Hacıbaba Həsənovun musiqi dünyası

 

 (Əvvəli ötən sayımızda)

 Görəsən, xalq tərəfindən sevilən, geniş populyarlıq qazanan yüzlərlə (bəlkə çox) mahnının müəlliflərini, tamaşaçıların nəzərinə çatdırmaq böyük problem imiş? "Gərək Bəstəkarlar İttifaqının üzvü olsunlar, sonra onlar efirdə, ekranda səslənsin" kimi primitiv, heç bir hüquqi əsası olmayan fikri, əgər belə demək mümkünsə, nahamar kötüyü ortaya çıxaranların məqsədi olub?...

Yaşları 50-yə, 60-a çatmamış dünyasını dəyişən Ələkbər Tağıyev, Qulu Əsgərov, Bəhram Nəsibov, Şahid Əbdülkərimov, Qafar Namazəliyev başqaları heç bəstəkar kimi təbliğ olunmaq iddiasında da deyildilər. Qadir Allahın bəxş etdiyi o istedadları itirməklə, vaxtsız dünyalarını dəyişmələrinə bais olmaqla görəsən qazandıq?

Qazandığımızı deyə bilmərəm ancaq itirdiklərimiz çox oldu... Adama elə gəlir ki, o dövrdə xalq içərisindən çıxan, yazıb-yaradan musiqiçilərə hər cür mane olmaq, onları ruhdan salmaq üçün aşikarda görünməyən gizli bir qüvvə var imiş. Yeri gəlmişkən problemlə bağlı bir faktı da nəzərə çatdırmaq istəyirəm. 1969-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasında (əyani şöbədə) təhsil alarkən günlərimin çoxunu M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında keçirirdim. Musiqi ədəbi folklor nümunələri ilə bağlı yazılı mənbələri nəzərdən keçirərkən M-78 şifrəsi ilə nəzərə çatdırılan belə bir məcmuəyə rast gəldim "Müasir Azərbaycan xalq mahnıları".

Azərbaycan Xalq Yaradıcılığı Evinin təşəbbüsü ilə 1955-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən nəşr edilən həmin məcmuədə H.Həsənovun "Bənövşə" (sözləri Novruz Gəncəlinindir) mahnısı da nəzərə çatdırılmışdı.

Həmin məcmuədə H.Həsənovla yanaşı o dövrdə parlaq istedadı ilə tanınan Qulu Əsgərovun digər müəlliflərin mahnılarının da nəzərə çatdırılması, necə deyərlər onların könlünü almaq məqsədini güdürmüş. Məsələnin digər tərəfi: "Müasir Azərbaycan xalq mahnıları" ifadə tərzini, görəsən, kim ortaya çıxarmışdır?

Etiraf etsək etməsək bütün bunlar o dövrdə xalq üçün yazıb-yaradan bəstəkarlara (o dövrün deyimi ilə həvəskar bəstəkarlara), onların səhhətinə mənfi təsir göstərir, stress vəziyyəti yaradırdı. Buna baxmayaraq xalq tərəfindən istedadlı bəstəkar kimi tanınan Hacıbaba Həsənov müxtəlif nəsillərdən olan insanların zövqünü oxşayan bir-birindən dəyərli mahnılar yazıb-yaradırdı. "Vətənim", "Ellər gözləyir", "Eşqimin növrağı", "Xatirələr", "Unuda bilmirəm", "Bu yerdə", "Tarçalan oğlan", "Yağma, yağış" sair mahnıları keçən əsrin 50-ci illərində ən çox sevilən dinləyici, tamaşaçı məhəbbəti qazanan mahnı janrının ən parlaq hamı tərəfindən yüksək dəyərləndirilən nümunələrdən sayılmışdır. Təqdirəlayiq haldır ki, görkəmli şairlərimiz Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Novruz Gəncəlinin, Qasım Qasımzadənin, Əliyar Əliyevin-Yusiflinin, Arif Cəfərovun sözlərinə yazılmış həmin mahnılar hələ o dövrdə adlı-sanlı xanəndələrimiz Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Rübabə Muradovanın, Zeynəb Xanlarovanın, Gülağa Məmmədovun ifasında lentə yazılmış, radionun fonotekasına, fonduna daxil edilmişdi. Onlardan bir çoxu efirdə, ekranda indi səslənir, zövq oxşayır.

Unudulmaz müəllimim Hacıbaba Həsənov haqqında ürək sözlərimi tamamlamaqda çətinlik çəkirəm. Fikir, xəyal aləminə gedirəm. Bir az da məsuliyyət hissi keçirirəm. Necə deyim ki, əziz müəllimimə yaraşan olsun. Bax o anda neçə onilliklərdir ki, Azərbaycan radiosunun - ana radiomuzun ən populyar, uzunömürlü verilişlərindən olan "Axşam görüşləri"nin müəllifi, görkəmli alim, publisist, ictimai xadim, akademik Rafael Hüseynovun Hacıbaba Həsənova həsr etdiyi veriliş oldu köməyim. Onu da deyim ki, həmin verilişlər elə bir kökdə, elə bir ruhda səslənir ki, minlərlə, milyonlarla sənət həvəskarlarının rəğbətini qazanıb. Dinləyicilər yaxşı bilirlər ki, Rafael müəllim vaxtilə sənətdə öz yerlərini tutan, lakin nədənsə tez unudulan kimsəsizlərin ruhlarını şad etməkdə çox böyük, dəyəri sözlə ölçülməyən işlər görür. Onun haqqında bəhs etdiyimiz verilişlərdə səsləndirilən mahnıların bədii-estetik mahiyyəti haqqında dediyi sözlər sadəliyi, səmimiliyi, məna tutumu ilə Hacıbaba sənətini sevənlərin qəlbinə bir sərinlik gətirir:

- Bu nəğmələr lap çoxdandır, könül sirdaşlarımızdır. Həm 1950-ci illərdən başlayaraq o mahnılar neçə dinləyici nəslinin qəlbinə daxil olub. Arxadakı onilliklərin məşhur müğənniləri o mahnıları həvəslə oxuyublar. Elə indiki cavanlar da həmin mahnılara köhnəlmiş, dəbdən düşmüş kimi baxmırlar. Yeni aranjemanlarda, bir az da çağdaşlaşdıraraq həvəslə ifa edirlər. Çünki melodiyalar bünövrədən gözəldir. Onlardakı ruh təzədir..

H.Həsənovun musiqi dünyasından bəhs edərkən onu təkcə dərin lirizmi, melodiya əlvanlığı ilə diqqəti çəkən mahnılarla məhdudlaşdırmaq olmaz. O, 75 illik ömür yolunda (12 fevral 1997-ci ildə dünyasını dəyişib), yaradıcılıq anlarında bir sıra romansların, suitaların, kantataların, musiqili komediyaların müəllifi kimi tanınıb.

Uşaqlar, məktəblilər üçün silsilə mahnılar yazıb. Onların bir çoxu "Məktəbli mahnıları" (Bakı, "Maarif", 1956), "Sülh dostluq mahnıları" (Bakı, "Azərtədrisnəşr", 1964), "Nəğmə çələngi" (Bakı, "Yazıçı", 1988) məcmuələrində çap olunan həmin mahnıları  digər bəstəkarlarımızın müxtəlif mövzuda qələmə aldığı mahnıları isə 1958-ci ildən 1980-ci ilə qədər V.İ.Lenin adına APİ-nin pedaqogika ibtidai təhsil metodikası kafedrasında baş müəllim vəzifəsində çalışarkən tələbələrinə, gələcək müəllimlərə həvəslə öyrədib. Bu gün iftixarla deməliyik bu sahədə onun minlərlə yetirmələri var.

Hacıbaba müəllim gününün bir saatını belə boş keçirmirdi. O hələ gənclik illərində Əhmədli kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışarkən görkəmli yazıçı-dramaturq Məhərrəm Əlizadənin liberettosu əsasında "Şeyx Rəhmətullah" komediyasını yazıb. Xalq artisti Məlik Dadaşovun tamaşaya qoyduğu "Qaravəlli" xalq teatrına musiqi bəstələyib. Janrın bədii-estetik təsir imkanlarını çox gözəl duyan H.Həsənov sonralar "Boyaqçı Kərim" adlı ikinci operettasını yazıb. Onu da deyək ki, həmin əsərlər xalq teatrlarının səhnələrində televiziya ekranlarında nümayiş etdirilmiş, tamaşaçıların zövqünü oxşamışdır.

 

İllərdən bəri məni narahat edən lakin müəyyən səbəblərə görə qələmə ala bilmədiyim bu məqaləni anadan olmağının yüz illiyi münasibətilə necə başa vurum ki, sizə yaraşan olsun əziz müəllimim? Bax bu hisslərin narahatçılığında ikən yenə də sizin əsəriniz karıma gəldi. Hələ yeniyetməlik, gənclik illərindən ülfət bağladığınız şair dostunuz Novruz Gəncəli ilə birgə yaratdığınız "Unuda bilmirəm" mahnısı sözə-söz gətirdi:

 

Min rəng verir bahar hər bir çiçəyə,

Ruh gətirir hər qəlbə, hər ürəyə.

Mən çatıram min arzuya, diləyə,

Neyçün səni bəs unuda bilmirəm?!..

 

Əlbəttə, oxucular irad tuta bilərlər ki, bu mahnı eşq-məhəbbət mövzusundadır. Doğrudur, belə bir mövqe əsas cəhət kimi nəzərə alınsa da unutmaq olmaz ki, eşq-məhəbbətin fəlsəfəsi daha genişdir. Vətənə, xalqa, elm-sənət adamlarına, dost-tanışlara olan eşq-məhəbbət daha geniş mənada dəyərləndirilir. 75 il omür yaşadınız, əziz müəllimim! Ömrünün son illərində infarkt keçirdiyin anlarda ondan sonrakı ağrılı-acılı illərdə incə yumorundan da qalmayaraq yarızarafat, yarıgerçək deyərdin: özüm həkiməm, amma 12 dərdim var!.. Taleyin qismətiymiş bütün bunlar, etmək olar? El arasında gözəl bir deyim var: danışma dərdini dərd görməyənə. Bir onu deyirlər ki, dərdi çəkən bilər!.. Təsəllimiz sənin yaratdıqların, heç zaman təravətdən düşməyən bir-birindən gözəl, həmişə bahar mahnılarındır. Xalqın məhəbbətini qazananların ömrü əbədidir, xalqın özü kimi. Sənin ağır-ağayana baxışını, nurlu çöhrəni əks etdirən portretin evdə otağımdadır. Ruhunla üzbəüz dayanıram, tələbəlik illərini, dəyərli söhbətlərini xatırlayıram. Yerin cənnət, ruhun şad olsun deyirəm!..

 

 

Vidadi XƏLİLOV

Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2022.- 9 sentyabr.- S.13.