Dumana düşmüşəm xəyallarında

 

 

 

Əbədi bir qəmi kürk eləmişəm,

Bu əyri dünyanın düz yollarında.

Həyatın özünü dərk eləmişəm,

Dünyanın cavabsız suallarında.

 

 

Bu da bu taleyin talesiz günü,

Səni çaş-baş saldı saçımın dəni;

Deyəsən, tanıya bilmədin məni,

Dumana düşmüşəm xəyallarında.

 

 

Ürəyi alovlu, gözü qan idim,

Bir gün qürub çağı, bir gün dan idim.

Mən onda atlı bir oğlan idim,

Nənəmin sehirli nağıllarında.

 

 

Sirrini bil ərənlərin

 

 

Cənnətdə batdıq günaha,

Dünya bizə məskən oldu.

Dərdimiz sığmadı aha,

Bu da bizə nöqsan oldu.

 

 

 

Sirrini bil ərənlərin,

Ruhu ruha hörənlərin.

Eşqə könül verənlərin,

Hər sözü bir dastan oldu.

 

 

Təndə ruha dönən sözlər,

Qəmdən neytək dinən sözlər,

Göy üzündən enən sözlər,

Yer üzünə ehsan oldu.

 

 

Günahdan doymayan könül,

Günəşə hopmayan könül,

Kəbəsin tapmayan könül,

Talan olmuş bostan oldu.

 

 

Dünya - üzük, insan - qaşı,

Gəl eşq ilə dur yanaşı.

Yerdə Dostu satan naşı,

Göy üzündə Dostan oldu.

Gördüm qəlbində qar-qışdı,

Dərdim-qəmim başdan aşdı.

Qoca dünya gözdən düşdü,

yer ilə yeksan oldu.

 

 

Əfəndim

 

 

Bir yalandı onun duyub bildiyi,

Bu dünya bizləri bilməz Əfəndim.

Onun gecələri necə ah çəkir,

Onun gündüzləri bilməz Əfəndim.

 

 

Dən görüb tələyə gələn hərifdi,

Tələdə sevinib gülən hərifdi,

Ölümü ölümsüz bilən hərifdi,

Ölümü öldürən ölməz Əfəndim.

 

 

Dağdan ağır daşları sel apardı,

Göy üzündən quşları yel apardı,

Bir aşiqin ağlını gül apardı,

Bir kimsə göz yaşın silməz, Əfəndim.

 

 

İnsan oğlu insan kimi durulsa,

Fani dünya eşq üstündə qurulsa,

Sözün sirli tilsimləri qırılsa,

Kim deyir üzümüz gülməz Əfəndim.

 

 

Alın yazımda adın olsaydı

 

 

 

Bu alın yazımda adın olsaydı,

Mənim alnım belə qırışmazdı heç.

Ürəyində bir az "yurdum" olsaydı,

Başım dərdə-qəmə qaışmazdı heç.

 

 

Çox şeylər ağlıma batardı onda,

Bu dünya könlümə yatardı onda,

Taleyim əlimdən tutardı onda,

Hər gün ayağıma dolaşmazdı heç.

 

 

Hər daşın üstündə bir gül bitərdi,

Daşlar da qəlbimtək dil-dil ötərdi.

Ürəyim ağlımla yola gedərdi,

Ağlım ürəyimlə dalaşmazdı heç.

 

 

Ana laylasına yatan bəxtimiz

 

 

Bu dünyanın havasında var ki,

Dərd hopur adamın nəfəsinə .

Boz günləri ömrə elə yamar ki,

Mat qalarsan bəxtin həvəsinə .

 

 

 

Elə ki, dərd olub can sıxar eşqin,

Daha yer üzündə darıxar eşqin,

Qəfildən qış gələr, qar yağar eşqin

Ürəkdə boş qalan yuvasına da.

 

 

Bizi bu dünyaya atan bəxtimiz,

Ulduz olub sonra batan bəxtimiz,

Ana laylasına yatan bəxtimiz,

Nədən oyanmır heç top səsinə .

 

Hüseyn BAĞIROV

 

525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.15.