Rahid Uluselin yeni kitabları çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, Fəlsəfə
Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının üzvü,
fəlsəfə elmləri
doktoru, professor Rahid Uluselin bu il
Azərbaycanda və Almaniyada nəşr olunmuş kitablarından sonra daha iki
kitabı işıq üzü görüb. Kitablar Ədəbiyyat İnstitutun Elmi Şurasının 23 iyun
2022-ci il tarixli 4 saylı qərarı ilə “Zərdabi” və “Qanun” nəşriyyatlarında
çap edilib.
525.az xəbər verir ki, müəllifin
“Azərbaycan mədəniyyətində
Rəsul Rza və Anar” və
“Azərbaycan: Bütöv,
Güclü, Yenilməz
(Sabir Rüstəmxanlının
həyatı, mühiti,
ictimai və ədəbi-mədəni fəaliyyəti)”
adlı tədqiqatları
onun müasir Azərbaycan ədəbiyyatının
öyrənilməsi istiqamətində
apardığı araşdırmalarının
nəticəsidir.
İlk kitab Azərbaycan mədəniyyətinin tarixi-genetik bütövlüyünün dərk olunması və yaradılmasında müstəsna xidmətləri olan Rəsul Rza və Anar yaradıcılığının tədqiqinə, hər iki sənətkarın geniş spektrli ədəbi-ictimai fəaliyyətinin, onları əhatə edən mədəni-estetik məkanın öyrənilməsinə həsr edilib. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərovdur. 344 səhifəlik kitab üç hissədən ibarətdir.
Digər kitabda
isə Millət vəkili, Xalq şairi, Dünya Azərbaycanlıları
Konqresinin həmsədri Sabir
Rüstəmxanlının həyatı, ədəbi fəaliyyəti
və çevrəsindən, milli tarix qarşısında vətəndaş məsuliyyətini
aktuallaşdıran miqyaslı
yaradıcılığının bütün
nəsillər üçün gərəkliyindən,
bu görkəmli ictimai-siyasi
xadimin Azərbaycanı bütöv,
güclü və yenilməz etmək
çabalarından söz
açılır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. Hər iki nəşrin rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.
525-ci qəzet.-2022.- 13 sentyabr.- S.9.