Bilal Alarlının
"Son dua"sı
Şair,
yazıçı, folklorşünas,
AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı ədəbi mühitə ötən yüzilliyin səksəninci illərində
gəlib, sərbəst
məzmunlu şeirlər
və real həyatı
əks etdirən hekayələr yazır. Bu şeir və
hekayələrdə öz
taleyini görən oxucular onları sevə-sevə oxuyurlar.
Bilal Alarlı
təkcə şeir və hekayə yazmaqla kifayətlənmir,
yaşadığı bölgənin
dəyərli folklor nümunələrini böyük
həvəslə toplayır,
nəşr etdirir və araşdırır. O, folklora
dair onlarla sanballı, ölkə əhəmiyyətli kitabların
müəllifidir.
Ədəbiyyat sevgisi Bilal Alarlını
Cənub bölgəsində
çoxsaylı nəşrləri
ilə tanınan
"Nöqtələr" ədəbi qrupunu yaratmağa sövq edir və o, qısa müddətdə
ədəbi qrupa çoxlu ədəbiyyat həvəskarı toplayır. Demək olar
ki, bu qrup
vasitəsilə yüzlərlə
gənc şair və yazıçının
ilk yaradıcılıq nümunələri
və kitabları işıq üzü görmüşdür. Maraqlıdır, həm topluları, həm də gənc şair və yazıçıların
ilk kitablarını Bilal
Alarlı şəxsi
vəsaiti ilə ərsəyə gətirir.
O, ədəbi qrupda fəaliyyət göstərən
gənc şair və yazıçıların
kitablarının işıq
üzü görməsinə
təmənnasız yardım
edir.
Bilal Alarlı
bu gün də ölkəmizin digər rayonlarında fəaliyyət göstərən
ədəbi birliklərlə
sıx əlaqə saxlayır, ədəbiyyatın
qarşılıqlı, müqayisəli
inkişafına böyük
təkan verir. Səmimi demək
lazımdır ki, başqa rayonların da şair və
yazıçılarının kitablarını çap etdirməyə olan mümkün köməyini
əsirgəmir.
XX əsrin əvvəllərində
Mirzə Cəlil, Mirzə Ələkbər
Sabir ədəbi məktəblərinin fəaliyyətini
sevə-sevə oxumuşuq
və onları ədəbiyyatımızın, mədəniyyətimizin və
yaxın tariximizin nəhəng simaları adlandırmışıq. Mənə elə
gəlir ki, iyirminci yüzilliyin sonlarında "Nöqtələr"
ədəbi qrupundakı
çoxşaxəli fəaliyyətinin
nəticələrini Bilal
Alarlı Ədəbi
Məktəbi də adlandırmaq olar. Onun tərtibçiliyi və redaktorluğu ilə yaradıcı tələbələrin,
Muğan Folklor və Yaradıcılıq
Mərkəzi üzvlərinin
poetik, elmi və publisitik topluları işıq üzü görüb.
Bilal Alarlının nəşr
etdirdiyi toplularda Cəlilabad, Biləsuvar, Lənkəran, Yardımlı,
Astara, Bakı, Gəncə kimi bölgələrdən olan
gənclərin də
yaradıcılıq nümunələri
yer alıb. O, istedadlı gənclər haqqında məqalələr
yazır, onların şeir və hekayələrinin ədəbi
orqanlarda işıq üzü görməsinə
nail olur.
Bu alim şairin poeziya yaradıcılığını
ədəbiyyat nəzəriyyəsi
baxımından izah etsək, onların
sentimental, lakin real metodlara uyğun gəldiyini qeyd edə bilərəm.
Bilal Alarlı - Hüseynov Bilal Hüseynağa oğlu 1958-ci il
sentyabrın 8-də Cəlilabad
rayonunun Alar kəndində anadan olub. Bakı Dövlət Universitetini
(1981), Jurnalist Sənətkarlığı
İnstitutunu (1989), ADPU-nun (keçmiş AMİ-nin) Cəlilabad Filialını
(2006) bitirib.
Bilal Alarlı ADPU Cəlilabad filialında, eyni zamanda Cəlilabad rayonundakı Alar kənd 3 nömrəli tam
orta məktəbdə
ixtisasına uyğun olaraq, Azərbaycan dili və Ədəbiyyat
fənlərini tədris
edir. O, filologiya üzrə fəlsəfə
doktoru, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, "Qızıl
qələm" media mükafatı
laureatıdır. Bilal Alarlı
2021-ci ildə Azərbaycan
Yazıçılar Birliyi
tərəfindən Prezident
təqaüdünə təqdim
olunub. 38 bədii, elmi və publisistk kitabın müəllifidir.
Ədibin sonuncu nəşr olunan şeir kitabı "Son dua"
(Elm və təhsil,
2022) adlanır. Kitab xoşuma gəldiyinə
görə birnəfəsə
oxuyub qurtardım.
Kitabda ədibin son illərdə
qələmə aldığı
şeirlər toplanıb.
Həmişə olduğu kimi
müxtəlif mövzuda
yazılan şeirlər
oxucunun diqqətini cəlb etməyə bilmir. Onu da qeyd edim ki, kitabın
daha bir özəlliyi ondan ibarətdir ki, burada təqdim olunan rəylərdə Azərbaycanın görkəmli
ədəbiyyat simaları
Bilal Alarlının şəxsiyyətinə və
yaradıcılığına çox dəqiq qiymət veriblər.
Oxucu ilk səhifədən kitabı
heyranlıqla oxumaya bilmir.
Kitabı oxuduqca müəllifin mənasızlığa, haqsızlığa
qarşı etirazının
şahidi oluruq. O, insanların
başı uca yaşamasını istəyir.
Cəmiyyətdə alçalan
insanlara üsyan edir:
Alçalmağı sevənlər
alçalmış insanlardı,
yəni alçaqlar...
Ürəyini versən də,
Quyruğu tapdanmış ilan
kimi
Dönüb özünü çalacaqlar.
Vüqarı sevməzlər,
çünki qüruru
sınıb,
qeyrəti tapdanıb
onların.
Kim bilir,
bəlkə də nə vaxtsa
zəhməti tapdanıb,
şöhrəti tapdanıb
onların.
Və tüpürüblər üzünə...
Kimisə
gözdən salanda
toxtaqlıq verir
özünə.
Şair həyatda olduğu kimi görünməyi daha üstün tutur, "böyüklük"
iddiasına düşənləri
xoşlamır. İnsanlarda sadəliyi, təvazökarlığı
yüksək qiymətləndirir:
Danışanda hamı özündən
yekə görünür,
nədəndi bu böyüklük iddiası,
bilmirəm.
Mən özüm böyüklükdə
oldum həmişə,
Özümdən böyüklərə həsəd
aparmıram.
Özümdən kiçiklərə
yuxarıdan aşağı
baxıb gülmürəm.
Nə yaxşı ki, az da olsa,
olduğu kimi görünənlər var
hələ.
Kitabı varaqlayıb şeirləri
oxuduqca Bilal Alarlının taleyi ilə qarşılaşdığını
zənn edirsən. Amma elə deyil, Bilal Alarlı burada səmimi, ürəyitəmiz, haqsızlığı
sevməyən insanların
ümumiləşmiş obrazını
yaradır:
Bu dünya malında
gözüm qalmayıb
Tanrı nə vermişdi töküb gedirəm.
Məni
ki, sevmədi sevdiklərim də,
Bağrımın başını söküb
gedirəm.
Yanıram, kül qalır,
qor, köz olmuram,
Ha başı dik tutum, dümdüz olmuram.
Söz güləşdirmirəm, üz-göz
olmuram,
Abrı ətəyimə büküb
gedirəm.
Vətənin ağır günlərində
şairin qəlbi dözmür, əsgər
yaşının keçməsinə
baxmayaraq, döyüşə
getmək istəyir. Ölməyə
yox, öldürməyə
can atır. Vətən
sevgisi şairi bir an belə
rahat buraxmır:
Vətən yolunda
ölüm-dirim mübarizəsindən
keçməyə gedirəm!
Mən tabutda qayıtmayacağam,
ölməyəcəyəm,
öldürüb gələcəyəm.
Düşmənə həddini
bildirib gələcəyəm.
İnsanların gələcək talelərini
həmişə onların
xarakterləri müəyyən
edir. Buna görə də hər bir insan öncə
öz xarakterini saflaşdırmalı, ətraf
mühitlə şəffaf
münasibət saxlanmalıdır.
Müəllifin "Hər
kəsin xarakteri onun taleyidir" fikri nə qədər
müdrik səslənir:
Özündən
Öz xarakterindən çıx,
Çıx, hamı ol.
Haraya üz tutsan
Səni
özünə aparır,
Getdiyin yol.
Hər kəsin xarakteri
Onun taleyidir,
bunu bil.
Hamı
üçün yaşayan
Özü üçün yaşayan
deyil.
Bəzən elə olur ki,
şair çoxlu bilik qazanmağın əleyhinə çıxır. Geniş
dünyagörüşə malik olmağın başa bəla gətirdiyini vurğulayır:
Yaxşı ki, nələr
baş verdiyini
yaxşı bilmirik.
Yaxşı ki, bildiklərimizə
görə
dara çəkilmirik.
Çox
bilənin başı,
çox ağrıyar,
deyirlər.
Başını ağrıtmayanlar
nələr baş verdiyini
bilmək istəmirlər,
sadəcə,
yaxşı yaşamaq
istəyirlər.
Bilal Alarlı
humanist, səmimi, dostluqda
etibarlı, bir sözlə, əsl ədəbiyyat adamıdır. Onun şəxsiyyətini
əks etdirən şeir və hekayələrini çox
oxumuşam, amma
"Son dua" şeiri
qədər onun daxili aləminin incilərini güzgü kimi göstərən ikinci bir şeir
tapmaq çətindir.
Hiss edirəm ki, Allah sevgisi onun həyat
yoludur:
Ulu Tanrı, mərhəmətinə
sığınıram,
Səndən
mənə verdiklərindən
özgə
heç nə istəmirəm.
Hüzurunda çox səhvə
yol vermişəm,
günahımdan keçmə,
istəmirəm.
Nə var həvəskarıyam,
nə dövlət,
İştah
ım da həddini aşmır.
Bu dünyanın malına-mülkünə
boyun əymək
mənə yaraşmır.
Uzun ömür də yaşamaq keçmir ürəyimdən,
Razıyam "kasıb" süfrəmdən,
süfrəmi bəzəyən duzumdan-çörəyimdən...
Gəlib çıxdım mövzumun sonuna. Müəllifə sözümün yekunu olaraq nə demək istəyirəm? Şair dostum Bilal Alarlı, yaşın altımış beşi haqlasa da, çox cavan və gümrah görünürsən. Odur ki, son duadan danışmağın hələ çox tezdir, daha doğrusu, əbəsdir.
Yeni nikbin ruhlu şeirlərinin yolunu gözləyirik.
Cəlil
QURBANOV
Filoloq, tərcüməçi
525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.14.