Hacıbaba Həsənovun musiqi
dünyası
Bu dünyanın sirli-soraqlı
qapılarını açmazdan əvvəl gəlin bir anlığa keçən əsrin ikinci yarısında çəkilən və kütləvi şəkildə
geniş
ekranlarda nümayiş
etdirilən "Ögey ana" filmindən, ucqar dağ
kəndlərinə
yol tikintisində çalışan fəhlələrə, mühəndislərə nahar
fasiləsi zamanı verilən konsertlə
bağlı epizodu yada salaq. Hələ o dövrdə hamı tərəfindən sevilən
Xalq artisti Əbülfət Əliyevin
ifa etdiyi "Eşqimin novrağı"
mahnısından "o, körpəmin
anasıdır, öz
körpəmin anasıdır"
misralarının musiqiylə
yaratdığı təsirli
ahəngi həyəcansız
dinləmək olmur. Yarım əsrdən
çoxdur ki, "Ögey ana" filmi dünyanın ən məşhur kinoteatr salonlarında, televiziya ekranlarında nümayiş etdirilir.
Heyrət-heyranlıq yaradır
və belə suallar da meydana
çıxır: Bu mahnının
müəllifi kimdir? Bu ilhamı pərvazlandıran
yollar haradan başlanıb? Minlərlə,
milyonlarla tamaşaçıdan
çox az
bir qismi bilir ki, həmin
ecazkar və bəstəkarın özünün
dediyi kimi, yerinə düşən mahnının müəllifi
Hacıbaba Həsənovdur.
Bakının mərkəzinin lap yaxınlığında olan
milli ənənələrilə
tanınan Əhmədli
kəndindən - el ağsaqqallarından
sayılan Əbdüləli
kişinin ailəsindən.
13 sentyabr 1922-ci ildə dünyaya gəlib. İllər bir-birini əvəz
etdikcə şirindilliyi,
ətraf aləmə,
xüsusilə müxtəlif
janrlı musiqi nümunələrinə göstərdiyi
emosional marağı ilə daha çox
diqqəti cəlb edirdi. Aşağı siniflərdə oxuyanda
simli musiqi alətlərində çalmağı
öyrənməyə başladı.
Əvvəlcə mandolinada bir
sıra xalq mahnılarını öyrənmək,
müstəqil ifa etmək üçün səylə çalışdı.
Tanınmış musiqi
pedaqoqu, bəstəkar,
tarzən Adil Gərayın böyük
qardaşı Əmrulla
Məmmədbəyli tarda,
kiçik qardaşı
Nadir Məmmədbəyli isə
kamançada mükəmməl
ifaçılıq qaydalarını
öyrətdi. Əmrulla
müəllim eyni zamanda kənddəki mədəniyyət evində
fəaliyyət göstərən
tar dərnəyinə rəhbərlik
edirdi. Yeniyetmə Hacıbaba bu
dərnəyin ən fəal üzvlərindən
idi. Hələ o dövrdə musiqi
ifaçılıq qabiliyyətlərinin
inkişaf edərək
parlaq şəkildə
nəzərə çarpması
kənddə onun tez bir zamanda
tanınmasına səbəb
oldu. Hacıbaba Həsənovun nümunəsində
musiqiyə, ayrı-ayrı
musiqi alətlərində
ifaçılıq qabiliyyətləri
ilə tanınmağa
maraq göstərənlərin
sayı ildən-ilə
artırdı.
Əhmədli kəndindəki özfəaliyyət
musiqi dərnəkləri
təşkil etmək
zərurəti yarandı. Əslində, bu da musiqi
sənətinin təbliğində,
kənddə musiqi mədəniyyətinin inkişafında
əsas və təsirli vasitələrdən
sayılırdı. Bədii təfəkkür
enerjisi, istedadı ilə tanınan gənc Hacıbaba bu işin əsas
ağırlığını da öz üzərinə
götürdü. Belə bir
işi görmək isə keçən əsrin ən ağrılı-acılı 30-cu illərinin sonuna və 40-cı illərin qanlı-qadalı illərinə
təsadüf edirdi.
Ehtiyac, qəm-kədər dolu illər öz işini görürdü.
Belə bir anda ruhdan
düşmək də
olmazdı. Müntəzəm, sistemlə keçirilən
konsertlər, ifaçılıq
müsabiqələri, müxtəlif
mövzulu festivallar vasitəsilə kənd adamlarının ruh düşkünlüyünü aradan qaldırmaq lazım idi. Həmin işlərin həyata keçirilməsinin əsas
təşkilatçısı, öndə gedəni də Hacıbaba Əbdüləli oğlu
idi. Bununla belə, kənd
ağsaqqalları, ictimai
təşkilatların nümayəndələri
o dövrdə kənddə
alitəhsilli tibb işçisinə olan ehtiyacı nəzərə
alaraq H.Həsənovun
Azərbaycan Dövlət
Tibb İnstitutunda təhsil almasını məsləhət bildilər.
Beləliklə, o, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil oldu. Ancaq musiqidən də ayrılmadı. Özünün təşkilatçılığı ilə yaradılan və kənddə fəaliyyət göstərən
xor, xalq çalğı alətləri
ansamblına dərsdən
sonrakı asudə vaxtlarında da inamla rəhbərlik etdi. İstedadlı musiqiçilərin, kənddəki özfəaliyyət
musiqi dərnəklərində
iştirak etmək istəyənlərin sayı
daha da artırdı.
Bütün bunlar isə
musiqiyə qəlbən
bağlı olan gənc mütəxəssisi
daha da sevindirirdi.
Ancaq necə deyərlər, iki yolun ayrıcında
qalmışdı. Həkimlik,
yoxsa musiqiçilik?
Yaxınların, doğmaların tənəsindən
uzaq olmaq üçün inamla çalışdı. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktikası
fakültəsində təhsilini
uğurla başa vurdu. Kənddəki xəstəxanada həkim, baş həkim kimi yurddaşlarının sağlamlığı
keşiyində durdu.
Ancaq musiqiyə olan marağı, məhəbbəti onu bir an belə
tərk etmirdi. İşdən sonrakı vaxtlarını
da kənddə musiqi-özfəaliyyət işlərinin
genişlənməsinə həsr edirdi. Xalqımızın qəzəl,
məhəbbət şairi
Əliağa Vahidin
"musiqiylə ola hər xəstəyə aləmdə
əlac, bu təbabət yenə min çarəyi loğmana dəyər" beytli dillər əzbəri olan qəzəlini xanəndələrin ifasında
radio ilə verilən
konsertlərdə dinlədikcə
musiqiyə olan marağı, məhəbbəti
günbəgün, anbaan
artırdı. Necə deyərlər,
musiqi təbabəti tibbi təbabətə üstün gəlirdi.
Hələ yeniyetməlik illərində
xalqımızın qədim
və sehrli musiqi alətlərindən
olan kamançada ifa etdiyi muğamlar,
rəqs melodiyaları
rəğbətlə qarşılanırdı.
İkinci Dünya müharibəsindəki
tarixi qələbədən
sonra hər yerdə, bütün sahələrdə, o cümlədən,
kütləvi musiqi tədbirlərinin həyata
keçirilməsi sahəsində
də qarşıya yeni-yeni vəzifələr
qoyulurdu. Bütün bunlar
müharibədən qayıtmayan,
döyüş meydanlarında
qəhrəmanlıqla həlak
olan oğulların, hələ də gözləri yol çəkən ata-anaların,
bacı-qardaşların könlünü
oxşamaq, qəmini dağıtmaq məqsədilə
həyata keçirilirdi.
1947-ci ildə respublika
üzrə özfəaliyyət
musiqi kollektivlərinə
keçirilən baxış
da bu məqsəddən
irəli gəlirdi. Repertuara ancaq
yeni yazılan, ilk dəfə ifa olunacaq vokal və instrumental əsərlər
daxil edilməli idi. Heç şübhəsiz, bu tələb ansamblın rəhbəri,
gənc musiqiçi Hacıbabanı da orijinal yaradıcılıq
fəaliyyətinə istiqamətləndirirdi.
Olduqca lirik, orijinal səslənən "Özfəaliyyət
marşı"nı və
"Mənim səsim"
(Sözləri Əliağa
Vahidindir) mahnısını
yazdı. Münsiflər heyəti həmin musiqi nümunələrinin
orijinallığını və professional ifa səviyyəsini nəzərə
alaraq kollektivi Fəxri Fərmanla təltif etdi, mükafata layiq gördü.
İllər bir-birini əvəz etdi. Ancaq onu da duyurdu ki, daha
uğurlu nəticələr
əldə etmək üçün hökmən
musiqi təhsili almaq lazımdır.
Buna görə də
1952-ci ildə Moskvadakı
Ümumittifaq Xalq Yazıçılığı Evində fəaliyyət göstərən ikiillik musiqi təhsili kursunu, bundan bir qədər sonra isə Ü.Həcıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası
nəzdində fəaliyyət
göstərən Xalq
Konservatoriyasının bəstəkarlıq
şöbəsini əla
təhsil göstəriciləri
ilə başa vurdu. Hər hansı melodiyanı
notla yazmağı,
nota köçürmək sistemini mükəmməl
öyrəndi. Geniş yaradıcılıq
əzmi ilə çalışdı. Şəxsi arxivindəki
materiallar, müxtəlif
janrlı musiqi nümunələrinin not yazıları
və digər qeydlər göstərir ki, o, keçən əsrin 50-ci illərinin sonuna qədər yüzdən çox irili-xırdalı musiqi əsəri qələmə
almışdı. Onlar təkcə
mahnılardan ibarət
deyildi. Müxtəlif mövzuda suitalar,
rəqs melodiyaları,
hətta musiqili komediyalar da vardı. Həvəslə işləyirdi, qəlbən
musiqiyə bağlanmışdı.
Umacağı nə idi?
Radio və televiziya
ilə səslənən
mahnıların musiqi
müəllifi kimi adını eşitsin.
Məmnunluq hissi keçirsin.
Lakin Hacıbaba Həsənov da o dövrdə bir-birindən
dəyərli olan, musiqinin ilk cümləsindən
dinləyiciləri, tamaşaçıları
ələ alan qəlb oxşayan mahnıları ilə tanınan Ələkbər
Tağıyev, Qulu Əsgərov, Əlibaba Məmmədov, Şahid Əbdülkərimov, Bəhram
Nəsibov, Qafar Namazəliyev kimi sənətkarlar özlərinin
yazdıqlarına sahib çıxa
bilmirdilər. Onların
günlərlə, aylarla
şair dostları ilə birgə üzərində işlədikləri
mahnıları "Xalq
mahnısı", "Segah
təsnifi", "Şur
təsnifi" və sair müvafiq muğam adları ilə səsləndirirdilər.
Görəsən, xalq tərəfindən sevilən, geniş populyarlıq qazanan yüzlərlə (bəlkə
də çox) mahnının müəlliflərini,
tamaşaçıların nəzərinə çatdırmaq
nə böyük
problem imiş? "Gərək
Bəstəkarlar İttifaqının
üzvü olsunlar, sonra onlar efirdə,
ekranda səslənsin"
kimi primitiv, heç bir hüquqi əsası olmayan fikri, əgər belə demək mümkünsə,
nahamar kötüyü
ortaya çıxaranların
məqsədi nə olub?..
(Ardı var)
Vidadi
XƏLİLOV
Əməkdar
müəllim, pedaqogika üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.14.