Qarabağın müqəddəs Azərbaycan
ruhlu söz-sənət dünyası
Əzəli-əbədi yurdumuz olan cənnət
Qarabağın hər qarışında tarix sanki dil-dil
ötür, o yerlərin hər daşında, çiçəyində
Azərbaycan ahəngi duyulur. Çaylarının
şırıltısı, bulaqlarının zümzüməsi,
musiqi, bayatı, qəzəliyyat ruhu ilə mənalanan
Qarabağın ecazkarlığını tam şəkildə
ifadə edəcək dolğun bir söz tapmaq vətən
sevgisinin qüdsiyyətini dilə gətirmək qədər
çətindir. Kim bilir, bəlkə elə
bu səbəbdəndir ki, bu torpağın yetirmələrinin
vətən məhəbbəti sözün
iqtidarsızlığının əvəzi olaraq daha
çox musiqi təranələrində səslənib.
Qarabağ öz möhtəşəm tarixi, əsrarəngiz
təbiəti, bu torpaqda yetişən əfsanəvi şəxsiyyətləti
ilə "ömür boyu səslənəcək" bir nəğmədir
ki, onun nəqəratı Şuşadır. Pənahəli
xanın hökmü ilə salınmış bu şəhərin
tikintisinə fəhlə və xidmətçi kimi cəlb
edilənlər məzlum sifətlə orada məskunlaşmaq
razılığı alandan sonra "yersiz gəldi, yerli,
qaç" prinsipi ilə Azərbaycan xalqına baş bəlası
oldular. Xalqımızın
saflığından, comərdliyindən sui-istifadə edib,
itaətkar və məğmun görkəmdə, quyruq
bulamaları ilə gözə kül üfürüb xarici
ağalarının yardımı ilə tədricən
torpaqlara, mövqelərə yiyələndilər.
Onları süfrəmizə yaxın buraxdıq, mətbəximizə
göz dikdilər, adət-ənənələrimizi öyrətdik,
özününküləşdirməyə cəhd etdilər,
qədim mədəniyyətimizi öyrənib, musiqimizi dinləyib
onlara sahib çıxmağa çalışdılar... Amma öz kökləri olmadığı
üçün nə qəzəliyyat, nə də muğam
yarada bildilər. Bu namərdlərdən bir nəfəri
belə Azərbaycan Konservatoriyasının məzunu ola bilmədi, əlahəzrət tarix bir daha
sübut etdi ki, bu torpaqlar cənnətməkandır, şeir,
sənət, qutsal mədəniyyət beşiyidir, gözəllik
qaynağıdır, qoynunda xarıbülbüllər bitirən
gülüstandır.
Bu torpaqların bərəkətinə tamah salıb
müvəqqəti işğal edənlərin görk
olası aqibəti tarixin bədnam səhifələrində
yetərincə təfərrüatla təsvir edilib. S.Vurğunun təbirincə
desək, "min xəyal edən bu yerlərin"
şanlı tarixi var və onu yazanların sayı
onlarladır.
Vətən sevgisini ilahi bir təblə təsvir edən
Mir Həmzə Seyid Nigarinin təsəvvüflə
yoğrulmuş poetik misraları nə ilə müqayisə
edilə bilər?
Nə əcəb
dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəski-müşk ənbər imiş
buyi-qubari-Qarabağ.
Abi-heyvan imiş ənhari-bakari-Qarabağ.
Qövsəri-tubi imiş
çayı-çinari-Qarabağ.
Aləmi-cənnət imiş dar-diyari-Qarabağ.
İndi
bildim nə imiş vəsfi həzari-Qarabağ,
Yeridir ki, çəkərəm ah ilə zari Qarabağ.
Dağlayıbdır
məni bir laləüzari-Qarabağ,
Yandırıbdı məni bir nazi-Nigari Qarabağ.
Qarabağ
mahalının Cicimli kəndində dünyaya gələn,
Ürfan poeziyasının ən görkəmli nümayəndələrindən
olan Mir Həmzə Seyid Nigari sufi şairi kimi tanınıb əhli-beyt
aşiqi olmaqla əruz vəzni ilə bərabər,
anlaşıqlı xalq dilində, heca vəznində də
şeirlər yazmış Yunis Əmrə, Nəsimi, Miskin
Abdal, Füzuli, Nəbati kimi söz ustadlarından bəhrələnib.
Onun "Qarabağnamə", "Nigarnamə",
"Çaynamə" kimi məsnəviləri, "Mənaqubi-Seyid
Nigari" adlı əsəri, ayrıca divan müəllifi
kimi zəngin fəaliyyəti olmuşdur. Onun
divanında qəzəl, qəsidə, tərkibbənd, qitə,
məsnəvi, rübai kimi klassik poeziya nümunələri
dini-təsəvvüf, fəlsəfi-əxlaqi
baxışlarının tərənnümü kimi
böyük dəyər kəsb edir.
Tamamilə
təbiidir ki, məhz Qarabağın ictimai-mədəni
mühitində Molla Pənah Vaqif poeziyasının təsirilə
Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab
yaradıcılığı püxtələşər,
"Məclisi-üns", "Məclisi-fəramuşan"
yarana bilərdi.
Bir zaman
Şuşa şairlərindən Mirzə Rəhim Fənanın,
Hacı Abbas Agahın yaratdığı və cəmi
dörd nəfərdən ibarət olan "Məclisi-üns"ə
adlarını qeyd etdiklərimizdən başqa, Mirzə
Ələsgər Növrəs, Mirzə Sadıq Piran,
İsmayıl bəy Dəruqə, Məşədi Nəsir
Sövhi, Baxış bəy Səbur, sonralar digər qələm
sahibləri də qoşulmuşlar. Amma heç
şübhəsiz ki, burada başlıca mövqe sahibi
Xurşidbanu Natəvan idi.
Yeri gəlmişkən
bu yerdə onu da qeyd etmək lazımdır ki, şeirlərini
əvvəllər "Xurşid", sonralar "Natəvan"
təxəllüsü ilə yazan şairin ədəbi
yaradıcılığı, şeir-sənət sevgisi, təbinin
coşqunluğu bibisi, o dövrün məşhur əsilzadə
xanımlarından olan Qarabağ xanı İbrahimxəlil
xanın qızı Ağabəyim ağanın istedad
nümunələri olan zəngin şeiriyyətindən təsirlənmişdi.
Natəvanın "Qərənfil" şeirinin Ağabəyim
ağanın "Xarıbülbül" şeri ilə,
"Ağlaram", "Olaydı", "Sənsiz",
"Ölürəm"
şeirlərinin Ağabəyim ağanın "Əgər
küləyə versən ənbərifsanı",
"Yanıram qəm oduna", "Vüsalına
çatanların başqa zövgü-səfası var"
kimi şeirləri ilə səsləşdiyini söyləmək
olar. Bu sırada "Tuti" təxəllüsü ilə
farsca yazdığı şeirləri ilə bərabər,
Ağabəyim ağanın məşhur Qarabağ şikəstəsinə
rövnəq verən bayatı üslubundakı:
Əziziyəm
Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ
- misralarının misilsiz nümunə olaraq
yaşadığını ayrıca qeyd edə bilərik. Onu da qeyd edə bilərik ki, atası İbrahimxəlil
xanın vəziri, dövrünün mütəfəkkir
şairi olan M.P.Vaqifdən dərs alıb, onun
yaradıcılığına rəğbət bəsləyən
Ağabəyim ağanın "Əfsus ki, yarım gecə gəldi,
gecə getdi, Heç bilmədim ömrüm necə gəldi,
necə getdi" kimi kifayət qədər məşhur olan qəzəli
onun müəllifinin nadir poetik istedadının sübutudur.
Vətən
bağı al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən
hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Bülbül,
geyibsən al yaşıl,
Qolların boynumdan aşır.
Ağlamaq
mənə yaraşır,
Qoy
ağlayım barı, bülbül!
- yazan Ağabəyim ağanın insani kədəri
sanki genetik olaraq Natəvanın da poeziyasına sirayət
etmişdi.
Ustad tarzən Qurban Pirimovun qeyd etdiyi kimi,
"Xurşidbanu Natəvan nəinki şeir, eləcə də
musiqini çox sevirdi. Xanəndələrdən Hacı
Hüsü və Məşədi İsi onun məclisində
oxuyardılar. Bu xanəndələr oxuyarkən
Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər.
Son vaxtlara qədər Cabbar (məşhur xanəndə
C.Qaryağdıoğlu nəzərdə tutulur - A.Q.) onun qəzəllərini
öz repertuarında saxlardı".
Qarabağın maarif, bədii yaradıcılıq
baxımından zəngin olan münbit mühitinin qədimlərdən
başlayan ənənələri dirilik mənbəyi olaraq
sonrakı nəsillərin sənət taleyində təzahür
etmişdi. Bu, həmən möhtəşəm qaynaqdır ki,
Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətin,
sonrakı milli ziyalı nəsillərin yetişməsinə
vəsilə olub.
"Məcnun
Leylinin məzarı" üstündə səhnəsinin
teatr sənətimizin inkişafına, özəlliklə
musiqili teatrın yaranmasına körpü olması faktı mədəniyyət
tariximizin parlaq səhifəsidir və həmin dövrdə
Üzeyir bəyin, müqtədir sənətkar Hüseynqulu
Sarabskinin müstəsna xidməti hər dəfə minnətdarlıqla
qeyd edilir.
Müsəlman Şərqində milli opera və operetta
janrının yaranması ilə fəxr etmək
haqqımız danılmaz olduğu kimi, Üzeyir Hacıbəylinin
- Qarabağın yetirdiyi bu dahinin universal yaradıcılıq
istedadının möhtəşəmliyi də
danılmazdır. Onun opera və operettaları, musiqi nəzəriyyəsinə
aid elmi tədqiqatları, ədəbi-bədii
yaradıcılıq nümunələri, musiqi təhsili sahəsindəki
səyləri həqiqətən heyrətamizdir.
F.B.Köçərli, H.B.Zərdabi, H.Mahmudbəyov,
E.Sultanov kimi maarifpərvər ziyalıların fəaliyyət
nümunəsinin təsiri ilə formalaşan yaradıcı
şəxsiyyəti Ü.Hacıbəylinin publisist, dramaturq, bəstəkar
kimi universal yaradıcılıq potensialını büruzə
verməsini şərtləndirmişdi. Həmin
yaradıcılıq mayası bilavasitə Şuşa
mədəni mühiti ilə bağlı olduğu
üçün folkloru, o cümlədən, xalq
gülüş mədəniyyətini, onun hikmət duyumunu,
ifaçılıq sənətini, bütövlükdə bədii
yaradıcılıq təbiətini mənalandırmışdı.
Tarixi mənbələrdən
də bəllidir ki, Qarabağ bölgəsi, xüsusilə Şuşa şəhəri Azərbaycan milli mədəniyyətinə
neçə-neçə görkəmli sənətkarlar bəxş
etmiş və onlar özlərindən sonra milli mənliyimizin
sübutu olan misilsiz sənət mirası yaratmışlar.
Bu gün
adlarını iftixarla çəkdiyimiz Əbdülrəhim bəy
Haqverdiyev, Üzeyir və Zülfüqar Hacıbəyli
qardaşları, Əhməd bəy Bədəlbəyli,
Bülbül (Murtuza Məmmədov), Sürəyya Qacar, Rəşid
Behbudov, Barat Şəkinskaya və b. Azərbaycan musiqili və
dramatik teatrının təşəkkülündə,
inkişafında əvəzsiz xidmət göstərmişlər.
Heç təsadüfi deyil ki, Şuşa
mədəni mühitinin zənginliyindən qaynaqlanan ənənəvi
sənətkarlıq məktəbi uzun onilliklər ərzində
milli mədəniyyətimiz üçün onlarla qüdrətli
istedad sahibləri, görkəmli ziyalılar yetişdirib.
Otuz ilə yaxın
ağrı-acılı illərdə Şuşanın
dağları başını əyməsə də, duman
içində xəcalətini gizlətmiş, öz
oğullarının onu azad edəcəyi günü həsrətlə
gözləmişdi. Və o gün gəldi.
Qəhrəman Azərbaycan Ordusu, onun igidləri düşmənə
qan uddurub, Qarabağ torpaqlarını, Şuşanı
düşmən tapdağından azad etdi və bütün
ölkə əhalisi "Qarabağ Azərbaycandır!"
hayqırtısını eşitdi, Ali Baş komandanın
"Şuşa sən azadsan" nidasını böyük riqqətlə dinlədi.
"Şuşanın dağları başı
dumanlı" idi, amma bu qara duman çəkildi. İndi bu
dağların başı üzərindəki duman heysiyyəti
özünə qaytarılmış bir gəlin duvağı
kimi ağappaq və safdır. İndi cənginin
qığılcım saçan ritmi "Qarabağ şikəstəsi"nin ahənginə heç zaman
olmadığı qədər məhrəm səslənir.
Minlərlə canın qurban
olduğu, yaşamaq hüququndan keçib qəhrəman olan
Azərbaycan əsgərinin rəşadəti sayəsində qədim Şuşa
gözünü açdı, dikəldi, rahat nəfəs
alıb sevincindən hər kəsə, xüsusən onu azad
edənlərə pay verəcəyinə,
xarıbülbülün yaralı qazilərə məlhəm
olacağına əmin idi. İndi Şuşa öz cənnət
rayihəsi ilə daha füsunkar görünür. İndi Pənahəli
xanın, Vaqifin, Zakirin, Mir Həmzə Nigarinin, Ağabəyim
ağanın, Natəvanın, Fatma xanım Kəminənin,
Üzeyir bəyin, Cabbarın, Bülbülün ruhunun
rahatlıq tapdığı "nəğmələr
gülüstanı" Qarabağda bizim əsrin yeni "sevgi
dastanı" yazılır.
Afət QƏDİROVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 7 sentyabr.-
S.15.