Tanıdığım sonuncu romantik  

 

 

İki ayın sözüdür. Səfərə hazırlaşıram - okeanın o tərəfinədi yolum. Və o da səfərə hazırlaşır. Vaxtı-vədəsi məlum olmasa da, bilirik ki, gedər-gəlməz səfərdi onunku. Hamımız bilirik. Görüşməyə gedirəm. Həm də özünə heç nə demədən halallaşıram öz aləmimdə. Fələyin işini nə bilmək olar?

"Bayaq İbrahim zəng eləmişdi deyir (İbrahimin adını çəkəndə gözləri parıldayır, sevgilə danışır. Bütün dostları onunçün nəinki əziz, həm də bir növ müqəddəsdir. Azər Süleymanov dost deyil, Arazın ümid və güman yeridir. Dünyasını dəyişən dostlarını tez-tez xatırlayır, Məmməd Nazimoğludan, Adil Qaçayoğludan yana-yana danışır, təəccüblə "necə getdilər ee" deyir. Yol üstdə olduğunu özü bilirmi görəsən?). Hə, İbrahim Nəbioğlu dedi neynirsən, dedim gözləyirəm. Qəribə gəldi ona, bilir axı, yataqdayam, nə gözləyə bilərəm? Avtobus? "Nə gözləyirsən?" - soruşdu. Dedim - möcüzə. "Möcüzə gözləyirəm ki, ayağa durum". Sonra gözlərini bir nöqtəyə dikir. Cavab gözləyirmiş kimi çevrilib mənə baxır: "Hər  şey ola bilər də, hə?" "Əlbəttə, - deyirəm, - az olub möcüzə? Yuri Vlasov vardı, 40 yaşlarında yatağa düşdü, sonra həyata qayıtdı. Yadında deyil?"

Belədir ünsiyyətimiz - məhz iki həmkar kimi. Görüşəndə uzun-uzun jurnalistikadan danışırıq, ümumi acınacaqlı durumdan, həmkarlardan, dostlardan.

lll

Təyyarəmiz Mayamidən İstanbula gedir. Oradan Bakıya qayıdacam. Göyün yeddinci qatındayam - 10749 metr yüksəklikdə. Onun da azar-bezardan azad, asudə ruhu buralardadır - göylərdə. Tanınmış jurnalist Araz Zeynalovu deyirəm. Övladlarımızın tək əmisi - səmimi və orijinal Araz. Mədəni və tərbiyəli. Təpədən dırnağacan aristokrat. Tanıdığım son romantik.

lll

Aristokratlıq onun qanındaydı. İki məşhur ziyalının, jurnalist Hidayət Zeynalovla Məryəm Həsənzadənin ilk övladıydı Araz. Və mən o ailəyə gələndə vur-tut 17 yaşım vardı. Elə bərabər böyüdük, bərabər püxtələşdik. Yadımdadı, o zaman "İzvestiya" qəzetində yazı çıxmışdı. Bakıda bir ailə var yazmışdılar, altı nəfərin altısı da jurnalist. Ata-ana, iki oğul və iki gəlin. Hə, bu, biz idik.

Məryəm Həsənzadə xalis bakılıydı, Hacı Zeynalabdin Tağıyevin doğmaca bacısı nəvəsi. Hidayət Zeynalov qazaxlı. Oğlanlar isə nə tam bakılıydılar, nə tam qazaxlı. Xəngələ də, düşbərə-qutaba da sevgiləri eyni idi. Amma nə meyxanaya meyl edirdilər, nə aşıq havalarına. Ailə bir yerə toplaşanda elə bilirdin "Kommunist" qəzetinin "letuçka"sındasan. "Təzə rubrikanı Mərkəzi Komitədə yaman bəyəniblər". "Birinci zametkanı oxuyan kimi göstəriş verib, problemi həll ediblər". Düz sözümdü, ailənin ab-havası bu tonlarda idi.

Hidayət müəllimlə Məryəm xanım 60-larda "Kommunist" qəzetində tanış olmuşdular - işdə məhəbbət macərası. Elə bir ömür də elə yaşadılar - bir-birinə aşiq. Bir cəhəti də deyim - o evdə "filankəs haralıdır?" sualı verilməzdi, "filankəs yaxşı adamdır" deyərdilər, ya da o adamın adını çəkməzdilər, pisdirsə, heç yoxdur demək, istər qohum olsun, istər qeyri-qohum. Sərt idi insanlara olan tələbləri. Belə bir ailənin nümayəndəsi idi Araz.

Bu hadisəni Araz özü danışıb. Tələbəyik. Evin kiçik oğlu Aqşin elə birinci kursdaca seçimini edib, nişanlanmışıq. Araz da özündən iki kurs aşağı oxuyan Rəbiyəyə vurulub. İlk görüşdə orijinal görünmək istəyən Araz gedəsən nəbatət bağına, balaqlarını çirmələyib gizlincə girəsən hovuza, suyun üzündəki lilparları dərib aparasan qıza. Dedim axı, tanıdığım ən son romantik idi...

Universiteti bitirib "Azərbaycan gəncləri"ndə işlədi Araz. O illərin dostu, qəzetdə bərabər çalışdığı Azər danışır, Azər Əhmədov. "Tapşırıq gəldi ki, bir qız barədə yazı hazırlansın. Araz dedi: "Mən  yazaram". O yazı adi yazı olmadı, əsl lirika oldu, mənsur şeir. Qıza müraciətlə yazmışdı, sən elə bir ulduzsan ki, filan-filan... "Sən elə bir ulduzsan" ifadəsini dəfə-dəfə təkrar etmişdi. Heç bir ay keçməyib, getmişik Şəkiyə. Onu təqdim edirəm ki, bəs "Azərbaycan gəncləri"nin müxbiri Araz  Zeynalov. Bir nəfər qayıdasan ki, mən sizi tanıyıram. Araz baxır adama çaşqınlıqla, tanımır axı, deyir - "bağışlayın məni haradan tanıyırsınız, nəsə yadıma sala bilmədim". Oğlan da gülə gülə: "Sən elə bir ulduzsan ki..." deyib Arazın həmin yazısını əzbərdən deyir, cümlə-cümlə, sətir-sətir. Araz şair deyildi axı, bu hal ona adi gəlsin, jurnalistin yazısını tanımadığı oxucu əzbər bilirsə, bu, artıq sözün uğurudur. O uğurun səbəbini sonralar özü dedi mənə. Demə, həmin mənsur şeiri qızı Bahara həsr edibmiş. Araz o qədər hisslərini gizlədən, utancaq, abırlı adam idi ki, bəlkə Bahar indiyəcən də bilmir, bilmir ki, atası məhz ona yazı həsr edib, elə belə yazı yox ha, əsl mənsur şeir.

Arazın oğlu Orxanın dedikləri: "Ad günüm idi, 15 yaşım olurdu. Bütün dostlarım bizdəydi. Telefona zəng gəldi. Tanımadığım bir kişi dedi aç qapını, atan sənə bir şey göndərib. Qapını açıb bağlamanı aldım. Baxdım ki, sevimli klubum "Mançester Yunayted"in forması, üstündə də ad və sevimli nömrəm. Dostlarım məəttəl qaldı. Əslində, atam o hədiyyəni özü də mənə verə bilərdi. Amma yaradıcı yanaşmışdı, ekstra şou qatmışdı hadisəyə. Onunçun kontent həmişə önəmli idi. Yəqin elə ona görə yazılara başlıq seçməkdə bir nömrə idi".   

Dedim axı, son romantiklərdən biri idi Araz. Yeni jurnalistika ilə tam ayaqlaşmışdı, zamanın nəbzini əla tutmuşdu, geyim-keçimdə isə tam mühafzəkar idi: köynək qalstuk, vəssalam. Qardaşı Aqşin Zeynalovun danışdıqları: "Uzaq səfərə getməyi sevməzdi. Nə gəzmişdisə, uşaqlıqda gəzmişdi, bir də tələbəlik vaxtı. Üç il əvvəl dilə tutub zor-güclə Tiflisə apardım. Yola çıxanda gördüm qalstuk taxıb. "Rahat geyinərdin", - dedim, dedi: "Mənə belə rahatdı". Ertəsi gün oraların ovqatını görüb özü imtina elədi qalstukdan. O qədər zövq almışdı ki səfərdən. Arazın müşahidə qabiliyyəti çox güclü idi. Restoranda mənə dedi - "Fikir ver, qadınlar rəqs edir, kişilərin baxışlarındasa yalnız doğmalıq duyulur. Hər yerdən bir şey öyrənmək lazımdır".

Arazın bir ömür öyrəndiyi isə yaxşılıq etmək oldu. Atasından belə görmüşdü. Hidayət müəllim nə qədər adamın işinə yaramışdı, mən bilirəm, kimisə müalicə etdirirdi, kiminsə evinə telefon çəkdirirdi, kimisə işə düzəldirdi, bir quru "sağ ol"a. Araz da eləydi. Uzun illər DİN-in mətbuat xidmətinə rəhbərlik etmiş yaxın dostu Sadiq Gözəlov deyir ki, bu illərdə Araz zəng edib nə qədər adamı dardan qurtarıb, hamısı da təmənnasız, yalnız kiməsə kömək etmək üçün. Xəstə vaxtı Sadiqə danışıb ki, vaxtilə Gözəlovun yardımıyla şərdən qurtaran adamlardan biri indi böyük uğurlara imza atıb. "Sən olmasaydın, bəlkə də içəridəydi"  deyib. Və mən heç bilmirəm - Araz yatağa düşəndə o adam, bir ömür yaxşılıq etdiyi başqa insanlar onu axtardılarmı? Yanında oldularmı? Ey gidi dünya...

lll

İyirmi ilin sözüdür. Ailəmizdə yenə ciddi bir konflikt yaşanıb. Jurnalistlə polis bir evdə necə yaşaya bilər axı? İtlə pişik kimi. Əl-qərəz, danışmırıq. Boşanmaq təhlükəsi də var. Məsələyə Araz qarışır. Otururuq ikimiz, üzbəsurət. Danışıram, danışıram, şikayət edirəm, ağlayıram. Dediklərimlə tam razıdır, bilir ki haqlıyam. Mən hövllənib danışdıqca o, lap təsirlənir. "Hə, hə də, düz deyirsən" deyir, başını bulayır. Fikrə gedir. "Nə deyim, bunlar da uzunömürlüdürlər..."  Stop. Heyrətdən ikimiz də susuruq. Bu sözü elə deyir, sanki mənim qardaşımdır, onun yox. Nə qədər obyektiv və səmimi, təmiz və tərəfsiz, nə qədər vicdanlı olmalısan ki, doğma qardaşın haqda belə bir sözü dilinə gətirəsən. Yəni əlini üz dedi, öləsi də deyil, bunlar, yəni Zeynalovlar uzunömürlüdürlər.. Özü isə uzunömürlü olmadı. Olmadı.

lll

Uzaq Amerikada, qızım Nərmin Zeynallının evində Araz üçün halva çalıb ruhunu yad etmək də varmış qismətimizdə. Nərmin deyir: "Əmimlə münasibətimiz qeyri-standart idi. Ənənələrdən, qohumluq rollarından, cəmiyyətin geydirdiyi əmi-qardaşqızı maskasından çox dərində idi o bağ. Çünki o, özü elə insan idi, toxunduğu hər həyatda iz buraxan, maraqlı, düşüncəli, zarafatcıl, eyni qədər də adının daşıdığı enerjiyə uyğun olaraq - dərin, amma yaralı Araz..."

lll

İstanbul aeroportundayam. 8 saatlıq gözləmə var. Təkəm, həm də tək deyiləm - Arazın dostlarına zəng edirəm, sosial şəbəkələrdə yazdıqlarını oxuyuram.

"Panorama" nə qazandısa, Araza görə qazandı. Araz peşəkarları yığdı başına və yaradıcı ortam yarada bildi", - bunu Faiq Novruzov deyir. Teymur Mahmudov görün nəyi xatırlayır. "Tələbəydim, - deyir, - "Panorama"nın populyar vaxtlarıdı. Getdim baş redaktor Araz Zeynalovun yanına. Tanımıram. Qapını döydüm və dedim ki, mən burada işləmək istəyirəm. Dedi səni kim göndərib? Dedim Allah göndərib. Hazırcavablığım xoşuna gəldi. İki həftə sınaq müddətindən sonra işə götürdü məni".

"Mənim üçün Araz Zeynalov həmişə var, həmişə də olacaq, - bunu da Vüqar deyir, Vüqar Həsənov, - onunla hər gün danışıram, məsləhətləşirəm içimdə, hər dəfə də necəsə münasibət bildirir elə bil. O, cismani gedib, ruhu həmişə mənimlədir".

Araz uzun müddət işsiz qaldı. "Panorama" bağlanandan sonra hər yerə getməyi özünə rəva bilmədi. İllərlə çətinlik çəkdi, amma sınmadı. Nə imzasına xəyanət etdi, nə peşəsinə. Ta ki APA Holdinqin Vesti.az saytına dəvət olunana qədər.

İbrahim Nəbioğlunun yazdıqlarından: "Vesti" mərhələsi başlananda Araz bir kəlmə dedi ki, kömək elə, yaxşı bir media təşəbbüsü var. İlk gündən xəbər yazdım, məqalə, publisistika yazacaq yaşda xəbər yazmağa başladım.

Araz yenə də bacarmışdı, "Panorama"ya verdiyi sevgini "Vesti"yə yönəltmişdi. Araz yenidən doğulmuşdu, inanırdı ki, faydalı bir iş görür. Və yanılmamışdı. "Araz, neynəyirsən?" sualına təvazökarcasına "Ermənilərlə mübarizə aparırıq" deyirdi..."

"Vesti"nin informasiya müharibəsindəki xidmətindən Mətin Yaşaroğlu da həvəslə danışır. Deyir, 2009-cu ildə ermənilər Xocalı aeroportunu təmir edəndə bəyan edirlər ki, guya aeroporta beynəlxalq dərəcə veriləcək. İlk təyyarəylə də Sarkisyan uçmalıymış. Araz tapşırıq verir ki, telefon, skayp - nə yolla olur olsun Qarabağla əlaqə yaradılsın. Xocalı aeroportunun rəisi Dmitri Adbaşyandan skaypla müsahibə alırlar. İşğal olunmuş ərazidəki obyektə necə beynəlxalq dərəcə almaq olar axı? Erməni müsahib suallar qarşısında çaş-baş qalır. Bunu mətbuata çıxaran "Vesti" olur...

İstanbul aeroportundakı insan selində bir küncə çəkilib yazı yazıram, Arazdan  yazıram. Və taleyin təsadüfünə baxın, elə həmin anda həmin aeroportdakı yüz minlər arasında Azər Süleymanov da var - Arazın ən uzaqda yaşayan ən yaxın dostu. Arazla bağlı xatirələrinin sayı-hesabı yoxdur. Arazın ruhuna bağışladığım bu vida sözünə də Azərin xatirəsi ilə nöqtə qoyulacaq.

Azər Süleymanovun dedikləri: "Hüseyn Cavid parkında gəzişib Arazgilə qayıdırdıq. Parkdan onlara iki yol vardı - biri uzun, biri kəsə. Gördüm Araz uzun yolla gedir. Dedim niyə kəsə yolla getmirsən. Gülümsünərək dedi - "bayaq da kəsə yolla gəlmək istədim, sonra yolumu dəyişdim. O yola nəsə tökülüb. Çoxlu qarışqa yığışıb. Fikirləşdim, keçsəm, ayağımın altında qalacaqlar. Gəl uzun yolla gedək". Araz yolunu dəyişdi. Amma çox tez" .

Hə, haqlıdır Azər - çox tez... Yoluna nurlar, çiçəklər, Araz. Görüşənədək.

 

Afaq VASİFQIZI

 

525-ci qəzet.- 2022.- 9 sentyabr.- S.8.