"Vətən, onun dünəni, bu
günü və sabahı bütün varlıqların
fövqündədir"
Həmsöhbətimiz
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin
fikrincə, onun şüurlu həyatı boyu
yaratdığı tək bir kitab var: O kitabın adı
BAMF-dır.
(Əvvəli
qəzetimizin 7 sentyabr tarixli sayında)
-
Bütün bu təşkilatlarla əməkdaşlıq ilk
növbədə ölkəmizə, o sıradan BAMF-a
hansı üstünlüklər verir, hansı dividentlər
qazandırır?
- BMT-də tədbirlər keçirməyə,
Azərbaycanla bağlı haqq səsimizi dünya ictimaiyyətinə
çatdırmağa çalışdıq və
çalışırıq. Yüksək beynəlxalq
tribunalardan ermənilər tərəfindən hazırlanan
qarayaxmalara imkan daxilində cavab verdik. Cenevrədə
bir tədbirdən çıxıb Nyu-Yorka gedirdik, onlar
reallığı, bizim nələrə qadir olduğumuzu
görürdülər.
Yeri gəlmişkən
bir faktı da deyim ki, mən 4 il 160 ölkənin
jurnalistlərini özündə birləşdirən Beynəlxalq
Mətbuat İnstitutunun direktorlar şurasının
üzvü olmuşam. Biz o təşkilatın
dəstəyi ilə Azərbaycanda "Neft, qaz və
media" adlı ciddi bir konfransın keçirilməsinə
nail olduq. BMİ-nin iki dəfə Azərbaycana
gəlməsi məhz BAMF-ın fəaliyyətinin nəticəsidir.
Ölkəmizdə "Neft, qaz və media"
konfransının keçirilməsi çox böyük
uğur idi. Azərbaycana qarşı aparılan qara
piyalara qarşı mübarizədə belə qurumla sıx əməkdaşlığın,
düşünürəm ki, kifayət qədər köməyi
olub. Beynəlxalq Sülh Bürosunun Ali Şurasında 19
Şərq ölkəsi üzrə rəhbər olmuşam, tədbirlərdə
ölkəmin haqq səsini dünyaya çatdırmağa, Azərbaycanla
bağlı problemin gündəmə gəlməsinə ara vermədən
çalışmışam. BMT-nin Cenevrə ofisində,
Nyu-Yorkda işğal olunmuş ərazilərimizdən bəhs
edən "Su müharibəsi", "Güllələnmiş
məzarlar" filmlərinin nümayişinə nail
olmuşuq. Sərsəng su anbarı ilə
bağlı lentə alınan "Su müharibəsi"
filmi 30 min insanın qatıldığı məkanda
nümayiş edilib. Ümumiyyətlə,
BAMF beynəlxalq aləmdə siyahılara yerləşməyəcək
sayda çox işlər görüb.
"Əl-Cəzirə"
televiziyasında son 10 ildə Azərbaycanla bağlı fəaliyyətin
100 faizində əməyimiz var. 2019-cu ildə pandemiya şərtləri
layihələrin icrasına imkan verməsə də, biz
"Əl-Cəzirə" ilə birlikdə Azərbaycanla
bağlı müştərək beş film ərsəyə
gətirdik. Bu filmlərin hər biri 25 dəqiqə
müddətində "Əl-Cəzirə"də
yayımlandı. 35 gün ərzində bu
televiziyada Azərbaycan həqiqətləri gündəmdən
düşmədi. Azərbaycanda belə
filmlər barmaqla sayılacaq qədər azdır. Hələ
Avropadan, Amerikadan, İsraildən, Ərəb ölkələrindən,
Pakistandan, postsovet məkanından gələn jurnalistlərlə
olan fəaliyyəti demirəm. Bütün bu
görüşlərin hər birinin arxasında ölkədə
sülhün bərqərar olmasına, vətəndaş cəmiyyətinin
inkişafına yönəlik xidmət istəyi və onun
uğurlu icrası dayanır.
Bilirsiniz, Xarici İşlər Nazirliyinin saytında qara
siyahıya düşən əcnəbi jurnalistlər var.
Bizim təşəbbüsümüzlə belə jurnalistlərdən
ikisi Litvadan Azərbaycana gəldi. Onlar Ermənistana
Dağlıq Qarabağ üzərindən səfər edən
jurnalistlər idi. Onlara yanlış
davrandıqlarını faktların dili ilə sübut elədik.
İki həftə regionda səfərdə olan
həmin iki jurnalist həqiqətlə tanışlıqdan
sonra Azərbaycan XİN qarşısında səhvlərini
etiraf etdilər. Audris Antanaitis ilk dəfə
olaraq Azərbaycanda baş verən faciələri Litva
auditoriyasına çatdırdı. Radio,
televiziyada reportajlar yayımlandı, mətbuatda yazılar dərc
edildi.
Belə faktlar çoxdur, hər birini sadalamaq uzun zaman
alar. Görülən işlər, əldə edilən
uğurlar dövlət mənafeyinə xidmət etməklə
bərabər, təbii ki, BAMF-a da dividentlər gətirir.
- Umud
müəllim, şəxsi qənaətimə görə, ölkəmizin
davamlı səfərlərdə olan nadir şəxslərindənsiniz.
Daim təyyarədə, daim sükan arxasında... Bu səfərlər sizə, bizə, vətənimizə...
nə səmərə verir və siz bu səfərlərdən
yorulmursunuz ki?
- Təbii
ki, mənim də yorulduğum, dinclik axtardığım
zamanlar olur. Ən azı mən də canlı
insanam. Həm də daha 30
yaşındakı gənc deyiləm ki, günlərlə səngərdəki
əsgər kimi yuxusuz qalam. Neyləməli
ki, mənim işim daimi səfərlərlə
bağlıdır. Bəli, həm də
dörd təkər üstündə bölgələrə
gedən yolun yolçusuyam. Bu, mənim vəzifəmdir, borcumdur, fəaliyyətimin
xarakteri bunu tələb edir. BAMF beynəlxalq
imicli təşkilat olduğu üçün fəaliyyətimiz
həm də beynəlxalq aləmlə bağlıdır.
Ölkə üçün önəmli olan tədbirlərə
qatılmamaq mümkün deyil.
- Hesab
edirəm ki, belə bir qurum yaratmaq hər bir insanın arzusu,
niyyəti ola bilər. Amma deyir, sən
saydığını say, gör fələk nə sayır.
Bəziləri düşünür ki, maliyyəm
yoxdursa, belə bir işə başlamaq mənasızdır,
bir başqası həvəslə başlayır, maliyyə
sıxıntısı çəkir, müflis olur, ruhdan
düşür, geri çəkilir. Bəs
daim fəaliyyətdə olan BAMF davamlı maliyyəni necə
nizamlayır? Bir qədər bu barədə
danışaq, bəlkə təcrübəniz kimlərəsə
yol xəritəsi ola bilər.
- İstənilən
işə başlamaq üçün adamda gərək
ürək ola. Xalq arasında
necə deyirlər, filankəs qurd ürəyi yeyib. Hədəfinin nə olduğunu bilməlisən,
maneələri göz önünə almalısan.
Cüzi maliyyə ilə sıfırdan başlayıb
möcüzələr yaradan insanlar az
deyil. Cızdığın yol xəritəsi
aydın olmalıdır, hər şeydən öncə
öz gücünə inanmalı, sonra ilk
addımlarını atmalısan. Həm də
cəsarətlə. Bəli, iş
qurmağı, rəhbər olmağı, uğur
qazanmağı arzulayanlar çoxdur. Amma el arasında deyilən
kimi, Allahdan buyruq, ağzıma quyruqla iş olmur. Gərək qolunu yaxşıca
çırmalayıb işə şəxsən girişəsən.
Zəhmət çəkmədən, tər
tökmədən hazır loxma yoxdur. Rus məsəlində
deyilmişkən, "müftə pendir siçan tələsində
olur". Göydən zənbillə nəyinsə
endiyini kim görüb? Böyük
layihələrin icrası böyük donorların
iştirakı ilə həyata keçirilir. BAMF da
ötən üç onillikdə həmin donorlarla iş
birliyinə nail olub. Bu gün onlarla çox
rahat şəkildə əlaqələr yaradır və əməkdaşlıq
edirik. Bizim həyata keçirdiyimiz
bütün layihələrin maliyyə əsaslandırmaları
olur və biz bunun sayəsində layihələrimizi həyata
keçiririk.
-
BAMF-ın timsalında dövlətimizin QHT-lərə dəstəyini
necə dəyərləndirərdiniz? Daha hansı təklifləriniz
var ki, bu proses yaxşıya doğru daha da dərinləşsin?
- Azərbaycanda
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
qurumlarına dövlət hər zaman dəstək göstərməyə
çalışır. Təşkilatların
istər qanunvericilik bazasının
formalaşdırılmasında, istərsə də maliyyə
qaynaqlarının yaradılmasında dövlət öz
mümkün dəstəyini əsirgəmir. Biz bilirik ki, vaxtilə QHT-lərə onların ofislə
təmin olunmasında, torpaq sahələrinin
ayrılmasında müəyyən dəstək verilib. Hesab edirəm ki, hazırda vacib olan məsələlərdən
biri dövlət qurumlarının həyata keçirdiyi bir
sıra layihələrin icrasının QHT-lərə həvalə
edilməsidir. Fikrimcə, bu istiqamətdə
hökumət daha çox səy göstərməli və fəaliyyətə
keçməlidir. İstər sosial, istər
iqtisadi layihələrin QHT-lər tərəfindən icra
olunması üçün müəyyən şanslar
yaradılmalı və onlara yol açılmalıdır ki,
dövlət layihələrinin icrasında birbaşa fəaliyyət
göstərə bilsinlər. Belə olan
halda QHT-lər özlərinin maddi texniki bazalarını
formalaşdıra və inkişaf etdirə bilərlər.
Çox təəssüf ki, bəzi insanlarda
QHT-lərin maliyyə qazanmaları ilə bağlı
yanlış fikirlər formalaşıb. Bu,
kökündən səhvdir və Azərbaycan qanunvericiliyində
QHT-lərin müxtəlif bizneslə məşğul
olmalarına dair
heç bir məhdudiyyət yoxdur. Hər
bir QHT-nin maliyyə təminatına ehtiyacı vardır və
mütləq şəkildə bu vəsaitlər təşkilatın
inkişafına xərclənməlidir.
- Bir
çox təşkilatlarda BAMF sizin şəxsinizdə təmsil
olunur: orada işiniz nədən ibarətdir, necə
çatdırırsınız?
-
Hazırda bir sıra təşkilatların, qurumların
ictimai şuralarında təmsil olunuram. ANAMA yanında ictimai
şuranın sədri, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında ictimai şuranın sədr
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi yanında ictimai şuranın
üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti
yanında fəaliyyət göstərən ictimai
şuranın sədri, Azərbaycan Mətbuat
Şurasının sədr müavini kimi fəaliyyətlərimi
qeyd edə bilərəm. Bu
sadaladığım vəzifələrə seçilməyimdə
öz istəyimdən daha çox ictimai rəyin rolu
böyük olub. Mənə etimad göstərilib
və mən də buna biganə qalmamışam. Hesab edirəm ki, təmsil olunduğum qurumlarda üzərimə
düşən işlərin öhdəsindən layiqincə
gəlirəm.
- Bildiyim
qədər sizin təşkilatın bir strukturu nəşriyyat
olaraq fəaliyyət göstərir. Başqa
sözlə, "Avrasiya Press" nəşrlər evi elmi,
maarifləndirici, bədii kitablar hazırlayır. Bu sahədə görülən işlər nədən
ibarətdir?
-
BAMF-ın "Avrasiya Media Şəbəkəsi"
"Avrasiya Press" nəşriyyatını, "Avrasiya
gündəliyi" internet portalını və "Avrasiya
Production" çəkiliş studiyasını özündə
birləşdirir. "Avrasiya Press" BAMF-ın xeyli sayda
kitablarını nəşr edib, çap məhsullarımız
bir çox sərgilərdə nümayiş olunub. Həm yerli, həm də beynəlxalq kitab sərgilərində
müəllif kitablarının təqdimatı keçirilib.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə kirillə
çap olunan kitabların latın
qrafikasına çevrilməsi prosesi başladı.
"Avrasiya Press" nəşriyyatı da bu layihəyə
qoşuldu və 100-dən çox kitabı yenidən redaktə
etdi, kirildən latın qrafikasına
çevirdi. Yəni ölkənin hər yerində fəaliyyət
göstərən kitabxanaların rəflərində
sıralanan kitablarda BAMF-ın və "Avrasiya Press"in
adı var. Avropada Xristian Demokratik Partiyasının qurucusu,
eyni zamanda Belçikanın keçmiş naziri Alfred Martinsin
"Mən mübarizə aparıram, qalib gəlirəm" əsəri
də "Avrasiya Press"in məhsuludur. Məhəmməd
Yunusun "Kasıbların bankiri" kitabını
böyük məmnuniyyətlə tərcümə və nəşr
etdik. Bu unikal əsərdə ölkəmiz
üçün öyrəniləsi çox şey var. Həmçinin,
jurnalistika nəzəriyyəsi ilə bağlı bir çox
nəşrlər məhz "Avrasiya Press" tərəfindən
işıq üzü görüb. Hazırda
üzərində işlədiyimiz önəmli kitab
vardır. Sami Əlhacın "Məhbus-345 Quantanamoda
2330 gün" və Heidi Kühün "Canlanan torpaq -
minalı ərazilərdən üzümlüklərə"
adlı kitabının Azərbaycan dilində çap
olunması istiqamətində çalışırıq. Demək olar ki, son tamamlama işlərimizi həyata
keçiririk. Yaxın zamanlarda hər iki
kitabın təqdimatını edəcəyik. Bizim "Avrasiya Production" studiyamız da fəaliyyət
göstərir. Gündəlik yayımlanan
reportajlar burada hazırlanır və paylaşılır.
Tədbirlərdən, görüşlərdən,
layihə daxili fəaliyyətlərdən çəkilən
fotoşəkillər və videolar studiyada emal olunur və
yüksək keyfiyyətlə hazırlanaraq təyinatı
üzrə təqdim edilir.
- Səhv
etmirəmsə, fəaliyyətinizin ilk illərində "Hərb
və sülh" adlı qəzet də nəşr edirdiniz. Gərək ki, indi onu "Avrasiya gündəliyi"
saytı əvəzləyir.
- Doğrudur, 1993-cü ildə rus
dilində "Hərb və sülh" ("Voyna i mir")
adlı qəzet buraxdıq. Məqsəd
BAMF-ın ideyalarını həmin qəzet vasitəsilə
beynəlxalq aləmdə rusdilli əhaliyə
çatdırmaq idi. Təəssüflər
olsun ki, qəzetin ömrü qısa oldu, mövcud durum bu
işi davam etdirməyə imkan vermədi. 1993-cü ildə Qarabağın 7 rayonu işğal
olundu. Onların sırasında mənim
doğulub boya-başa çatdığım Füzuli rayonu
da vardı. Mən qəzetin yalnız bir
nüsxəsi ilə Moskvadan Bakıya döndüm. Bakıda Azərbaycan dilində çap etdik. Amma bildiyiniz kimi, ənənə yaşayır,
günü bu gün də media bizim əsas fəaliyyət
istiqamətimizdir. Təbii ki, "Avrasiya
Press" öz işini davam etdirir, layihələrlə
bağlı kitablar, kitabçalar, broşurlar nəşr
olunur.
BAMF-ın 4 dildə - ingilis, rus, Azərbaycan və ərəb
dillərində yayımlanan "Avrasiya gündəliyi"
saytı izləyicilər tərəfindən bəyənilir. Bizim saytda
BMT-nin Baş katibinin müavininin hazırladığı
açıqlamalar yayımlanır, eyni zamanda, dünyanın
nüfuzlu jurnalistlərinin, politoloqlarının eksklüziv
yazıları, fikirləri oxucu kütləsinə təqdim
olunur. Saytımız BAMF-ın əsas
missiyaları istiqamətində mütəmadi olaraq yazılar
yayımlayır, xəbərlər, reportajlar
hazırlayır, konflikt bölgələrindən obyektiv
informasiyaların paylaşılmasına dəstək olur və
bunları özü üçün prioritet hesab edir.
- Sizcə,
hansı dəstəklər olsa, BAMF daha böyük
uğurlara imza atar?
- Azərbaycanda bizim kimi böyük
təşkilatlara kiçik qrantların yox, məqsədyönlü
layihələrin ayrılması zərurəti vardır. Dünyanın hər yerində bu cür təcrübələr
var. Düzdür, həmin layihələrin vəsaiti
birbaşa dövlət büdcəsindən ayrılmır.
Daha çox müəyyən inkişaf agentlikləri
vasitəsilə QHT-lərin fəaliyyətini dəstəkləyən
layihələr olur. Məsələn,
ABŞ-ın inkişaf agentliyi USAID-i qeyd etmək olar. Bu agentlik yerli QHT-lərin Amerikadan kənarda müxtəlif
layihələr həyata keçirmələri
üçün dəstək göstərir. Azərbaycan Respublikası QHT-lərə Dövlət
Dəstəyi Agentliyi niyə də milli QHT-lərin ölkədən
kənarda həyata keçirə biləcəyi layihələri
dəstəkləməsin? Düşünürəm
ki, bu istiqamətdə Azərbaycan vətəndaş cəmiyyəti
qurumlarına dəstək göstərilməsinə
böyük ehtiyac vardır. Həmçinin,
qeyd olunası digər məsələ isə təkcə
BAMF-ın yox, bütövlükdə bizim media cameəsinin
peşəkarlığının artırılmasına
ehtiyacın olmasıdır. Biz Qarabağ
müharibəsini udduq, amma düşmən məkrli
olduğu qədər həm də yaralıdır, ermənilər,
onların havadarları qisas havasındadırlar. Azərbaycan media qurumları müvəffəqiyyətdən
baş gicəllənməsi keçirməli deyil,
başını yumşaq yastığa qoyub rahat yatmalı
deyil. Bir daha təkrarlayıram, media
nümayəndələri səngərdəki əsgər qədər
ayıq-sayıq olmalıdır, düşmən həmləsinə
vaxtında və tutarlı cavab verilməlidir. Operativ jurnalist əsgərdir, qələm ən
güclü silahdır. Bunu heç zaman
unutmaq olmaz.
-
1992-2022. Otuz il ərzində görülən
işlərə dair hesabatlar hazırlamısınız. O
hesabatlarda boşluqlar görürsünüzmü? Daha nələri etsəydiniz, məmnun
qalardınız?
- Bəli,
nəinki hər il üçün, hər
an, hər dəqiqə, hər saat, hər gün
üçün insan özünə hesabat verməlidir. Doğrular, yanlışlar zamanında
aydınlaşmalıdır. Növbəti
günün uğuru bu gün nə edəcəyimiz, necə
çalışacağımızla birbaşa
bağlıdır. Bizim beynəlxalq öhdəliklərimiz
var. Hər il BMT-yə hesabat verməliyik,
hər layihənin dəqiq, doğru hesabatı
olmalıdır. İşin mahiyyəti, keyfiyyəti
hazırlanan hesabatlarda dəqiqliklə əksini
tapmalıdır. Aydınlıq, şəffaflıq
əlahiddə dərəcədə vacibdir. İnam, etibar asanlıqla qazanılmır.
Doğrudur,
hər il gördüyümüz işlərin
ən əhəmiyyətli qismi istiqamətlərimiz üzrə
hesabat jurnallarımızda əks olunub. Təbii
ki, çoxfunksiyalı, çoxşəbəkəli,
geniş coğrafiyalı BAMF kimi bir qurumun gördüyü
bütün işlər kitab-dəftərə sığmaz.
30 illik fəaliyyətimizlə bağlı arxiv
materiallarının araşdırılması
üçün nəinki aylar, hətta mübaliğəsiz
deyərdim ki, illər lazımdır. Təbii ki,
türk qardaşlarımız demiş, dörd dördlük
iş, yəni hər sahədə ideal fəaliyyət
imkansızdır. Boşluqlar,
çatışmazlıqlar hər zaman var və zaman-zaman təcrübələr
qazanıldıqca biz onların yerini doldurmağı
bacarırıq. Bəli, daha çox
işlər görülə bilərdi, daha böyük
uğurlu nəticələr əldə edilərdi. Biz sadəcə öz gücümüz, öz
qüvvəmizlə edə biləcəyimiz qədər etdik.
44 günlük müharibə müddətində biz
"İcma mina aksiyası" komandamızla Tərtər
bölgəsində olduq. Ümumi fəaliyyətlə
bağlı işlərimizi də axsatmadan "Əl-Cəzirə"
televiziyasının komandası da bizimlə bərabər
qaynar həyatın içində idik. Ermənilərin
Gəncədə, Bərdədə, Mingəçevirdə,
Şəmkirdə törətdikləri cinayətkarlıq,
günahsız insanların, məsum körpələrin
öldürülməsi, yaralanması, münaqişə
zonası ilə heç bir əlaqəsi olmayan dinc şəhərlərin
bombardman edilməsi tarixin səhifələrinə qanla
yazılırdı. Biz BMT-dən olan nümayəndələrimizin
iştirakı ilə baş verən olaylarla bağlı
hesabat hazırladıq və həmin hesabat dünya
mediasında kütləvi şəkildə yayımlandı.
-
BAMF-ın pəncərəsindən baxanda yaxın-uzaq
çevrələrdə münaqişələr alovlanan
dünyanın gələcəyi necə görünür?
-
Cavabıma sualla başlayacam. Biz BAMF adlanan bu
qurumu niyə yaratdıq? Niyə təsis yığıncağını
22 iyulda keçirdik? Bu tarix İkinci Dünya
müharibəsinin başlanması tarixi idi. 44 günlük müharibə isə sözün əsl
mənasında Vətən müharibəsi idi. Biz
informasiyanın doğru, düzgün yayılması, həqiqətin
kimin tərəfində olduğunun görünməsi
üçün beynəlxalq təşkilatlara - Qızıl
Xaç Cəmiyyətinə, BMT qurumlarına müraciət etdik. Cavabları bu oldu ki, biz siyasətə
qarışmırıq. İnanın, mən az qala yalvarırdım, biletlərini
alırdım, qarşılamaq, yola salmaq üçün hava
limanına gedirdim, Azərbaycana gəlməyi qəbul edən
jurnalistləri dərhal bölgəyə
çatdırırdım. Ailəm yenə də dəstəyini
əsirgəmirdi, həyat yoldaşım onlara yemək
hazırlamaq bir yana, paltarlarını belə
yuyub ütüləyirdi. Elə həmin gərgin
anlarda ideya yarandı, elə bir təşkilat yaransın ki,
konflikt zonalarının, jurnalistlərin, xəbər
daşıyıcılarının, xalq diplomatlarının səfərlərini
təşkil etsin və beləliklə, obyektiv informasiya
vaxtında, olduğu kimi beynəlxalq aləmə
çatdırılsın. O zamanlar
Çeçenistanda, Gürcüstanda, həmçinin, Orta
Asiyada özbəklər, qırğızlar, taciklər
arasında konfliktlər yaranmışdı. Bütün
bu olanlar süni şəkildə alovlandırılır, millətlər,
xalqlar arasında nifaq toxumu səpilirdi.
Bir qədər əvvəl də qeyd etdiyim kimi,
BAMF-ın ilk təsis yığıncağı Moskvada oldu. Mənim təşəbbüsümlə
müxtəlif ölkələrdən olan 22 jurnalist bizim
yığıncağa qatılmışdı. İlk bəyanatımızı da Moskvada verdik.
Fəaliyyətimiz dövründə konflikt
bölgələrinə səfərlərimiz oldu. Çeçenistana, Baltikyanı ölkələrə.
Qarabağda baş verənləri öz
gözünlə görəndən sonra
düşünürsən ki, dünyanın harasında
olursa olsun baş verə biləcək konfliktlərə sinə
gərmək, onun qarşısını almaq lazımdır.
İndi budur, Ukrayna hadisələrini ürək
ağrısı ilə müşahidə edirik. Tərəfdaş olduğumuz "Sülhün
kökləri" təşkilatı ilə Ukraynada baş
verən olaylarla bağlı nələri edə biləcəyimizlə
bağlı söhbətlər aparırıq. Dünyanın 60-dan çox ölkəsində
minalanmış ərazilər problemi var və min illər
sonra da təmizlənməsi çözülə bilməyən
problem olaraq qalır. Bu sıraya artıq
Ukrayna da daxildir. Nyu-Yorkda mina probleminin
qabardılması ilə bağlı bir tədbirimiz gözlənilir.
Çox təəssüf ki, dünyanın
hegemon dövlətləri baş verən proseslərə
öz maraqları çərçivəsindən
yanaşırlar. Amma fərqində deyillər
ki, bu, külli-bəşəriyyəti nə qədər
geriyə salır. Bu qədər silahlara xərclənən
vəsaitlər insanların inkişafına, təhsilinə
yönəlsəydi, necə böyük bir faydası
olardı. Bu gün nə qədər insan
ac-susuz, evsiz-eşiksizdir. Niyə bu
resurslar onların rifahına yönəldilməsin? Budur əsas problem. Ukraynada
konfliktin yaranmasında əsas səbəb dövlətlərin
şəxsi maraqlarıdır. İstər
Rusiyanın, istər Avropa ölkələrinin, NATO-nun,
ABŞ-ın və s. Mən bir daha hər kəsə səslənirəm
ki, gücümüz çatsa da, çatmasa da, biz ən
azından belə problemlərin həll olunması
üçün səssiz qalmalı deyilik.
- Bəs
yaxın onilliklərdə dünyanın kiçik
parçası olan Azərbaycanın gələcəyini necə
görürsünüz?
- Azərbaycan
davamlı inkişafda olan bir ölkədir. Son
onilliklər ərzində təkcə paytaxt Bakıda deyil,
regionlardakı inkişafı görməmək, dəyərləndirməmək
korluq olardı. Həm də torpaqları 30 il işğal altında olan,
qaçqın-köçkün problemi yaşayan bir ölkə
olaraq Azərbaycan dövləti bu ölkənin, bu xalqın nələrə
qadir olduğunu sübut elədi. Əgər
müharibələr, dağıntılar olmasaydı, Azərbaycanda
inkişaf pik həddə çatar, əhalinin
yaşayış səviyyəsi qat-qat yüksələrdi.
Gəlin etiraf edək ki, son zamanlar bir çoxları
işğal altında olan Qarabağ torpaqlarının qəsbkar
düşməndən təmizlənəcəyinə
şübhə ilə yanaşırdı. Bu
günün reallığı nədir? Böyük
itkilər, şəhidlik bahasına da olsa, Azərbaycan Ordusu
zəfər çaldı. Mən heç
zaman inamımı itirmədim, bu istiqamətdə mücadilə
apararkən içimdə xırda bir şübhəyə
yer yox idi. Dədə-baba torpaqlarımız artıq
bizimdir və mən inanıram ki, ən qısa zamanda Prezident
İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti,
müzəffər Milli Ordumuzun ayıq-sayıqlığı,
xalqımızın birliyi sayəsində bir qarış belə
torpağımız əsarətdə qalmayacaq. Mən ona da inanıram ki, artıq Azərbaycan
adlı bir məmləkətin varlığını qəbul
edən dünya onun nələrə qadir olduğunu da
anlayacaq.
- Bəs
ümidlə dolu adam Umud Mirzəyev BAMF-ın gələcəyini
necə görür?
- BAMF artıq oturuşmuş, mükəmməl
idarəetmə strukturu, özünə məxsus tərcümeyi-halı,
geniş əlaqələri olan beynəlxalq qurumdur. 1993-cü ildə Moskvada "Radio Mayak"da Modris
Auzenş, Yuri Pampeyev, Riçard Lapaitislə birlikdə
çıxış edirdik. Radio jurnalisti
məndən qərargahımızın harada olduğunu
soruşdu. Dedim, Bakıda. Təəccüb
qarışıq heyrətlə soruşdu ki, necə yəni
Bakıda? Bir qədər də şəstlə təkrarladım,
dedim ki, bəli, bizim təşkilatımızın mərkəzi
Bakıdadır. Əlavə etdim ki, bu tipli təşkilatların
yerini Moskva, London və Parisdə axtarmağın zamanı
artıq geridə qalıb. Həyat
yanılmadığımı sübut elədi. Mən inanıram ki, BAMF indikindən daha geniş bir
quruma çevriləcək və biz öz missiyamızı
daha geniş miqyasda həyata keçirəcəyik.
- Siz
BAMF-ın sədrisiniz, ölkədə kifayət qədər
tanınan ictimai xadimsiniz, bütün bunlarla bərabər, həm
də ədəbiyyat insanısınız, şairsiniz,
publisistik yazılarınız var. Nəhayət,
özünüzə uyğun bir kitab çap etdirəcəksiniz,
ya yox? Hələ onu demirəm ki, neçə-neçə
istedadlı insanın kitablarının işıq üzü
görməyinə dəstək olmusunuz.
- Sualınızın cavabı otuz il əvvəldə qaldı. Bəlkə o zaman ruhundan şeiriyyət yağan gənc Umud Rəhimoğlunun ilk şeirlər kitabının çapdan çıxacağı günü necə həsrətlə gözlədiyini gözlərindən oxuyardınız. Bu günsə hələlik cavabım belədir: Umud Rəhimoğlu otuz ildir eyni kitabı yazır. Onun adı BAMF-dır. Sonra nələr olacağını zaman göstərər.
- Umud müəllim, bu qədər söhbətləşdik, 30 ilin üst-üstə yığılmış suallarına cavab axtardıq. Görünən odur ki, BAMF-ın 30 illik fəaliyyəti, ölkə üçün, insanlar üçün görülən işlərin toplusu 30 kitaba belə sığmaz. Gələcək fəaliyyətinizdə uğurlar diləməzdən əvvəl sizi dinlədikcə beynimdə dolaşan bir sualı səsləndirməkdən ötrü səbirsizlənirəm. Düşünürəm ki, bu qədər böyük missiyanı yerinə yetirən insanın arxasında güclü bir ailə olmalıdır. Yanılmıram ki?
- Heç yanılmırsınız. Əgər ailəmin, həyat yoldaşımın dəstəyi olmasaydı, açığını deyirəm, BAMF da bugünkü BAMF olmazdı. Mənim ən böyük çabalarıma özümdən çox onlar tab gətirib. Söhbətimiz boyunca ara-sıra bu mövzuya toxunduq. İlk fəaliyyət illərində yaşadığımız mənzilimiz bir növ qərəgaha, otelə, yataqxanaya çevrilmişdi. 30 il ərzində elə anlar yaşanıb ki, bəzən xatırladıqca, həyat yoldaşıma, azyaşlı övladlarıma necə əziyyət verdiyimin fərqinə varıram. Amma onlar da qol qoyduğumuz işin Vətənimiz üçün gərəkli olduğuna, çadır düşərgələrində zillət çəkən qohum-əqrəbanın həyatının dəyişəcəyinə inanırdılar. Bəzən 7-8 nəfər əcnəbi jurnalistlə döşəmədə baş-ayaq yatmışıq. Mən öz işimlə ailənin düzənini pozmuşam. Amma bir dəfə də olsun ailəmin narazılıq etdiyini, köks ötürdüyünü, üzlərinin ifadəsinin dəyişdiyini görməmişəm. Onlar bu yükü mənimlə bərabər çəkiblər. Bu 30 ildə gözlə görünən nələrə nail olmuşamsa, daha çox ailəmə borcluyam. BAMF artıq onların da həyatının ayrılmaz parçasıdır. Oğlum Oğuz 6 illik Amerika təhsilindən sonra istənilən ölkədə, yaxud Azərbaycanda ən yüksək postlarda çalışa bilərdi. Buna onun yetəri qədər potensilalı var. Amma o, BAMF-ın ən çətin və mən deyərdim ki, ən axsayan nöqtəsini seçdi, Tərtər ofisində çalışmağa başladı və ən qısa zamanda oradakı yüksəlişi gördük. Böyük qızım Aytəkin də mənim yolumu seçib, sosial sahədə çalışır. Kiçik qızım Aysəba bir az da ağır missiyanı yerinə yetirməli oldu. Evdən, ailədən uzaqda - dünyanın aparıcı media qurumlarından olan "Əl-Cəzirə" televiziyasında məsul işdədir və öz ölkəsini ləyaqətlə təmsil eləyir.
- Nə gözəl, Umud müəllim, demək ki, çəkilən zəhmət hədər getməyib. Şükürlər olsun, yoldaşınız və ailəniz yenə də ən yaxın dəstəkçinizdir. Təşkilatın 30 yaşı münasibətilə biz də sizi ürəkdən təbrik edir və daha böyük uğurlara imza atacağınıza inanırıq.
Rəhilə GÜLGÜN
525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.12-13.