ABŞ müharibəyə
qoşulacaqmı?
Rusiya müxalifətinin
bəzi təmsilçiləri
iddia edirlər ki, ABŞ Ukrayna müharibəsinə qoşulmaq
və Rusiyanın ordusunu tamamilə dağıtmaq üçün
bəhanə gözləyir. Mübahisəli, hətta inandırıcı
görünməsə də,
son iki ayda baş verənlər
ABŞ-ın müharibəyə
qoşulmaq üçün
bəhanə axtardığını,
Rusiyanın da bunu hiss edərək Vaşinqtona bəhanə verməməyə çalışdığı
qənaətini yaradır.
Ukraynanın Müstəqillik Günündə,
avqustun 24-də ABŞ prezidenti
Co Bayden Kiyevə təxminən üç
milyard dollar həcmində
hərbi yardım paketinin verilməsi haqqında sərəncam imzaldı. Bu, ABŞ-ın Ukraynaya ən böyük birdəfəlik hərbi yardım paketi idi. Ümumilikdə isə ABŞ bu günə kimi Ukraynaya 15,2 milyard
dollarlıq hərbi yardım edib. İki gün öncə Almaniyada Ramşteyn formatında 50-yə yaxın
ölkənin müdafiə
nazirlərinin beşinci
görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya daha 675 milyon dollar yardım ayırdığını
açıqlayıb. Elə həmin gün Kiyevə səfər edən
ABŞ-ın dövlət
katibi Entoni Blinken Vaşinqtonun Ukraynanın və onun 18 qonşusunun təhlükəsizliyini gücləndirmək
üçün 2,2 milyard
dollar ayırmaq niyyətində
olduğunu bildirib. Dövlət Departamentinin başçısı deyib
ki, 2 milyard dollarlıq yardımın
təxminən 1 milyardı
Ukraynaya veriləcək,
qalanı isə 18 ölkə arasında bölünəcək. ABŞ-dan
yardım alacaq ölkələrin arasında
Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan,
Kosovo, Latviya, Litva,
Moldova, Monteneqro, Şimali
Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Sloveniyanın adları keçir. Dövlət katibi Entoni Blinken bildirib ki, bu
yardım ABŞ-ın
Ukraynanın demokratik,
suveren və müstəqil dövlət
kimi gələcəyinə,
eləcə də Vaşinqtonun regiondakı bütün müttəfiqlərinin
və tərəfdaşlarının
təhlükəsizliyinə sarsılmaz sadiqliyini nümayiş etdirir.
ABŞ-ın dövlət
katibi Entoni Blinken Kiyevdə yüksək səviyyəli
görüşlər keçirdiyi
bir zamanda Ukraynanın müdafiə
naziri Aleksiy Reznikov Almaniyada Ramşteyn formatında Pentaqonun rəhbəri
Lloyd Ostin ilə görüşüb. Həmin vaxt Ukraynanın başqa bir rəsmisi - icmaların və ərazilərin inkişafı naziri Aleksey
Çernışev ABŞ-a
səfəri çərçivəsində
ticarət nazirinin müavini Don Qreyvs ilə bir araya
gəlib.
ABŞ-ın Ukraynaya ayırdığı yeni
675 milyon dollarlıq hərbi yardım paketinə HIMARS üçün
dəqiq idarə olunan mərmilər, 105
mm-lik haubitsalar, artilleriya sursatları, HARM
antiradar raketləri, əsasən
ABŞ Silahlı Qüvvələrinin
xidmətində olan
HMMWV hərbi avtomobilləri,
tank əleyhinə raketlər
və atıcı silahlar daxildir. Rəsmi məlumatlarda qeyd olunmasa da,
mediaya məlum olub ki, ABŞ bu yardım paketi çərçivəsidə
Ukraynaya 92 milyon dollar dəyərində 80 kilometrə
qədər məsafəni
qət edən GPS ilə idarə olunan Excalibur artilleriya mərmiləri də verəcək. Qeyd edək ki, bu günə qədər ABŞ Ukraynaya
yalnız 40 kilometrə
qədər məsafəni
qət edən artilleriya mərmiləri verirdi.
Ukrayna Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
Valeri Zalujnı və Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə
və Kəşfiyyat
Komitəsi sədrinin
birinci müavini Mixail Zabrodskinin sentyabrın 7-də yayımlanan
birgə məqaləsində
Ukraynanın uzaqmənzilli
raketlərə ehtiyacı
olduğu qeyd edilib. Ukrayna Silahlı Qüvvələrinin
rəhbərliyi hesab edir ki, Krımın
azad olunması da müharibənin başa çatması demək olmayacaq. Bu isə o anlama
gəlir ki, müharibə Rusiyanın
ərazisinə keçəcək.
Yeri gəlmişkən onu da qeyd etmək
lazımdır ki, Valeri Zalujnı və Mixail Zabrodskinin məqaləsində
ilk dəfə olaraq Krımda baş verən partlayışların
Ukrayna Silahlı Qüvvələrinin işi
olduğu etiraf edilir. Bundan əvvəl Ukrayna
rəsmiləri Krımda
baş verən partlayışlarda iştiraklarını
inkar edirdilər.
Belə qənaət vardı ki, ABŞ Rusiyanın nüvə silahına əl ata biləcəyindən
ehtiyat edərək Ukraynanın Krıma zərbə endirməsinin
əleyhinə çıxır.
Avqust ayından başlayaraq vəziyyət dəyişdi.
İndi isə Ukrayna rəsmiləri hətta Krımın azad olunmasından sonra da müharibənin davam edəcəyindən danışırlar.
ABŞ rəsmilərinə görə isə Qərbin Rusiya ilə müharibədə Ukraynaya yardımı öz bəhrəsini verir. Almaniyada Ramşteyn formatının növbəti iclasında ABŞ müdafiə naziri Lloyd Ostin belə deyib: "İndi biz döyüş meydanında ümumi səylərimizin aşkar uğurunu görürük. Hər gün biz müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyanın işğalçılıq müharibəsinə müqavimət göstərən Ukraynaya kömək etmək əzmini görürük. Mübarizə gücləndiyi üçün biz də güclənməliyik". Siyasətçilərdən fərqli olaraq daha açıq danışan və Rusiyanın məğlub edilməsinin qatı tərəfdarı olan general Lloyd Ostinin bu çıxışı Moskvaya meydan oxumaq kimi qəbul edilə bilər. Belə görünür ki, Ramşteyn formatında tarixin ən böyük hərbi koalisiyasını yaradan ABŞ müharibənin ilk günlərindən fərqli olaraq indi hərb meydanının genişlənməsindən narahat deyil. Hətta əksinə, müharibənin coğrafiyasının genişlənməsinə savaşa qoşulmaq və Rusiya ordusunu tamamilə dağıtmaq üçün imkan kimi baxır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi və 56 nəfərdən ibarət nümayəndə heyətinin BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməsinə ABŞ-ın viza verməməsi də son iki ayda Vaşinqtonun Moskvaya qarşı növbəti gedişidir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın BMT Baş katibi Antonio Quterresə göndərdiyi məktubda qeyd edilir ki, BMT-nin rəsmi tədbirlərində iştirak etmək üçün son aylar rusiyalı nümayəndələrə ABŞ-a giriş vizaları verilmir. Bunun da nəticəsində Rusiya BMT-nin işində fəal iştirak edə bilmir.
Ukrayna limanlarının blokadasının qaldırılması, Ukrayna taxılının dünya bazarlarına çıxarılması və Zaporojye Atom Elektrik Stansiyası ətrafında gərginliyin azaldılması istiqamətində addımlar atması bu qənaəti yaradır ki, Rusiya ABŞ-ın müharibəyə qoşulmasına bəhanə verməməyə çalışır.
Rusiyada Prezident
Vladimir Putinin hakimiyyətdən
kənarlaşdırılması ilə bağlı
açıq təkliflər səslənməyə
başlayıb. Rusiya müxalifətinin
önəmli simaları isə Putinin Qərblə
qarşıdurmanın yumşaldılması və müharibəyə
son qoyulması üçün
hakimiyyəti yaxın adamlarından birinə ötürməyə
hazırlaşdığını iddia
edirlər. Bu iddiaların həqiqətə
nə qədər uyğun olduğu yaxın həftələrdə
aydınlaşacaq.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.-2022.- 10 sentyabr.- S.8.