Uğura gedən yol təhsildən keçir

 

Tibb Universitetinin yaşca ən kiçik birinci kurs tələbəsi: "Həkimlik mənim üçün ən ali və müqəddəs peşədir"

 

İşıqlı gələcəyi təhsilsiz təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətə faydalı şəxsiyyət kimi yetişmək üçün təhsil vacibdir. Hədəfini uşaqlıq illərindən seçən tələbələrin təhsil sahəsində uğur qazanmaları təəccüblü deyil. Çünki uğura gedən yolda onlar bir xeyli zəhmətə qatlaşmalı olur, bu yolda yuxusuz gecələrini qurban verirlər. Əksər yaşıdları istirahət edəndə gələcəyini təhsildə görənlər kitablara sarılırlar. Bu ilali təhsil müəssisələrinə qəbul imtahanında uğurlu nəticə əldə edən gənclərimiz az olmadı. Onlardan bəziləri sevinclərini bizimlə bölüşdülər.

2004-cü ildə Bakıda anadan olmuş Şahsuvarlı Sevinc Fəxrəddin qızı deyir ki, uşaqlıq illərindən dərslərini yaxşı oxumağı və məsuliyyətli şagird olmağı qarşısına məqsəd qoyub: "Uğura nail olmaq üçün çox çətinliklərlə üzləşməli olursan. Mən də məqsədimə çatmaq üçün çox çalışmışam. Elə olub ki, istirahət etmədən saatlarla fasiləsiz dərs oxumuşam. Demək olar ki, ali məktəbə hazırlaşdığım müddətdə istirahət etməyə vaxtım olmayıb".

S.Şahsuvarlı bildirib ki, bu yolda ailəsi daim ona dəstək verib: "Orta məktəbi fərqlənmə dərəcəli attestatla bitirmişəm. Hüquqşünaslıq ixtisası uşaqlıq arzum olub. Ailəm də ixtisas seçimimi dəstəkləyib. Onlar hər zaman mənə dəstək olublar.

 Ali məktəbə hazırlıq prosesim gərgin və yorucu olub. Ancaq məqsədimə çatmaq üçün bu əziyyətə səbirlə və inadla tab gətirmişəm. Yekunda qəbul imtahanında 637 bal topladım”.

O, uğur qazanmağın yolunu abituriyentlərlə də bölüşüb: "Yüksək nəticə göstərmiş tələbə kimi, bütün abituriyentlərə deyə bilərəm ki, əvvəlcə öz hədəflərini müəyyənləşdirsinlər. Daha sonra çalışqan olsunlar. Və bir də özlərinə inansınlar. Belə olan halda bütün abituriyentlər arzuladıqları ali məktəbə və istədikləri ixtisasa qəbul ola bilərlər".

Bu yazımızın digər qəhrəmanı Ələkbərova Fatimə Həmid qızıdır. Qəbul imtahanında 605 bal toplayan Fatiməni digər tələbələrdən fərqləndirən bir cəhət var. Bu da onun Azərbaycan Tibb Universitetinin ən kiçik birinci kurs tələbəsi olmasıdır: "2005-ci ildə Bakıda anadan olmuşam. Mən məktəbə getdiyim dönəmdə belə bir qayda vardı ki, 5 yaşı tamam olmayanlar məktəbə gedə bilməz. 6 yaşı tamam olmayan uşaqlar isə yalnız imtahan verdikdən sonra şagird adını qazana bilirdilər. Mən də Təhsil Nazirliyində imtahan verdim. Yüksək nəticə ilə birinci sinifə daxil oldum. İlk günlərdən dərslərdə özümü yaxşı tərəfdən göstərirdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, artıq birinci sinifdə tam rabitəli oxu qabiliyyətim vardı. Hətta ibtidai sinif müəlliməm deyirdi ki, inanmıram ki, hansısa 1-ci sinif şagirdinin sənin kimi rabitəli oxu qabiliyyəti olsun. Bu da səbəbsiz deyildi. Çünki məktəbə getməmişdən qabaq anam mənə əlifbanı öyrətmişdi".

Fatimə Ələkbərova qarşısına həkim olmağı məqsəd qoyub: "Arzum Tibb Universitetinə qəbul olmaq idi. Bunun üçün də qəbul imtahanında yüksək nəticə əldə etməli idim. Təbii ki, əziyyətə qatlaşmadan uğur qazanmaq qeyri-mümkündü. Bu səbəbdən də hazırlıqlar bir yana, hətta yuxu saatımı da azaltmışdım. Demək olar ki, gün ərzində maksimum 2 saat yatırdım. Uşaqlıq illərimdən "Böyüyəndə hansı peşənin sahibi olacaqsan" sualına həmişə "Həkim olacam", deyə cavab verirdim. Çox sevinirəm ki, çəkdiyim zəhmətin bəhrəsini gördüm".

17 yaşlı Fatimənin tibb sahəsinə maraq göstərməsi səbəbsiz deyil. Onun atası Həmid Ələkbərov da bu sahədə çalışır və İkinci Qarabağ müharibəsi zamanı bir çox döyüş nöqtələrində vəzifə başında olub: "Təbii ki, bu yolda ailəm də mənə dəstək oldu. Atam da tibb sahəsində çalışır. İkinci Qarabağ müharibəsinin qaynar nöqtələrində olub. Ətrafımda çox adam mənə deyirdi ki, həkim olmaq çətindir. Lakin heç kəsin sözü məni fikrimdən daşındırmadı. Mənim üçün bu, ən ali və müqəddəs peşədir. Orta məktəbi fərqlənmə dərəcəli attestatla bitirdim. Qəbul imtahanında məktəbimizin şagirdləri arasında ən yüksək balı mən topladım. İxtisas seçimimə də ailəm müdaxilə etmədi. Fizioterapiyareabilitasiya - məhz bu ixtisas həmişə mənim üçün maraqlı olub".

"Yüksək nəticə əldə etmiş bir tələbə kimi digər abituriyentlərə nə tövsiyə edərdin" sualını Fatimə Ələkbərova belə cavablandırıb: "Məsləhətim odur ki, ən birinci səhhətlərinə diqqət yetirsinlər. Gərgin dərs məşğələləri ilə səhhəti qorumaq heçasan deyil. Ancaq çətin olsa da, vacibdir".

 

Əntiqə KƏRİMZADƏ

 

525-ci qəzet.-2022.- 13 sentyabr.- S.16.