Rusiyanı gözləyən fəlakət
Qərb dövlətlərinin Rusiyaya
qarşı sanksiyalarının
təsirini müəyyənləşdirmək
və onun doğuracağı nəticələrlə
bağlı Kremlə
hesabat təqdim etmək üçün Mixail Mişustinin göstərişilə məxfi
hesabatın hazırlandığı
haqqında bir müddət əvvəl yayılmış məlumat
təsdiqini tapıb. “Bloomberg” agentliyi Rusiyanın siyasi rəhbərliyi üçün hazırlanmış
məxfi heabatı əldə etdiyini bəyan edərək yayımlayıb. Məxfi hesabat
hökumət üzvlərinin
sanksiyaların təsirilə
bağlı açıqlamaları
ilə tamamilə ziddiyyət təşkil edir. Rəsmi şəxslərin açıqlamalarında
sanksiyaların məhvedici
təsir göstərmədiyi
qeyd olunduğu halda, hesabatda iqtisadiyyatın əsas sektorları üzrə istehsalın kəskin azalması, ölkədən
"beyin axını"nın kütləvi hal alması əksini tapıb.
Məxfi hesabata görə, ABŞ
və Avropanın sanksiyalarının təsiri
ilə Rusiya uzun müddətli və dərin bir tənəzzüllə
üzləşə bilər. Sanksiyaların qalacağı və genişlənəcəyi halda
vəziyyətin fəlakətli
olacağı qeyd edilir. Hesabat müəllifləri ölkə iqtisadiyyatının
gələcəyi ilə
bağlı üç
ssenari təsvir ediblər. Birinci ssenari sadəcə
olaraq siyasi rəhbərliyi qəzəbləndirməmək
üçün hesabata
əlavə olunmuş
yalan məlumatın toplusudur. Digər iki ssenari isə mötədilliyi ilə diqqət çəkir. "Ətalət"
ssenarisi ilə Rusiya iqtisadiyyatı 2021-ci
illə müqayisədə
2023-cü ildə 8,3 faiz, 2024-cü ildə isə 6 faiz azalacaq. Ən bədbin proqnoz olan "Stress" ssenarisinə
görə, 2021-ci illə
müqayisədə Rusiyanın
Ümum Daxili Məhsulu 2023 və 2024-cü ildə
11 faiz azalacaq. Lakin müstəqil ekspertlər
hesabatın gerçəklikləri
tam əks etdirmədiyini
bildirirlər və vəziyyətin daha pis olacağı ilə bağlı xəbərdarlıq edirlər.
Hesabatdakı bir sıra məlumatlar onun gerçəklikləri tam əks
etdirmədiyini söyləməyə
əsas verir. Məsələn, hesabatda
qeyd olunur ki, 2025-ci ilə qədər İnformasiya Texnologiyaları üzrə 200 min mütəxəssis ölkəni
tərk edə bilər. Halbuki artıq Rusiyanı
170-200 min İT mütəxəssisinin tərk etməsi ilə bağlı məlumatlar var.
Hesabatda qeyd edilir ki,
karbohidrogenlərin hasilatını
kəskin ixtisar etmək lazım gələcək. Bu isə
daxili qaz bazarını genişləndirmək
planlarını təhlükə
altına qoyur. Avropanın Rusiya neft məhsullarının
idxalını dayandırmaq
planları həm də istehsalın kəskin azalmasına, nəticədə daxili bazarda yanacaq qıtlığına səbəb
ola bilər.
Qeyd edək ki, 2021-ci ildə neft məhsullarının ixracında
Avropa ölkələrinin
payı 55 faizi olmuşdu. Yəni Rusiya neft məhullarının yarıdan
çoxunu ixrac etdiyi bazarı itirmək üzrədir və bu itkinin
yerini doldurmaq mümkün deyil.
Hesabat müəllifləri
xəbərdarlıq edirlər
ki, dünya iqtisadiyyatı tənəzzülə
doğru gedərsə,
Rusiya ixracın daha da azalması
ilə üzləşəcək. Bu isə ilk növbədə
Rusiyanın istehsal etdiyi məhsullara tələbatın kəskin
azalmasına və ya tamamilə yox olmasına yol açacaq. Bu vəziyyət Rusiya
rublunun ucuzlaşmasına
və inflyasiyanın artmasına gətirib çıxaracaq. Rusiya iqtisadiyyatını
gözləyən problemlərin
biri də idxalla bağlıdır.
Komponentlərin çatışmazlığı
səbəbindən istehsalın
dayandırılması qorxusu
mövcuddur. Üstəlik, bəzi ən vacib idxal mallarını
əvəz edəcək
alternativ təchizatçı
sadəcə olaraq yoxdur. Kremlin idxal mallarını əvəz etmək proqramı iflasa uğradığı üçün
xarici amillərdən
asılılıq kənd
təsərrüfatı sektoruna
da öz təsirini göstərəcək
ki, bu da
rusları ərzaq istehlakını azaltmağa
məcbur edə bilər.
Hesabatda vurğulanır ki, Qərb texnologiyalarına məhdud çıxış Rusiya Federasiyasının mövcud standartlardan bir və ya iki nəsil geri qalmasına səbəb olacaq. Çünki Çin və Cənub-Şərqi Asiyadan daha az inkişaf etmiş alternativlərə bel bağlamaq məcburiyyətində qalacaq. Rusiyanın xaricdən asılılığı isə bəzi sahələrdə çox böyük səviyyədədir. Məsələn, quşçuluq istehsalının 99, südlük mal-qara istehsalının 30 faizi idxaldan asılıdır. Şəkər çuğunduru, kartof, balıq yemi və amin turşuları kimi əsas məhsullar üçün toxumlar da önəmli şəkildə idxaldan asılıdır. Aviasiyada sərnişin daşımanın 95 faizi xaricdə istehsal olunan təyyarələrin payına düşür. Onların ehtiyyat hissələrinin idxalı mümkün olmadığı üçün həmin təyyarələrin istifadədən çıxması fəlakətli vəziyyət yaradacaq. Rusiyada istehsal olunan dəzgahların yalnız 30 faizi ölkənin özündə istehsal olunur, yerli sənaye avadanlıqlara artan tələbatı ödəyə bilmir. Ən önəmli sahələrdən olan əczaçılıqda fəlakətli vəziyyət yaranacağı hesabatda öz əksini tapıb. Rusiyada istehsal olunanan əczaçılıq məhsullarının 80 faizi idxal olunan xammaldan asılıdır. Hesabatda əksini tapan məlumata görə, 2025-ci ilə qədər SİM kart çatışmazlığı yaranacaq.
Rusiyanın rəsmi qurumları tərəfindən təkzib edilməyən, “Bloomberg” kimi nüfuzlu agentliyin yaydığı məlumat vəziyyətin fəlakət ərəfəsində olduğunu göstərir. Müstəqil ekspertlərə görə, Ukraynaya qarşı müharibə Rusiyada ÜDM-nin 15 faiz azalmasına səbəb olacaq. Bu isə Sovet İttifaqının dağılması zamanı Rusiyanın məruz qaldığı itkidən çoxdur. Sovet İttifaqı dağılan zaman Rusiya ÜDM-nin 14.6 faizini itirmişdi.
Ukraynanın hərb meydanında müqavimətini
artırması, əks-hücuma keçməsi müharibənin
şiddətlənməsinə səbəb olub.
Belə bir vəziyyət isə Rusiya iqtisadiyyatına zərərverici təsirləri
artırır. Bütün bunlar Rusiyanı gözləyən fəlakətin
miqyasını təsəvvür etməyə yetərlidir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 7 sentyabr.- S.6.