CƏZA
Gəlin,
sizə sirr açım,
mən qatiləm.
Bir qadının arzularını
öldürmüşəm,
ümidlərinə qəsd
etmişəm.
Ona olan sevgimi
öz əllərimlə
boğub
öz içimdə dəfn eləmişəm,
qəbrini hamıdan
gizlətmişəm.
Elə bilməyin ki,
cinayətim cəzasız
qalıb.
Vicdanım hakim olub,
fikrimi,
düşüncəmi ömürlük
həbsə alıb,
ruhumu zindana salıb.
Məni
azad buraxmır
qətlinə fərman
verdiyim sevda.
Cəzamı günəgün çəkirəm,
günbəgün çəkirəm
fikir-fikir,
ömrüm dizə
çökür,
özümü öldürür
öldürdüyüm sevda.
QAPI
Mən açdım o qapını,
içindəki sirri gördüm.
Ömrüm boyu can atdığım
incini gördüm,
dürrü gördüm.
Gördüm görmədiklərimi,
görmədiklərim məni
gördü,
Olduğum kimi görünmədim
olduğu kimi görünməyənlərə.
Gördüm, hər şey hədərdi,
Xoşbəxtlik
mənim açdığım
qapıya qədərdi.
Gördüm, hər şey
və hamı
gəldi-gedərdi.
Nələr, nələr dəydi
gözümə
mən açdığım
qapıdan o yana!
İlahi,
bağlı qapıların
dalında yatanlar
nə vaxt oyanar?!
Durub qapını örtdüm
üzümə,
Yatan bəxtimi oyatdım,
yuxu gəlmədi gözümə,
gəlmədi ki, gəlmədi...
BAŞAYAQ
Mənim
şeirlərim
başayaqdı, deyirsən.
Deyirsən, qapını qoyub,
pəncərə döyürsən.
İrad
tutursan ki,
qapısı-pəncərəsi qapanmış
ürəklərə
bacadan girirəm!
Tərs
kimi hər şeyi
tərsinə görürəm.
Mən adamların
gözünün içinə
baxmıram,
düz deyirsən.
Mənim
şeirlərimdən
qan iyi gəlir,
amma sən
başayaq gözləyirsən!
Bilal
ALARLI (HÜSEYNOV)
525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.14.