Yaradıcılıq səmasındakı uçuşlar...  

 

ZAMANIN SALNAMƏSİ ÜÇÜN ESKİZ

Müdriklik mərtəbəsinə çatmış sənətkar haqqında zamanın salnaməsi üçün eskiz kontekstində söz demək asan olduğu qədər də çətindir.

İşin asanlığı sənətdə 50 ildən artıq bir müddət ərzində çalışan rejissorun irsinin kəmiyyət göstəricisi ilə müəyyənləşdirilir. "Rejissorun hazırladığı tamaşalar öz avtobioqrafiyasının səhifələridir" fikrindən çıxış etsək, çoxdan əlahəzrət teatrın ustadlıq qatında kök salmış Azər Paşa Nemətovun sənətçi portretini ifadəli və mənalı cizgilərlə yaratmaq çətin görünmür. Tamaşa qurmaq üçün müraciət etdiyi dram əsərinə həssas səmimiliklə və "amansız" tələbkarlıqla yanaşan Azər Paşanın hazırladığı "tamaşalar siyahısı"nda təsadüfi, yəni onun yaşam tarixçəsinə yad olan əsər yoxdur. Odur ki, Azər Paşanın Azərbaycan milli teatr tarixinin əlamətdar hadisələri olan tamaşaları eyni zamanda onun avtobioqrafiyasını təşkil edir. Bu "avtobioqrafiya" adekvat oxumağı bacaran hər kəs çox aydın bir şəkildə rejissorun portret cizgilərini görə bilir. Çətinlik isə sözügedən irsin bədii-estetik keyfiyyətindən qaynaqlanır. Məsələ ondadır ki, Azər Paşanın rejissor karyerasının inkişafını ilk tamaşasından izləyənlər gözlənilməz bir paradoksla üz-üzə qalırlar. Bu paradoksun bir sıra məhrəm məqamlarına toxunmadan məndən ötrü ən vacib olanını açıqlamaq cəhdində bulunum.

Azər Paşanın hazırladığı tamaşalara "zaman" kontekstində nəzər salanda bu tamaşaların zamanla qəribə münasibəti aşkarlanır: Azər Paşanın müraciət etdiyi mövzu və onun bədii-estetik realizəsi hər hansı bir konkret zaman kəsiyi ilə mexaniki şəkildə üst-üstə düşmür. Sanki bu tamaşalar özəl bir zamanın salnaməsi kimi informasiyanı tamaşaçılara tanış olmayan kodlarla ötürür. Mən dəfələrlə bu fikrimi müxtəlif müzakirələrdə açıqlamaq istəmişəm və etiraf edim ki, özüm də çətinlik çəkmişəm. Bu qəliz səslənən teatrşünas müşahidələrimi sadələşdirəndə problemin özü də kifayət qədər sadələşir. Belə ki, desəm ki, Azər Paşanın tamaşaları öz bədii-estetik və ideya qurğusu ilə rejissorun virtual zaman-məkanından qaynaqlanır və daha çox onun xəyali, arzuladığı dünyanın inikasıdır, rejissorun hamıya tanış olan "portret"i sanki təhrif olunmuş halda təqdim olunar. Axı Azər Paşa gəncliyindən başlayaraq əlini gerçək zamanın nəbzində tutub, axı o, heç vaxt hərdəmxəyal olmayıb - ətrafına "qazdan ayıq" gözlə baxıb, axı o, işgüzar praqmatik  olmasını həmişə bəyan edib və fəaliyyətində bunu sübuta yetirib...

Görünür, əsl istedada malik və "vergi"sini işgüzarcasına xərcləyən sənətkarın portreti elə özü kimi sayrışan, səbatsız, hər an özünü təsdiqləyən və eyni anda da inkar edən cizgilərlə çəkilməlidir. Qəribə səslənsə də, deməliyəm ki, verbal vasitələr bu işi görməkdə acizdir. Bəlkə də Azər Paşa kimi sənətkarın portreti musiqi ilə, sevdiyi muğam və caz dili ilə yaradılmalıdır.

Teatrşünas gözü peşəsinin tələbi ilə hər zaman dərinliklərdə gizlənmiş mətləbləri görməyə, onları işıq üzünə çıxarmağa, araşdırmağa, əldə olunmuş qənaətlərin təməlində özəl konsepsiyalar qurmağa meyillidir. Amma Azər Paşanı çox yaxından tanıdığıma baxmayaraq, onun sirlərini məhz yalnız yaradıcılıq sahəsində axtarmağa, araşdırmağa, anlayıb-anlatmağa üstünlük vermək istəyirəm. Teatrşünas kredoma sadiq qalaraq bu yazımın əvvəlində ortaya qoyduğum problemi də məhz Azər Paşanın zəngin yaradıcı irsinə istinadən gücüm çatdığı qədər işıqlandırmağa meyilliyəm. Bəri başdan xəbərdarlıq etməliyəm ki, düşüncələrim və demək ki, qənaətlərim subyektiv və obyektiv kateqoriyaların arasında yerləşən çox kiçik bir "neytral zona"da etibarlı sayılmalıdır. Çünki rejissor yaradıcılığının özü, əqidəmcə, məhz neytral zonada özünü realizə edərək obyektiv varlığa - TAMAŞAYA çevrilə bilir.

Beləliklə: təbiətən istedadlı, müqtədir sənətkar Azər Paşa Nemətovun yaradıcılığının səbəbi nədir və ya yaradıcılığının təkanı nədədir?

Azər Paşa Nemətovun 50 ildən artıq bir müddət ərzində qurduğu tamaşaların siyahısına nəzər salanda bu sənətkarın YARADICILIQ MÖVZUSU sezilməyə başlayır. Nəzərə alsaq ki, əsl istedadlı sənətkarın yaradıcılıq mövzusu onun şəxsi, fərdi aləminin baş probleminin yaradıcı təzahürüdür, onda qoyduğumuz suala da cavab tapa bilərik. Hər cür konyukturaya uymayan, yaradıcılığını alver predmetinə çevirməyən və iç dünyasının çağırışlarına həssas olan Azər Paşa Nemətov bir qayda olaraq ömrü boyu bir mövzunun gerçəkləşdirilməsinə köklənib. Bu mövzunun bədii-estetik təzahürləri, təcəssümünün konkret formaları müxtəlif ola bilər, amma istedadlı sənətkarın əsərləri - tamaşaları şərti bir sıraya düzüləndə sözügedən mövzu yaratdığı hər bir əsərin səciyyələrində öz əksini tapmış olur. Yuxarıda qeyd etdiyimiz kimi, bu hal da yaradıcılıq psixologiyasının qatı açılmamış sirlərindən biridir: alimlər bu sirrin izahını verə bilməyərək yalnız konstatasiya ilə kifayətlənməyə məcbur olurlar.

Rəsmi olaraq Azər Paşa Nemətovun ilk tamaşası 1970-ci ilə təsadüf edir. Məhz bu ildə GTT-nın rus bölməsində Azərbaycanda müzikl janrında ilk tamaşanı - A.Aleksinin "Qardaşım klarnetdə çalır" tamaşasını hazırlamaqla Azər Paşa Nemətov öz fərdi yaradıcılıq mövzusunu da bəyan etmiş oldu.

Azər Paşanın tamaşalarını birləşdirən tipoloji səciyyələri araşdıranda aşağıdakı məzmunlar ortaya çıxır. Onun qəhrəmanları:

- adi düşüncə baxımından qeyri-adidir, "qəribədir", iç dünyasına yönəlmiş insanlardır;

- ətraf mühitlə dil tapmaqda çətinlik çəkir, hətta doğmaları tərəfindən adekvat qavranılmır və qarşılanmırlar;

- baş vermiş hadisələrin nəticəsində həm tək qalır, həm də arzuladıqları tənhalığa bu və ya digər dərəcədə yetişirlər.

...Nazim Hikmətin məşhur pyesinin ("Şöhrət və ya unudulan adam") qəhrəmanının unudulmasının səbəbini şəxsən mən onun işgüzarlığının itirilməsində görürəm. Nə yaxşı ki, müdriklik zirvəsinə çatmış əziz dostum, Azərbaycan teatrının USTAD rejissoru Azər Paşa Nemətov bu günə qədər gəncliyə xas olan işgüzarlığını itirməyib.

Çağdaş Azərbaycan milli teatr prosesinin fəal iştirakçısı olan Azər Paşa Nemətov eyni zamanda dünya teatr prosesinin iştirakçısıdır. O, milli dramaturgiyamızın nadir incilərini (Mirzə Fətəli Axundzadə, Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Anar, Elçin, Rüstəm İbrahimbəyov, Əli Əmirli və başqaları) dünya teatrının axtarışları kontekstində qurmaq qüdrətini dəfən-dəfən nümayiş etdirib.

 

Azər Paşanın hər yeni tamaşası milli teatr prosesinin konkret mərhələsinin bədii-estetik problemlərini həll etməyə yönəlir və USTAD bu işləri dünya teatr prosesinin son nailiyyətləri və şərtləri kontekstində görməyə üstünlük verir.

Bu fikirlərimi bir neçə parlaq nümunə ilə təsbit etmək istəyirəm. Görkəmli dramaturq Elçinin üç pyesi ("Ah, Paris, Paris!..", "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir") əsasında rejissor Azər Paşa Nemətov, sözün əsl mənasında, özünün möhtəşəm bir tamaşa-trilogiyasını yaratmışdı. Bu tamaşaların hər üçü bütün bədii-estetik paradiqmalarda bir-birilə üzvi surətdə əlaqələnirdi. Başqa cür ola da bilməzdi. Əslində, Azər Paşa Nemətov üçüncü tamaşanı hazırlamaqla trilogiyanı tamamlayırdı və bu trilogiya səhnədən bir absurd-simfoniya kimi səslənirdi. Rejissor müəllifin mövqeyini izləyib, onun ideyalarından çıxış edərək bütün trilogiyanı bir konsepsiya ətrafında qurmuşdu və absurdu elə bir hala gətirmişdi ki, orada gülüşlə göz yaşı arasındakı fərq silinmişdi, sərhəd itmişdi, komediya ilə faciə bir-birinə qarışmışdı, di gəl ki, bu, tragikomediya yox, absurd olmuşdu. Lakin rejissor Azər Paşa Nemətov heç də bu trilogiyada birmənalılıq çərçivəsində qalmaq, təkcə cəmiyyəti, sosial durumu ittiham eləmək istəmirdi. O deyirdi ki, bu absurdun kökü konkret olaraq insanlardan, onların doymaq bilməyən tükənməz istəklərindən qaynaqlanır, cəmiyyətə adlayır və psixoz səviyyəsinə çatır. Bu psixozun prizmasından isə adi bir insanın ekzistensiyası, faciəvi yaşantıları boylanırdı. "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim" tamaşası həqiqətən çox uğurlu alınmışdı. Özü də o qədər uğurlu alınmışdı ki, onu haradasa dahi italyan kinorejissoru Federiko Fellininin "Orkestrin məşqi" adlı qısametrajlı şedevri ilə müqayisə etmək olardı. F.Fellini o zaman orkestrdə səslənən hər bir alətin absurd iddialarını çəkmişdi, bu iddialar bir yerə toplaşıb fenomenal səslər çoxluğuna çevriləndə, müəyyən bir dirijorun rəhbərliyi altında gerçəkləşəndə orkestr monumental səslənməyə başlayır və əcaib bir ictimai psixozu çalırdı. Burada da, ancaq artıq teatr materialında, Azər Paşa Nemətov məhz bunu gerçəkləşdirmişdi. O, trilogiyanın "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim" tamaşasını da absurd parametrlərində inkişaf etdirib onu absurdla da tamamlayırdı. Azər Paşa Nemətov dramaturq mətnindən təkan alaraq personajları karikaturalara çevirmişdi, onlardan canlı heç nə saxlamamışdı. Canlı, insani nə vardısa, rejissor onu Kişi (S.Aslan) və Arvada (F.Mütəllimova) şamil etmişdi, hətta onların övladları belə səhnədən karikatura kimi görünürdülər. Elə bu məqsədlə də Azər Paşa Nemətov Səyavuş Aslan kimi gülünc vəziyyətlərdə, karikaturalarla ünsiyyətdə belə öz içinə qapılıb ağlamağı, qəmgin olmağı bacaran bir aktyoru baş rola seçmişdi. Tamaşadakı aktyor oyununa gəldikdə isə deyilməlidir ki, quruluşçu rejissorun peşəkarlığı bütün komandanı unison bir halətə gətirmişdi. Odur ki, hər bir aktyor öz ifasında səriştəli və dramaturqun yaratdığı obraza adekvat idi. Ona görə də rejissorun diktə elədiyi bu oyun manerasında kimisə kimdənsə fərqləndirmək düzgün olmazdı.

Seyrçilər homerik qəhqəhələr içində uğunub gedirdilər. Yox, onlar heç də klinikası olan dəlilərə gülmürdülər, onlar özlərini kənardan görməyi bacarmayıb yalnız özlərini düşünən, maddi rifahlarından ötrü hər cür "dəliliyə" hazır olan insanlara gülürdülər. Əslində, Azər Paşa Nemətov Azərbaycan teatr mühitinə absurd-məsxərə üçün səciyyəvi bədii-estetik kateqoriyalara söykənən bir tamaşa bağışlamışdı. Elə bir tamaşa ki, oradan həm Azərbaycan, həm azərbaycanlılar, həm onların mentallığı, həm şakərləri, həm vərdişləri, həm də qədim folkloru görünürdü.

2002-ci ilin bitəcəyində isə Akademik Milli Dram Teatrı öz sənət iddialarını Uilyam Şekspirin "Hamlet" adlanan zirvəsini fəth etmək cəhdiylə bəyan etmiş oldu. Yeni minilliyin ilk ümumbəşəri əhəmiyyətli yaradıcı aksiyasını rejissor Azər Paşanın başçılıq etdiyi yaradıcı heyət gerçəkləşdirdi.

Yeni minilliyin başlanğıc mərhələsində tam məsuliyyətlə deyə bilərik ki, Akademik Milli Dram Teatrının mədəniyyətimizə təqdim etdiyi "Hamlet" milli şekspiriananın mühüm bir dövrünün tamamlandığından və hər mənada yeni dövrün, həm də ona adekvat yeni rejissor yozumunun başlandığından xəbər verdi. USTAD rejissor Azər Paşanın "quraşdırdığı" sintetik janr (qroteskli faciə) bir-birinə zidd olan kanonik bədii üsulların qarşıdurma enerjisindən faydalandı. O, hazırlayacağı tamaşanın yeni "ədəbi əsasının" eksklüziv variantını tərtib edərək üç istiqamətdə konfrontasiyanı müəyyənləşdirdi: Şekspirin özüylə, şekspiriananın milli təcəssüm ənənəsiylə və ən başlıcası, yaşadığımız dövrün ictimai-siyasi və mənəvi-psixoloji stereotipləriylə.

Üçüncü istiqamət Azər Paşa Nemətovun kosmopolit mövqeyindən qidalanır. Ən səmərəli dövrünü Leninqrad kimi dünya mədəniyyətinin mərkəzlərindən birində yaşayıb-yaradan rejissor təbii ki, məhəlli stereotiplərdən büsbütün qurtulmuşdu və dünya teatr prosesinin öncül axarında hərəkət etməyə alışmışdı. Məhz bunun təsiridir ki, Azər Paşa Nemətov öz konseptual qurğusuna mövcud olan milli şekspiriananın ştamplarını dağıdan elementləri daxil etmişdi.

Azər Paşa Azərbaycan teatrında "ilklər"ə imza atan nadir rejissordur. O, Azərbaycan teatrında müzikl janrında yaradılan ilk tamaşanın (A.Aleksin "Qardaşım klarnetdə çalır") müəllifi, böyük teatr hadisəsinə çevrilmiş "Zirzəmi teatrı" ilə (F.M.Dostoyevskinin eyniadlı povesti əsasında "Bobok" tamaşası, 1978-ci il) Azərbaycanda teatr avanqardının ilk təmsilçisi oldu.

Azərbaycanda ilk antrepriz tamaşanın da (U.Şekspir "Afinalı Timon", 2008-ci il) müəllifi Azər Paşadır. Ustad rejissorumuz öz yaradıcılıq bioqrafiyasında ikinci dəfə dahi Şekspirə müraciət etdi və onun pyeslərinə verdiyi quruluşlar bütün başqa səciyyələriylə yanaşı, bütövlükdə milli teatrımızın durumunu, potensial imkanlarını, dünya teatr müstəvisində yerini və ən ümdəsi! - inkişaf perspektivlərini açmağa qadir olan mədəniyyət hadisəsinə çevrildi. Bu sözlər nə görkəmli rejissorumuzun ünvanına komplimentdir, nə də ki, mənim subyektiv fikrimdir; bu - mədəniyyət faktının quru konstatasiyasıdır... Şəksiz ki, rejissorun parlaq uğuru olan "Afinalı Timon" tamaşasının nümunəsində biz milli teatrımızda "Azər Paşa Nemətovun fərdi teatr poetikası" haqqında söhbət aça və bütün mülahizələrimizi, qənaətlərimizi faktlarla əsaslandıra bilərik. Onun "Hamlet"dən sonra "Afinalı Timon" pyesinə müraciət etməsi əlamətdar haldır: bu tamaşada qəhrəmanın tənhalığı (təkliyi yox, məhz ekzistensional tənhalığı) rejissorun çağdaş dünyamıza öz iç dünyası prizmasından baxmasını və gördüklərinə münasibətini parlaq, deyərdim ki, əyani sürətdə açıqlayır. Rejissor yozumu məhz bu nöqtədən inkişaf etməyə başlayır. Məncə, Timonun ilk baxışdan mənasız, əsassız görünən hərəkətləri onun fatalistcəsinə tənhalığa məhkum olması ilə izah olunur ki, bu da qəhrəmanın faciəsinə təkan verir. Bu yozumla Azər Paşa Nemətov Şekspirin "Afinalı Timon" pyesində mövcud olan boşluqları və məntiqsizlikləri aradan götürür, bütün diqqəti Timon kimi böyük insanların daxili aləmlərinin mürəkkəbliyinə və zamanları ilə barışmaz konfliktdə olmasına yönəldir.

Dahi Şekspirə uğurlu müraciətindən sonra Azər Paşa Nemətov müasir Azərbaycan dramaturgiyasının nadir incisi sayılan "Sən həmişə mənimləsən" pyesinə möhtəşəm bir yozun sərgiləyən quruluş verdi.

Ustad dramaturqumuz İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi Azər Paşanın quruluşunda özünün teatral-zaman "geyimi"ni sonsuzluğa qədər dəyişmək potensialını bir daha ortalığa qoydu... XXI əsr öz yeni teatr qanunlarını diktə etdi və Azər Paşa Nemətov çağdaş teatr mədəniyyətinin və sənətkar şəxsiyyətinin (həm rejissor, həm də aktyor) masştabının inkişaf dərəcəsini parlaq büruzə verən bu tamaşada özünün düşüncə-konsepsiyasını dəqiq rəsm edən rejissor qrafikasını da sərgiləyə bildi.

İstənilən rejissorun təxəyyülünün və bədii-estetik Zamanının formalaşmasından ötrü mühüm olan amillərin sırasında iki şərt daha vacib sayılır. Birinci şərt fitri estetik zövqdür ki, rejissor bununla teatr icmasını, teatr bilicilərini və tamaşaçıları hər yeni quruluşunda heyran edir. Bu keyfiyyət fitri olduğuna görə, onu kiməsə aşılamaq mümkün deyil. Estetik zövqü yalnız inkişaf etdirmək olar ki, "Boy çiçəyi"ndə onun nəfis bədii bəhrəsini bir daha gördük. İkinci şərt isə "bədiilik" başlanğıcını bir anlayışlar sistemi kimi konseptual şəkildə əxz etmək və bədiiliyin bütün kateqoriyalarını ifadəli və təsirli səhnə obrazlarında canlandırmaqdır. Səhnə obrazları dedikdə, yalnız aktyorun yaratdığı obraz nəzərdə tutulmur: sözügedən anlayış səhnədə yaradılan bədii sistemin işıqdan tutmuş əlbəsələrə, mizandan tutmuş intonasiyaya, kompozisiyadan tutmuş bədii simvollara qədər bütün elementlərini əhatə edir. Bu mənada, Azər Paşa sənət psixologiyasında qəbul olunmuş model üzərində yaradıcılıqla məşğuldur. Bu model "intuisiya-analiz-intuisiya" düsturu ilə ifadə olunur. Belə ki, şəksiz parlaq fitri istedada malik Azər Paşa Nemətovun estetik zövqü intuitiv, yəni sözə gəlməyən duyğular vasitəsilə özünü büruzə verir. Analitik düşüncəsi güclü olan Azər Paşa bu intuitiv duyğuları "tərkib hissələri"nə ayırır, onları əxz edir, yalnız və yalnız bundan sonra bədii yaradıcılığın intuitiv başlanğıcını yenidən "işə salır".

Görkəmli rus mədəniyyətşünası M.M.Baxtinin elmi dövriyyəyə buraxdığı "xronotop" (zaman-məkan vəhdəti) anlayışı Azər Paşa Nemətovdan ötrü canlı məzmunla "dolu"dur. Səhnə xronotopunun  differensiasiyası tamaşaçı-tamaşa münasibətlərini zaman baxımından tənzimləyir. Klassik formasında səhnə xronotopu tamaşaçılara aşağıdakı münasibət-əlaqəni təklif edir:

- burada, indi, yəni ki, pərdə açılanacan tamaşaçı real fiziki zamanda bulunur ("Boy çiçəyi"ndə ənənəvi pərdə yoxdur);

- zamansa, haradasa, yəni ki, pərdə açılandan sonra tamaşaçıya nə zamansa  ("Boy çiçəyi"ndə indiki və Əbədi Zaman) və haradasa baş vermiş hadisənin gedişatında da xronotop dəyişə bilər, yəni ki, reminisensiyalar (zaman üzrə geri qayıtmaq), entropiyalar (zamanın iqnorizə edilməsi və ya dağılması) baş verə bilər. Amma zamanla bu və bu kimi bədii-estetik "əməliyyat"lar təqdim olunmuş ilkin xronotopun konteksində baş verir. Məna etibarilə çoxqatlı, dərin, səmimi və DOLĞUN REJİSSURAya malik "Boy çiçəyi" həssas, gərgin oyun nümayiş etdirən güclü aktyor ansamblına malikdir...

... Bu gün isə Azər Paşa Nemətovun müəllifi olduğu "Zəfər yolu" tamaşası (premyera: 28 may 2022-ci il) 44 günlük Vətən müharibəmizi və düşmən üzərində möhtəşəm qələbəmizi Azərbaycan teatrında güzgüləyən ilk parlaq tamaşa oldu. Ustad rejissor Şuşanın fəth olunma səhnəsini teatr sənətinin şərti dili ilə son dərəcə ifadəli qurmuşdu. Seyrçilər bu epizodu izləyərkən çox qarışıq hisslər yaşayır, göz yaşları içində boğulurdular. Verdiyimiz şəhidlər... tökülən qanlar... anaların acı fəryadı... Amma USTAD Azər Paşa tamaşaçıya bu duyğuları yaşatmaqla bizi mənəvi bir katarsis prosesindən keçirir və şəhid vermiş xalqımıza "YAŞASIN VƏTƏN!" sözlərini alnıaçıqlıqla, ucadan səsləndirmək qürurunu aşılayır.

Azərbaycandan kənarda Azərbaycan teatrı deyəndə həməncə görkəmli rejissor Azər Paşa Nemətov, onun müəllifi olduğu cəsarətli eksperimentlərlə zəngin tamaşaları, xarizmatik şəxsiyyəti, mehriban siması, duzlu söhbətləri yada düşür. Bəli, o, Azərbaycandan kənarda (təbii ki, ilk növbədə Azərbaycanda!) ən tanınan, ən sevilən, dəyərləndirilən, ehtiram göstərilən, bir sözlə, sayılan teatr xadimimizdir. O, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatr sənətçilərinin lideridir. Görkəmli rejissor Vaqif İbrahimoğlu Azər Paşanı teatr cameəmizin "general"ı adlandırırdı və hamımıza onu qorumağı tövsiyə edirdi.

...Mən Azər Paşanı yaradıcı fenomen kimi görürəm: o, dünya teatr məkanında bizim, milli teatr məkanında isə dünya teatrının səlahiyyətli və görkəmli nümayəndəsidir...

 

...Teatr adlı sirli-sehrli gəminin kapitanı olan USTAD sonu görünməyən bir səyahətin yolçusudur...

 

...Dostum sevgi ilə doludur, insanpərvərdir, onunla halal bir tikə çörək kəsmək.., yol getmək.., mübahisə etmək.., xatirələrini, söz-söhbətini dinləmək.., ustad dərsləri olan məşqlərində iştirak etmək.., gənc sənətçilərə yönəltdiyi USTAD tövsiyələrini eşitmək.., müxtəlif situasiyalarda bulunmaq insana zövq verir. Çünki Azər Paşa elə özü bir TEATRDIR!

...Bir addımlıq yolu Azər Paşa ilə bir günə də getmək mümkündür. İlahi! İnsanın nə qədər dostu, tanışı, onu sevən tamaşaçıları olarmış... Bir sözlə, Bakının bəzəyi olan Azər Paşa ilə küçədə sakit yol getmək mümkün deyil - onu tanıyırlar, onu sevirlər, onunla ünsiyyətə girməyə can atırlar və necə deyərlər, keçmiş zaman olsaydı, mütləq şlyapalarını çıxarıb, təzim edərdilər, indi isə əllərini ürəklərinin üstünə qoyub, ehtiramlarını bildirirlər. Azər Paşanın isə hamıya yetəcək sevgisi, bitmək bilməyən duzlu söz-söhbəti var. Bir də görürsən ki, Azər Paşanın tanımadığı bir tamaşaçı ona yaxınlaşıb "Sizi televizorda çox görmüşəm, indi isə icazə verin, canlı Azər Paşaya doyunca baxım!" deyir. Bu məqamda kövrək Azər Paşanın gözləri dolur və o, tanımadığı tamaşaçısını hərarətlə bağrına basıb, minnətdarlığını bildirir. Onu da deyim ki, dostum Azərbaycanın hər bucağında həməncə tanınan və çox sevilən rejissordur.

Bir neçə il bundan əqdəm əməliyyat olunmuşdum. Xəstəxanaya daxil olandan çıxana qədər Azər Paşa (çoxsaylı sadiq dostlarım və sevimli tələbələrimlə birgə) mənim yanımda oldu. Əməliyyatdan sonra gözümü açanda ilk gördüyüm onun müsbət enerjili, uşaq saflığı ilə durulmuş doğma siması idi. Desəm ki, xəstəxanada bütün tibb personalı hər gün Azər Paşanın gəlişini, şirin söz-söhbətini gözləyirdi, mənə inanın, hətta qadın həkimlər növbələri bitsə belə, evə getmir, güclü xarizması olan dostumun gəlişini gözləyirdilər. O isə gecə saat birə qədər güclü təxəyyülünü əsirgəmədən maraqlı söhbətlər edirdi. Nə həkimlərim, nə də ki, dostlarım (tanınmış teatr adamları!) xəstəxanadan çıxmağımı istəmirdilər və mən üç gün əvəzinə on beş gün xəstəxanada qalmalı oldum! Palatamda qatı açılmamış teatr söhbətlərinin ardı-arası kəsilmirdi. Azər Paşanın sayəsində bura heç kimin tərk etmək istəmədiyi Teatr Klubuna çevrilmişdi.

Əziz, unudulmaz dostumuz, böyük sənətkarımız Vaqif İbrahimoğlu ilə Ankarada xəstəxanada yatanda da eyni mənzərənin şahidi olmuşam. Azər Paşa ölümün tüğyan etdiyi həmin xəstəxanaya özü ilə bir udum təmiz hava... bir içim dirilik suyu... həyat eşqi və ümid gətirirdi...

Bəli, Azər Paşa özü elə bir TEATRDIR! Yaradıcılığı kimi, özü də hər dəfə gözlənilməzdir, yenidir, dəyişkəndir, daim yeniləşmə prosesindədir, sirlərlə doludur.

Stanislavski, Qrotovski, Meyerxold, Bruk, Streler, Lyubimov, Efros, Sturua, Dodin, Fokin və digər böyük rejissorlar kimi Azər Paşanın da böyüklüyü ondadır ki, o, daim axtarışdadır. O bilir ki, hər fikir-ideya, hər tapıntı-kəşf yeni olanı doğurur, çox zaman isə bu yeni olan əvvəlki ilə ziddiyyətdə mövqeləşir. Və bu prosesin sonu görünməzdir. Bu, əbədi hərəkətdir, əbədi dərketmədir və mürəkkəb rejissor sənətinin əbədi mahiyyəti və məzmunudur.

Əziz dostum Azər Paşa! Yaradıcılıq səmasındakı uçuşlarını, sonu görünməyən səyahətini sənətkar inamı, hünəri və inadı ilə davam etdir! Sənin bu qüdrətli uçuşların, sonu görünməyən səyahətin milli teatrımızın irəliyə doğru inamlı hərəkətidir!

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2022.- 9 sentyabr.- S.10-11.