Xeyirli xəyalların sorağında

 

Esse

 

 

Yəqin ki, ömründə heç zaman xəyal qurmayan, ya da arzularını düşüncəsində, yuxularında canlandırmayan insan tapmaq mümkün deyil. Əgər insan varsa, arzuları var, arzuları varsa, xəyalları var. Bəzən bir ömür məhz xəyalların gerçəkləşməsinə çalışmaqla keçər. Elə hey çabalayar, çalışarıq. Bir görərsən, o xəyalın gözləmədiyin, hazır olmadığın andaca gerçəkləşər, gələr düşər ovuclarının içinə. Çaşarsan, onunla edəcəyin bir tərəfə, düşünəcəyini bilməzsən. Sonra dönüb özün özündən soruşarsan: istədiyim bu idimi?

Məşhur irland yazıçısı Oskar Vayldın bir hekayəsinin qəhrəmanı hər aylı gecədə dəniz sahilinə gedərmiş. Geri dönəndə " gördün?" deyə soruşanlara "dünyalar gözəli dəniz qızlarını gördüm. Qızılı saçlarını gümüş daraqlarla darayırdılar", - deyə cavab verərmiş. Bir gecə yenə dəniz sahilinə gedəndə həqiqətən dünyalar gözəli dəniz qızlarını görür. Qızılı saçlarını gümüş daraqlarla darayırmışlar. Geri dönəndə yenə " gördün?" - deyə soruşanlar olur. Bu dəfə "heç... heç görmədim" - cavabını verir.

Bəli, bu gəncin xəyallarının qəhrəmanı idi dəniz qızları. Onları məhz bu cür görmək idi onun xəyalı hər gecə bu xəyallarının ağuşunda qərq olmaq onu xoşbəxt edirdi. Amma indi gerçəkləşəcəyini gözləmədiyi, ya da heç inanmadığı xəyalları qarşısında idi. Bu dəfə o, xəyalı deyil, həqiqəti görmüşdü indi onun əlində böyük bir heçlik qalmışdı. Türkiyəli yazıçı, jurnalist Haldun Tanerin dediyi bir növ özünün əyani sübutunu tapmışdı. O deyirdi ki, "bir xəyalın gerçəkləşməsindən daha məyusedici bir şey yoxdur".

"Kimyaçı" əsərini xatırlayanınız varmı? Orda bütün həyatı boyunca Məkkəyə getmək üçün pul toplayan bir dükan sahibi vardı. Məkkəyə getmək onu bu həyata bağlayan, yaşamına anlam qatan, onun var olmasını şərtləndirən ən böyük xəyalı idi. O, bu xəyalını gerçəkləşdirmək üçün lazım olan pulu çoxdan toplamışdı. O pul hazır idi, amma adam bu xəyalını gerçəkləşdirməyə hazır deyildi. Əlində pulu olmasına rəğmən, Məkkəyə getmək planını sonraya saxlayırdı. Çünki o, bu xəyalın onu həyata bağlayan önəmli bir bağ olduğunu bilironu itirmək istəmirdi. Rus dramaturq A.Vampilovun dediyi kimi, gerçəkləşən arzular xəyal deyil, plandır. O adam da Məkkəni planı yox, xəyalı kimi görmək istəyirdi və ömrünü bu xəyal uğrunda çalışmaqla keçirirdi.

Bədii ədəbiyyatdan gətirdiyimiz bu nümunələr gerçək həyatımızın qısa xülasələri deyilmi?! Hər birimizin bir gün həyata keçməsindən qorxduğumuz, xoşbəxtliyimizi, varlığımızı bağladığımız, gerçəkləşənə qədər bütün başqa işlərimizi təxirə saldığımız xəyallarımız yoxdurmu? Vardır, əlbət. Bəs heç düşündükmü, əgər bir gün o xəyal həqiqətə çevrilərsə, bizimçün əlçatan olarsa, ondan sonra həyatımız necə davam edəcək? İndiki kimi mənalı, məzmunlu olacaqmı? Ya da yatıb-durub xəyalını qurduğumuz hər nə isə, ona yetəndən sonra, o, bizimçün xeyirli olacaqmı? Nə gözəl demişdi bir müdrik: "Bütün dualarımı qəbul etmədiyi üçün Allaha şükür edirəm". Bu günə qədər neçə "Allahım, olsun" - deyə etdiyimiz duaya sonralar "Allahım, çox şükür ki, olmadı" deyə, sevindik?! Etiraf edirəm, mənim vardı belə dualarım. İndi geriyə baxıram da, nə yaxşı, nə yaxşı ki, olmadı deyirəm və Allahın mənimçün, bütün bəndələri üçün ən yaxşısını bildiyinə bir daha içdən inanıram. Bəlkə də qəbul olmayan xəyallarımız, diləklərimiz üçün sevinməli, bəlkə də daha az göz yaşı tökməliyik?! Bəlkə də "niyə olmadığına" fokuslanmaqdansa, olsaydı, nələr olardı deyə düşünməli, hadisələrə başqa pəncərədən baxmağı da öyrənməliyik?

Hə, bütün bunlar bizi yeni arzulardan, yeni xəyallardan soyudur, uzaqlaşdırırmı? Əsla! Uzaqlaşdırmamalıdır da. Heç xəyal qurmayan, dilək tutmayan insan olarmı? Axı görkəmli rus yazıçısı K.Paustovski də haqlıdır: "İnsanın xəyal qurma qabiliyyəti əlindən alınarsa, o zaman mədəniyyətə, incəsənətə, elmə və gözəl gələcək uğrunda mübarizəyə həvəs yaradan ən güclü stimullardan biri yox olar". Əlbəttə, zaman keçdikcə bir arzu digərini, bir xəyal başqasını qovub-qovub yaşamımıza anlam qatacaq, bizi insan kimi, şəxsiyyət kimi yetişdirəcək, bizə nə istədiyimizi, niyə istədiyimizi öyrədəcək. Əsas odur ki, bir arzuda, bir xəyalda, bir hadisədə, bir insanda, bir nəsnədə ilişib qalmayaq, ömrümüzü "bir"in üstündə cəmləməyək, özümüzə, həyata və dünyaya yeni-yeni şanslar verək, yeni-yeni xəyallar quraq. Təki, haqqımızda xeyirli olan xəyallarımız gerçəkləşsin...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.8.