Türkoloji düşüncədə
böyük yenilik: İltəriş xaqan abidəsi
Türk
xalqlarının tarixi və mədəniyyəti ilə
bağlı təxminən yüz əlli ilin ən
böyük kəşfi - İltəriş Qutluq xaqanın məzar
kompleksi Monqolustanın Arxanqay bölgəsinin Nomqon
düzündə 20 avqust 2022-ci ildə aşkar edilib. II
Göytürk dövlətinin qurucusu, Kül tigin və Bilgə
xaqanın atası İltəriş xaqanın məzar
kompleksinin tapılması türkoloji ədəbiyyatlarda yer
alacaq önəmli tarixi hadisələrdən biri hesab edilə
bilər. Beynəlxalq
Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəlinin
başçılığı ilə "Nomqon-2022"
ortaq qazıntı qrupunda akademiyanın arxeoloqları Napil
Bazılxan, Nurbolat Boqenbayev və Monqolustan Elmlər
Akademiyasının Arxeologiya İnstitutunun Arxeoloji
Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin
Tseveendorj (1949-2022) iştirak edib. Bununla yanaşı, Monqolustan
EA-dan professor Altangerelin Enxtor, arxeoloqlar Tserenkhandin Buyankhishiq,
Gonçiqiin Batbold və Narantuyagiin Tsengel, Munkhsaikhani
Uuqanbayar da tədqiqat heyətində yer alıb.
BTA və Monqolustan EA-nın Arxeologiya İnstitutunun
Ötükən bölgəsinin Xanqay silsiləsində
apardığı elmi axtarışlar və qazıntılar
zamanı ortaya çıxan bu abidə türkoloqlar
arasında, sözün əsl mənasında, böyük
bir həyəcan və sevinc yaratdı. Təbii ki, bu
emosional hissləri yaradan səbəblər var. İlk dəfədir
ki, belə bir tapıntını qərblilər deyil, məhz
türk dünyası aşkar etdi. Daha dəqiq
desək, qazax və monqol arxeoloqlar tərəfindən
tapıldı. Bu özü çox
büyük bir nailiyyətdir. Çünki
türkologiya tarixində indiyədək belə kəşflərin
gün üzünə çıxarılması şərəfinə
qərb alimləri nail olmuşdu.
Təqribən, bir əsrdən çox zaman
biçimində aparılan xeyli arxeoloji araşdırmalar olsa
da, belə bir əhəmiyyətli və bildiyimiz bir çox
fikirləri dəyişən, bəzi tarixləri geri aparan,
bir çox ilkləri özündə əks etdirən əski
türk yazılı abidəsi tapılmamışdı. Bu abidə Göytürk
dönəminə aid ilk türkcə daş kitabə olmaqla
yanaşı, həm də ilk dəfə üzərində
türkcə "türk" sözünün həkk edildiyi abidədir. İkinci fikrə bəziləri
tənqidi yanaşır. Bu səbəbdən
burada qısa izah verək. Təbii ki, bəlli məsələdir
ki, çağımızadək tapılmış mövcud
xarici qaynaqlarda "türk" adına
rast gəlinib. İlk dəfə yazılı şəkildə
qədim çin mənbələrində çincələşmiş formada görülən
"Tu-kue" adı həmin dövrdəki türk-çin
münasibətlərindən irəli gəlir. Daha
sonra təqribi 580-ci ildə ucaldılmış, I
Göytürk dönəminə aid Buqut abidəsində də
soqdca "türk" sözünün cəm forması
(türküt) işlənmişdi. Həmçinin,
hind, yunan, latın, bizans, ərəb mənbələrində
də qeydə alınmışdı. Lakin bizim
irəli sürdüyümüz fikir türkcə mətndə
ilk dəfə "türk" adının keçməsidir.
Bu baxımdan günümüzədək tapılmış əski
türk yazılı abidələrindən 725-ci ildə
Tonyukuk abidəsində, 732-ci ildə Kül tigin abidəsində,
735-ci ildə isə
Bilgə xaqan abidəsində rast gəlinib. Yeni gün üzünə
çıxarılmış abidə vasitəsilə
artıq bu tarix əlli ilə qədər geriyə çəkilir.
Beləliklə, türkcə mətndə
türk sözünün ən qədim mənbəyi yeni
tapılmış İltəriş Qutluq xaqan abidəsidir.
İltəriş 682-ci ildə çinlilərə
qarşı üsyan etmiş, türk boylarını
toplayıb bir araya gətirmiş, II Göytürk dövlətinin
əsasını qoymuş və 47 uğurlu səfər
etmiş xaqandır. Bu dövləti qurmazdan əvvəl onun
adı Qutluq xaqan olub. Məhz dövləti
qurduqdan sonra ona İltəriş (elteriş) adı verilib.
İki sözün birləşməsindən ibarət bu
adın etimologiyasını belə izah edə bilərik:
"el" qədim türkcə "dövlət" və
"teriş" isə qədim türkcə "ter-", yəni
"dərmək, toplamaq" feilindən yaranmış
isimdir. Adın mənası "eli, dövləti
toplayan" deməkdir. 692-ci ildə vəfat
edən xaqanın hökmdarlıq zamanı əsas siyasi məqsədi
həm Orta Asiyadakı türk boyları arasında birliyi təmin
etmək, həm də Çində əsir olan türkləri
xilas etmək idi. Türkiyəli məşhur
professor, türkoloq alim A.B.Ərcilasun qeyd edir ki, "Tədqiqatçılar
İltərişin vəfat tarixini 690-693-cü illər
arasında təxmin edirlər. Çin mənbələrində
isə onun məzarının əjdaha ilində qoyulduğu
bildirilir. 7-ci əsrin sonundakı əjdaha ili 692-ə uyğundur. Əgər
hazırda tapılmış daş kitabə, həqiqətən,
İltərişə aiddirsə, onun qoyulma tarixi 692-dir. Bu isə
həmin abidənin düz 1330 il əvvələ aid
olduğunu göstərir".
Tapılmış
külliyyatın ümumi sahəsi 49x41,5
metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən
kompleksin ətrafında xəndəklər qazılıb,
oradan torpaq qalaqlanaraq bark (ev, qala) tikilib.
Kompleksin qərb tərəfində ərazinin ortasında dəlikli
sunaq daşı (mehrab), daş insan fiqurları, iki balası
olan şir heykəli, iki qoyun heykəli var. Monqol arxeoloq
A.Enxtor qeyd edir ki, bu sunaq daşlarının
ölçüsü Kül tigin və Bilgə xaqan
külliyyatlarından tapılan sunaq daşlarının
ölçülərinə çox yaxındır. Kompleksin darvazasından şərqə doğru 51 balbal
daşı yan-yana düzülüb. Onların
arasında beş balbal daşından
Aşina ailəsinə aid "dağ keçisi"
damğası müəyyən edilib. Bu
damğalara İltəriş xaqanın oğulları Kül
tigin və Bilgə xaqanın abidələrində də rast
gəlinir. Bundan əlavə, kompleksdə ibadət
yerinin olduğunu sübut edən kərpic qalıqları və
gil səki aşkar edilib. İbadət
yerinin qarşısında kitabənin yuxarı hissəsi və
onun tısbağaşəkilli bünövrəsi
aşkarlanıb. Təkcə İltəriş
xaqan abidəsi deyil, bir çox türk yazılı abidələri
tısbağa heykəl üzərində ucaldılıb.
Əslində tısbağa motivinə türk
kültüründə çox rast gəlinmir. Amma Göytürk abidələri Buqutun, İltərişin,
Kül tiginin, Bilgə xaqanın, Onginin və Uyğur abidələri
Sücinin, Terxinin, Moyun çorun bu heykəl üzərində
ucaldığı görülür. Tısbağa
motivinə bir çox mənalar yüklənsə də,
heyvanın uzun ömürlü olmasına əsaslanıb bu
abidələrin də əbədiyyən mövcud olmasına
işarə etməsi fikri özünə daha çox tərəfdar
toplayıb.
Tapılan
qiymətli əsərin ön tərəfində 19 sətir
yazıdan əski türk yazısı ilə olan 12 sətir mətn,
arxa tərəfində oxunmayan 19 sətir mətn, sol tərəfində
6 sətir soqdca mətn, sağ tərəfdə isə
aşınmalar səbəbilə hansı əlifba ilə
yazıldığı bilinməyən bir neçə sətir
mətn müəyyən edilib. Həmçinin
ön tərəfdə əski türkcə mətnin
yanında brahmi əlifbasının da izləri görülüb.
İlk tədqiqatlara görə, ön tərəfin
12 sətri oxunub. Burada "Tanrı",
"Türk", "Kutluk", "Tümen" kimi bir
sıra sözlərin yazıldığı bəlli olub. Onu da qeyd edək ki, abidənin dilində sözlər,
cümlələr bir-birindən üç nöqtə
ayrılır. Bu da abidənin daha qədim olmasının
göstəricisidir. Kül tigin və
Bilgə xaqan abidələrində, ondan sonrakı dövrlərdə
artıq iki nöqtədən istifadə olunub.
N.Bazılxan qeyd edir ki, Göytürk dövlətində ilk dəfə
Qutluq titulunu alan şəxs İltəriş
olub, ondan sonra isə VIII əsrdə görülür. Bu da abidənin İltəriş xaqanın şərəfinə
tikilməsinin başqa bir göstəricisidir.
Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə xaqan və Kül tigin komplekslərinə bənzəyir. Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Tatpar xaqan, Kül tigin, Bilgə xaqan və digər abidələrin zirvəsində belə xaqanlıq rəmzləri olan əjdaha formalı, qurd başlı şəkillər çəkilib. Burada qədim türk mifik düşüncəsində önəmli yerə məxsus qurd toteminin həm də Göytürk bayrağında həkk olunduğunu vurğulamaq yerinə düşərdi. Beləliklə, Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu görünür.
Onu da xatırlatmaq istərdik ki, bura məzar külliyyatı deyilsə də, əslində İltəriş xaqan burada dəfn edilməyib. Ümumiyyətlə, qədim türklər üç cür məzar tikmişlər. Bunlardan birincisi gerçək məzardır ki, bunlar gizli yerlərdə (dağ, təpə, orman və s.) kurqan şəklində tikilib. İkincisi, saxta məzarlardır, ölən kişinin məzarını gizlətmək məqsədilə tikilib. Üçüncüsü isə anıt məzar külliyyatıdır ki, ölən kişinin adını əbədiləşdirmək üçün tikilir. Bura balballar, heykəllər, sunaq daşları və s. də qoyulur. İndiyəcən Buqut, Kül tigin, Bilgə xaqan, Tonyukuk, Küli çor, Ongin və Moyun çor abidələrinin bu cür məzarlıqlarda yüksəldiyi tədqiqatçılar tərəfindən müəyyən edilib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası bu kimi qazıntı işlərinə 2014-cü ildən başlayıb. Həmin il Qazaxıstanın Altay dağlarında arxeoloji qazıntılar apararaq VI-VII əsrlərə aid olduğu müəyyən edilən atı, silahları, qopuzu ilə birlikdə dəfn edilən türk cəngavəri və ozanının məzarını tapıb. Yenə həmin ildə Monqolustan EA-nın Arxeologiya İnstitutu ilə memorandum imzalayıb və 2015-ci ildən etibarən Monqolustanın Şiveet-ulan bölgəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edərək İltəriş Qutluq xaqan dövrünə aid külliyyat tapıb. Külliyyatda insan və heyvan heykəlləri (balballar), 50-ə yaxın türk tayfasının damğaları olan daş abidə müəyyən edilib. 2019-cu ildə isə yeni qazıntılara Nomqon düzündə başlanıb. Lakin pandemiya səbəbilə fasilə verilən qazıntılar 2022-ci ilin iyul ayında bərpa edilib. Bir neçə həftə sonra isə sözügedən böyük kəşf - İltəriş xaqanın külliyyatı və yazılı abidəsi ortaya çıxıb. BTA-nın vitse-prezidenti Füzuli Məcidlinin verdiyi məlumatlara görə, Monqolustanın Nomqon, Hentiy kimi bölgələrində türk irsi ilə bağlı arxeoloji qazıntılar davam etdiriləcək.
Son olaraq deyək ki, tarix boyu ayaq
basdığı hər yerdə gələcək nəsillərə
mədəni irs miras qoymuş türklərin
ucaltdığı "bengü taş"ların (mənası:
"əbədilik, ölümsüzlük")
çağımızda gün üzünə
çıxarılması böyük elmi və bəşəri
nailiyyətdir. Belə bir şərəfli işlə
adını türkologiya tarixinə yazdıran BTA rəhbərliyinə,
qazax və monqol alimlərinə içdən təşəkkürlərimizi
bildirmək istəyirik.
Məleykə
MİRZƏLİ
BDU-nun
Türkologiya kafedrasının magistrantı, Türkoloji dərnəyin
rəhbəri
525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.16.