Beşmərtəbəli evin altıncı mərtəbəsindəki qadınlar  

 

 

Eşq - bir insanın özü üçün edə biləcəyi ən böyük yaxşılıq ən böyük pislik! Deyirlər, eşq qapıdan gələndə ağıl pəncərədən çıxırmış. Hisslər, duyğular, ehtiraslar, gözləntilər, xəyallar... Cəmi üç hərflik söz özündə bu qədər qarmaqarışıq, bu qədər anlaşılmaz duyğular daşıyır. Fikrimcə, eşq güc məsələsidir. Güclü insanlar onun gətirdiyi sevincə , həyəcana da, əzaba da dözməyi bacarır. Mənəviyyatında, psixologiyasında, daxili dünyasında gücsüzlük gizlənən insanlar isə eşqlə bu gücsüzlüklərini faş edirlər, əlbəttə qeyri-ixtiyari...

Bəs eşq ən çox kimə yaraşır: qadınamı, kişiyəmi? Dünya ədəbiyyatı bu suala cavab axtaran əsərlərlə doludur. Bu kiçik, amma coşğun duyğulara sahib söz o qədər rəngarəng, o qədər fərqlidir ki, dünya ədəbiyyatı yüzillərdir bu mövzuda yazır, yazır, hələ bitmir...

Biz isə bu yazıda eşqin oxşar faciələrlə sınadığı üç qadından danışacağıq. Azərbaycan ədəbiyyatında sevgisiylə tarixə düşən, sevgisini azad, qorxusuz yaşamaq üçün çabalayıb, bu cəhdlərinin cəzasını həyatıyla ödəyən qadın, təbii ki, Təhminədir. Xalq yazıçısı Anarın " liman" "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərlərinin qəhrəmanı olan Təhminə ziyalı ailənin övladı olan Zaurla sevgilidir. Təhminə bir dəfə ailəli olub, boşanıb. Zaursa heç zaman evlənməyib. Təhminənin həm boşanmış olması, həm televiziyada diktor işləməsi Zaurun ailəsinin onu qəbul etməməsinə səbəbdir. Təhminə boşanmış qadına xor baxan, azad, tək qadın görməyə təhəmmül etməyən çürük düşüncəli cəmiyyətin ən böyük qurbanına çevrilir. Ancaq o, bəlkə bütün bunlarla baş edərdi, əgər uğruna savaşdığı, qəlbini, ruhunu təslim etdiyi insan güclü xarakterə sahib olsaydı. Təəssüf ki, Zaur Təhminəni qədər sevsə , sevgisinə sahib çıxacaq qədər güclü deyil. Ailəsini itirməkdən, cəmiyyətdə mənfi qarşılanmaqdan qorxur, sevgisi üçün mübarizə aparmağı gözə almır. Bu romandan gətirilən sitatdır: "Deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər". Bəli, Zaur da Təhminədən, daha doğrusu, öz sevgisindən qurtuluşu başqa qadınla evlənməkdə görür. Nəticədə, Təhminədən ayrılaraq ailəsinin məsləhət gördüyü qonşu qızıyla evlənir. Sevdiyi, uğruna bunca təhqirlərə, alçaldılmalara dözdüyü insanın bu qorxaqlığı, cəsarətsizliyi xəyanəti Təhminəyə ən böyük zərbə olur o, göz görə-görə ölümə gedir. Bu eşq macərasının sonunda Təhminə ölümüylə "beşmərtəbəli evin altıncı mərtəbəsinə" ucalır, Zaursa peşmanlıqları, yaşaya bilmədikləri, vicdan əzabı sevmədiyi qadınla bir ömür baş-başa "beşinci mərtəbədə" qalır.

Türkiyə ədəbiyyatında öz sevgisindən qurtuluşu başqasıyla evlənməkdə görən kişilərdən biri Behlüldür. Halit Ziya Uşaklıgilin məşhur "Aşkı-memnu" romanının qəhrəmanı olan Behlül Zaur kimi qorxaq, cəsarətsiz, sevgisini dünyəvi hisslərə, maddiyyata qurban verən obrazdır. O, uzaqdan qohumu, evində böyüdüyü varlı adamı Adnan Ziyagilin gənc, gözəl ağıllı həyat yoldaşı Bihtərə aşiq olur. Bihtərin qarşı çıxmalarına, onu özündən uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, Behlül ta uşaqlığından ruhu yalnız olan, sevgisiz böyüyən tək dərdi sevgi olan qadını yoldan çıxarmağı bacarır. Həyat yoldaşı Adnan Bihtəri qədər sevsə , aradakı yaş fərqi, Adnanın iki böyük uşağı onlara olan düşkünlüyü, Bihtəri anlamamağı qadını hər gün bir az daha yalnızlığa, çarəsizliyə sürükləyir. Adnandan ala bilmədiyi həyəcanı, "özəl hiss etdirilmə" duyğusunu Behlüldə tapan Bihtər ona dəli-divanə aşiq olur. Behlül Bihtəri sevir, amma əmisinin güvənini sarsıtmaq, imkanlarından vaz keçmək onun üçün qeyri-mümkündür. Bihtərin bütün "buralardan gedək, sən əminə, mənsə ərimə daha artıq xəyanət etməyək" yalvarışlarına baxmayaraq, sevdiyi qadından gah uzaqlaşır, gah da yenidən yaxınlaşır. Onun bu ləngərində boğulan isə Bihtər olur. Behlül Bihtərdən, daha doğrusu, öz günahından qurtulmaq üçün bir evdə böyüdüyü, Adnanın qızı Nihalla evlənməyə qərar verir. Onun bu "qaçışı" Bihtərin sonu olur. Tərk edilişləri, kimsə tərəfindən anlaşılmaması, özünün ərinə, Behlülün isə ona olan xəyanəti Bihtəri intihara sürükləyir. Hər qədər ərinə xəyanət edən bir qadın kimi görünsə , yalnızlığı ruhuna işləmiş, hələ ta uşaqlığından Firdevs kimi bir ananın qızı olduğu üçün utanan, yaşadığı heç bir duyğunu bəlli edə bilməyən, tək dərdi sevilmək olan, sevgisi üçün sahib olduğu imkanlardan bircə anda vaz keçə biləcək məsumluğu da var Bihtərin. Bunun nəticəsidir ki, eşqinin günahlarının bədəlini gənc yaşında canıyla ödəməkdən çəkinmir.

H.Z.Uşaklıgilin Bihtər obrazı Floberin məşhur romanı "Madam Bovari"dən gələn Bovarizm cərəyanından təsirləndiyinin göstəricisidir. Bihtərin həyat yolu da Madam Bovari Anna Kareninanı xatırladır.

"Madam Bovari"nin qəhrəmanı Emma xəyalpərəst, romantik qadın olaraq, ərinə onu sevməyən, puluna görə yaxınlaşan onu əlində oyuncaq kimi istifadə edən iki başıpozuq adamla xəyanət edib, heç birində gözlədiyi, xəyallarında canlandırdığı romantik eşqi tapa bilməsə , Anna Kareninanın eşqi Bihtərin duyğularıyla daha çox səsləşir. Anna da məşhur və zəngin, yüksək vəzifəyə sahib adamla evlidir. Hətta onların 8 illik evliliklərindən bir övladları da var. O da Bihtər kimi hər kəsin qibtə etdiyi bir qadındır, kənardan baxılanda xoşbəxt bir ailəyə sahibdir. Lakin onun da ruhunda boşluqlar var. Həyatı kənardan nə qədər dəbdəbəli, parlaq, gözqamaşdırıcı olsa da, monotonluq və məhəbbətsizlik ruhunu sıxır. Məhz buna görə də gənc hərbçi, Qraf Vronskinin eşqi onu cəzb edir. Vronski ilk baxışdan Anna Kareninaya vurulur və sərhəd tanımayan heyvani kişi ehtirası ilə onun arxasınca düşməyə başlayır. Anna öncə bu marağa qarşı çıxır, ruhunda baş qaldıran hisslərini boğmağa çalışır. Amma bir müddətdən sonra o da Vronskinin sevgisinə təslim olur. Lakin Vronski Annanı ələ keçirəndən sonra ona qarşı ehtirası soyuyur. Xüsusən, qadının hədsiz qısqanclıqları onu bu münasibətdən uzaqlaşdırır. Artıq Vronski bir zamanlar sevgi diləndiyi, kölgə kimi izlədiyi qadından qaçmağa, qurtulmağa çalışır. Ailəsiylə sevgisinin arasında qalması, dəyər bildiklərini uğruna qurban verdiyi adamın soyuqluğu, hətta Vronskinin başqasıyla evlənməyə hazırlaşması xəbərləri Annanın da sonuna çevrilir. O da Bihtər kimi gənc yaşında bütün yaşadıqlarını qəlbinə, eşqini isə ruhuna köçürüb bu dünyadan gedir.

Bəli, Bihtər də, Anna da günahkar qadınlar idilər. Amma onların bu günahları qəlblərində ucaltdıqları eşqin yanında çox cılız görünürdü. Ona görə Təhminə kimi onlar da "beşmərtəbəli evin altıncı mərtəbəsinin sakininə" çevrilə bildilər. Hər üç qadının həyatına son qoyan kişiləri isə birləşdirən tək cəhət vardı: cəsarətsizlik, qorxaqlıq.

Filosof Asif Atanın (Əfəndiyev) "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı ilə bağlı yazdıqlarını haqqında danışdığımız üç romana və onların kişi qəhrəmanlarına aid edə bilərik: "İmkansızlıq qismət olur adamlara ən çox. Mühitə qarşı dayanmayınca, mühitdən ayrılmayınca, imtina etməyincə - imkansızlıq aradan qalxmaz. Qəfəs qırılmalıdır, sədd götürülməlidir, bunun üçün qüdrət gərək! İmkansızlıq - əslində qüdrətsizlikdir, qüdrətsizlər "altıncı mərtəbələrinə" çata bilmirlər, çünki mühitlə bağlılığı qıra bilmirlər. Adamlar yarımçıq yaşayırlar, çünki yarım iradə sahibi olurlar, imkan - daxili təkan tələb edir, daxili təkan -qüdrət".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 10 sentyabr.- S.16.