"Arıçılıqla məşğul
olan insanların çoxu ziyalılardır"
Azərbaycan arıçılıq
assosiasiyasının sədri Bədrəddin Həsənov:
"Arıçılıq təsərrüfatına qoyulan
pulu tez çıxarmaq, qazanc götürmək olur"
Müsahibimiz Azərbaycan Arıçılıq
Assosiasiyasının sədri Bədrəddin Həsənovdur.
- Bədrəddin
müəllim, artıq arıçılıqda məhsul
yığımı başa çatıb. Söhbətimizə
elə buradan başlamaq istəyərdim. Bu il məhsuldarlıq sizi qane etdimi?
- Deməzdim
ki, ili yüksək səviyyədə
başa çatdırdıq. Ötən illə
müqayisədə məhsuldarlıq müəyyən qədər
aşağı oldu.
- Səbəb
nə idi?
- Bu,
yazın daha çox yağmurlu olması, soyuq keçməsi
ilə əlaqədar idi. Arıların yaz
inkişafı ləng getdi. Amma sonra temperatur düzəldi
və arılarda inkişaf sürətləndi, müəyyən
qədər bal toplandı.
- Müəyyən
qədər? Yəni?
- 6 min
tondan çox bal yığılıb. Hazırda 620 min arı ailəsi, 25 min nəfər
arıçı qeydiyyatdadır. Bu il orta məhsuldarlıq,
təxminən,10 kiloqram olub, bu da yüksək
göstərici deyil. Keçən il bu rəqəm
15 kiloqramın üzərində idi. Təqribi
hesablamalarımıza görə, Azərbaycanın hazırda
5 min ton bala ehtiyacı var. Söhbət istehlakçı tələbindən
gedir.
- İdxal tələbin ödənməsində nə qədər
yardımçı olur?
- Azərbaycana
Ukrayna, Rusiya, İran, Türkiyə və Gürcüstandan bal idxalı olunur. Amma müəyyən
qədər ixracımız da var. Məsələn, Yaponiya,
Ərəb ölkələri, Səudiyyə Ərəbistanına
kiçik rəqəmlər də olsa ixracımız var. Bəzi
şirkətlərimiz İsraillə danışıqlar
aparır. Artıq bizim potensial
imkanlarımız genişlənməyə başlayıb.
- İşğaldan azad olunan ərazilərdə istehsal
edilmiş balın "Qarabağ" brendi adı altında
ixracı məsələsi, ümumiyyətlə həmin ərazilərdə
arıçılığın hazırki durumunu necə dəyərləndirirsiniz?
- İşğaldan azad olunan ərazilər
arıçılıq üçün olduqca əlverişlidir. Həmin ərazilərdən
götürülən balın satışı da
yavaş-yavaş başlayıb. Keçən
ilkinə baxanda miqdar nisbətən azdır. Nəzərə
almaq lazımdır ki, ötən il ora iki
min arı ailəsi köçürülmüşdüsə,
bu il iyirmi mindən çox arı ailəsi
köçürülüb. Gələcək
üçün işğaldan azad olunan ərazilərdə
300 min arı ailəsini yerləşdirməyi
planlaşdırırıq. Bu, kiçik
bir rəqəm deyil. Kifayət qədər bal deməkdir
ki, gələcəkdə
biz balımızın yarısını ixrac edəcəyik. Bir şeyi də deyim ki, Sovetlər
dönəmində Laçın, Kəlbəcər balı çox məşhur olub. Bu gün də həmin ərazi
arıçılıq üçün əlverişlidir.
Ümumilikdə isə Azərbaycanın
bütün əraziləri arıçılıq
üçün əlverişlidir.
- Balı
istehsal ərazisindən savayı həm də bitki adları
ilə də təsnifləşdirirlər. Bu təsnifat
zamanı nələr nəzərə alınır?
- Məsələn,
cökə balı deyirik. Ancaq
bu o demək deyil ki, bunun tərkibində ancaq cökədir.
Əgər balda cökə ağacının çiçəklərindən
toplanmış hissə əlli faizin üstündədirsə,
ona cökə balı deyə bilirik. Həmçinin bu, balın dadında, rəngində
də özünü göstərir. Yaxud
da şabalıd balının rəngi daha tünd və
dadı acı olur. Bitkidən asılı
olar hər balın öz adı olur.
-
Assosiasiya son dövrlərdə hansı işlərlə məşğuldur?
- Bu il avqustun 24-dən 27-nə qədər
İstanbul şəhərində Dünya
Arıçılarının Simpoziumu keçirildi. Tədbirdə
biz də iştirak edib, bal
yarışmalarına qatıldıq. Azərbaycan balı 141 ölkə içində
bürünc medal alaraq üçüncü oldu. İlk dəfə idi ki, biz belə bir müsabiqəyə
qatılırdıq. Mən ilk onluğa
düşsək belə, yetər deyə
düşünürdüm. Amma bizim
adımız medallar sırasında səslənəndə
qulağımıza inanmadıq. Çünki
daha çox iddialı, güclü ölkələr var idi.
Türkiyə, İran kimi milyonlarla arı ailəsi
olan ölkələr, Çin kimi dünyanın
arıçılıq nəhəngi... - bütün bunlara
baxmayaraq biz ilk üçlüyə düşdük.
Azərbaycan balı ilk yarışmada bu
uğuru qazandı. Düşünürəm ki, növbəti
il hətta qızıl medal ala bilərik.
Bakıda oktyabrın 1-dən 20-nə qədər Respublika
Arıçılarının sərgi-satış
yarmarkası keçiriləcək. Yarmarkaya
respublikanın bütün bölgələrindən
arıçılar dəvət olunub. Yarmarkaya
təqdim olunan ballar əvvəlcə Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən yoxlanılacaq, standarta uyğun gələn
ballar satışa buraxılacaq. Belə götürsək,
ildə bir dəfə respublikanın bütün bölgələrinin
arıçılarının balı
nümayiş olunacaq. Bu da bir şansdır ki,
Azərbaycan alıcısı, əsasən də Bakı
şəhərində yaşayanlar bütün bölgələrin
ballarını bir arada görə biləcək.
-
Balın qiymətində artım var.
- Hə,
müəyyən qədər bahalaşıb. Çünki
bütün digər qiymətlərdə də artım var.
Hazırda balın maya dəyəri daha baha başa gəlir.
Arıçılıqda istifadə olunan alətlər,
dərmanlar xaricdən gəlir. Bütün
ölkələrdə qiymət artımı gedir. Son on ilin
statistikasına baxıram, bütün qiymətlər dəfələrlə
qalxdığı halda balın qiyməti demək olar ki,
qalxmamışdı. İndi isə müəyyən
qədər balın satışında artım
müşahidə olunur və olunacaq. Bu,
ümumi qiymətlərin artımına bağlıdır,
arıçıya bağlı deyil. Deməzdim
ki, bahalaşma dəfələrlə olacaq. 10-15, ola bilsin, 20 faiz bahalaşma olsun.
- Bu
gün bir azərbaycanlı arıçılıqla hansı
səviyyədə dolana bilər?
-
Ümumiyyətlə, arıçılığa iki cür
yanaşma var: bir var həvəskar arıçılıq,
bir də var peşəkar arıçılıq. Həvəskar odur ki, adamın işi var, eyni zamanda,
həyətində arı saxlayır. Biri
də var, peşəkarcasına buna yanaşır və ailənin
bütün dolanışığı
arıçılıqdan çıxır. Ölkədəki arıçıların təxminən
30 faizi peşəkar arıçıdır.
Arıçılıq
elə bir təsərrüfat sahəsidir ki, qoyulan pulu tez
çıxarmaq,
həm də qazanc götürmək olur. Kənd şəraitində bu işlə məşğul
olan ailələr digər ailələrdən
yaşayış səviyyəsinə görə fərqlənir,
yəni daha yaxşı yaşayırlar. Bir
də statistik məlumatlara görə,
arıçılıqla məşğul olan insanların
çoxu ziyalılardır. Bu iş həm fiziki, həm
də zehni əmək istəyir. Məsələn,
inək saxlayan inəyi xəstələnəndə baytar
çağırırsa, arı xəstələnəndə
çağıracaq kimsə yoxdur. Arıçı
özü anlamalı, bilgili olmalıdır. Mən tez-tez çıxışlarımda bunu deyirəm
ki, arı ailəsi fərd halında yaşaya, heç bir
uğur əldə edə bilmir, amma arı ailə şəklində
uğura imza atır. Bu sanki
arıçılara da sirayət edib, onlar arasında daim
ünsiyyət var. Əgər sosiallaşma yoxdursa, uğurdan
söhbət gedə bilməz. Əgər
bir arıçı müəyyən bir metodu tətbiq edib
uğur əldə edirsə, digərləri ilə onu
paylaşır. Bizim sosial şəbəkələrdə
qruplarımız var, tez-tez canlı yayım edir,
qazandığımız təcrübəni
bölüşürük, hər il beynəlxalq
konfrans keçiririk. Astarada yaşayan bir
arıçı Qaxda yaşayan arıçının
xeyrində-şərində iştirak edir. Digər təsərrüfat sahələrində bu
yoxdur. Məsələn, Balakəndə
qoyun saxlayan Qubada qoyun saxlayanı tanımır, bizdə isə
bu belə deyil. Arıçılıq
ünsiyyət, əlaqələr sevən bir təsərrüfat
sahəsidir.
- Amma Azərbaycan arıçısı bazarın
olmamasından gileylidir.
-
Baxın, bütün dünyada ticarət pərakəndədir.
Bununla məşğul olan şirkət, firmalar
var. Hazırda Azərbaycanda balın
alış-satışı ilə məşğul olan bir
dövlət qurumu yoxdur. Biz
arıçı olaraq ya öz brendimizi yaratmalıyıq, ya
da birləşib ümumi bir brend altında bazara
çıxmalıyıq. Mən şəxsən
hansısa dövlət qurumunun bal
almasını gözləmirəm, dövlətin işi
bizneslə məşğul olmaq yox, daha çox yönəltmək,
idarə etmək, strategiyalar qurmaqdan ibarətdir. Məsələn,
dövlət bal yarmarkalarının
keçirilməsini təşkil edir. Bu gün
Azərbaycanda 620 min arı ailəsi var, hər arı ailəsinə
10 manat subsidiya verilir. Altı milyon iki
yüz min manatın arı ailəsinə daxil olduğunu nəzərə
alsaq, bu, kiçik rəqəm deyil. Artıq beşinci
ildir ki, bu subsidiya verilir. Biz assosiasiya olaraq
çalışacağıq ki, proses növbəti illərdə
də davam etsin.
- Bu
yaxınlarda Astara və Biləsuvar arıçıları
arasında baş verən insidentlə bağlı sizin
fikrinizi bilmək istərdim. Bildirilirdi ki,
Astaradan gətirilən arılar Biləsuvarın
arıçılıq təsərrüfatının
yarıdan çoxuna ziyan vurub. Qanun belə
hallarda kimdən yanadır?
- Burada məsələyə
hər iki tərəfin baxış bucağından
yanaşmaq lazımdır. Astara
arıçısı kimi məsələyə baxsaq, deyə
bilərik ki, Azərbaycanda 2009-cu ildə
arıçılıq haqqında Milli Məclisdə qanun qəbul
olunub. Orada qeyd olunur ki, arıçı
arı ailələrini Azərbaycan ərazisində istənilən
yerə apara bilər.
Biləsuvarlı arıçı deyir ki, sənin
arıxananın baytarlıq-sanitar pasportu olmalıdır. Yəni sən
arılarını bura gətirəndə nəzərə
almalısan ki, mənim arılarım sənin
arılarından xəstəlik tapmasın. Biləsuvar arıçısı heç vaxt deyə
bilməz ki, mənim olduğum yerə niyə gəlmisiniz?
Sadəcə onların arasında razılaşma ola bilər ki, arılar arasında məsafə
çox da yaxın olmasın.
- El
arasında təmiz balı təyin etmək
üçün bir sıra üsullardan istifadə olunur. O
üsullar nə dərəcədə effektivdir?
- Mən
tam səmimiyyətimlə deyirəm ki, elə bir üsul
yoxdur. İndi "maşşeniklər" elə bal hazırlayır ki, onun
qırılmasını da, boğaz yandırmasını da nəzərə
alırlar. Ona görə də bunlara aldanmaq
olmaz. Ancaq laboratoriya. İkinci
variant isə arıçını tanıyıb ona güvənməkdir.
Əgər bir qaşıq qaldırmaqla
balın həqiqiliyini təyin etmək olurdusa, milyonluq
laboratoriyaları niyə qururdular?
- Ana
arılarla bağlı xeyli maraqlı faktlar var. O faktlardan
birini də siz deyə bilərsinizmi?
- Hər
bir canlının çoxalma instinkti var. Arılar
çoxalanda beçə verməklə çoxalır. Hər ailədə bir ana arı olur. Arılar özlərinə bir də əlavə ana
arı yetişdirir. Yaşlı ana ailənin
bir hissəsini götürüb yeni yuva qurmaq
üçün gedir. Gedən zaman
yaşlı ana gənc anaya deyir ki, sənin həyat təcrübən
azdır, mən məsuliyyəti öz üzərimə
götürürəm, sən hazır yuvada qal (gülümsəyir).
- Deməli, gəlin-qaynana münasibəti arılarda başqa cürdür. Amma Bədrəddin müəllim, insanın da arıya oxşar bir sıra cəhətləri var. Məsələn, arı kimi zəhmətkeş adamlar. Elə sizin kimi. Çobanlıqdan assiosasiya sədrinə qədər uzanan həyat yolu asan olmamalıdır.
- Mənim bu həyatda gördüyüm və görəcəyim işlər var. Onların hamısının planı yazılıb. Həmin işləri bitirəndən sonra yenidən çobanlığa qayıtmaq istəyirəm. Çünki mən uşaqlıqdan çoban olmuşam. Atam, babam, əmilərim - hamımız çoban olmuşuq. Elə bilirəm ki, başqa yol tutmaqla işimə xəyanət etmişəm. İstəyirəm nə vaxtsa bir gün yenidən çobanlığa qayıdım...
Aytac SAHƏD
525-ci qəzet.-2022.- 13 sentyabr.- S.8.