Tənhalıq arzusu və... boşluq  

 

 

Yeniyetməlik çağlarım o şən, şıltaq qızı öldürüb yerinə qapalı, qaradinməz bir insanı gətirdi. Həyatı dərk etdiyimə, ya da dərk etdiyimi düşündüyümə görə susqunlaşdım. Ətrafımdakıların mənfəətpərəstliyi, düşüncəsiz hərəkətləri, kobudluqları ürəyimi bulandırırdı. Elə o vaxtdan insanlara, insan olduğuma görə özümə , bir az da həyata yadlaşdım. Nədəndir bilmirəm, bəzi anlar yaşadığımı unudurdum sanki. Dünyanın ən gülməli lətifəsini danışsan, üzümün bir əzələsi tərpənməzdi. Gözümün önündə kiməsə işgəncə etsən, eləcə donuq ifadə ilə izləyərdim. Yaxşı ki, bu hal keçici idi, yay yağışı kimi bir anın içində gəlir gedirdi. Bəzən sadəcə Günəş doğarkən ilk şüalarının pəncərəmdən içəri boylanması, pişiyimin tüklərini tökə-tökə ayağıma sürtünməsi, səhər yeməyinə bişirdiyim omletin tavanın formasını alıb yupyumru alınması, corablarımın paltarımla uyğun rəngdə olması, ya da külək yırğaladıqca təzəcə yuduğum saçlarımdan xoş ətrin yayılması ruhumu titrədir, sanki "oyan, sən hələ yaşayırsan", - deyirdi. İnsanlarla məsafəm isə olduğu kimi qalırdı. Odur ki, qarşıma məqsəd qoymuşdum: olursa olsun, çalışıb pul qazanacaq, ev alacaqdım. Bəzi gecələr hər kəsdən uzaqlaşıb öz dünyamı qurmaq barədə şirin düşüncələr fikrimi o qədər məşğul edirdi ki, xoruzların banı ilə səhər olduğunun fərqinə varırdım.

Qətiyyətli insan idim. Əlimə pul keçən kimi xərcə-borca düşüb bir ev aldım. Olduqca kiçik mənzilim cəmi bir otaqdan ibarət idi. Divarların rəngi solmuş, künclər çat vermişdi. Əşyalar köhnə, sınıq-salxaq olsa da, kefim yerində idi. Heç kim mənə qarışa bilməzdi. İşdən gələn kimi ayaqqabılarımı necə gəldi çıxarıb atırdım, kirli corablarım yatağın yanında yerdə, paltarlarım isə stulun söykənəcəyindən asılı olardı. Döşəməni toz aparsa da, eynimə almaz, vaxt kefimə düşsə, onda silərdim. Yeməyi ancaq hazır alır, qabları yeməkdən əvvəl yuyurdum. Qonşumun qışqır-bağırına əhəmiyyət vermədən gecəyarı musiqi dinləyir, "görənlər deyər", - düşünmədən istədiyim vaxt, lap qaranlıq da olsa, gəzməyə çıxırdım. Namusuma qonşularım yox, vicdanım nəzarət edirdi.

Sözün əsl mənasında, arzularım çin olmuşdu. Ancaq nə isə çatmırdı. Ömrüm boyu tənhalığın xoşbəxtlik gətirdiyi düşüncəsi ilə yaşamışdım. Fikrimin səhv olduğu ağlıma da gəlməzdi. Yanılmışdım, özüçox pis. Həyatımda böyük bir boşluq var idi. Evimin tək otağını əşyalarla doldurmuşdum. Hərəkət edə biləcəyim cığırdan başqa addım atmağa yer yox idi. Ancaq yenə də nəsə çatmırdı. Bir insan, bir yoldaş, bir dost... Məktəb vaxtı anama çox deyinməyinə görə hirslənərdim. Otağımdakı dağınıqlığı səliqəyə salarkən məni acılayar, pinti olduğumu deyərdi. Yatdığım yerdə it də yatmazmış. Mənim kimi qız heç kimə lazım deyilmiş. Məni tanıyan kimi hamı dabanına tüpürüb qaçarmış. Danlaqdan təngə gələr, uşaq ağlımla ondan yaxa qurtaracağım günü iplə çəkərdim. Bax həmin boşluğu anamın acı sözləri nə gözəl doldurardı. Yanımda olsa, otağımı səliqəyə salsa, hirslənsə, danlasa, yarımçıq həyatım tamamlanacaqdı sanki. Ya da başqa biri gəlsə, necə yaşadığımı görsə, ona bu həyatın məni xoşbəxt etdiyindən danışsam... İntihar edən insan ilgəyi boğazına keçirəndən sonra kiminsə gəlib görməyini, bəlkə də, onu saxlamağını necə istəyirsə, mən də eləcə qapımın döyülməsini gözləyirdim. Öz-özünə nə qədər xoşbəxt olduğunu təkrar etsən də, faydası yoxdur. Sən demə, tənhalığın xoşbəxtlik gətirdiyini sübut etmək üçün də kiməsə ehtiyac duyurmuşsan.

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2022.- 8 sentyabr.- S.8.