Xarıbülbül "Elm və həyat"da  

 

 

Xarıbülbül sözün bütün mənalarında bənzərsizlik üçün yaranıb. Real varlıq olsa da, əfsanələşmiş ömür sürən tək-tük canlılardandır. Milyonlarla bitkilər içərisindən məhz o, Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzinə  zəfər simvoluna çevrildi.  Qəbul edilmiş rəmzi nişanı da vardır.

20 Yanvar faciəsindən sonra qərənfil azərbaycanlılar üçün xüsusiləşdi, amma xarı bülbülün hekayəsi bir başqadır. Ən maraqlısı odur ki, bitki haqqında alimlər söz açanda onun əfsanələşmiş tarixçəsindən yan keçə bilmirlər.

AMEA-nın "Elm həyat" jurnalının 1965-ci ilin martında çap olunan üçüncü nömrəsində Validə Tutayuqun "Xarıbülbül" (səh. 5) məqaləsi nəşr edilib. Məqalənin müəllifi  akademik Validə Tutayuq Şuşada doğulmuş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadındır.

Məqalə son dərəcə poetik cümlələrlə başlayır. Bu poetikliyin içərisində təbiətin sözlə mükəmməl ifadəsi nəzərdən qaçmır. Ümumiyyətlə, məqalənin dilində elmi məlumatın bədii fonda, lakonik təqdimi diqqəti cəlb edir. Məqalədə Xarıbülbüldən həm əfsanəvi, həm real bitki kimi söz açılır.

İlk abzasda müəllif təbiətdəki bənzəyişlərdən bəhs edir. Mimikriya (yamsılama) adı verilən bu təbii qanunauyğunluğun əsasında yaşamaq uğrunda mübarizə dayandığını vurğulayır. Bu giriş, məqalənin sonrakı bütün məzmununu ehtiva edir.

Müəllif xarı bülbülün məskən saldığı yeri incəliklərinə qədər təqdim edir: "Respublikamızın gözəl dağ yerlərindən biri olan Şuşa ətrafında, qayalıqlar arasında çox maraqlı bir qaş səhləbi vardır. Bu, Xarıbülbüldür. Onun çiçəyinin quruluşu maraqlıdır. Təbiət sanki onda isə bir sirr gizlətmişdir... Qaya dibində bitən ağçiçəkli həmərsinin ən sevimli sirdaşı - Xarıbülbül bu kola pənah gətirmişdir..." Bu sitatlarda Xarıbülbülün ünvanı (Şuşa) daimi bitmə yeri (həmərsin kolunun dibi) haqqında bilgilər verilib.

Harada necə bitdiyi təqdim edildikdən sonra xarıbülbülün əfsanəvi tarixçəsi nəql edilir: "Bu çiçək kiçik bir "bülbülün" tırtıl tərəfindən əsir edilməsini tərənnüm edir. Çiçəyin yuxarı hissəsi bülbülü, aşağı hissəsi isə tırtılı xatırladır. Bitki aləminin nümayəndəsinin heyvanat aləminin nümayəndəsini belə kəskin təqlid etməsi qəribə təbiət hadisələrindəndir. Çiçəyə diqqətlə baxsanız, görərsiniz ki, şabalıdı - məxməri rəngdə olan zərif ağnaxışlı "tırtıl" çox zərif, kiçik olduqca gözəl bir "bülbülün" sinəsindən yapışmışdır. "Bülbül" arxası üzərində çırpınan kimi görünür. Onun kiçik qanadları acizanə açılmışdır. Sarı dimdikli başçığını yaşıla çalan iki göz bəzəyir: "Tırtıl" ağzı ilə "bülbülün" döşündən elə möhkəm yapışmışdır ki, "bülbülün" bu qəddar "düşməndən" azad olması ancaq onun zəkasının gücü ilə  ola bilər. Bu kiçik əfsanəyə görə, el arasında bu bitkiyə xarıbülbül deyilir".

Əfsanənin şərhindən sonra müəllif bitkiyə nəbatatın gözü ilə baxır: "Xarıbülbül səhləblərin (orxideyaların) nümayəndəsidir... Xarıbülbül qaş səhləblərdəndir. Digər səhləblərdə olduğu kimi, bunun da kök yumrusu var, çoxillik bitkidir. Xarıbülbülün çiçəyi çarpaz tozlanmaya uyğunlaşmış olduqca maraqlı quruluşa malikdir..." Müəllif bitkinin əfsanəvi təsvirini dolğun verdiyi kimi, onun bioloji quruluşunun da tam təsvirini canlandırıb. Çiçəyin bütün hissələrinin təqdimatından sonra - "Xarıbülbülün çiçəyindəki gözəllik əsasən çarpaz tozlanmanın gedişinə uyğunlaşmış bir quruluşdur" - qənaətini bölüşür.

Biologiya mütəxəssisi olan alim məqaləsini bədii təxəyyülün köməyi ilə tamamlayır: "Xarıbülbül özünə etibarlı sirdaş tapmışdır. Deyirlər ki, həmərsin kolu (yabanı qızılgül) bülbülün əsl sevgilisidir. Onu axtarıb tapın, ancaq dərməyin. Qoyun Xarıbülbülün nəsli artsın!"

 

Gülnar SƏMA

 

525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.16.