Yazmışam

 

 

Mənim söz ağacım buğum-buğumdur,

Hər kəlməm göyərən tumdu-toxumdu.

Şeir yarpağımdı, tumurcuğumdu,

Günəşə boylanıb-baxıb yazmışam.

 

 

Səmti itirəndə dumanda-çəndə,

Harayım dil açıb avazda-ündə.

Qəfildən bulanıq selə dönəndə,

Durula-durula axıb, yazmışam.

 

 

Gah zili gəzmişəm, gah da ki, bəmi

Sözə çevirmişəm sevinci-qəmi.

Hardasa büdrəyib yıxılan kimi,

Təzədən ayağa qalxıb yazmışam.

 

 

Gözümün odunu alanlar olub,

Qarşımda dikələn yalanlar olub.

Dinə bilmədiyim elə anlar olub,

Dişimi-dişimə sıxıb, yazmışam.

           

 

Kimsən, ay qapımı döyən

 

 

 

Göydən enmiş mələksənmi,

Bir yüyənsiz küləksənmi?

Çərxi dönmüş fələksənmi -

Kimsən, ay qapımı döyən?

Kimdir səni qovan axı,

De, hardan belə çıxmısan?

Elə bil ki, gecəyarı

Mənlə duelə çıxmısan -

Kimsən, ay qapımı döyən?

 

 

Bir bəlalı sevgisənmi,

Ruhsanmı, kölgəsənmi?

Doğmasanmı, özgəsənmi -

Kimsən, ay qapımı döyən?

 

 

Kimsən, ay qapımı döyən,

Gəncliksənsə qayıt geri,

Gəlişin nəyimə gərək?

Daha ayrı hava çalır

Sinəmdə döyünən ürək.

Allah qonağısansa gəl,

Nəyim varsa bölək yarı.

Üzünə gəc baxan olar,

Döymə özgə qapıları...

 

 

Ürəkli ol, keç içəri,

Ha qaynat-daşan deyiləm.

Yandırıb yaxsan da məni,

Sənə sataşan deyiləm -

Kimsən, ay qapımı döyən?

 

 

Sükutun məzar sükutu,

Bu halın məni üşüdür.

Haqqın dərgahından gələn

Bir əcəl olsan da belə,

Səndən niyə qorxum axı,

Ölüm Tanrı işidir -

Kimsən, ay qapımı döyən?

 

 

Kimsən, ay qapımı döyən?

Məni hər yanda izləyən

Amansız ehtiyacmısan?

Gecənin bu vədəsində

Üstümə niyə qaçmısan?

İncimə, sənin üzünə

Qapımı açan deyiləm.

Zəhmindən qorxub-çəkinib,

Harasa qaçan deyiləm...

 

 

Kimsən, ay qapımı döyən,

Səbrimi daşdırma mənim.

Dillən, ay atam balası,

Yanıldıb, çaşdırma məni.

Ya geri dön, ya din-danış,

Çıx üzə, gəl olaq tanış.

Kimsən, ay qapımı döyən,

Kimsən, ay qapımı döyən?..

Yaşadım qərib eldə

 

 

Özgə səmtədir yönüm,

Hər yerdə niyə dinim?

qəzəbim, kinim,

sancım şeir oldu.

 

 

Çəkilmədim xəlvətə,

Can yandırdım külfətə.

Uymadım var-dövlətə,

Saxlancım şeir oldu.

 

 

Mən saflığa baş əyən,

Ya üz döndər, ya bəyən.

Süfrəmdən tükənməyən,

Qazancım şeir oldu.

 

 

Böyüdüm addım-addım,

Sevinc , qəm daddım.

Sözlə minbər ucaltdım,

Azançım şeir oldu.

 

 

Dil açdım zildə-bəmdə,

Köz gəzdim soyuq küldə.

Yaşadım qərib eldə,

Dilmancım şeir oldu.

 

 

 

Daş

 

 

Hər daşın öz sanbalı,

Hardasa öz yeri var.

Çınqılın da, qumun da

Bağrında iz yeri var.

Dağ-dağa söykənəndə

Daş da ürəkli olur.

Vətən daşı həmişə

Yurdda gərəkli olur.

Daş əzəmət, daş qürur,

Daş mərdlik nişanəsi.

Daş ulu əcdadımın

Sabaha çatan səsi.

Düşmənin qarşısında

Ərən sırasıdır daş.

Mürgüləyən bəxtimin

Ağı-qarasıdır daş.

Tunc sinəli qayalar

Torpağın daş yaddaşı.

Qəriblik ağır dərddir,

Heç vaxt gedib düşməsin

Qürbətə vətən daşı.

 

Şeir söyləməyin...

 

 

Şeirdir yamyaşıl yarpağım-barım,

Şeirdir tükənməz sərvətim-varım.

Sizə canım qurban, şair dostlarım,

Şeir söyləməyin toy məclisində.

 

 

Ağzını-burnunu əyənlər olur,

Hirsindən içini yeyənlər olur.

"Şairlər dəlidir" - deyənlər olur,

Şeir söyləməyin toy məclisində.

 

 

Toyda deyilənlər, tez daddan düşür,

Söz qanad açmamış urvatdan düşür.

Oynamaq üstündə hərdən qan düşür,

Şeir söyləməyin toy məclisində.

 

 

Sağlıq deyəndə , ürəkdən deyin,

"Mübarək" sözünü lap bərkdən deyin.

"Şair baş çıxarmaz kələkdən" - deyin,

Şeir söyləməyin toy məclisində.

 

 

Toylarda şairin meydanı çox dar,

Səs-küydən az qala çatlayır divar.

Dil açmırsa kaman, "danışmırsa" tar,

Şeir söyləməyin toy məclisində.

 

 

Adınız gəzsə , dildə-ağızda,

Qoyun yazdığınız qalsın kağızda.

Bəzən üzə düşüb oynasanız da,

Şeir söyləməyin toy məclisində.

 

 

Qaytarım

 

 

Dərdin sinəmdədir kökü,

Hər anım bir ömrün yükü.

Yuxuma gir, gözümdəki -

Şəklini gecə qaytarım.

 

 

Gəl, dəftərlə-kitabla gəl,

Bir az dözümlə-tabla gəl.

Verdiyini hesabla gəl -

Sonra de, neçə qaytarım?

 

 

Odlara yaxdın canımı,

Həsrətin tökdü qanımı.

Sənsiz keçən hər anımı -

Vur beşə-üçə, - qaytarım.

 

 

Nə taqətim, nə gücüm var,

Ox-yay nişanlı bürcüm var.

Tanrıya bir can borcum var -

Bilmirəm necə qaytarım...

 

İsmayıl MƏRCANLI-İMANZADƏ

 

525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.15.