Qazax xalqının oxuyan qəlbi
XX əsrdə Azərbaycanda
mükəmməl bir
Abayşünaslıq elmi
formalaşıb. Bunu ədəbiyyatşünaslığımızın
lideri, akademik İsa Həbibbəyli də qeyd edir:
"XX əsr ərzində
aparılmış elmi
tədqiqatlar, məqalə
və kitablar əsasında Azərbaycan
Abayşünaslığı formalaşmışdır... Tanınmış
Azərbaycan alimlərindən
filologiya elmləri doktorları, professorlar Pənah Xəlilov, Məmməd Əliyev,
Elman Quliyev, Nizami Tağısoy, Firuzə Ağayeva, Yaşar Qasımbəyli, Salidə
Şərifova, Xuraman
Hümmətova, filologiya
üzrə fəlsəfə
doktorları Qulamhüseyn
Əliyev, Arif Əmrahoğlu, Turan Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva, Ağahüseyn
Şükürov, Mehman
Həsənli, Pərvanə
Məmmədova və
başqalarının tədqiqatlarında
Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif mövqelərdən təhlil
edilib qiymətləndirilmiş,
Azərbaycan ədəbiyyatı
ilə müqayisələr
aparılmışdır". Adı bu qənaətdə keçən ədəbiyyatşünasların
Azərbaycan-qazax ədəbi
əlaqələrinin inkişafında
mühüm xidmətləri
var. Yeri gəldikcə
onlara müraciət edir və qədirşünaslığımızı
bildirərək dəyər
veririk. Lakin Azərbaycan Abayşünaslığının
bir tarixi, nəzəri-metodoloji qüsurunu
da qeyd etməliyik:
Abayın yaradıcılığının
formalaşmasında rus
ədəbi mühitinin,
rus ədəbiyyatının
rolu aşırı dərəcədə şişirdilib.
Alimlərimiz buna əsaslanır
ki, 1869-cu ildə Qazaxıstan Rusiyaya ilhaq olunduqdan sonra "Qazaxların yazılı ədəbiyyatı
isə yalnız XIX əsrdə təşəkkül
tapmışdır". Belə bir fikri qənaət
qazax-rus ədəbi əlaqələri ilə
bağlı rus alimlərinin əsərlərindən,
konkret olaraq Z.Kedrinanın "İz jivoqo istoçnika. Oçerki kazaxskoy sovetskoy literaturı" (M., "Sovetskiy
pisatelğ", 1960) və
M.Fetisovun "Russko-kazaxstanskie
literaturnıe svəzi"
(M., "Nauka", 1956) adlı
əsərlərindən nəşət
edirdi.
Ozamankı tədqiqatlarda rus sovet ədəbiyyatı
SSRİ-yə daxil olan milli respublikalar
üçün "müəllim"
rolunda təqdim olunurdu.
Məlumdur ki, bəzi dini-mistik
şeirlər yazan akınlar - Dövlət Babatay oğlu (1802-1871), Şortanbay Kanay oğlu (1818-1881) "Rusiyaya
meylin əleyhinə çıxmışlar". Tərcümeyi-halından bəllidir ki, Abay "Dəvə qovan" adlı ilk şeirini 1855-ci ildə 10
yaşında yazmışdır.
"Abay Kunanbayevin şeir yaradıcılığının
ən məhsuldar dövrü 1886-1895-ci illəri
əhatə edir... Bütün yaradıcılığı boyu
yazdığı 200-ə yaxın
şeirin 150-dən çoxu
bu illərin payına düşür".
Şübhəsiz ki, XIX əsr rus ədəbi mühitinin və rus ədəbiyyatının
Abay yardıcılığına
müəyyən təsiri
olmuş, o, "Tatyananın
Oneginə məktubu"na mahnı bəstələmişdir. Lakin
bu təsir heç də həlledici olmamış,
Abay eyni səviyyədə Avropa fəlsəfəsini, Şərqin
Firdovsi, Nizami, Füzuli, Nəvai kimi klassiklərini oxumuş və ən əsası budur ki, o, Böyük
Çöl mədəniyyəti,
qazax (və ümumtürk) akın şeiri ilə yetişmişdir. Və bu
ruh onun şeirlərinin ideya-bədii
mənasına, milli müəyyənliyinə, səmimiyyətinə
və ritminə güclü təsir göstərmişdir.
Gözlərimin giləsi
Ruhum odu, naləsi.
Qəlbimdə dərd azalmaz,
Yaramın yox çarəsi.
Bu bənd bütün
Türk Elində oxunan bayatı-manilərdən
seçilmir, eynən
bizim bayatıların
ruhundadır.
Omuzunda incə saç,
Hörüklər qulac-qulac.
Ləzzət almaq olmazmı
Göz yumulu, könül ac.
Bu misralarda Azərbaycan
realist poeziyasının - Molla
Pənah Vaqifin və aşıq şeirinin - Aşıq Ələsgərin yaradıcılıq
ruhu aydın görünür. Burada təkcə ədəbi
əlaqədən, ədəbi
təsirdən danışmaq
kifayət deyil. Bu düşüncə tərzi, bədii təfəkkür ümumiliyi,
duyum və deyim üsulu, həyata baxış bucağının qandan və gendən gələn ümumiliyidir.
Məhz bu cəhətlər göstərir ki, Abay Kunanbayev xalq düşüncə tərzi, folklor örnəkləri ilə
XX əsrin yeni ədəbiyyatı arasında
bir mənəviyyat körpüsü rolu oynamışdır.
Abay təkcə öz xalqının, eləcə
də bəşərin
dərdlərini qələmə
almaqla kifayətlənmir,
o, həm də məhəbbət, eşq
şairidir:
Eşqin
dili sözsüz olur,
Dil söz tutur ki, söz
deyə?
Eşq baxışla axıdılır
Bir ürəkdən
bir ürəyə.
Bu misraları oxuyub dahi Azərbaycan şairi Mövlanə Məhəmməd Füzulini
xatırlamamaq olmur:
Heyrət
ey büt, surətin gördükdə
lal eylər məni,
Heyrəti-halım görən surət
xəyal
eylər məni.
Və yaxud:
Könlüm açılır zülfi-pərişanını
görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Baxdıqca sənə qan saçılır didələrimdən,
Bağrım dəlinir navəki-müjganını
görcək.
Fərq burasındadır ki, Füzuli klassik qəzəl janrında, Abay şifahi xalq şeiri üslubunda yazır. Abay sadəcə olaraq sadəçidir, bu sadəliyin dərin poetikası və estetikası var:
Salam sənə qaşı yaylım,
Bu dünyada yoxdu
tayın.
Gözlərimi yaş tutubdu,
Razı olma mən ağlayım.
Sən hamıdan göyçəyimsən,
Yer üzünə
bəzəyimsən.
Təkcə sənsən məhəbbətim,
Əzəl arzum, diləyimsən.
Bu sadə yazı
tərzi XIX əsr çoxusu savadsız olan qazax oxucusunun
zövqünə yaxın
idi, tez əzbərlənir və
dildən-dilə, yaddaşdan-yaddaşa
köçərək yaşayır,
köçəri qazaxın
nəğməsinə çevrilirdi.
Bütün xalqlarda poeziyanın əsas mövzusu məhəbbətdir. Xüsusən Şərq, o cümlədən,
türk ədəbiyyatında
məhəbbət, eşq,
sevgi ən aparıcı mövzu olmuşdur: Dahi Nizaminin və Füzulinin, Cəlaləddin
Ruminin, Əlişir Nəvainin, Əbdürrəhman
Caminin, Nəsiminin, Yunus Əmrənin ən yaxşı şeirləri sevgi şeirləridir. Bunlar həm
də bizim - türk şairlərinin ən dərin mənalı fəlsəfi
şeirləridir. Azərbaycan
ədəbi-nəzəri fikrinin
patriarxı, akademik Məmməd Cəfərin
Füzuli haqqında dediyi "Füzuli sevir - Füzuli düşünür deməkdir"
fikri bütün türk şairlərinin yaradıcılığına, o cümlədən, özündən
sonra da, 150 il qazax
ədəbiyyatına təsir
göstərmiş Abay
Kunanbayevin yaradıcılığına
epiqraf ola bilər. Məsələn,
bu bəndlərə nəzər salaq:
Könlümü dindirir yenə məhəbbət,
Eşqsiz
yaşamaq nə çətin olur!
Nələr bəxş eləmir
sənə məhəbbət,
Onun acısı
da şərbətin olur.
Kədər də, həsrət
də, nisgil də, qəm də
Qəlbin atəşində qovrulur,
yanır.
Ömür-gün yolunda dara düşəndə
Məhəbbət ömrünə arxa dayanır.
Abay Kunanbayev insana ilahi tərəfindən bəxş olunan ən ali
hissi, acısı da şirin olan
məhəbbəti belə
ürəkdən, səmimi
tərzdə, mənalı
şəkildə tərənnüm
edir.
Bu mənada tanınmış
tədqiqatçı, professor Elman Quliyevin Abayın şeirlərinin Azərbaycan
şairi Molla Pənah Vaqifin "Pəri", türkmən
şairi Məhdimqulunun
"Xəbərsiz" kimi
portret şeirləri ilə müqayisəli təhlili rəğbət
doğurur.
Abayın
bəzi misraları olduqca yığcam və mənalıdır,
aforizm kimi səslənir:
Qazaxlar arasında birinci adam oldum
Nitqimlə, düz sözümlə,
Uzaq görən
gözümlə.
Bu şeir tərzi
də türk bədii düşüncəsi
üçün doğmadır. Türk xalq
şeirindən gəlmə
bir tərzdir. XX
əsr Azərbaycan şeirində filosof şair Rəsul Rza da ondan
istifadə edib:
Evi muzey,
Qəlbi quzey.
Ümumiyyətlə, qədim türk, o cümlədən, Azərbaycan
və qazax şeiri, məsələn,
"Kitabi-Dədə Qorqud",
"Manas" şeiri
əsasən bu cür qısa sətirlərdən ibarətdir. Bu da qədim türk
bədii təfəkkürünün
dəqiqliyinə dəlalət
edir. Sonralar mənşəyi "Kitabi-Dədə
Qorqud"un sözlü
nəsrinə bağlı
olan sərbəst şeir, sözlərlə
piramida qurmaq kimi poetik sistemə
biz Azərbaycan şeirində
Rəsul Rzanın, Mikayıl Rəfilinin və Əli Kərimin yaradıcılığında
rast gəlirik.
Şairin həyatında faciəli,
kədərli məqamlar
da olmuş, dövrünün haqsızlığından,
müasirlərinin nadanlığından,
"anlamaq dərdindən"
(Anar) çox əziyyətlər çəkmiş,
kədər dolu həyat yaşamışdır. Bundan əlavə,
o, həyat yoldaşlarından
birini, 1895-ci ildə böyük oğlu Abdurrəhmanı, 1904-cü ildə
kiçik oğlu Moğaviyanı itirmiş,
bu itkilərdən doğan acı insani kədər onun yaradıcılığında
da dərin iz salmışdır.
"Gəlinim Məhimə
başsağlığı" (gəlininin adı Məğrubə idi) şeirində yazırdı:
Məni
də çox əydi kədər,
Bir təsəlli
gəzdim əbəs.
Qəm könlümü etdi hədər,
Haradadır təsəlli, bəs?
Eyni kədər, dərd, qəm gəlininə həsr etdiyi "Məhimin acısı"
şeirində də yer almışdır:
İtirdim zirvədə öz
bayrağımı,
Dərənin dibinə uçuram indi.
Dərd
yedi, qəm yedi ürək yağını,
Orda işıqlarım əbədi söndü.
Bu yerdə dünyanın ən
böyük sevgi və
dərd şairi, dərdi hamıdan
yaxşı dərk etmiş Füzulinin müdrik
sözləri ilə təsəlli tapırsan: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə
şairliyin əsas sərmayəsidir".
Məhz bu sərmayə sayəsində də
Abay Kunanbayev
Qazaxıstanın və bütün türk dünyasının mütəfəkkir
şairi, qazax
xalqının və bütün türklərin
oxuyan qəlbi ola bilmişdir.
Ağahüseyn ŞÜKÜROV
525-ci qəzet.- 2022.- 9 sentyabr.- S.12.