Kinomuzun inkişafına üç baxış: siyasətçilər nə düşünürlər?  

 

 

Kino sahəsi ilə bağlı məsələləri davamlı işıqlandıran bir jurnalist olaraq, siyasi partiyaların rəhbərlərinin mədəniyyətə, xüsusilə də kinoya dair düşüncələrini, bu təşkilatların kinonun inkişafı barədə planlarını öyrənmək istədim. Məni buna sövq edən isə Ümid Partiyasının sədri İqbal Ağazadənin bir qrup kinematoqrafçı və partiya nümayəndəsinin iştirakıyla Kino Gününü qeyd etmək təşəbbüsü oldu.

Bu il 2 Avqust - Kino günü, əvvəllər olduğunun əksinə, ümumən kino cameəsi və ictimaiyyətin bir araya toplaşdığı böyük mərasimlə deyil, iki Kinematoqrafiya İttifaqının ayrı-ayrılıqda keçirdikləri tədbirlərlə qeyd olundu. Yəqin ki, kənardan baxan əksər insanların ürəyincə olmadı bu hal, şəxsən mən də məyusluq keçirdim. Ümid Partiyasının qeyd etdiyim təşəbbüsü isə sevindirdi, təşkilatın adındakı kimi mənə ümid verdi. Ümid edirəm ki, tezliklə bu sahədə hər şey yoluna qoyulacaq: üzümüzə gələn il kinomuzun yubiley ili olduğu üçün Kino bayramımızı ayrı-ayrılıqda deyil, birlikdə, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada keçirmək də var qismətimizdə.

Bu inamla da Ümid Partiyasının lideri İqbal Ağazadə, Real Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın rəhbəri Tural Abbaslıdan aldığım müsahibələr əsasında kinomuz, ona siyasi partiyaların dəstəyi, kinomuzdakı bəzi problemlərin həlli yolundakı təşəbbüslər mövzusunda fikirləri oxucularla bölüşürəm. Təqdim etdiyim material həmin siyasətçilərlə söhbətlərimdən çıxarışlar əsasında hazırlanıb.  

 

İQBAL AĞAZADƏ:

 

- Kino əslində siyasətin özüdür!

- Hər bir millətin insan obrazını onun gülüşü və kədəri xarakterizə edir. İnsan kamil və maarifli olanda, kədərini və gülüşünü düzgün müəyyənləşdirə bilir. Kədərimizin obrazı mərsiyaxanlıq, ağıdır. Gülüşümüzün də olduqca bayağı bir forması var. Bizi çox pis şeylər güldürür və çox pis şeylər də ağladır.

- Azərbaycan filmlərini çox izləmişəm, demək olar ki, əksər filmlərimizə baxmışam, əksər film epizodlarını da əzbər bilirəm.

- Bizim 60-70-ci illərdə çəkilən filmlərimiz, mənə görə, daha həyati filmlərdir. Filmlərimizdəki obrazlar ideologiyalaşdırılmış olsalar da, bununla belə, aktyor sənəti baxımından çox yüksəkdir.

- Hamı bilir ki, "Böyük dayaq" filmi Stalinin ölümündən sonra, Sovet İttifaqı Kommunist partiyasının növbəti qurultayındakı şəxsiyyətə pərəstişə qarşı çıxarılan qərarların diqtəsiylə çəkilmişdi. Beləliklə, Azərbaycan kişisinin "Mən dedim, qurtardı" deyən tiran Rüstəm kişi obrazı yaradılmışdı. Yanlış, Azərbaycan insanını aşağılayan obrazdır bu. Bu xüsusda Azərbaycan kinosunun heç bir filminin ssenarisi məni qane etməyib, hamısı natamam olub. Bu natamam və kompleksli obrazlar bolluğunda bir faktı isə danmaq olmaz ki, bu da filmlərimizdəki olduqca peşəkar aktyor sənətidir.

- Əgər biz 1916-cı ildə çəkilən "Neft və milyonlar səltənəti" filminə baxsaq, görərik ki, kinematoqrafik cəhətdən xeyli aşağıdır peşəkarlıq. Ona görə də mən kino tariximizin olduğu kimi yazılmasını istəyirəm. Belə ki, kinomuzun yaranma tarixini çox keçmiş bir tarixdən götürsək, onda belə çıxır ki, dünyanın üçüncü qədim yaşayış məskəni sayılan Azıxda yaşamışıqsa, qədimliyimiz inkişaf göstəricimiz olmalıdır. Halbuki Azıxda yaşamayanların bir çoxu bu gün dünyanın aparıcı dövlətləridir. Söhbət qədimlikdən getməməlidir, müasir çalarları və yenilikləri qəbul edən, toplumun, cəmiyyətin problemlərini həll edən bir idarəetmə üsulunun yaradılmasından gedir söhbət.

- Kinematoqrafçılar İttifaqımız qoy lap əlli dənə olsun. İnsanların yaradıcılıq birliklərinə limit qoymaq antidemokratik düşüncədir. Qoy çox olsun, bu halda rəqabət də olacaq; rəqabətin nəticəsində yaranır inkişaf. Onlar azad sənət adamlarıdır. Qoy bir qrup Şəfiqə xanımın, bir qrup Rasim Balayevin, elə bir qrup da Ayaz Salayevin və digər sənətkarlarımızın çevrəsində birləşsin.

- Çox siyasi qəhrəmanlar tanıyırıq ki, tarixə düşüb və sonra da kino qəhrəmanlarına çevrilərək yaddaşlara həkk olunublar. Biz də tarixə düşəcəyik. Azərbaycanın uğur filmi çəkiləndə bizm də adımız, epizodik də olsa, yerimiz olacaq orda.

- 2 Avqust Kino bayramı münasibətilə sizləri təbrik etmək bizim borcumuz idi. Hər zaman gücümüz daxilində kinomuza dəstək olacağıq. Tək kino deyil, bütün sənət adamlarını sıxan, onların yaradıcılığına və yaşayışına mane olan maneləri aradan qaldırmağa çalışacağıq.

 

İLQAR MƏMMƏDOV:

 

- Kino siyasi-ictimai mühit üçün mühüm olan bir sahədir. Təəssüf ki, çox da böyük bir irəliləyiş görünmür bu sahədə. Anlamaq istərdik ki, nəyə görə belədir.

- Kino sənayesinin durumu və inkişaf prespektivləri ilə bağlı Sevda xanımla (kinomuzun aparıcı mütəxəssisi Sevda Sultanova - müəl.) müzakirələrimiz olub.

- Kino ilə bağlı siyasi sənədimiz hələ yoxdur, amma ümumi fikirlərimizi ifadə etmişik. Bu il, ya da gələn il siyasi sənədimizi ortaya qoyacağıq.

- Bu sahədə siyasi qərarları düzgün saymadığımızdan vəziyyəti dəyişmək istəyirik. Amma siyasi qərar o demək deyil ki, "ay insan, al, bu sənin pulun, get kinonu çək, sonra da qoy arxivə". Dövlətin hesabına çəkilən o cür kino bizə lazım deyil.

- Qaydalar elə dəyişməlidir ki, kino sahəsinin xeyirli olduğunu investor anlasın. Pul qoyub gedib obyekt almır? Pulunu qoysun filmə, onun hüququnu alsın, satsın, pul qazansın.

- Yaradıcılıq prosesinə müdaxilə etmək bizlik deyil. Bu yaradıcının öz işidir. Mənim şəxsi fikrimə görə, kino məhsulunun istehsalında ən birinci amil onun istehlakçısını tapmaqdır. Bununla belə onu tamamilə kommersiyanın öhdəsinə buraxmaq olmaz. Kino dövlət tərəfindən dəstəklənə bilər, ancaq subsidiyaların, kreditlərin hansı formada verilməsini düşünmək lazımdır.

- Mənə görə kino ümumi büdcənin çox kiçik hissəsini təşkil etməlidir, ona daha çox biznes kimi yanaşılsa, istehlakçı tapılsa, biz bu sahənin inkişafına nail ola bilərik. İstehlakçı deyəndə həm daxili, həm də xarici istehlakçıları nəzərdə tuturam.

- Bildiyimiz odur ki, kino sahəsində rəqabət daha çox dövlət resursları uğrunda gedir.

- Bizim siyasətimizin tərkib hissəsi yaradıcılığa müdaxilə etməməklə bağlıdır. Filmin məzmununa, ideyasına müdaxilə ümumiyyətlə qadağandır. Əsas şərt yaradıcılıq mühiti yaratmaqdır.

- Partiya, dövlət filmin çəkilişinə, auditoriya axtarışına qarışmalı deyil. Real Partiyası bu işlə belə şəkildə məşğul olsaq, onda xalqa xidmət edə bilməyəcək. Hər film, özü insanları maqnit kimi özünə çəkməlidir.

- Hansısa bir yaradıcı insan, kino çəkən, siyasi mövqedən çıxış edə bilər, ancaq siyasətçi yaradıcının mövqeyinə müdaxilə edə bilməz. Bir çoxları soruşur ki, "niyə filmlərimizdə keyfiyyət aşağıdır" Biz nə edə bilərik bu xüsusda? Bizim müdaxiləmiz müəyyən trendlər, tendensiyalar yaratmaq, intellektual məhsula tələbatı dəbə salmaq ola bilər. Bir daha deyirəm, yaradıcı adamın işinəsə müdaxilə edə bilmərik.

- İki kinematoqrafiya İttifaqı? Qoy neçəsi olursa olsun. Ancaq onları dövlət maliyyələşdirməməlidir, onlar özəl olmalıdırlar.

 

TURAL ABBASLI:

 

-Təəssüflər olsun ki, bir partiya olaraq bizim kino prosesinə təsir imkanlarımız yox dərəcəsindədir. Əksər partiyalar kimi, bizim partiya da indi öz varlığını qorumaqçın çalışır. Doğrudur, indi partiyalar haqqında qanun qəbul edilir, yenidən partiyalar dirçəlir, ancaq hələlik bu sahədə imkanlarımız məhduddur. Hələ bizdə o mühit yoxdur, ona görə də bu sahədə bütün ağırlıq dövlətin üzərinə düşür. İndiki şəraitdə müxalif partiyanın təşəbbüsüylə milyonlarını qoyub film çəkməyə isə heç bir sahibkar risk etməz.

- Bu gün şəhid analarının bir nisgili var: övladlarının qəhrəmanlıqları unudulmasın. Bunun ən gözəl yolu, məncə, onlara həsr edilmiş gözəl ekran əsərləri yaratmaqdır. Heç nəyin heç vaxt unudulmaması dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Ağ Partiyanın proqramında əsas yerlərdən birini tutur bu. Həm ölkədə, həm də xaricdə biz öz tariximizi, qəhrəmanlarımızı layiqincə tanıtmalıyıq.

- Türkiyədə tarixi yaddaşlarda həkk etmək prosesi necə reallaşdı... Osmanlı tarixinə düzgün yanaşmaq üçün müasir dövrdə "Möhtəşəm yüz il", "Ərtoğrul", "Əbdülhəmid xan" kimi seriallar çəkildi. Bunlar birbaşa  Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü, dəstəyi ilə reallaşdı. Belə götürəndə, dövlət səviyyəsində həlli vacib çoxsaylı problemlər sırasında filmlərə də vaxt ayırmaq çox çətin olsa da, o bunu etdi. Deyildiyinə görə, hətta çəkiliş məkanlarını ziyarət edib, aktyorlarla görüşüb. Dövlət üçün bu çox vacib və ciddi sahə olmasaydı, ona bu qədər vaxt ayırmağa dəyərdimi...

- Amerikada elə filmlər var ki, onların sifarişini Pentaqon - Müdafiə Nazirliyi verib, çəkilişlərini reallaşdırır. Bizdə də dövlət qurumları belə təşəbbüslər reallaşdıra bilər.

- Həyatımız çoxşaxəli mövzularla zəngindir. Bizdə kino üçün mövzu qıtlığı yoxdur.

- İncəsənətin ən vacib sahəsi olan kinoyla bağlı da  proqramlarımız olacaq. Biz fəaliyyətini millətimizin milli kimliyini dərk etməsi, tarixini bilməsi istiqamətində həyata keçirən bir partiya olaraq bu yöndə çox işlər görmək niyyətindəyik.

- İki Kinematoqrafçılar İttifaqına gəldikdə isə, onu deyə bilərəm ki, bu xərclər inzibati xərclərdir. Bir var dövlətdən dotasiyanı, kino çəkmək üçün alasan, bir də var İttifaq saxlamaq üçün. Dəyərli kino məhsullarına xərclənməlidir dövlət dotasiyası.

 

Sədaqət KAMAL

 

525-ci qəzet.-2022.- 10 sentyabr.- S.9.