Yüksək zövq və
hünərlə yazan ədib
MÜASİRLƏRİ
VƏ QƏLƏM DOSTLARININ MUSTAFA ÇƏMƏNLİ
HAQQINDA DÜŞÜNCƏLƏRİ
Mustafa
Çəmənli tarixi mənbələrlə, mədəniyyətimizlə
müntəzəm məşğul olan tədqiqatçı
yazıçı kimi, milli-mənəvi dəyərlərimizə
nüfuz edən, onun dərin qatlarını ürəyinin
işığıyla görən, göstərən qələm
dostum, qiymətli əsərlər müəllifidir. Buna
görə də M.Çəmənlinin oxucuları
çoxdur. O, romanlarında tariximizin yazılmamış,
yaxud zaman-zaman yasaq edilmiş elə səhifələrini
açıqlayır ki, biz zənginləşirik, ürəyimizdə
bu sənətkara minnətdarlıq hissi baş
qaldırır.
Mən onun "Xallı gürzə" romanını
vaxtilə İranda nəşriyyat məsələləri
ilə bağlı səfərdə olarkən
kitab mağazasından
aldım, oxudum və işğalçı
Rusiyanın, eləcə
də İranın Azərbaycanda apardıqları
siyasi-hərbi kolliziyalarda
qarabağlı Pənahəli
xanın, onun oğlu İbrahim xanın həyatlarındakı,
talelərindəki qəsdlərin
yenidən şahidi oldum. Bu, müəllifin
bədii hünəriydi.
Nəriman Həsənzadə, Xalq
şairi
Yazıçı Mustafa Çəmənlini uzun illərdir tanıyıram. Şəxsi tanışlıqdan
əvvəl romanlarını,
publisistik əsərlərini
oxumuşdum və mənim nəzərimdə
Mustafa Çəmənli ilk növbədə dəyərli
yazıçıdır. O, Azərbaycanın və Qarabağın tarixi ilə bağlı bir çox əhəmiyyətli və
ciddi əsərlərin
- "Xallı gürzə",
"Ölüm mələyi"
tarixi romanlarının,
maraqlı povest və hekayələrin müəllifidir.
Eyni zamanda, Mustafa Çəmənli
bir publisist kimi dəyərli yazılara, sənət tariximiz, görkəmli sənətkarlarımız haqqında
"Muğam dünyasının
Xanı", "Səsin
ruhu", "Oxu, gözəl", "Nəğməli
xatirələr", "Sənət
hekayələri" və
bir çox başqa əsərlərə
imza atıb. "Leyli və
Məcnun - 100 il səhnədə" sənədli
- bədii ensiklopediyası
isə diqqətəlayiq
bir nəşr kimi yadımda qalıb.
Rəşad Məcid,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
...Yazıçı Mustafa Çəmənli bu yolda ilk müvəffəqiyyətli
addım atanlardan biri kimi Pənah
xanın həyatından
maraqlı, tarixi həqiqətlə səsləşən
"Xallı gürzə"
romanını qələmə
almışdır. Tarixi mənbələri diqqətlə
öyrənmiş müəllif
tamamilə müasir səslənən, dövrümüzdə
baş verən, xalqa əzab və iztirab gətirən uydurma Qarabağ "problemini"
dərindən dərk
etməyə kömək
göstərən bədii
lövhələr yarada
bilmişdir.
Nazim Axundov, Professor
Ağlayanın göz yaşının
nə olduğunu əvvəl ağlamış
adam bilər.
Adicə
bir kitabı tərtib edib hasilə gətirmək aylarla vaxt aparır.
Görün Mustafa Çəmənli nə böyük işlər görüb.
Onun çox qiymətli və nadir faktları arxivlərdən, mədəni
irsimizə qayğı
göstərən insanlardan
əldə edərək
"Leyli və Məcnun" - 100 il səhnədə" əsərində
çap etdirməsi, oxucu və mütəxəssislərə
təqdim etməsi, Üzeyir bəyə layiq belə bir əsər yazması təqdirəlayiqdir
demək azdır.
Bu, misilsiz bir iş, təkrarsız bir əsərdir.
Qəzənfər Paşayev, Professor
Yazıçı Mustafa Çəmənli ötən
əsrin səksəninci
illərinin əvvəllərindən
başlayaraq mütəmadi
olaraq ədəbi mətbuatda çap olunub, hekayə və povestləri oxucuların diqqətinə
çatdırılıb. Ancaq zənnimcə,
ən böyük yazıçı şöhrətini
ona 90-cı illərin
əvvəllərində çap
olunmuş "Xallı
gürzə" romanı
gətirib. Geniş oxucu
kütləsi məhz
bu romandan sonra Mustafa Çəmənlinin
qələmini sevdi və mən böyük məsuliyyətlə
deyərdim ki, bu roman Azərbaycan ədəbiyyatında ən
zirvədə duran tarixi romanların sırasına qatıldı.
İlqar
Fəhmi, Azərbaycan
Yazıçılar Birliyinin
katibi
Yazıçı üçün ən dəyərli keyfiyyət onun həssas qəlbə, ülvü mənəvi aləmə malik olması, dərin müşahidə
qabiliyyətinə, nəhayət,
mükəmməl biliklər
toplusuna yiyələnməsidir. Bu cəhətlər yazıçının
qələminə rövnəq
verir, qəlbinə dərin müşahidəsindən
süzülüb gələn
musiqi ladları hopdurur, nəsrinə poeziya ətri, lirika təravəti gətirir. Mustafa Çəmənli məhz
bu keyfiyyətlərə
malik yazıçıdır.
Şahin
Səfərov, Filologiya
elmləri doktoru,
professor
Mustafa Çəmənli son dərəcə abırlı
və istedadlı qələm sahibidir. Yazıçılığa Allahın ona
bəxş etdiyi istedadının sayəsində
gəlib. Fədakar və
zəhmətkeşdir. Yaradıcılıqda əldə etdiyi
uğurları ona qazandıran bitkin jurnalistliyi, səriştəli
naşirliyidir. Yazıçı, jurnalist, naşir - bu üç amil onun bütün
həyatında çox
möhkəm vəhdətdədir.
Mustafa Çəmənli yazaraq yaşamaq üçün imkan tapıb. Daha bəziləri kimi
imkanına görə
yazıçılıq etməyib,
kiminsə əlindən
halal qismətini almayıb. Adlar, titullar onun ünvanını
çoxdan tapmalıydı,
əgər əngəllər,
qısqanclıqlar, maneələr
olmasaydı...
Flora Xəlilzadə, Əməkdar
jurnalist
Oxuculara
və ədəbi ictimaiyyətə əslində
yalnız "Xallı
gürzə" romanından
sonra bəlli olan və məhz
bu əsəri ilə ədəbi tənqidin diqqətini özünə cəlb edən Mustafa Çəmənli
öz dəst-xəttinə
malik, deməyə özünün müəyyən
sözü olan, bədii yaradıcılığa
70-ci illərdə gələn
maraqlı yazıçılardandır.
C.M.Abdullayev,
Filologiya
elmləri doktoru,
professor
Mustafa Çəmənli barlı-bəhərli yazıçıdı. Yazdığı
kitabların sayı da, sanbalı da ildən-ilə artır... Mustafa Çəmənli
maraqlı yazıçıdı.
Hansı janrda, hansı mövzuda yazırsa yazsın, oxunur... Mustafa Çəmənli
ürəkli yazıçıdı,
yazdıqlarını ürəklə,
sevə-sevə yazır...
Mustafa Çəmənli zamansız yazıçıdı.
Yazdıqları faktdı,
həqiqətdi, tarixdi...
Təranə Vahid, Yazıçı-jurnalist
...Bu gün biz "Ölüm
mələyi" ilə
birgə keçmişimizə
bir daha boylandıq. Gah yazıçı Mustafa Çəmənlinin, gah da tariximizin gözü ilə. Zənnimcə, tarixi həqiqətlərə
bir qədər də baş vuraraq hadisələrin zaman və məkanını,
çərçivəsini genişləndirməklə çox
cazibəli və gərəkli tarixi bir film-serialın yaradılması yerinə
düşərdi. Bu, türk dünyasına,
soy-kökümüzə, keçmişimizə,
qədim dövlətçilik
ənənələrimizə, hökmdarlarımıza böyük
sayğı və sevgimizin ifadəsi olardı. Qarşımızda belə dəyərli
tarixi roman var ikən, bu işi
başlamağa dəyməzmi?
Reyhan Pirimova,
Bakı şəhər 237 saylı orta məktəbin tarix
müəllimi
525-ci qəzet.- 2022.- 10 sentyabr.-
S.11