“Səhənə üçün çox darıxmışam”

 

BİR  DÖVRÜN ƏFSANƏSİ - ƏMƏKDAR ARTİST KİFAYƏT GƏNCƏLİ İLƏ SÖHBƏT

Bir yay səhəri sürət qatarı ilə Bakıdan Gəncəyə yola düşdüm. O əzəmətli şəhər tarix kitablarından necə əsrarəngiz görünürdüsə, kədərin milyon rəngini mənimlə tanış edən məmləkətə çevrilmişdi. Yol boyu qatarın pəncərəsindən şəkildən şəkilə düşən o boz çölləri nəzərlərimlə ötürdükcə Gəncədə uyuyan uşaqlıq dostum, vaxtilə bir sinifdə oxuduğum, cəngavər qardaşım şəhid İlqar Bürcəliyevin nurlu siması xəyalımda dolaşırdı. Amma bununla belə o qırmızı kərpicli ulu şəhər əsrarəngizliyini gözümdə itirməmişdi, əksinə, İlqardan sonra müqəddəs ziyarət yerimə çevrilmişdi... Qatardan enib Gəncə havasını ciyərlərimə çəkəndə yaddaşımın etibarlı yerindən bir səs qulağımda dolaşdı. Bir vaxtlar səsinin və görkəminin füsunkarlığı ilə səhnələrin yaraşığına çevrilən Kifayət Gəncəlinin ifalarını xatırladım. Onun "Gəncəm" mahnısı xatirimə gəldi: "Ana Gəncəm, ana Gəncəm, qurbanam sana, Gəncəm..." Fikirləşdim, görəsən, hardadır, həyatdadırmı? Bu sualın cavabından bixəbər olmaq bir mədəniyyət müxbiri üçün nə qədər utancvericidirsə, bir o qədər gərdişin natarazlığının carçısıdır. Azərbaycanın Əməkdar artistinin sağ olub-olmaması qosqoca sual işarəsi altındadır... İlqarın əmisi, Xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəvəsi, teatrşünas Anar Bürcəliyevə zəng edib hal-əhval tutandan sonra Kifayət xanımı xəbər aldım. Onun da məlumatı yox idi, amma tapa biləcəyinə əmin idim. Bir neçə saat sonra Anar müəllim zəng edib Kifayət Gəncəlinin qızı Elza xanımın nömrəsini mənə verdi, sağ olsun, Xalq artisti Şahnaz Haşımova ona yardımçı olub.

Bakıya qayıdandan sonra Elza xanımla əlaqə saxladım. Kifayət xanımın həyatda olduğunu öyrənəndən sonra ürəyimə su çiləndi. Kifayət xanım həmsöhbət olmağa razılıq verdi...

Günəşin yerə od ələdiyi bir vaxtda Şamil Əzizbəyov küçəsinə yollandım. Qapıdan içəri girəndə, Kifayət xanımın üzündəki hələ də dəyişilməyən gözəllik cizgilərini görəndə kövrəldim, amma tez özümü yığışdırdım, əyilib əlindən öpdüm. Xoş üzlə qarşılamağından bildim ki, söhbətimiz baş tutacaq. Qarşımda zəngin yaradıcılıq yolu keçmiş 85 yaşlı sənətkar əyləşmişdi.

- Kifayət xanım, əhvalınız necədi, səhhətiniz sözünüzə baxırmı?

- 6 ildir ki, xəstəyəm, sümük xəstəliyidir. Allah heç kimə göstərməsin. Elə gecələr olub ki, səhərə qədər zülüm ayaqlamışam. Aldığım pensiya da elə həkimlərə, dava-dərmana gedir. Xəstəlik məni muma döndərib. Elə indi də ağrıkəsici iynə vurdurub səninlə söhbət edirəm.

Xəstəlikdən də, maddi problemlərdən də açıq çöhrə ilə bəhs edirdi, hər cümləsinin əvvəlində, axırında şükranlıq edirdi.

- Bildiyimə görə, sizin əvvəlki soyadınız "Məmmədova" olub. Kifayət Məmmədova necə Kifayət Gəncəli oldu?

- Özfəaliyyət dərnəyində 1 il fəaliyyət göstərəndən sonra, 1968-ci ildə Filarmoniyaya gəldim. Filarmoniyanın direktoru Kərim Kərimov çox gözəl insan idi. Həmin vaxt sevilən sənətkarımız Ceyran Haşımova ansamblı ilə birgə səhnədə idi. Uzun saçlarım var idi. Birinci dəfə qaval verdilər mənə, "Sən güləndə", "Gəl bizə, yar" mahnılarını oxudum. Onda Kərim Kərimov soruşdu ki, sən iranlısan? Dedim, yox. Kərim müəllimgil dedi ki, gəlin bu qıza bir ləqəb verək, həmin ləqəblə tanınsın. O vaxtı da, "lı, li" məsələsi yox idi, nadir hallarda kiməsə icazə verərdilər. Əliağa Quliyevlə Kərim Kərimov haralı olduğumu soruşandan sonra mənə "Gəncəli" ləqəbini verdilər. Getdim, çox çətinliklə sənəddə də "Məmmədova"nı dəyişib "Gəncəli" yazdırdım. Konsertin afişalarında da "Kifayət Gəncəli" yazıldı.

- İlk addımlarınızı özfəaliyyət dərnəyində atmısınız?

- Yox, lap əvvəl Yusif Heydərovun "Gənclik" ansamblında oxuyurdum. Həmin ansambldan ayrılandan sonra, Tarzən Həbib Bayramov məni Əhmədxan Bakıxanovun ansamblına apardı. Əhmədxan Bakıxanovun evinə də getmişdik. Balaca qavalı var idi, onunla məşq edirdim. Allah qəni-qəni rəhmət eləsin, çox gözəl insan idi. Ordan məni İbrahim Əbilov adına Mədəniyyət evinə yolladılar. Həmin vaxtı Zeynəb Xanlarova da həmin ansamblda məşq edirdi. Səhv etmirəmsə, 1967-ci il idi. O vaxtı elə idi, gərək, əvvəlcə özfəaliyyətlə məşğul olaydın. Amma indi professional səhnəyə birbaşa gəlirlər, özünüz bilirsiniz. Bir il Adil Gəray müəllimim oldu, onun ansamblında oxudum. Bədii rəhbərimiz isə Mirəhməd Əsgərov idi. Mirəhməd müəllim çox yaxşı insandı, Allah ona cansağlığı versin...

Duruxdum, bütün hazırladığım suallar dolaşdı. 2 ay əvvəl dünyasını dəyişən Mirəhməd müəllimin surəti gözümdə canlandı. O, 48 il 100 yaşlı Əbilov mədəniyyət evinin bədii rəhbəri olmuş əsl mədəniyyət işçisi, sənət fədaisi idi. Yüzlərlə incəsənət adamının ilk addımlarına şahidlik etmiş, dayaq durmuşdu, eləcə də, Kifayət xanımın...

- Kifayət xanım, Mirəhməd Əsgərov 2 ay olar dünyasını dəyişib...

- Nə danışırsan? Ay Allah... Necə gözəl insan idi o... Üzü gözümüz qabağına gəldi. Heyif, heyif...

Bir neçə dəqiqə kədərli sükutdan sonra söhbətimizə davam etdik.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- 1937-ci il, noyabrın 2-də Gəncədə dünyaya gəlmişəm. Atam mühasib idi. Uşaqlığım müharibə dövrünə düşdü. Evdə də çox uşaq idik. Çox çətinlik çəkmişik.

- Nəsildə sizdən başqa musiqiçi var idimi?

- Atamın, anamın, bacımın, dayılarımın yaxşı səsi var idi. Rəhmətlik bacım yaxşı "Segah" oxuyardı. Ümumiyyətlə, hamımız "Segah"ı çox sevmişik. Amma məndən başqa heç kim sənətlə məşğul olmadı. Qardaşlarım qaraqabaq idilər.

- Bəs necə oldu ki, sizi Bakıya buraxdılar?

- Xalam oğlu icazəmi alıb məni Bakıya gətirdi. Xalamgil Bakıda yaşayırdılar. Pedaqoji İnstitutun İbtidai sinif müəllimi ixtisasında 1 il təhsil aldım. Sonra istəmədim, institutdan ərizə yazıb çıxdım. Səsim var idi, ətrafımdakılar təhrik edirdilər ki, oxu, oxu... Bir il istirahət elədim.

- Muğam üzrə ali təhsil aldınızmı?

- Bəli, Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil oldum. Nəriman Əliyevin muğam sinifində oxudum. Kəmalə Rəhimli, Vahid Abdullayevlə bir sinifdə muğamın sirlərini öyrənmişik. Axşam növbəsi dərsə gedirdim, gündüz filarmoniyada işləyirdim.

- Hansı ansambllarda oxumusunuz?

- Əliağa Quliyevin, Ağası Məşədibəyovun, Əhsən Dadaşovun, Baba Salahovun, İslam Rzayevin ansambllarının solisti olmuşam.

- Bildiyimə görə, həm Sovet vaxtı, həm də Birinci Qarabağ müharibəsi ərəfəsində Bakının hüdudlarından kənarda konsertlər vermisiniz...

- Bəli, qastrol səfərlərində çox olmuşam. Elə olurdu aylarla rayonlarda olurduq, evə gəlmirdik. Həmin illər çox əziyyət çəkmişəm. Mehmanxanalarda vəziyyət çox pis idi. Hərdən palto ilə yatırdıq. Çox çətin idi. Gündüz saatlarla pambıq tarlalarında konsert verirdik... Amma sizə deyim, çətin də olsa, hərdən adam deyir, kaş o günlər geri qayıdardı. İnan, mənim üstümdə Şəmkirdə pəncərə sındırıblar. Deyirdilər, Kifayət, sənin konsertlərinə bilet tapmaq olmur.

- Görkəmli bəstəkarımız Ələkbər Tağıyevlə də əməkdaşlıq etmisiniz. Onun "Vəsilə", "Mənim Gəncəm" və digər mahnılarını ifa etmisiniz. Amma yollarınız tez ayrılıb. Səbəb nə idi?

- Ələkbər Tağıyevin yanına gedəndə 34 yaşım var idi. Nizami küçəsində yaşıyırdılar. Bir tanınmış sənətkar da həmin vaxtlar onunla işləyirdi. Rəhmətlik Ələkbər müəllim deyirdi ki, qızım, sən ondan "muzikalni"sən, yaxşı ürəyin var. Amma necə deyərlər, iki qoçun başı bir qazanda qaynamaz. Ad çəkməyəcəm, istəmədilər ki, iki nəfər göz önündə olsun. Özüm Ələkbər müəllimin yanından ayrıldım. Hətta Ələkbər Tağıyevin yoldaşı deyirdi ki, niyə belə utancaqsan sən? Amma sizə deyim, həyatda utancaq olsam da, səhnədə utancaq olmamışam. Bir erməni kamança çalan var idi,  Əməkdar artist Nefton Qriqoryan, deyirdi, sən səhnədə coşqun olursan.

- Sənətdə qarşınızı kəsməyə can atıblarmı?

- Paxıllıqlar çox olub. Qabağımı kəsmək istəyənlər də var idi. Amma heç kimin adını çəkməyəcəm. Bəziləri haqq dünyasındadı, lazım deyil. Vallah, namusumla, qeyrətimlə çalışmışam. Heç kim mənə sponsorluq etməyib. Ailəm, balam mənim üçün birinci idi. Mən pul verib özümü qabağa çəkə bilməzdim. Elə şeylər var ki, desəm, aləm qarışar, amma lazım deyil... Həmişə sənət yoldaşlarıma mehribanlıqla yanaşmışam.

Bir-iki dəfə örtülü kitabları vərəqləməyə israr eləsəm də, Kifayət xanım heç kimin adını çəkmədi. Qorxmurdu, sadəcə, ötən illərə hörmətsizlik etmək istəmirdi. Dedi ki, axı onları da minlərlə sevən var, olub-keçən məsələləri açmaq nəyə gərəkdi?! Nəcib insandır Kifayət xanım. Təkcə bu stiuasiya onun xarakteri haqqında böyük məlumat verir...

- Kifayət xanım, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüsünüz. Sonradan Xalq artisti üçün müraciətiniz oldumu? Sizcə, 85 illik yubileyiniz astanasında bu fəxri adın vaxtı deyilmi?

- Neçə il əvvəl iki dəfə bu barədə müraciət etdim, qəbulda da oldum.  Deyilənə görə, 2017-ci ildə mənimlə bağlı təqdimat da verilib. Amma sonra səs çıxmadı...

- Bəs hazırkı mədəniyyət nazirimiz Anar Kərimova müraciət etmisinizmi?

- İndiki Mədəniyyət nazirimiz Anar Kərimov məni onlayn qəbul etdi. Olduqca nəzakətlə, hörmətlə yanaşdı, təmkinlə dinlədi. Bu mənə çox xoş gəldi.

- Müraciətiniz yenə fəxri adla bağlı idi?

- Bilirsiz, müalicəm üçün, yaşamağım üçün mənə pul lazımdı, maddi vəziyyətim ürəkaçan deyil. Ona görə də bu dəfə Xalq artistliyinə görə yox, Prezident təqaüdü üçün müraciət etdim. Dolana bilməyəndən sonra Xalq artistliyini nə edəcəm? Bunların hamısını, vəziyyətimi Anar müəllimə danışdım. Özündə qeydlər apardı. Hələ ki, bir xəbər yoxdu.  Çox çətindi mənim üçün... Nazirimiz təqdimat versə, məncə, möhtərəm Prezidentimiz məni sevindirər. Sentyabrın 18-nə ümidim var...

Kifayət xanım nəcib olduğu qədər də mədəni və məğrurdur. Heç bir məsələdə üsyankarlıq eləmir, heç kimə kin yağdırmır. Arzusunda olduğu nəsnələri də mədəni, təmkinli şəkildə çatdırır. Səhhəti olduqca pisdir. Qızı Elza xanımla da bu barədə həmsöhbət oldum. Qeyd edir ki, dərmanlar çox bahadır. Yaşadıqları ev də xeyli köhnədir. Amma hər şeydən daha çox onu anasının səhhəti narahat edir. Sağlamlığı, dolanışığı üçün ona pul lazımdır. Ümidvarıq ki, həmişə olduğu kimi, bu dəfə ölkə rəhbərliyi böyük sənətkarımızı bu ahıl və nələrsə umduğu çağında çarəsiz qoymayacaq,  yaradıcılığını və çətinliyini nəzərə alıb sənətkarı sevindirəcək.

- Kifayət xanım, şan-şöhrət hərisliyindən uzaq olduğunuz məlumumuzdur. Yaşlı-orta nəsil sizi yaxşı xatırlayır. Bəs bu gün onların sizdən xəbərsiz olmalarının səbəbi nədir? Niyə birdən-birə hər yerdən çəkildiniz?

- Qızıl fondda 300-ə yaxın lent yazım var. Televiziyaya dəfələrlə zəng eləmişəm, demişəm, nolar ki, hərdən arxivinizdə olan ifalarımı efirə verin. Heç olmasa, millət görsün ki, ölməmişəm. Deyirlər ki, sizin çəkilişləriniz indiki efirə uyğun gəlmir. Necə yəni uyğun gəlmir?! Mən bu yaşımda təzədən gedib oxumayacam ki... Oxuyaram e, səsim üstümdədi, amma həminki şuxluğum, görkəmim qalmayıb...

Həqiqətən, nə qədər dəyişilsə də, nurlu siması həmin idi. "Uca dağlar" mahnısından bir bənd zümzümə də elədi. Təəccübləndim, 85 yaşda bu qədər büllur səsə malik olmaq çətin məsələdir. Səsi də gözəl qalmışdı... Amma bəxti gözəl olmamışdı sənətkarımızın. Onu kövrəltmək istəməzdim. Amma mərhum yoldaşı barədə soruşanda doluxsundu...

- Sevib evlənmişdiniz?

- Əlbəttə, çox...

- Necə tanış olmuşdunuz?

- Nərimanov prospektində yaşayırdım. Orda məni görmüşdü, atası dosent idi. Allah qəni-qəni rəhmət eləsin. Həmin həyətdə alimlər yaşayırdılar. Zibil-zad atanda deyirdilər, görəsən, bu hansı professorun qızıdı.

- Oxumağınıza icazə verdimi?

- Oxumağıma icazə vermədi. Səhnənin çox xiffətini çəkirdim, radiodan musiqi səsi eşidəndə zülüm-zülüm ağlayırdım. Sənətimi ailəmə qurban vermişdim... Elə oldu ki, fələk bacamızdan qəm ələdi. Qızımın 4 yaşı olanda həyat yoldaşım dünyasını dəyişdi. Balamı tək böyütdüm...

- Neçə yaşı var idi?

- 1980-cı il idi. Yazığın 40 yaşı var idi...

- Bəs ölüm səbəbi nə idi?

- Elə durduğu yerdə... Onu da əsəbiləşdirmişdilər elə... Nəysə...

- Sənət adamlarından kimsə sizlə hal-əhval tuturmu?

- Təkcə Raziyə Şirinova zəng edir. Əvvəllər Qaraxan Behbudov da axtarırdı. Allah ona da can sağlığı versin, həyat yoldaşı rəhmətə gedəndə hüzürə getmişdim. Başqa heç kim axtarmır.

Mirəhməd müəllimdən sonra ikinci pis xəbəri ona verməməli idim. Amma özümdən qeyri-ixtiyari dilləndim:

- Kifayət xanım, Qaraxan Behbudov 2 il olar dünyasını dəyişib...

- İlahi... Ola bilməz... Necə eşitməmişəm... Can-can... Heyif ondan, gözəl insan, gözəl sənətkar idi, çox heyif...

Yenə də kövrəldi... Kifayət xanım, bəlkə də, neçə-neçə sənət yoldaşının ölümündən xəbərsiz idi...

- Kifayət xanım, nələrdən ötrü darıxırsınız?

- Gəncədən ötrü darıxıram. Əvvəl gedib-gəlirdim, amma indi xəstəlik imkan vermir. Məndə ürək çatışmazlığı da var. Ona görə uzun yol gedə bilmirəm.

- Bəs səhnəyə çıxmaqdan ötrü?

- Çox... Səhnəyə çıxmaqdan ötrü çox darıxmışam. Milli Musiqi Günü ilə əlaqədar məni də bir tədbirə çağırıblar,  bax bu məni sevindirir...

- Telekanalları izləyirsinizmi? Necədi vəziyyət?

- Öz kanallarımıza az baxıram. Bilirsiz, sənət söhbətləri eləmirlər, qəribə söhbətlər üzərində intriqalar aparırlar... Amma yaxşı oxuyanlarımız, əla cavanlarımız var. Amma sizə deyim, oxumaq dəyişilib. İndikilərin şansı bizdən çoxdu...

Özümü xoşbəxt hiss etdim. Canlı tarixlə həmsöhbət oldum. Kifayət xanımın lent yazısını dinlədiyim ilk gündən bu söhbətin arzusunda idim. Keçmiş fotoşəkillərinə baxdım, afişalarının şəklini çəkdim. Necə deyərlər, müsahibə müddətində bütün qeyri düşüncələrdən azad oldum. Çıxanda dedi ki, yaxşı yarpağımız var, gələn dəfə sənə dolma bişirəcəm. Mən bir də həmin evə getmək istəyirəm, amma arzularının həyata keçməsi münasibətilə təbrik etməyə, əlimdə gül-çiçəklə...

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 6 sentyabr.- S.8;9.