəs göstərənlərlə fərdi məşğul
olur, evlərdə musiqi dərsi verirdi. 1926-cı ildənsə
Bakıdakı 1 saylı orta məktəblə yanaşı,
27-ci Şura məktəbində, Xəzər Gəmiçiliyi
İdarəsinin Dənizçilər klubunda, ardınca
Əmircan kənd klubunda, Sabunçu qəsəbəsindəki
mədəniyyət sarayında və Bakıda, Abşeron kəndlərində
yeni təşkil olunan bir sıra başqa özfəaliyyət
dərnəklərinə rəhbərlik edir.
1933-cü
ildə Azərbaycan Xalq Maarifi Komissarlığının qərarı
ilə müstəqil musiqi texnikumu - sonrakı Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbi
yaradılanda ora dəvət edilən ilk müəllimlərdən
biri elə Əhmədxan idi.
Əhməd Bakıxanov XX əsrin insanı idi. Amma o, sanki həm
də yeni zaman içərisindəki keçmiş idi.
O, mötəbər bir körpü kimi xalq musiqimizin,
muğamatımızın dünənlərdə qalan
qatları ilə təzə vaxtın insanlarını
aşina edirdi. Əhməd Bakıxanov
olmasaydı, bu misilsiz sənət abidəmizin çox gizlincləri
qayıdışsız yox olub qeybə çəkilərdi.
Və bir də o böyük ustaddan millətə yadigar
qalan ən əvəzsiz sərvətlərdən biri onun
yaratdığı musiqi birliyi - Xalq Çalğı Alətləri
Ansamblı oldu.
Fərdi ifaçılıqdakı ustalığa daim məxsusi
diqqət yetirən Əhməd Bakıxanov hələ 1920-ci
illərdən xalq çalğı alətlərində birgə
ifaçılığın, ansambl fəaliyyətinin mütəmadiliyində
də irəliləyişlərə nail olunmasına
çalışırdı. Konservatoriyada dərs
deyirdi onda, musiqi texnikumunda işləyirdi onda, Radio Verilişləri
Komitəsində çalışırdı onda, ayrıca
ansambl yaratmağı görməli olduğu ilk işlərdən
hesab edirdi. Və buna səbəbsiz də
çalışmırdı. 1930-cu illərdə
Bakıda ixtisasca həkim olan bir şəxsin idarə etdiyi
xalq çalğı alətləri orkestri vardı. Orkestr deyirdilər ona görə ki,
ifaçıların sayı çox idi. Və
həmin orkestrə mənşəcə erməni olan
musiqiçilər daha rahat yol tapır və onların irəliləyişlərinə
də daha asan meydan verilirdi. Səbəbsiz
deyildi. Orkestrin rəhbəri İonnesyan
idi. Ona görə də 1931-ci ildə
Müslüm Maqomayevlə Əhməd Bakıxanovun məsləhətləşmələri
yeni bir ansamblın yaranmasına gətirib çıxarır.
Qılman Salahov, Ağası Məşədibəyov,
Əmrulla Məmmədbəyli, Xosrov Məlikov, Əhəd
Əliyev, Xalıq Babayev və o çağın digər
qabil musiqiçilərinin cəmləşdiyi sanballı bir
kollektiv təşkil edilir. Elə ilk
çıxışlarından rəğbət qazanırlar
və bir neçə il sonra bu sənət
birliyinin işığı o biri orkestri kölgədə
buraxır.
1941-ci ildə isə Əhmədxan Bakıxanova daha rahat
qol-qanad açmaq fürsəti, əsl yaradıcılıq
laboratoriyası, gerçək məktəb, gənclərdən
ötrü tramplin sayılası yeni sənət birliyində
fəaliyyətə başlamaq nəsib olur.
İkinci Dünya müharibəsinin getdiyi narahat
çağlarda Əhmədxanın hələ 1927-ci ildən
dost, sirdaş olduğu Üzeyir Hacıbəyovun təşəbbüsü
ilə yeni Xalq Çalğı Alətləri Ansamblı
yaratmaq qət edilir və kollektivə rəhbərlik də elə
Üzeyir bəyin tövsiyəsi ilə həvalə olunur
Bakıxanova.
Öz əvvəlki
ansamblından bir sıra tanınmış
ifaçıları da cəlb edərək Əhməd
Bakıxanovun Radio Verilişləri Komitəsində qurduğu
yeni, daha geniş tərkibli və daha zəngin repertuarlı
Xalq Çalğı Alətləri Ansamblını rəhbərlik
etdiyi qabaqkı sənət birliklərinin heç birinə
müyəssər olmamış daha böyük şöhrət
gözləyirdi. Qısa müddətdə bu sənət
dəstəsi elə nüfuz qazanır ki, Azərbaycanın
musiqi həyatında, bir növ, səmt küləyinə,
zövq, dəb təlqin edən əsas meydanlardan birinə
çevrilir.
Əhməd Bakıxanovla əbədi ayrılıqdan 5
onillik keçir. Lakin həmin ansambl bu gün də yaşayır, bu
gün də ənənələri uğurla davam etdirir və
hər dəfə də adı yaradıcısının
adıyla yanaşı çəkilir: "Əhməd
Bakıxanov adına Xalq Çalğı
Alətləri Ansamblı".
...Müəllim
- Əhmədxan Bakıxanov ustadlıq etdiyi məktəblərində
kimləri yetişdirdi? Elə adlar sadalanınca yəqinlik
hasil edirsən ki, sonra hərəsi bir məktəbə
çevriləcək neçə güclü sənətkar
məhz onun əlindən su içib: Adil Gəray, Əmrulla
Məmmədbəyli, Andrey Babayev, Firidun Yarməmmədov,
Ağası Məşədibəyov, Kamil Əhmədov...
Dərs deyirdi, tələbələr yetişdirirdi,
ansamblda ifaçılarla işləyirdi və təbii ki,
onlara yalnız peşəkar biliklərini
ötürmürdü, şagirdlərinə, onunla birgə yol
gedənlərə həm də özünə xas vacib bir məziyyəti
- bildiyini digərlərindən əsirgəməmək vərdişini
aşılayırdı.
Ancaq
Əhmədxan ustad bəsirətli adam idi,
uzaq sabahları da düşünürdü,
kağızın insan yaddaşından daha etibarlı
olması həqiqətindən də agah idi.
1964-cü ildə Bakıda Azərnəşr Əhməd
Bakıxanovun özünün bəstələdiyi və illərcə
ifasında, hafizəsində qoruyub saxladığı rənglərdən
ibarət kitab buraxır. 1968-ci ildə isə onun "Azərbaycan
ritmik muğamları" adlı daha bir kitabı nəşr
edilir. Həmin kitabda not yazısı verilən
"Arazbarı", "Osmanlı", "Qarabağ
şikəstəsi", "Kəsmə şikəstə",
"Heyratı" hər gün eşidilən, hər xanəndəyə-sazəndəyə
bəlli olan havacatlar idisə də (hərçənd onlar
da birinci dəfəydi ki, notlaşdırılırdı. Bu isə musiqi məktəbləri üçün
bu qəbil nəşrlərin qıtlığı dönəmində
elə dərslik kimi gərəkli bir vasitə olmaqdan
savayı, həm də o sənət abidələrinin Əhməd
Bakıxanov təfsirində gələcəyə
çatmasına mötəbər körpü idi),
"Hicaz", "Salami", "Ovşarı" hətta
oturuşmuş xanəndələrin çoxunun
repertuarında yox idi.
1975-ci ildə
sənətkarın vəfatından sonra oxucuya çatan
"Muğam, mahnı, rəng" adlı topluya önsöz
yazan yetirmələrindən biri, bəstəkar Arif Məlikov
əvvəlcə Əhməd Bakıxanovun bəstələdiyi
rəng və təsniflər üzərində dayanaraq
vurğulayırdı ki, "bu rəng və təsniflər
o qədər orijinaldır ki, onların çoxu müstəqil
əsərlər kimi klassik Azərbaycan musiqisinin
"qızıl fond"una daxil olmuşdur. Məcmuədə
gedən "Sevgilimsən, gözəl yar" (sözləri
Əli Əsgərovundur) lirik mahnısı 1941-ci ildə
yazılmışdır. Həmin vaxtdan bəri mahnı
respublikanın Xalq artisti Əbülfət Əliyev, Sara Qədimova,
Əməkdar artist İslam Rzayev və başqa məşhur
müğənnilərin repertuarında özünə
möhkəm yer tutmuşdur".
Rəng, mahnı, təsnif bəstələməyi,
olsun ki, başqaları da yaxşı-yaman bacarardı. Ancaq Əhmədxan
Bakıxanovun bəstəçiliyinin bir səmti də
muğam tərəfə çevrilmişdi axı. Bu meydanda isə addım atmaq hətta ən məşhur
bəstəkarın cəsarəti, gücü və
imkanı çərçivəsində olan məsələ
deyil. Ona görə də belə yazan Arif Məlikov tam
haqlı idi: "Ənənəvi janrın səciyyəvi
xüsusiyyətlərinə əsaslanan Ə.Bakıxanov
"Nəva" muğamını fərdiləşdirərək
"Bərdaşt", "Nəva", "Nişabur",
"Dəşti", "Zil Dəşti", "Gövhəri",
"Mənəvi", "Pəhləvi" kimi şöbələri
əsas götürmüş, onları bir silsilədə
birləşdirib təkmilləşdirmişdir".
Mərhum
Arif müəllimin qısqananlar az olsun deyə bir az ehtiyatla
işlətdiyi "təkmilləşdirmişdir"
sözünün canı budur ki, Əhmədxan Bakıxanov
tikə-paralardan yararlanaraq əslində "Şur" ailəsində
"Nəva"nı müstəqil və mükəmməl
bir muğam mərtəbəsinə dikəltmişdi.
...Əhməd Bakıxanov tarzən idi, müəllim
idi, yol yaradan ustad muğamşünas idi. Bir anlıq
yaddaşınızda Azərbaycanın XX yüzildə
parlamış görkəmli tarzənlərini
sıralayın.
Əliağa Quliyev, Həbib Bayramov, Əhsən
Dadaşov, Baba Salahov, Sərvər İbrahimov və daha
neçələri.
Hamısının yetişməsində,
çatdıqları zirvəyə ucala bilmələrində
Əhməd Bakıxanov dərslərinin müstəsna yeri
var.
Yalnız tarzənlərdirmi? Neçə
kamançaçı, digər musiqi alətləri
ifaçıları, nə qədər xanəndə,
müğənni də sənətin geniş üfüqlərinə
uçmaqçün qazandıqları qanadlara görə yenə
Müəllimin - Əhməd Bakıxanovun məktəbinə
borcludurlar.
...92 yaşlı Tofiq müəllim 81 yaşında vəfat etmiş atası Əhməd Bakıxanovla vida gününü - 1973-cü ilin 26 martını xatırlayır və kövrəlir: "Xeyli ləngidəndən sonra atama Xalq artisti adını martın 25-də verdilər. Ayın 25-də qəzetdə bunun elanı çıxdı, ertəsi günsə nekroloq dərc edildi. Bəzi adamlar yaxşılıq etməyi sevmirlər. O vaxt Mərkəzi Komitədə bu sahəyə məsul olan Ş. vardı, gecikdirən o idi. Yoxsa ki, atama Xalq artisti adı verilməsi haqqında büroda qərar qəbul edilmişdi. Hətta o iclasda Heydər Əliyev deyibmiş ki, Əhmədxan Bakıxanov onsuz da Xalq artistidir, biz sadəcə bunu rəsmiləşdiririk. Dediyim həmin adama müraciət elədim ki, axı sərəncam niyə ləngiyir? Qayıtdı ki, Fikrət Əmirovun təltif olunma məsələsi var, İslam Səfərlinin də 50 illiyi gəlir, onu da təltif edək, sonra. Hamısı birdən olmaz, hara tələsirsiniz? Dedim axı bu adam yaşlıdır, xəstədir.
Həmin məmurun istehzalı cavabı mənə çox pis təsir etdi: "Nədir, məgər bu, dərmandır?!"
Sonralar bunu Qara müəllimə - Qara Qarayevə danışanda qanı qaraldı, "Nahaq mənə vaxtında söyləməmisən, - dedi, - mən özüm müraciət edərdim".
Atam axır günlərində bir az nasaz idi. Həkim Qəni təxminən hər gün bizə gəlirdi. Elə atamın keçindiyi gün də gəlmişdi. Danışırdı ki, Əhmədxan xalaoğludan soruşdum "Necəsən?", "Babatam" dedi, təsəlli verdim ki, yox, maşallah, yaxşısan, dünənə nisbətən irəliləyiş var.
Balaca radionu qoymuşdu sinəsinin üstünə, konsertə qulaq asırdı. Atam dünyadan elə bu cür - muğamla köçüb".
...O ev ki XX yüzilin onilləri boyu Əhmədxan Bakıxanov orda yaşayardı, sadə bir mənzil deyildi. O mənada yox ki, çox təmtəraqlı idi, tikilişi möhtəşəm idi. Yox, adicə bir mənzil idi. Bakının köhnə məhəllələrində digər ortabab ailələrin yaşadığı həyət evlərindən az seçilirdi. Ancaq bütün başqa mənzillərdən əsas fərqi bu idi ki, həmişə get-gəlliydi, həmişə qonaq-qaralı idi, həmişə ordan musiqi sədaları ucalırdı. Həmin mənzilin qeyri-adiliyi ondaydı ki, hamı ora sadəcə ev deyil, bir musiqi məbədi, sənət ocağı kimi baxırdı.
Lap çoxdan nə o ev var, nə o məhəllə. Köhnə binalar sökülüb, təzələri tikilib. O keçmişdəki adamların hansılarısa bir möcüzəylə indiyə təşrif gətirib həmin həndəvəri gəzib-dolaşsaydılar, heç o yerləri tanımazdılar.
Tarixin səhifələri çevrilib, dündəkilər dünəndə qalıb.
Ancaq
Əhmədxan Bakıxanovun o bir evi indi min ev
olub.
Heç Əhmədxan Bakıxanov özü də
dünəndə qalmayıb. Bugünün içərisində
var, və yolu da sabaha doğrudur.
Çünki o, özündən sonra yol, məktəb,
dərslər yadigar qoyub gedib.
Yolsa, məktəbsə, dərssə heç vaxt bitən,
sona çatan deyil.
Və yol, məktəb, dərs davam etdikcə Müəllimin - Ustad Əhməd Bakıxanovun da adı diri, xatirəsi canlı olacaq.
31 avqust 2022
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.10-11-12.