Bahar nəfəsli sənətkar

 

Bu, bəlkə də, mənim həyatım boyu həvəslə, qəlbin sevgisi, könülün ehtiramı, istəyin diktəsi ilə  yazdığım ən səmimi yazılardan biridir. Bunun səbəbi isə barəsində yazacağım insanın şəxsiyyəti, fərdi keyfiyyətləri, insanlara münasibətində və xarakterindəki işıq, nəhayət, istedadının parlaqlığı və yaradıcılıq uğurlarıdır. Əlbəttə, Allah-taalanın xəlq etdiyi şərəfli bir məxluq kimi insanın şəxsiyyəti onun istedadından öndə dayanır. Bəşər övladına münasibətdə də istedaddan şəxsiyyətə yox, şəxsiyyətdən istedada doğru gedilir. Yəni oxucu, dinləyici hər hansı bir yaradıcı insanın yaradıcılıq laboratoriyasına daxil olarkən onun şəxsi keyfiyyətlərinin, insanlıq aləminin, xarakterinin çeşidli nüanslarının yazıldığı dəhlizdən keçir. Onun yaradıcılıq dünyasına da həmin prizmadan baxır. Biz də Zahid Xəlilin yaradıcılıq aləmi barədə düşüncə və baxışlarımıza onun şəxsiyyəti haqqında qənaətimizlə başlamaq istəyirik. Onu da əlavə edək ki, Zahid müəllimin hər bir yazısından, əsərindən onun şəxsiyyəti, ən azı şəxsiyyətinin hansısa müsbət çaları boylanır. Və elə bu əsərlər də onun şəxsiyyətinin bütövlüyü barədə bizə nurlu fikirlər pıçıldayır. Birləşib bütövlükdə Zahid müəllimin xasiyyətnaməsinə, xarakterlər məcmuəsinə çevrilir.

Əgər biz desək ki, Zahid müəllim gözəl sənətkardır, qələm və istedad sahibidir, dəyərli nəzm və nəsr əsərləri, publisistik yazıları, elmi araşdırmaları vardır. Heç kəsi təəccübləndirmərik. Çünki onun yazdıqlarının əksəriyyəti çap olunub. Müxtəlif qəzetlərdə, jurnallarda, kitablarda yer alıb. Hər kəs bunları oxuyub Zahid müəllimin necə bir qələm sahibi, yazıçı və alim olduğunu anlaya bilər. Ancaq onun şəxsiyyətinə, fərdi keyfiyyətlərinə, xarakterindəki aliliyə, nəcibliyə və bütövlüyə daha yaxından bələd olmaqdan ötrü mütləq Z.Xəlili yaxından tanımaq, onunla canlı ünsiyyətdə olmaq lazımdır. Və bu ünsiyyət, tanışlıq müqabil tərəfə də yaxşı mənada çox şey verir. Təkcə yaxşı sənətkar olmağın deyil, həm də yaxşı insan olmağın sirlərini öyrədir, dəyərini başa salır.

Tale elə gətirib ki, mən ali təhsilimi Gəncədə almışam, GDPU-nun (o zamankı H.Zərdabi adına KDPİ-nin) Filologiya fakültəsini bitirmişəm. Tələbəlik illərindən ta 1985-ci ildə ADPU-nun (o zamankı V.İ.Lenin adına ADPİ-nin) əyani aspiranturasına daxil olana qədər Zahid müəllimin yalnız imzasını tanımışam. 1985-ci ilin sentyabr ayında ilk dəfə onu əyani şəkildə görüb tanımışam. Elə həmin vaxtlardan da asta-asta şəxsi münasibətlərimizin bünövrəsi qoyulub. Bu münasibətlər əvvəlcə bir aspirantın institutun hörmətli, sayılıb-seçilən bir müəllimi ilə adi münasibəti səviyyəsində olub. Ancaq iş elə gətirib ki, Zahid müəllimin həm namizədlik, həm də doktorluq dissertasiyası uşaq ədəbiyyatı ilə bağlı olub. Buna görə də o, respublikada yalnız gözəl bir uşaq yazıçısı kimi deyil, həm də uşaq ədəbiyyatının peşəkar tədqiqatçısı, bilicisi kimi tanınıb. Mənim də namizədlik dissertasiyamın mövzusu uşaq ədəbiyyatı ilə əlaqəli olduğundan bu sahədə bir çox  məsələləri Zahid müəllimdən soruşmalı, öyrənməli olmuş, onun məsləhətlərinə ehtiyac duymuşam. Bu nəcib alim isə heç vaxt məsləhətlərini məndən əsirgəməyib. Hər sorğuma həvəslə, canıyananlıqla cavab verib. Onun bu insanlıq keyfiyyəti bizi bir az da yaxınlaşdırıb. Aramızdakı səmimiyyəti daha da artırıb.

 

 

 

Burada haşiyəyə çıxıb ədalət naminə onu da deməliyəm ki, Zahid müəllim təkcə mənə qarşı belə davranmayıb. Ona müraciət edən, ondan kömək istəyən hər bir tələbəyə, aspiranta və hər kəsə qarşı belə istiqanlı, səmimi davranış nümayiş etdirib. Ona görə də kollektivdə həm insani keyfiyyətləri, həm də alimlik ədası ilə hörmət qazanıb. Mən cəsarətlə bu cəhətlərə onun müəllimlik məharəti ilə qazandığı nüfuzu da əlavə edərdim. Bütün bunlara dördüncü bir müsbət cəhət də əlavə olunur. Bu, Zahid müəllimin yoldaşlıqda, dostluqda etibarı, sədaqəti, sözünə bütövlüyüdür.

Tam səmimiyyətlə deyə bilərəm ki, Z.Xəlili daha yaxından tanıdıqca (Bu ifadəni belə işlətsəm, daha doğru olar: Zahid müəllimi kəşf etdikcə) ona vurğunluğum, hörmət və ehtiramım da artıb. Zahid müəllim bir neçə il mənim müdirim olub. Yəni o, uzun illər ADPU-da Ədəbiyyat və onun tədrisi metodikası kafedrasına rəhbərlik edib. 2015-ci ildə iş elə gətirdi ki, mən ADPU-da işlədiyim Azərbaycan və dünya ədəbiyyatı kafedrasından Zahid müəllimin kafedrasına keçməli oldum. Bu barədə verilən təklifi məmnuniyyətlə qəbul etdim. Çünki artıq uzun illər idi ki, onu həm bir insan, həm bir sənətkar, həm də bir alim kimi yaxşı tanıyırdım. Amma onun rəhbərlik etdiyi kafedraya  keçdikdən sonra bir müdir  kimi də Zahid müəllimin bənzərsiz bir şəxsiyyət olduğunu gördüm. O, sözün geniş mənasında bir xeyirxahlıq mücəssəməsidir. Pislik etməyi bacarmır , ya da pislik etmək əlindən gəlmir. Bəzən fikirləşirəm və özüm özümdən sual edirəm. Görəsən, bunun səbəbi nədir? Görəsən, hərtərəfli mənada Zahid müəllim kimi yaxşı, nurlu, xeyirxah insan və istedad sahibi olmaq mümkündürmü və bu hansı səbəbdən qaynaqlanır? Həmin suala bəzən belə bir mistik cavab verirəm: Bəlkə də bu, onun baharda doğulması, bahar oğlu olması ilə əlaqədardır. Baharda doğulduğundan qəlbi, xarakteri, əməlləri, istedadı da bahara bənzəyib. Baharın təravəti onun ruhuna, xarakterinə də hopub. Belə ki, Zahid Abdulla oğlu Xəlilov (Zahid Xəlil) 20 mart 1942-ci ildə, yəni baharın müjdə günündə dünyaya göz açıb. Bu uşaq böyüyüb, Azərbaycanın ən istedadlı uşaq sənətkarlarından biri olub. Öz əsərləri ilə Azərbaycan oxucularının, uşaqların qəlbinə sevinc, fərəh bəxş edib, onlara mənəvi qida verib. Onlarda nəcib əxlaqi və estetik duyğular, ədəb-ərkan, düzlük, halallıq, vətənpərvərlik, xalqsevərlik, xeyirxahlıq, təbiətə və əməyə məhəbbət, böyüyə hörmət, elmə, məktəbə, maarifə rəğbət hissləri oyatmağa çalışıb.

Şairin ömür karvanının ilk mənzili Yevlaxdan başlayıb. Və bu karvan 80 ildir ki, yol gəlir. Yolun ağrı-acıları da var, fərəhli-sevincli günləri də. Ancaq qəmindən və fərəhindən, kədərindən və sevincindən asılı olmayaraq Zahid müəllim bu 80 ili şərəflə, qürurla, ləyaqətlə yaşayıb. Əslində onun şəxsiyyətində bir neçə "insani mən" birləşir və Zahid müəllim bir şəxsiyyət kimi bu "mənlər"in məcmusundan ibarətdir. Həmin "mənlər"i belə bir bölgü ilə səciyyələndirmək olar: İnsan, Vətəndaş, Şair, Yazıçı, Alim, Müəllim-pedaqoq, Vəzifə adamı (Zahid müəllim uzun illər fakültə dekanı və kafedra müdiri vəzifələrində çalışıb) və  s. Bu "mənlər"in hamısı nurlu amal və əməl sahibidir. Və hamısının nuru bütövləşib nurlu, xeyirxah, nəcib bir şəxsiyyəti yaradıb.

Zamanın əbədiyyət axarında 80 il bir göz qırpımı kimidir. Onun necə gəlib keçdiyi sənətkarın özü üçün də bir zaman müəmmasıdır. Bəzən şair ayların, illərin, yəni zamanın arxasında qalan ömrünə nəzər salır. Ömür yolu ilə dərdləşir, gerçək ömrün inanılmaz sürətlə keçən hadisələri, xəyalları ilə yaşayır, acıları-şirinləri ilə söhbətləşir. Bu mənada onun "Mənim ömrüm" şeiri xüsusi maraq doğurur. Bu şeir əslində müəllifin ömürlə dərdləşməsidir, onun təqdimat aktıdır, ömür qatarının rənglərinin yığcam poetik səciyyənaməsidir:

 

 

 

Neçə ilin arxasında qaldı mənim uşaqlığım.

Orda qaldı əfsanəvi igidliyim, qoçaqlığım.

Mən illəri dağ yolu tək çıxdım, gəldim.

Ötən illər çevrildilər, mən oldular.

Puç etdiyim aylar, illər saçlarımda dən oldular.

Uşaqlığım çayda axdı, düzdə qaldı.

Sakitliyim qarlı qışda, coşqunluğum yazda qaldı.

 

 

Şair burada ömrünün zamanın axarında və qaranlığında qeybə dönən hadisələrini, gerçəklərini, macəralarını, mənasını necə sərrast poetik dillə ifadə edib. Ancaq onu da deməliyik ki, Z.Xəlilin insanlığa da, şairliyə də, alimliyə də, müəllimliyə də gedən yolu vətəndaşlıqdan, vətənə, yurda, doğma torpağa məhəbbətindən, daha dəqiqi, vətən limanından başlayır. Buna görə də şair ədəbiyyatımızda vətənpərvərlik mövzusunda ən gözəl əsərlər yaradan sənətkarlardan biri kimi tanınır. Onun "Vətən, mənə oğul demə" adlı bir şeiri var. Azərbaycan torpaqlarının böyük bir qisminin erməni işğalçıları tərəfindən ələ keçirildiyi bir vaxtda Şəhidlər xiyabanında vətən uğrunda şəhid olanların ruhundan və məzarından təsirlənərək qələmə alınan həmin şeir məğlub bir ölkənin məğlub şairinin dərdi, fəryadı, utanc nidasıdır.

 

 

Sən mənə oğlum demişdin,

Vətən, mənə oğul demə!

Şəkərim, noğulum demişdin,

Vətən, mənə oğul demə!

İgidlərin daşa döndü,

Yanaqlarda yaşa döndü,

Uçub gedən quşa döndü,

Vətən, mənə oğul demə!

Mən deyirdim güləmmərəm,

Görüşünə gələmmərəm,

Bu dərd ilə öləmmərəm,

Vətən, mənə oğul demə!

 

 

Bu sözlər və orada ifadə olunan haray təkcə məğlub bir ölkənin fərdi olaraq bir şairinin deyil, həm də həmin ölkənin bütün məğlub vətəndaşlarının, ictimai toplumunun Vətən qarşısındakı xəcalət fəryadı, məyusluq etirafıdır. Tanrıya çox-çox şükürlər olsun ki, bu şeir ərsəyə gələndən illər sonra xalqımız qələbə qazandı. Torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin və cəsur Azərbaycan əsgərinin sayəsində düşmən tapdağından azad edildi. Xalqımızın qüruru özünə qayıtdı, əyilmiş qəddi düzəldi və bu şanlı hadisə Z.Xəlilə bizim zəfər poeziyamızın ən dəyərli, kəsərli nümunələrindən olan "Dəmir yumruq  dastanı"nı yazdırdı:

 

 

 

Dəmir yumruq beş barmaqdı,

Amma böyük bir ölkədi.

Cəsarətdi, şücaətdi,

Nə tərəddüd, nə "bəlkə"di...

O yandırdı Qarabağda

Elin sönməz çırağını!

Yağmalanmış torpağıma

Taxdı zəfər bayrağını!

 

Z.Xəlilin vətən idealı yalnız Şimali Azərbaycanla məhdudlaşmır. Bakının dərdləri onu nə qədər düşündürürsə, itirilmiş Dərbəndin, Borçalının, Göyçənin, Zəngəzurun dərdləri, Təbrizin ağrıları da onu o qədər məşğul edir. Onun üçün Vətən hüdudları Dərbənddən başlayıb Həmədana qədər uzanan geniş bir coğrafiyadır. O, Təbrizdən Bakıya uzanan yolları birləşdirəcək ərlərin, ərənlərin yetişəcəyini, belə bir tarixi şəraitin yaranacağını arzulayır. Həmin günün həsrəti ilə yaşayır. Təbrizin kül altında uyuyan bir köz, bir inqilab, milli oyanış mərkəzi olduğuna inanan şair yarımçıq ömürlər kimi kəsilən Vətən yollarının qovuşacağına da böyük ümidlər bəsləyir. Belə bir müqəddəs məram üçün vətən oğullarını səfərbərliyə səsləyir:

 

 

 

Hanı papaq alta yatan oğullar?

Təbriz həbs olunub bir gövhər kimi.

Təbrizdən Bakıya uzanan yollar,

Kəsilir yarımçıq ömürlər kimi.

 

 

Həbs olunmuş vətənin xilası şairin milli idealında əsas və aparıcı xətti təşkil edir.

Zahid müəllim şöhrət, vəzifə, rəyasət arxasınca qaçan insan deyil. Onun xarakteri sadə, səmimi olduğu kimi arzuları, istəkləri, həyat yolu da sadə, səmimi, riya və şöhrət hissindən uzaqdır. Onun tərifə, alqışa ehtiyacı da yoxdur və bunun təmənnasında da deyil. Sadə və mənalı bir insan ömrü yaşamaq onun ən böyük arzusu, həyat və yaşayış fəlsəfəsidir. Özünün dediyi kimi:

 

 

Sıxılma salondan səsim gəlməsə,

Bu kiçik nəğmələr səsimdir mənim.

Ehtiyacım yoxdur alqışa, səsə,

Xəfəf bir təbəssüm bəsimdir mənim.

 

 

Şair məhəbbət, səmimiyyət, insanlıq, təbəssüm təşnəsidir. Onun nəzərində bu deyilənlər insan üçün başqa hər cür şan-şöhrət atributlarından daha möhtəşəm, daha gərəklidir.

Hər bir qələm əhlinin yaradıcılıq gücünü, sənətkar "mən"ini isbat edən, onu tanıdan və oxucuya sevdirən onun orijinallığı, təzə, başqalarının dediyinə bənzəməyən söz deyə bilməsidir. Bunun üçün böyük istedaddan başqa ciddi yaradıcılıq axtarışlarına, həyatla təmas bacarığına, sənət fəhminə, sənətkar duyumuna da malik olmaq gərəkdir. Təbii ki, istedad Tanrı lütfüdür. İlahinin insana öz iradəsindən asılı olmayaraq verdiyi ərmağandır. Ancaq sadaladığımız sonrakı keyfiyyətlərin qazanılmasında qələm sahibinin özünün şəxsi axtarışları, mütaliəsi, həyatı müşahidə qabiliyyəti, biliyi, bacarığı mühüm rol oynayır. Yəni istedad məvahib, sonrakılar isə məkasibdir ( kəsb edilən, zəhmətlə əldə ediləndir). Zahid müəllim bir yaradıcı şəxsiyyət kimi daim axtarışlarda olub, arayıb-axtarıb, sənətin və həyatın sirlərini öyrənməyə çalışıb. Süniliyin, qondarmaçılığın, saxta deyim və pafosun deyil, gerçək həyatın, əsl sənət sirlərinin arxasınca gedib. Bu cəfakeşlik yolu onu orijinallıq meydanına gətirib çıxarıb, sənətkar "mən"ini təsdiq və isbat edən yüksək keyfiyyət rolu oynayıb. Başqa sözlə, Z.Xəlil öyrənə-öyrənə sənət müəlliminə, öyrədənə çevrilmişdir.

Orijinallıq, köhnəni yeni etmək qabiliyyəti şairin yaradıcılığının əsas göstəricilərindən biridir. Məsələn, dağ çayı barədə poeziyada yüzlərlə şeir yazılıb. Mövzunun bütün sənət göstəriciləri, belə demək mümkünsə, min dəfə çeynənib. Adama elə gəlir ki, daha bu mövzuda təzə söz demək, möcüzə yaratmaq imkanı tükənib. Ancaq həqiqətən də, "düha köhnəni yeni etməyi bacarır" (V.Q.Belinski). Zahid müəllimin dağ çayının təsvirinə, tərənnümünə həsr olunmuş "Şəffaf cığır" şeiri tam orijinal keyfiyyətləri, deyim, ifadə və təşbehatları ilə fərqlənir və bu şeir uşaq ədəbiyyatımızda peyzaj lirikasının səviyyəli nümunələrindən sayıla bilər. Kiçik yaşlı uşaqlar üçün yazılmış bu şeirdə kəlmələrin seçimindən tutmuş, qafiyə sisteminə, misraların həcminə, ölçüsünə, mənzərənin təsvir ədasına qədər hər şey təzə, orijinal təsir bağışlayır. Oxucunu heyrətləndirir:

 

 

Hey axır,   

Burulur

Dağ çayı.

Göz kimi

Durulur

Dağ çayı.

Dağlardan

Köçür  o.

Yarğandan

Keçir o.

 

 

Bu şeir kiçik yaşlı uşaqlar üçün yazıldığından onların dərketmə imkanlarını, zövqünü nəzərə alan müəllif üçhecalı oynaq misralardan istifadə edir. Şeirin ritmi, intonasiyası, qafiyə sistemi kifayət qədər zərif və uğurludur. Şeirə verilən ad ("Şəffaf cığır") gözəl, yaddaqalan bir metaforik ifadədir. Şair burada kəlmələri adi söz funksiyasından çıxarıb onları rəngə, predmetə, hadisəyə çevirir. Gözümüz qarşısında füsunkar bir rəsm tablosu, yaxud elə dağ çayının  özünün təbiətin qoynunda öz axışı ilə yaratdığı mənzərə canlanır. Müəllifin burada verdiyi təşbehatlar da yetərincə dolğun və lətifdir. Uşaq fəhminə, zövqünə uyğundur.  Bir sözlə, şair oxucuya sübut edir ki, əsl sənət, sözlə oynamaq məharəti budur. Dilin obrazlar aləminə baş vurmaq, onun estetikasını, lətafətini, rənglərini üzə çıxarmaq bacarığı belə olur. Bu mənada şairin əsərləri bir nümunə məktəbidir.

Z.Xəlil "böyüklər üçün" də dəyərli əsərlər yaratmışdır. Lakin o, ədəbiyyatımızda daha çox "kiçiklər üçün" ədəbiyyatın böyük nümayəndəsi kimi tanınır. Doğrudan da, o, özünün qiymətli uşaq əsərləri, nəsr və nəzm örnəkləri ilə cocuq ədəbiyyatımızın xəzinəsini daha da zənginləşdirmişdir. Əlbəttə, yazıçının uşaq əsərlərinin uğurlu məziyyətləri kifayət qədər çoxdur. Bunları üzə çıxarmaq, hərtərəfli təhlil etmək geniş, əhatəli araşdırma tələb edir. Bu istiqamətdə müəyyən işlər görülsə də, yeni-yeni axtarışlara yenə də ehtuyac duyulur. Biz burada onun uşaq şeirlərinin bədii keyfiyyətini, dəyərini göstərməkdən ötrü bir-iki faktı nəzərə çatdırmaqla kifayətlənməli oluruq. Belə ki, onun nəzm örnəkləri bir çox hallarda yalnız bədii-estetik zövq vasitəsi olmaqla məhdudlaşmır. Bir sıra təbiət hadisələrinin, varlıqdakı qanunauyğunluqların elmi şərh vasitəsinə, tədris-təlim aktına, elmi izahat faktına çevrilir. Balacaların təfəkkürünü, yaddaşını, zövqünü inkişaf etdirir, onları müxtəlif milli, əxlaqi, tərbiyəvi dəyərlərlə tanış edir. Məsələn, "Uzun yol" şeirində müəllif təbiətdə suyun dövranı kimi təbiət hadisəsini sadə həyati detallarla poeik şərhin predmetinə çevirir. "Hesab", "Hesab dəftəri"ində müəyyən riyazi əməlləri sadə dillə kiçik oxuculara başa salır. "Atəşböcəyi"ndə bu həşəratın fiziki təbiətini gözəl şəkildə balacalara anladır. "Hərflər", "Kitabların anası" şeirlərində hərfləri, əlifba kitabının dəyərini uşaqlara sadə, yaddaqalan bir izahatla təqdim edir. Yanıltmaclarında balacaların təfəkkürünü, nitqini inkişaf etdirməyə xidmət göstərmək missiyasını şərəflə yerinə yetirir. "Rənglər" silsiləsinə daxil olan poeziya nümunələrundə müxtəlif rənglərin mənasını, rəmzi və fiziki anlamını uşaq fəhminə müvafiq bir poetik dillə kiçik yaşlılara izah edir. "Sözdən söz düzəltmək" şeirində övladlarımızın yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi güdür və s. Şairin "Sağsağanlar" şeiri yazılı ədəbiyyatımızda yanıltmac janrının klassik nümunələrindən sayıla bilər. Şeirin akustikası, sözlərin seçimi, düzümü, axarı, həqiqətən, sənətkar məharətindən xəbər verir. Kiçik oxucuların zövqünü, maraqlarını oxşayacaq bir ovqat daşıyır:

 

 

Qırx sağsağan,

Qırx ağ sağsağan,

Qırx sağ sağsağan,

Qırx köynək toxuyurdu...

Qırx nəğmə oxuyurdu.

Oxudular, Toxudular,

 Toxudular, Oxudular.

Bu sarsaq sağsağanlar,

Gözü ağ sağsağanlar.

Köynək hazır olanda savaşdılar.

 

Yanıltmacda müəllif alliterasiya və assonanslardan, uyarlı söz təkrarlarından məharətlə yararlanmışdır.

Z.Xəlil balalarımız üçün bir-birindən şirin nağıllar da yaratmışdır. Əslində elə yazıçının ömrü, həyatı, tale yolu da nağıllar tülünə bürünmüşdür. Yaşadığı 80 ilin hər günü, hər ili bir nağıllar, xəyallar dünyasıdır. Bu dünya ona nağıl kimi şirin əsərlər yazmaqda yardımçı olmuşdur. Sənətkar bu il öz ömrünün səksəninci baharını başa vurdu. Biz ona həyatda və sənətdə uğurlar arzulayır, ondan bahar ovqatlı, bahar ruhlu əsərlər gözləyirik.

Bahar təravət bir bahar günündə ilk dəfə dünyaya salam deyən şairin  həm təbiətinə və ruhuna, həm də sənətinə hopub. O bizim  bahar nəfəsli sənətkarımızdır.

 

Yaqub BABAYEV

Filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.-2022.- 10 sentyabr.- S.12;13.