Göy rəngli qovluğun hekayəsi

 

İllər öncə  bir söz  vermişəm özümə, amma o söz hələ də elə söz olaraq qalıb. Göy rəngli o köhnə qovluqla tanış olanda, hələ jurnalistikaya gələcəyimdən bixəbər idim. Buna rəğmən sözü verdim, özü də əminliklə. Həmin vaxtdan nə az, nə çox otuz ildən artıq vaxt keçib. Qovluq  artıq  rəngini dəyişsə də, yaddaşımda eləcə də qalıb. Ötən həftə illərdi göz bəbəyim kimi qoruduğum  o dəyərli kağız qovluğunu yenə də götürdüm. Götürməyə bilməzdim, çünki iyulun 28-i həmin məşum gündən 85 il ötürdü...

O zaman tələbə idim. Mənə lazım olan bir əşyanı axtararkən evimizin divar dolabında göy rəngli köhnə bir qovluq gördüm. Həm maraq, həm təəccüb mənə güc gəldi. Və o göy rəngli köhnəlmiş qovluğu açdım. Gördüm ki, rəngi saralmış bir topa kağız var içində. Atama aid olduğunu düşünüb qovluğu bağlamaq istəyəndə,  gözümə ötəri sataşan rəsmi bir sənəd fikrimi dəyişdi və beləcə, həmin göy rəngli qovluqla tanış olmağa başladım...

Məktəbin yuxarı siniflərində artıq 37-ci il adlı bir dövr haqqında adda-budda nələrisə eşidirdim və onu da bilirdim ki, bu qorxulu zaman atamgilin də həyatından  yan keçməyib. Nənəmin söhbətlərindən bilirdim ki, babam ictimai fəal olduğundan həbs edilib, hansısa bir adaya aparılıb və orada bir dəstə adam aclıqdan ölüb. Onun ölüm xəbərini alan nənəmin qulaqları həmin anda batıb və o, heç zaman bizim səsimizi eşidə bilmədi. Onunla əl hərəkətləri ilə anlaşardıq. Nənəm o zaman bizim evimizdə hansısa yığıncaqların keçirildiyindən də danışardı.Yadımdadı, nənəm dəmir çarpayısında üzü divara uzanıb həmişə sakit-sakit ağlayardı və əlini divara vuraraq, babamı çağırardı, çünki onu  itirəndə üç övladı olan nənəmin cəmi 38 yaşı vardı, sonbeşik olan atamın isə on səkkiz. Məşədi Mədinə xanım  sonuna qədər ömür-gün yoldaşını unutmadı. İndi anlayıram ki, nənəm babamı çox sevibmiş...

Diqqətimi çəkən ilk sənəddən sonra qöy rəngli qovluğu qarşıma qoydum. Rəngi saralmış kağızlara tarix kitablarından oxuduğum bir dövrün möhürü vurulmuşdu, bir insan həyatının gerçəkliyi  bu qovluqda uyuyurdu. İllərdi atamın bizdən belə, saxladığı bu saralmış kağızlar sonunda  mənə onun sərt xarakterinin səbəbini anlatdı. 21 il "xalq düşməni"nin oğlu damğası ilə yaşamaq öz sözünü də demişdi, izini də qoya bilmişdi. Həmişə nəsə demək lazım olanda, bunu anamın vasitəsilə deyərdik atama. Amma bu dəfə içimdən gələn qorxu dolu bir cəsarətlə atama dedim ki, bundan sonra bu sənədlər məndə qalsa, olar?

- Nə edəcəksən ki, onları?

- Hələ bilmirəm, amma nə olar, qovluq qoy məndə qalsın.

Nə hə dedi, nə də yox. Başını aşağı salmaqla doluxsunmuş gözlərini məndən gizlətdi. Və beləcə, illərlə adını eşidib, özünü ondan qalan yeganə şəkildə gördüyüm babamla tanışlığım başladı...

Əbdül-Bağı Nəsrulla oğlu Məmmədzadə - doğum tarixi özünün yazdığı tərcümeyi-halında   arxiv sənədlərində 1887-ci il göstərilsə  də,  məhbusluq anketində 1891-ci il qeyd olunub. 1907-ci ildən bolşevik hərəkatına qoşulub. 1910-1911-ci illərdə Məşrutə inqilabının iştirakçısı, Bakıda  "Hümmət" təşkilatının yaradıcılarından biri, H.Hərimanovun ən yaxın silahdaşı, Bakı Gömrük İdarəsinin rəisi, Azərbaycanın İranda diplomatik nümayəndəsi, Rusiya-Asiya bankının müdiri, Aclıqdan əziyyət çəkənlərə yardım Komitəsinin səlahiyyətli üzvü və digər məsuliyyətli  vəzifələrdə çalışıb. 1927-ci ildə M.C.Bağırovun müdaxiləsi ilə 10 il həbs edilib. 1936-cı ilin ortalarında həbsdən qayıdanda, artıq o zaman Bağırov Azərbaycana rəhbərlik edirdi. Kini, ədavəti hər şeydən üstün olan Bağırov 1936-cı il dekabr ayının 25-də Ə.N.Məmmədzadəni həbs etdirir və 6 aylıq istintaqdan sonra 1937-ci il iyulun 28-də ona kəsilən "cəza"ya əsasən güllələnir...

Qovluqda gözümə dəyən ilk rəsmi sənəddən sonra nənəmin ərizəsini gördüm. Ərizə Azərbaycan SSR Ali Məhkəməsinin 8 dekabr 1958-ci ildə Ə.N.Məmmədzadə haqqında verdiyi bəraət qərarından düz bir həftə sonra yazılmışdı. Zavallı qadın həyat yoldaşının xidmətlərini qeyd etdikdən sonra onun ömürlük olaraq partiya sıralarına bərpa olunmasını Mərkəzi Komitədən xahiş edirdi. Çünki hələ 1958-ci il idi, Kommunist Partiyası tüğyan edirdi və hələ çox illər belə davam edəcəkdi. Düşündüm ki, bir nəvə kimi yox, özü artıq həyatda olmasa da, bir qadının həyat yoldaşı uğruna olan arzusu üçün hərəkətə keçim. O zaman siyasi  sənədlər arxivi indiki  Nazirlər Kabinetinin binasında idi. Əlimdə qovluq həmin ünvana gəlib məqsədimi (nənəmin arzusunu) bildirəndə, mənə dedilər ki, buna artıq ehtiyac yoxdu, çünki adam bəraət alıb. O zaman mənə üstündə Məmmədzadə Əbdül-Bağı Nəsrulla oğlu (təbii ki, rus dilində) yazılmış qalın bir qovluq göstərdilər. Əlimi vurmağa belə, icazə verilməyən qovluqdan öyrəndiyim və heç kəsin bilmədiyi bir məlumat oldu - babam nənəmin bildiyi kimi uzaq bir adada aclıqdan deyil, güllələnərək qətlə yetirilib. Və bu sənədi yalnız 2004-cü ildə Dövlət Təhlükəsizlik Xidmətinin arxivində babamım sənədləri ilə tanış olarkən görə bildim...

Nənəm Məşədi Mədinə xanım danışardı ki, babam dostları ilə tez-tez bizim evdə yığışar, qapıları, pəncərələrin taxta gözlüklərini qapayıb gecədən keçənə qədər söhbətləşər, mübahisələr edər və sonra dağılışardılar. Və sonra sənədlərdən bu görüşlərin "Hümmət" təşkilatının yığıncaqarı olduğunu öyrəndim. Bu təşkilatın tarixi ilə maraqlanıb araşdırmalar aparanda öyrəndim ki, bir partiya kimi onun fəaliyyəti bir neçə mərhələni əhatə edib, parçalanıb, RSDFP-nin Bakı Komitəsi və kommunist "Hümmət"i adını daşıyıb. Partiyanın tərkibində sağ və sol cinahlar, milli təmayülçülər, bolşevik və menşeviklər sözdə bir ideya uğruna birləşsələr də, əqidəsinə sadiq qalmayanlar sonda özlərini biruzə verə bilib. 1920-ci il aprel inqilabından sonra milli-təmayülçü olan Ə.N.Məmmədzadə kommunist partiyasına daxil olur, çünki o zaman sovet Azərbaycanının Gömrük İdarəsinin rəisi olub. Lakin 1921-ci ildə Bakı kommunistləri onun partiyadan çıxarılması haqqında vəsadət qaldırıb və buna nail olub. Partiya işlərinə nəzarət edən Mərkəzi Komissiya bunu düzgün hesab etmədiyindən, babamı yenidən partiya sıralarına bərpa etmək istəyəndə, o, bundan imtina edib və cəsarətlə bu partiyanın siyasəti ilə qəti razı olmadığını söyləyib. Təəssüf ki, bu gerçəyi mən çox gec öyrənə bildim, əks halda nənəmin arzusu dalınca getməzdim, çünki babamın mübarizəsinin kökündə azad və müstəqil Azərbaycan dayanıb və bu onun ümdə arzusu olub. Hələ 1920-ci illərdə sovet diplomatı  Ə.N.Məmmədzadə ilə yaxından tanış olan Türkiyənin Azərbaycandakı ilk səfiri Məmduh Şövkət bəy ölkəmizdən ayrılarkən, babam onun şərəfinə öz evində ziyafət verib. Təmayülçüləri təmsil edən Mövsüm Qədirli, Tağı Şahbazi, Əhməd Əhmədov, müsavatçı Kərbəlai Vəli Məlikov, ittihadçılardan Məmmədhəsən Məlikov, Kazım Fətəliyev kimi nümayəndələri bu ziyafətə dəvət edən Ə.N.Məmmədzadənin bir məramı olub - kimliyindən, mövqeyindən asılı olmayaraq, hamının amalının kökündə  bütöv və müstəqil Azərbaycanın dayandığını göstərmək. Ziyafətdə qonaqların ləzzətlə plov yediyini oxuyanda, bildim ki, bu, nənəmin yaradıcılığı olub, çünki, xanım Məşədi Mədinə  Bakı mətbəxini mükəmməl bilirdi. Bu gün Ə.Topçubaşov və Ə.Quliyev küçələrinin kəsişməsində ucalan mülk nənəmin dayısına mənsub olub və həmin mülkdə doğulan, boya-başa çatan mən, yaşadığım mənzilin divarlarının nələrə şahidlik etdiyindən indi qürur duyuram...

1988-ci ildən Azərbaycan gərgin günlərini yaşamağa başlayanda, artıq jurnalistikada idim. Azərbaycanın bütün ictimaiyəti, ziyalıları ayağa qalxmışdı o zaman. Məni daha çox mərhum akademik Ziya Bünyadovun çıxışları cəlb edirdi. Həmin vaxtdan onu izləməyə başladım. Marağımda olan ən mühümü akademikin repressiya qurbanları haqqındakı araşdırmaları idi, çünki içimdə bir gözlənti vardı və buna 1990-cı ildə çatdım. Z.Bünyadovun araşdırmaları Elmlər Akademiyasının nəşri olan "Elm" qəzetinin "Tarix" adlı əlavəsində çap olunurdu. Həmin əlavənin 1990-cı il 8 dekabr tarixli nömrəsində onun rus dilində "Pervıe poselenüı sovetskix konülaqerey" başlıqlı yazısı çıxdı. Kütləvi həbs olunan on nəfər haqda aparılan araşdırmada Əbdül-Bağı Nəsrulla oğlu Məmmədzadə də vardı. Mərhum akademiklə əlaqə saxlayıb onunla görüşmək istədiyimi bildirəndə, heç bir əlavə sual vermədən gün təyin etdi. Yalnız görüşəndə kim olduğumu bilən akademikdən babam haqqında eşitdiklərimin hissini hələ də yaşıyıram: "Sənin baban əqidəsinə sona qədər sadiq qalan, aldığı işgəncələrə rəğmən, ona edilən ittihamı əsla qəbul etməyən, heç kəsin üzünə yalançı şahid kimi durmayan, əsl kişi dəyanəti olan bir vətən oğlu olub. Bunlar onu tanımağına kifayət edər". Onun bu sözlərindən sonra öyrəndim ki, həbs edilən on nəfərin içində babamdan savayı Əsəd Nəsib oğlu Nəsibov da ona qarşı sürülən ittihamı yaxın buraxmayıb. Qalanlar günahlarını "qəbul edib".

Sual: Bolşevik partiyasının üzvü olduğunuz halda,  milli-təmayülçülüyə səbəb olan nə idi?

Cavab: Nikitin, Yeqorov kimi bir sıra partiya rəhbərlərinin hərəkətlərindəki yüksək şovinizm səbəbindən biz bu yolu tutduq.

Sual:   Məqsədiniz nə idi?

Cavab: Yerli türk kadrlarının tərbiyəsi və irəli çəkilməsi; dövlət orqanları tərəfindən əmlakların müsadirə olunmasına son qoyulması; əhalinin təmin olunması üçün xırda ticarətə icazə verilməsi. Biz milli-təmayülçülər düşünürdük ki, bu tələblərin rədd edilməsi partiyanın düzgün xəttinə ziddir.

Yarım il sürən istintaq sonunda on nəfərin ölüm fərmanını imzalayır. 28 iyul 1937-ci il saat 00:50-də 2338 saylı məhbus olan babam güllələnir...

Əbdül-Bağı Nəsrulla oğlu Məmmədzadənin özündən sonra üç övladı qalıb. Atalarını itirəndə artıq gənc olan bu övladların ikisi qız, biri oğlan olub. Böyük qızı mühəndis, ikinci qızı diş həkimi, sonbeşik övladı olan oğlu və mənim atam Teymur Məmmədzadə energetik olub. Əlimdə olan məlumatlardan, araşdırmalardan az-çox bələd olduğum babamın xasiyyəti atamda öz təzahürünü tapmışdı. Bakının indiki Səbail rayonunun işıq idarəsində uzun illər rəis vəzifəsində işləməyinə rəğmən, heç vaxt Kommunist Partiyasını nə qəbul etdi, nə də onun sıralarına üzv oldu. Çünki həmin partiya onun uğrunda çalışan bir fədaisini məhv etməklə, atamı atasız qoymuşdu...

P.S.  İllər öncə bir söz vermişəm özümə, amma o söz elə söz olaraq da qalıb. Yazımı bu cümlə ilə başladım. Amma deyəsən, o sözə əməl etməyin artıq vədəsi çatıb. Yolçu yolda gərək...

 

Tamilla M-zadə

 

525-ci qəzet.-2022.- 13 sentyabr.- S.12.