Ustad dərsləri
"Film yaratmaq, hər şeydən əvvəl, hər
hansı bir əhvalatı danışmaq
bacarığıdır. Əhvalat istədiyimiz qədər ola bilər; vacib şərt onun dramatikliyindədir.
Bəs drama nadir? Bu, gündəlik
Reklamınızı SmartBee ilə effektiv edin.
A.Hiçkok
Alfred
Hiçkokun "Həyətə baxan pəncərə"
filminə ilk dəfə tamaşa edəndə
düşdüyüm qəribə vəziyyət indiki kimi
yadımdadır: Film təzəcə
başlamışdı, amma mən alışqanı
masanın üstündən götürüb bayaqdan
dodaqlarımın arasında sıxdığım siqareti
yandırmağa heç cür macal tapmırdım. Sadəcə olaraq ona görə ki, bunun
üçün nəzərlərimi cüzi də olsa
ekrandan yayındırmalıydım. Di gəl
ekrandakı magiya buna imkan vermirdi və mən kadrdan-kadra,
epizoddon-epizoda təxirə saldığım istəyimi filmin
sonuna kimi reallaşdıra bilmədim.
Mənə
elə gəlir ki, dünyanın hər yerində yaşından,
cinsindən asılı olmayaraq minlərlə insan
Hiçkokun filmlərinə baxanda heç olmasa bir dəfə
buna oxşar vəziyyətə düşüb: kimsə
kofesini qurtumlamağa, kimsə tərini
silməyə, kimsə telefon zənginə cavab verməyə
və daha nələrə, nələrə imkan tapmayıb.
Hərdən
düşünürəm ki, Hiçkokun filmlərinə
baxan adamlar televizorların qarşısına qoyulmuş heykəllərə
bənzəyirlər və bu heykəllərin hamısında
bir ortaq, ümumi detal var: heyrətlə
açılmış, hərisliklə ekrana zillənmiş
gözlər.
Bu,
yüksək peşəkarlığın, rejissor ustalığının
təntənəsidir!
Ötən əsrin ortalarında Hiçkok
yaratdığı filmlərlə yeni bir janrın - bu gün
saysız-hesabsız rejissorların müraciət etdikləri
psixoloji triller janrının kanonlarını birdəfəlik
müəyyənləşdirdi. Amma ünlü
kinoçu kimi sənətdə Hiçkokun xidmətini
bununla məhdudlaşdırmaq sadəlövhlük olardı.
Müəmmalı, paranormal hadisələri filmlərinin
fakturasına çevirən Hiçkokun zahirən yalnız
tamaşaçı marağının təmin edilməsinə
hesablanmış bu fakturanın gizli qatlarına enmək,
insanı qorxu, həyəcan, gərginlik içində
saxlayan olayların anatomiyasını ekran dili ilə virtuoz bir
səviyyədə ifadə etmək,
tamaşaçının "istehlak" tələbi ilə
sənətin qızıl qanunları arasındakı məsafəni
minimuma qədər qısaltmaq naminə gördüyü
işlər kino mədəniyyətinin yaddaqalan, həmişə
xatırlanan önəmli faktlarıdır. Bu mənada
Hiçkok özündən sonra gələn bir çox
rejissorlar nəslinin müəllimi səviyyəsinə
yüksəlmiş bənzərsiz virtuozdur. Bu gün
ekranları zəbt edən saysız-hesabsız trillerlərdə,
dəhşət filmlərində, detektivlərdə
qarşılaşdığımız çəkiliş
üsullarının, montaj
formalarının, qeyri-adi rakursların Hiçkok irsindən
qaynaqlandığını, məhz Hiçkokun
yaratdığı ekran dilinin lüğət fondundan
götürüldüyünü ustadı
açıq-aşkar təqlid edən peşəkarlarla
yanaşı, ondan dolayısı ilə təsirlənən sənətkarlar
da etiraf edirlər.
Kino tənqidçiləri Hiçkokun bənzərsizliyini
adətən onun dilinin orijinallığı,
yaratdığı yeni təhkiyə tərzinin formal özəllikləri
ilə izah edirlər. Doğrudan da, özünün "Kəndir",
"Həyətə baxan pəncərə",
"Psix", "Qatardakı naməlum şəxslər",
"Quşlar" kimi ən yaxşı filmlərində
Hiçkokun apardığı eksperimentlər aradan neçə
onilliklər keçdikdən sonra da özünün yeniliyi,
qəfilliyi (və gözəlliyi) ilə seçilir, kino nəzəriyyəsinə
həsr olunmuş kitablarda, eləcə də kino
ensiklopediyalarında dönə-dönə xatırlanır. Məsələn, 1948-ci ildə çəkilmiş
"Kəndir" psixoloji dramı öz forma özəlliyinə
görə bu gün də ekran sənətinin bənzərsiz
incilərindən sayılır. Film psixopatiya nəzəriyyəsi
ilə bağlı versiyalardan birini təcrübədən
keçirmək naminə öz keçmiş
tanışlarını boğaraq sandıqda gizlədən,
sonra əsəb gərginliyinin şirinliyini dadmaq
üçün qurbanın valideynlərini, arvadını həmin
sandığın
qoyulduğu otaqda düzənlədikləri ziyafətə
dəvət edən iki kişinin paranoik səciyyəli
eksperimentinə həsr olunub. Lokal məkan (hadisələr bir
otaqda cərəyan edir), personajların uzun dialoqları filmin
süjetinə bir süstlük, lənglik gətirsə də,
Hiçkok danışıq dramının estetikasını
məhz dram təhkiyəsinin yeni, gözlənilməz
interpretasiyası ilə dağıdır, 80 dəqiqəlik
bu ekran əsərini 8 hissədən - heç bir montaj kəsiyi
olmayan 8 uzun plan-kadrdan ibarət ekran versiyası kimi təqdim
edir. Və qəribə burasındadır ki,
dünya kinosu tarixində analoqu olmayan bu üslub
tamaşaçını qətiyyən yormur, onu
usandırmır. Çünki onun zahiri
statikliyi, monotonluğu kameranın mürəkkəb və
qeyri-adi dərəcədə ifadəli hərəkəti ilə
kompensasiya olunur. Rejissor qəhrəmanlarının
alt şüurunda gedən qəliz prosesləri, freydizmin təzahürlərini
hər biri 10 dəqiqə çəkən plan-kadrlarda hadisələri
fəzanın ən mürəkkəb nöqtələrindən
izləyən kameranın gözü ilə əyaniləşdirir.
Yaxud yuxarıda xatırladığım "Həyətə
baxan pəncərə" filminin qeyri-adi və yenə də
analoqu olmayan poetik strukturundan necə vəcdə gəlməyəsən? İki saatdan
artıq davam edən bu filmdə hadisələr
tamaşaçıya 2 baxış nöqtəsindən - qəhrəmanın
otağında baş verənləri və qəhrəmanın
pəncərəsindən görünənləri növbə
ilə müşahidə edən kameranın mövqeyindən
təqdim edilir. Hiçkok heç bir
xüsusi və optik effektlərə getmədən adi, hətta
ilk baxışdan primitiv təsir bağışlayan çəkiliş
texnologiyası ilə pəncərədən görünən
həyəti dünyanın modeli səviyyəsinə
qaldırır, bu həyətə açılan pəncərələrin
arxasındakı otaqlarda uzaqdan yalnız siluetləri
görünən insanların həyatını isə bu
dünyanın bənzərsiz insan talelərində təcəssümü
kimi təqdim edir.
Bir
rejissor olaraq Hiçkokun kəşf etdiyi və filmlərində
uğurla reallaşdırdığı üslubi vasitələr
tamaşaçını gərginlikdə saxlamaq
üçün vurğulu epizodlar qurmağa, kriminal səciyyəli
hadisələri, müəmmalı qətlləri
"günahkar - günahsız - cinayət" triadası
daxilində və psixoanaliz müstəvisində tədqiq etməyə,
ən xırda detalları, məişət
situasiyalarını (məsələn, eynək
şüşəsini, qəzet parçasını,
fırlanan karuseli) vizual effekt mənbəyinə çevirməyə
xidmət edirdi.
Ustad
1960-cı ildə lentə aldığı "Psix"
filmində bu xüsusiyyətlərin mükəmməl bir estetik sistemini
yaratmışdır. Yeri gəlmişkən,
böyük studiyalar bu filmi çəkməkdən imtina
etdikdən sonra Hiçkok onu cüzi büdcə ilə və
televiziya texnikası ilə çəkmişdi. Qısa vaxt ərzində rejissoru milyonerə
çevirən bu triller kino tarixində mərhələ rolu
oynayan şedevrlərdən biri kimi bu gün də
dünyanın müxtəlif yerlərində təkcə
saysız-hesabsız kinomanları yox, peşəkarları da
öz cazibəsində saxlayır.
Digər filmlərində də Hiçkoku bu və ya
digər dərəcədə məşğul etmiş şəxsiyyətin
ikiləşməsi, günah və cəza motivləri
"Psix" filmində özünün bitkin və
kinematoqrafiya baxımından ifadəli həllini
tapmışdır. İlk kadrlardan finala qədər
tamaşaçını tədricən artan daxili gərginlik
(sespens) içində saxlayan bu filmin poetik strukturu elə
ustalıqla qurulmuşdur ki, orada cüzi bir səliqəsizlik,
xırda bir nöqsan tapmaq müşküldür.
Kadrların metrik ölçüləri ilə ritmik
intonasiyası arasındakı ahəngdarlıq, kameranın
qeyri-adi dərəcədə məzmunlu hərəkəti
(öldürdüyü qızın şəklinə
baxanda Normanın gərginlikdən
əsən çənəsinin döşəmə
üstünə uzanmış müşahidəçi
nöqteyi-nəzərindən göstərilməsi, şəxsi
detektivin pilləkən meydanında öldürülməsi
epizodunun "quş uçuşu" rakursundan lentə
alınması nəyə desən dəyər),
personajların daxili dinamikasının ifadəsi
üçün tapılan qrafik cizgilər və gah müəllifin,
gah da qəhrəmanların daxili nitqinin davamı statusunda
çıxış edən musiqi - bütün bunlar bir-biri
ilə çuğlaşaraq ekranda az qala
mistik bir sehr yaradır.
Hiçkok baxış bucaqlarını (seyrçinin və personajların) epizodun dramatizminə, onun filmləri üçün xarakterik olan tədricən artan gərginlik effektinə tabe etməyin ustadı idi. Məsələn, "Psix" filmində mehmanxanadakı vanna otağında gənc qızın naməlum şəxs tərəfindən vəhşicəsinə öldürüldüyü səhnə ən uzağı 25-30 saniyə davam edir. Lakin rejissor baş verənləri gah qatilin, gah qurbanın, gah da neytral seyrçinin baxış bucaqlarından təsvir etmək üçün 30-dan çox görüntünü qısa kadrlarla ritmik tərzdə montaj edir, kadrların əvəzlənməsindəki sürət hesabına ümumi silueti görünsə də, qatil bu səhnədən bir kölgə kimi keçir və rejissor onun kimliyinin faş olunmasını ustalıqla təxirə salır. Qurbanın qanını yuyub aparan suyun axdığı vanna deşiyinin onun açıq qalmış gözü ilə şaquli montajı isə axan qan və ölüm motivlərinin orijinal ekran ifadəsidir.
Şəxsi xəfiyyənin öldürüldüyü səhnədə qatilin həmlədən əvvəl quş uçuşu rakursundan təqdim olunur, bıçaq zərbələri endirildikdən sonra isə xəfiyyənin 2-ci mərtəbədən ləngərləyə-ləngərləyə arxası üstə yıxılması onun öz baxış bucağından verilir. O ki qaldı zərbələri endirib qaçan qatilə, Hiçkok yenə də onu tamaşaçının baxış bucağından naməlum varlıq kimi uzaqlaşdırır.
Kino nəzəriyyəçiləri, tənqidçiləri Hiçkokun irsinə heç vaxt biganə qalmasalar da, onun fimləri daha çox forma-üslub müstəvisində təhlil olunmuş, nəticədə Hiçkokun virtuozluğu onun həyat və insan barədə guya vulqar və mürtəce xarakter daşıyan konsepsiyası fövqünə qaldırılmışdır. Tədqiqatçılar əksər hallarda bunu onun intiutiv şəkildə öz filmlərinə gətirdiyi psixoanaliz amili ilə əlaqələndirirlər. Əgər həqiqətən də belədirsə, bunu Hiçkokun qüsuru kimi yox, əksinə, öz yaradıcılıq kredosu, bədii-estetik platforması olan sənətkar şəxsiyyətinin qələbəsi kimi dəyərləndirmək daha düzgün olardı. XIX əsrdə rus ədəbiyyatında, konkret olaraq Dostoyevskinin yaradıcılığında fəlsəfi-estetik ideal səviyyəsinə qalxan "ideoloji qətl və psixoloji cəza" konsepsiyası kinoda öz davamını məhz Hiçkokun yaradıcılığında tapmışdır. Bu mənada onun qəhrəmanları ilə Dostoyevskinin Roskolnikovu, İvan Karamazovu arasında oxşarlıqlar çoxdur, lakin Hiçkok Dostoyevskidən fərqli olaraq, bu konsepsiyanı "psixoloji qətl və qanuni cəza" müstəvisinə transfer edərək onu yeni baxış bucağından sınağa çəkmişdir. Hiçkok üçün insanın psixoloji kompleksinin rəngarəng çalarları, onun şüuraqədərki hissi - emosional durumunun təşviq etdiyi istəklər şüurun diktəsi altında yaranan düşüncə və yaşam tərzindən heç də az əhəmiyyət kəsb etmirdi. Ona görə də insanın bəzən vəhşilik dərəcəsinə çatan amansızlığı, düşüncə tərzindəki qəfil sapmaların əsirinə və quluna çevrilərək cinayət törətməsi kimi vulqar motivlər əslində, Hiçkok realizminin təntənəsi idi.
Kino səltənətində Hiçkokun saldığı və inamlı, iri addımlarla getdiyi yol hər il saysız-hesabsız yeni-yeni izlərlə naxışlanır. Amma Hiçkokun izi ildən-ilə çoxalan, bir-birinə çox bənzəyən, bir-birinin içində itib-batan bu izlərdən həmişə fərqlənir.
Çünki dərinə işləmiş,
pozulmaz izlərdir, hələ də başqalarının fəth
edə bilmədikləri zirvəyə aparan izlərdir.
Əlisəfdər
Hüseynov
525-ci qəzet.- 2022.- 9 sentyabr.-
S.16.