"Yollar yormuş bir insanam..."  

 

Ağasəfa - 80

 

 

Bu günlərdə 80 yaşı tamam olacaq görkəmli şairimiz Ağasəfa (Qafur oğlu Yəhyayev) 8 sentyabr 1942-ci ildə Xızının seyidləri ilə məşhur olan Səngər dağının ətəklərində Qarabulaq kəndində dünyaya göz açıb. Bakıda orta məktəbi, sonra isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Şair, tərcüməçi, publisist Ağasəfa "Kirpi", "Azərbaycan qadını" jurnallarında, "Yazıçı" nəşriyyatında, "Ədəbiyyat qəzeti"ndə çalışıb. Harada işləməyindən asılı olmayaraq sözə, poeziyaya, ədəbiyyata vurğunluğu, əsl sənət arzusu bir an da olsa onu tərk etməyib. "Yolçu yolda gərək", "Yaşat məni", "Ürəyimə yatanlar", "Fikir dünyası", "Günəşin dalınca gedənlər", "Ürəyim saplaqdan asılı qalıb", "Müşfiqə borcluyam", "Başımda dağ havası", "Dözüm", "Məni yandıracaq içimdəki od" (tərcümə), "Bizim yerdən gəlirsən..." sair kitabları çap olunub, geniş oxucu auditoriyası qazanıb. Bu kitablarla Ağasəfa çağdaş Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib.

Təbiətən xeyirxah, nikbin şair, yeri gələndə dünyadakı ədalətsizliyə qarşı  barışmaz mövqedən çəkilməyib, haqqın, ədalətin müdafiəçisinə çevrilib...

 

Bilirəm hər şeyə qüdrətin çatar,

Bir gör bu ürəyim istər, Allah.

Evindən çıxanı evinə qaytar,

Yolunu azana  yol göstər, Allah!..

 

 

Qiymət ver, qiymət ver, qiymət ver, Allah,

Hələ qiymətini almayanlara.

Qeyrət ver, qeyrət ver, qeyrət ver, Allah,

Qeyrət ver, qeyrəti olmayanlara!

 

 

Sənin övladındır bu qədər bəşər,

Sənsən yaradanı geniş aləmin.

Mənim yazımı özün yazmısan,

Əlimi, qəlbimi boş qoyma..

Amin!

 

 

Şərhə ehtiyac yoxdur! Bu gözəl duanın müstəcəb olacağına inanıram...

Taleyin amansız zərbələri dəfələrlə Ağasəfanı sınağa çəkdi. Üç oğlunun anası - gözəl müəllim, ləyaqətli insan Zemfira xanım sağalmaz xəstəliyə düçar oldu. Bu fani dünyanı vaxtsız, vədəsiz tərk edib Ağasəfanı, sevimli balalarını sonsuz kədərə qərq etdi...

 

 

Qoydun məni dünyada həsrətlə,

çıxıb getdin,

Gün tək alışıb söndün,

ulduz tək axıb getdin...

 

 

Bu qəmli misraların müəllifi Ağasəfa Bakı ədəbi mühitinin layiqli davamçısı əruzun bütün şəkillərindən məharətlə istifadə edən nadir istedad sahibidir. İllər öncə anasının vəfatından sonra şairin oğlu Qabil naqafıl bir qəzanın qurbanı oldu. Faciəli şəkildə dünyasını dəyişdi... Şairin dünyası dağıldı, alt-üst oldu.

 

 

Yola saldım, ötürdüm,

Uçdu getdi şah desəm,

Şah desəm - Qabil balam.

Sən gedəli...

Mən təkcəyəm.

 

 

Bu qəmli notlardan ayrılıb, davam edən ömrün fəsilləri ona sevinc , xoş günlər qismət edib. Oğlanları böyüyüb oğul-uşaq sahibi olub. Nəvələr dünyaya gəlib, yeni şeirlər yazıb, kitablar çap etdirib.

günlərin birində çox sevdiyi Bakıdan ayrılıb dünyaya gəldiyi Qarabulağa dönüb... Həm tək yox, indi onunla qoşa addımlayan, hər dərdinə, ağrı-acısına  məlhəm olan Naimə xanımla. Anasının adını verdiyi Sarası dünyaya gəlib. İndi Sara özü anadır, oğul, qız anası.

 

 

 

Ver əlini, anam-sonam,

Gedək Aya, Günə tərəf.

Yollar yormuş bir insanam,

Üz tutmuşam sənə tərəf.

 

 

Sən dağlarda bitən gülsən,

Ürəyini sıxma, qızım.

Bu dünyadan geniş bil sən

Bu balaca daxmamızı...

 

 

Qarabulağa - baba yurduna elə-belə dönməmişdi... Erməni vandalları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınan, bu kəndə pənah gətirən  köçkün ailələrinə həyan olmaq arzusu ilə dönmüşdü... Qərbi Azərbaycan qaçqınları üçün burada məktəb açılmışdı. Məktəbin müəllimləri bu ucqar məkanda çatmırdı. Şagirdlərə müəllim, ailələrinə 30 ildir həyan olan bu gözəl ziyalı şair sonralar yazacaqdı...

 

 

Mənim şagirdlərim qaçqın balalar,

"İki" alanlarım, "Üç" alanlarım...

Vətən sizdən başlar, sizdən yox olar,

Büdrəyə-büdrəyə ucalanlarım.

 

 

Başı daşdan-daşa dəyən millətin,

Yesir balaları, heyranam sizə.

Sizin gözünüzə baxmaq çox çətin,

Sizin qəlbinizə girmək möcüzə.

 

 

Sizin önünüzdə lal oluram, lal,

Ürəyim çırpınır, əllərim əsir.

Sizin duruşunuz müşkül bir sual,

Sizin baxışınız günahkar gəzir.

 

 

Körpəcə qəlbinə qor dolanlarım,

Düşmən pəncəsindən qurtulanlarım.

Böyüyüb Qurd oğlu, Qurd olanlarım,

Hər gün ürəyimə dərd olanlarım.

 

 

Bir tufan başlanır, bilin sizinlə,

Bu tufan siləcək düşmən izini.

Körpə igidlərim gəlin sizinlə

Təzədən başlayaq tarix dərsini.

 

 

Bəli, Ali Baş Komandan İlham Əliyev tarix dərsini yenidən başladı.

İgidlərimizin - şəhidlərimizin, qazilərimizin, hər birimizin arzusu ilə "dəmir yumruq" düşmənin başında ildırımtək çaxdı!

Qarabağ azad edildi. İki ilə yaxındır hər birimiz bu xoşbəxtliyi yaşayırıq. Yolumuz Zəngəzura, Göyçəyə, Basarkeçərə, digər işğal edilmiş yurdlarımızadır.

Ağasəfanın maraq dairəsi, mövzu əlvanlığı diqqət çəkir. Onun Xızı tarixinin öyrənilməsində xüsusi xidməti var.

Xızı vaxtilə 5 mahala bölünüb. Bu mahallardan biri Gəmşərdir - şairin özünün mənsub olduğu mahaldır. Bəzən bu mahalın adını yanlış izah edənlərə şairin cavabı tutarlıdır.

 

 

 

Bax, Gəmşərin üstündən:

Quzğun - Xəzər ovcunda

Lap əlinin içində,

Lap gözünün ucunda.

 

 

Ümman çəkilib geri,

Gəmi qalıb arxada.

Gəmşər ümmana həsrət,

Babalarım yuxuda..

 

 

Keçir şah damarımdan

Suyum, havam, mayam, bu.

Mən Gəmi şəhərliyəm,

Gəmşərliyəm, buyam, bu.

 

 

Çağırıram ruhları,

Babalarım haylanır.

Görürəm ki, içimdən

Azərbaycan boylanır...

 

Qəlbində, ürəyində, bütün varlığında Azərbaycan sevgisi yaşadan şair ictimai motivləri özünəməxsus poetik üslubla, fərqli ifadə vasitələrilə şeirə gətirir.

 

 

Qışa hazır olmayan

Bəzi müdürlər düşür

Titrəməyə, əsməyə.

Bu hiss məni açmadı,

Bu olmadı xeyrimə,

Hayıf, onlar da gəlib

Girir mənim şeirimə

Bakıya qar yağanda.

 

 

Yaxud

 

 

Bu ağsaqqalın yeri,

Bu ağbirçəyin yeri.

Bircə gəlin, bircə qız

Ayaq üstündə qalmaz.

Salıb yerə döyürdü

Bu cibgir o cibgiri:

"Kişi ol! Arvadların

Cibinə girmək olmaz!"

 

 

Vaxtsız itkilər, dost ayrılıqları Ağasəfanın dünyasını kövrəldir, bəzən qəmli notlara çevrilir. Ağa Laçınlı, Şəkər Aslan, Məmməd Aslan, Musa Yaqub, Ələkbər Salahzadə, Fikrət Qoca, Qabil, Sabir Sarvan kimi söz sərraflarının vaxtsız itkisi onun könül dünyasının sarı siminə dəyir...

Tərcümə sahəsindəki uğurları bir ayrı mövzudur. Tərcümələri sanki Azərbaycan dilində yazılan təsirli şeirlərdir. Xüsusilə cəmi 26 il ömür sürmüş macar şairi Şandor Petifinin "Məni yandıracaq içimdəki od" adlı kitabında toplanmış şeirlər.

Şandor Petefinin taleyi şairlik simvolu olan, 29 il ömür etmiş Mikayıl Müşfiqin taleyinə bənzəyir. Hər iki şair xalqının qəlbində əbədi yaşardır, unudulmazdır! Hər iki şairin məzarı yoxdur, nəslinin birbaşa davamçısı yoxdur...

Bu tərcümə kitabının çap edilməsində gözəl ziyalımız, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın xidmətini qeyd etməyə bilmərəm. Kitab çap edildikdən sonra "Azərkitab"da təqdimatını keçirməyi belə unutmayan Qənirə xanımın xidməti danılmazdır.

Bu yaxınlarda şairin yeni - "Bizim yerdən gəlirsən..." adlı kitabı çap edildi. Ağasəfanın bu yığcam kitabı Məhəmməd Füzuli poeziyasının sehrindən, cazibəsindən ərsəyə gəlib. Ustadlar ustadının ölməz, pərişan ruhuna çox kiçik bir ərmağandır. "Vəhdət vadisində" bölməsində beşləmələr, "Satira ovqatında" bölməsində isə mayası, vəzni Füzuliyana, qayəsi, məğzi Sabiranə olan satiralar sıralanıb. Füzulisevərlərə ehtiramla, Füzulişünaslardan ehtiyatla...

 

 

 

Bir daxma misalıdır bu dünya,

Girdin içəri:

- Salam Aleyküm!

Əhvallıdır, hallıdır bu dünya,

Kim quldur ona, kim isə hakim,

Hər kimsəni aldadır bu dünya,

Hamı sevinir, gülür...

lakin

"Qəm çəkməyə bir hərif yoxdur".

 

 

 

Zəngin həyat təcrübəsi, tükənməz yaradıcılıq eşqi, ilahidən verilən ilhamla yazıb-yaradan Ağasəfa haqqında bu yazını sona çatdırarkən nədənsə, onu 30 illik həsrətdən sonra əbədi olaraq bizə qaytarılan Xudafərin körpüsünə bənzətdim... Qədim, bir az sirli, bir az müəmmalı, zamanın küləklərinə, taleyin amansızlığına, dostların laqeydliyinə, düşmənlərin məkrinə sinə gərib min illərdir sökülə-sökülə, tökülə-tökülə dövrümüzə gəlib çatır. O taylı-bu taylı Vətəni birləşdirən böyük Azərbaycan adlı bir məmləkətin simvollarından birinə çevrilib...

80 yaşın mübarək, əziz qardaşım!

 

Ofelya BABAYEVA

 

525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.13.