Qəlblərdə taxt quran insan

 

Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin 70  yaşı tamam olur

 

Daxili İşlər Nazirliyi sistemindəki qüsursuz xidmət dövründə 20 il DİN-in Tibb İdarəsinə rəhbərlik edən, xeyirxah əməlləri ilə Qarabağımızın ləyaqətli övladı kimi tanınan Əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin 70  yaşı tamam olur.

Bəhruz Səfərəliyev bəy nəslindəndir. Onun ulu babalarından olan Səhliyalı bəy Qarabağ xanı Pənahəli xanın baş vəziri olub. Səhliyalı bəyin bacısı Xanxanım isə Pənahəli xanla ailə qurub. Bu nəslin digər nümayəndələrinin Qarabağın tarixində özünəməxsus xüsusi yeri olub.

 

Nüfuzlu bəy nəslinin nümayəndəsi olan bu nəslin adına daim başucalığı gətirən Bəhruz Səfərəliyev 1952-ci il sentyabrın 11-  Ağdamda - bütün mənalı ömrünü vətən övladlarının təhsil almasına sərf edərək müdrik ağsaqqallığı ilə sevilən, müasirlərinin "Bəy" deyə müraciət etdiyi Zülfüqar Səfərəliyevin ailəsində dünyaya göz açıb.

Bəhruz Səfərəliyev 1968-ci ildə Ağdamda 5 nömrəli orta məktəbi, 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təyinatını Daxili İşlər Nazirliyinə alıb. 1975-1976-cı illərdə hərbi xidmətdə olub.

Bəhruz Səfərəliyev hərbi xidmətdən sonra - 1977-1982-ci illərdə xidmətini SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbində Tibb xidməti rəisi vəzifəsində davam etdirib. 1982-ci ildə Daxili İşlər Nazirliyinin Tibb Şöbəsinin rəis müavini, 1983-cü ildə isə Daxili İşlər Nazirliyinin Hərbi-Həkim Komissiyasının sədri vəzifəsinə təyin olunub. O, 1992-ci ilə qədər bu vəzifədə çalışıb. 1992-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Bu təyinatdan sonra - 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb Şöbəsinin bazasında Tibb İdarəsi yaradılarkən idarəyə rəhbərlik bu qurumun ilk rəisi olaraq Bəhruz Səfərəliyevə həvalə olunub.

Bəhruz Səfərəliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin həkimlərinin yüksək vətənpərvərlik təşəbbüskarlığı ilə daxili işlər orqanları əməkdaşların sağlamlığı istiqamətində həyata keçirilən məqsədyönlü işləri ilə yanaşı, 1-ci Qarabağ müharibəsində yaralanmış polis əməkdaşlarının müalicə işi diqqət mərkəzində olub. Respublikamızın səhiyyə potensialı ilə kifayətlənməyən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi müstəqillik qazanmış respublikamızın xarici siyasət imkanlarından da geniş istifadə edərək, dost ölkələrin sağlamlıq ocaqları ilə bilavasitə əlaqə yaradıb. Yaralılarımızın xaricdə müalicə almalarına ciddi səylər göstərilib müsbət nəticələr əldə olunub.

Dünya şöhrətli Cənubi azərbaycanlı cərrah Cavad Heyətlə, Türkiyədən İbrahim Yıldırımla, Büngür Sönməzlə, Bürhan Dadaşla, Oktay Dinclə, Murad Karaçoğlu ilə, Çingiz Kudayla, Yunis Aydınla, Nəcməddin Pamirlə, Sərvət Öztürklə, Oktay Ardanla, Cem Dəmirəllə, Müzəffər Altuntaşla, Həsən İlkova ilə, Orxan Barlaşla, İngiltərədən Tom Makulliflə, Tekin Atalarla digər tanınmış həkim cərrahlarla Bəhruz Səfərəliyevin şəxsi münasibətləri daxili işlər orqanları əməkdaşlarının sağlamlıqlarının bərpa olunmasına öz bəhrəsini verib.

 

Bəhruz Səfərəliyev Türkiyədə, İran İslam Respublikasında, Fransada, Niderlandda, Argentinada, Bolqarıstanda, Almaniyada, Yaponiyada, Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə keçirilən konqreslərdə, simpoziumlarda, elmi konfranslarda, sərgilərdə mötəbər kürsülərdən Azərbaycan həqiqətlərini - Qarabağda erməni millətçilərinin törətdiyi qanlı cinayətləri dünya ictimaiyyətinə çatdırıb.

Azərbaycanın iqtisadi problemlər yaşadığı illərdə məhz Bəhruz Səfərəliyevin məqsədyönlü təşəbbüsləri nəticəsində Küveytin Xəstələrə Yardım Fondunun rəhbəri Şeyx Abdulla Əl-Said vasitəsilə iki dəfə 40 ton tibbi ləvazimatlar təmənnasız olaraq ölkəmizə gətirilib.

1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin səhiyyə sistemində geniş miqyaslı islahatlar aparması daxili işlər orqanları əməkdaşlarının sağlamlığının qorunması sahəsində nailiyyətlərin əldə edilməsinə, əməkdaşların xarici ölkələrdə müalicə olunmasına, bir sıra layihələrinin reallaşmasına zəmin yaradıb. Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının, "Xəzri" Sağlamlıq İstirahət mərkəzinin, 1 saylı poliklinikanın, stomoloji, dialez mərkəzlərinin, dünya standartlarına uyğun yenidən-tikilib istifadəyə verilməsi,  digər qurumların maddi-texniki bazasının gücləndirilməsi naminə həyata keçirilən işlərdə   Bəhruz Səfərəliyevin gərgin əməyi olub.

Xidməti fəaliyyətindəki nailiyyətlər nəzərə alınaraq 1994-cü ildə Bəhruz Səfərəliyevə mükafat qaydasında polkovnik rütbəsi verilib.

Bəhruz Səfərəliyevin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuş Bəhruz Səfərəliyevə 2008-ci ildə dövlət başçısının sərəncamı ilə "Əməkdar həkim" fəxri adı verilib. İki dəfə "SSRİ-nin səhiyyə əlaçısı", iki dəfə "DİN- əla xidmətlərinə görə" döş nişanları ilə mükafatlandırılıb. Bəhruz Səfərəliyev I, II III dərəcəli "Qüsursuz xidmətlərə görə" "Polis veteranı" "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.

2012-ci ildə yaş həddinə görə daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra Bəhruz Səfərəliyev bir müddət Türkiyədəki Memorial Tibb Mərkəzinin Azərbaycan üzrə təmsilçisi olaraq əmək fəaliyyətini davam etdirib, yenə fədakarlıqla insanların sağlamlığının keşiyində dayanıb.

Türkiyə sevdalı Bəhruz həkimin qardaş ölkənin aparıcı tibb qurumları, tanınmış səhiyyə mütəxəssisləri ilə dostluq münasibətləri bu gün soydaşlarımızın sağlamlıqlarının qorunması işinə öz töhfəsini verir.

İctimai həyatda fəallığı ilə seçilən Bəhruz Səfərəliyev Birinci Dünya müharibəsi ərəfəsində Nargin adasındakı 20 mindən çox türkün əsir saxlanılaraq onların əsarət günlərini, Sarıqamış Şərq Cəbhəsində yaşanan hadisələri araşdıran tanınmış ürək cərrahı, professor Bingür Sönmez ilə tarixçi alim, professor Tufan Gündüzün məsləhətləri ilə çəkilmiş "Cəhənnəm adası Nargin" adlı filmin ərsəyə gəlməsində ictimai həyatda da fərqlənən Bəhruz Səfərəliyevin təqdirəlayiq xidmətləri olub bu filmlə bağlı onun fəaliyyəti Türkiyə ictimaiyyəti tərəfindən layiqincə dəyərləndirilib.

Şəhidlərimizə ehtiram əlaməti olaraq Bəhruz Səfərəliyev İstanbulda Şəhid Adil Doğan İlkokulunun Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına kitabxana fondunun  daha da zəngin olması üçün məktəb rəhbərliyinin tövsiyə etdiyi kitabların 200-dən artıq nüsxəsini həmin tədris müəssisəsinə hədiyyə edib.

Bütün vətən sevdalı, Qarabaq nisgilli soydaşlarımız kimi, Bəhruz Səfərəliyevin qəlbi uzun illər daşı daş üstə qalmayan Ağdam üçün ağrıyıb. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatların nəticəsi olaraq Ağdam işğaldan azad olunduqdan sonra bir çox soydaşlarımız kimi Bəhruz Səfərəliyev vətənə - ata yurdu nisgili ilə ana ətirli Ağdama üz tutub. Ağdamda parça-parça olmuş, yöndəmsiz hala düşmüş yollar, dağıdılmış təsərrüfatlar, bir ikimərtəbəli boz evlərin qalıqları, dizdən yuxarı qalxan saralmış otluqlar, cırlaşmış nar ağacları, köhnə divarlar arasından boylanan ağac budaqları, otların altında yerlə-yeksan olmuş evlər Bəhruz həkimin qəlbinə çalın-çarpaz dağ çəkib. 

Ləyaqətli xoşbəxt ailə başçısı olan, muğam sevdalı Bəhruz Səfərəliyev ömrünün yeddinci onilliyini yola salır. O, mənalı həyatının 70 illik zirvəsində hərdən qəlbinin dərinliklərində saxladığı xatirə dəftərini səhifələyərək, zəngin foto-video arxivini nəzərdən keçirərək ötən günləri xatırlayır   haqlı olaraq bu qənaətdədir ki, arxada qalan illər hədər getməyib. Bəli, onilliklər boyu əməli işləri ilə "İnsan kimin üçünsə dəyərli deyilsə, o, ölü kimi bir şeydir" devizi ilə yaşayan Bəhruz Səfərəliyevin ömrünün hər anında Vətənə, xalqa, soydaşlarına, saysız-hesabsız dostlarına dəyərli xidmətləri var.

 

Hikmət XUDİYEV (CƏMİLZADƏ)

 

Əməkdar jurnalist, istefada olan polkovnik

525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.10.