"Sağlıqla qal, yaxın qonşu"  

 

Türkiyə həsrətli xanım: Xalq şairi Nigar Rəfibəyli

 

 (I yazı)

 

Keçən əsrin 30-cu illərinin qandonduran repressiyalarının Azərbaycan xalqının  taleyində necə izlər qoyduğunu həyəcansız xatırlamaq mümkün olmasa da, yenidən qazanılan müstəqilliyimiz tariximizin bu səhifələrini nə yaxşı ki, ağı-qarası ilə yenidən təqdim etdi. "Kamalçı", "pantürküst", "türkçülük" ideyaları ilə təqib edilən, məhkəməsiz və sorğu-sualsız min cür məhrumiyyətlərə düçar edilən zavallı insanların Stalinin ölümündən sonra bəraət alması, Türkiyəyə qapıların yavaş-yavaş açılması tariximizin yeni səhifələrindən oldu. Şübhəsiz ki, Sovet-Türkiyə münasibətlərində yenidən başlanan bu əlaqələr Sovet Azərbaycanı və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi də təqdim oluna bilər. Maraq doğuran fakt idi ki, Türkiyədən Moskvaya dəvət alan nümayəndə heyətlərinin Azərbaycandan yan keçməməsi, həm də xalqlarımız arasında birliyin əyani təsdiqi idi. SSRİ-nin baş mətbuat orqanı "Pravda"nın və yaxud Azərbaycan Sovet mətbuatının flaqmanı "Kommunust" qəzetinin o dövrkü səhifələrini vərəqləməklə deyilənlərin şahidi olmaq mümkündür. Bu səhifələrdə türkiyəli nazirlərin, elm və sənət adamlarının, o dövrkü Baş nazir Süleyman Dəmrəlin, prezident Cövdət Sunayın təntənəli Bakı səfərlərinin çoşqun təəssüratlarını görməkdəyik.

Rəsul Rza və Nigar Rəfibəyli Nigar xanımın qardaşı Kamil bəylə (İstanbul)

Bu dövr həm də 60-cı illərin əvvəllərində dəmir pərdələrin qaldırılması ilə Türkiyə ilə əlaqələrin bərpasında yeni mərhələni ədəbiyyata və jurnalistikaya gətirdi.  Türkiyəni cəmiyyətə təqdim edən yazıların müəllifləri kimi Mehdi Hüseynin, Qasım Qasımzadənin, Elçinin, Məmməd Aslanın, məşhur "İzvestiya" qəzetinin Türkiyə müxbirləri olan Azad Şərifov və Zaur Qədimbəyovun adları yada düşür. Onu da xatırlatmaq yerinə düşər ki, o dövrdə Türkiyə ilə münasibətlərdə bir yumşalma hiss olunsa da, bu mövzuda yazmaq və bu qardaş ölkədən məhəbbətlə danışmaq yenə də çətin idi. Mətbuatda Türkiyəyə dair xəbərlərə çox az rast gəlmək mümkün idi, olanlar da rəsmi olduğundan SİTA-nın mətbəxindən çıxırdı.

Bu dövrdə tədqiqatçıların bu sırada "unutduğu" iki imzanı da yada salmaq istədik: 1970-ci ildə Ankara şəhərində Türk Tarixi Qurumunun VII konqresində iştirak etmiş Azərbaycan şərqşünaslıq elminin inkişafında müstəsna xidmətləri olan akademik Əbdülkərim Əlizadənin "Ədəbiyyat" qəzetində "Faydalı səfər" adlı Türkiyə xatirələrini oxucularla bölüşür. İkinci imza Xalq şairi Nigar Rəfibəylinindir. "Sağlıqla qal, yaxın qonşu" 1969-cu il 8-25 may tarixində Türkiyəyə səfəri ilə bağlı yazılmış, "Azərbaycan" jurnalının 1970-ci il  3 və 4-cü saylarında çap olunmuş əsəri bu sahədə ilklərdəndir. Yeri gəlmişkən qeyd etmək vacibdir ki, bu əsər Nigar xanımın Türkiyəyə ikinci səfərinin təəssüratlarıdır. Mehdi Hüseyndən sonra Türkiyəyə növbəti səfər Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Məsud Vəliyev, Xəlil Rza, Q.Qasımzadədən ibarət yazıçı heyəti gürcü yazarları ilə birlikdə 1968-ci ilin aprel-may aylarında olmuşdu. Gürcü yazıçıların nə yazdıqları haqqında bir şey deyə bilməsək də, səfərdən sonra Türkiyə təəssüratlarını Nigar Rəfibəyli və Qasım Qazımzadə oxuculara çatdırmışdı: 1970-ci ildə Nigar xanım, bir il sonrasa Qasım Qasımzadənin "Gənclik" nəşriyyatında çap edilən "Getdim, gördüm, düşündüm" adlı   99 səhifəlik kitabında "On günün təəssüratı" adı ilə. Türkiyə təəssüratlarını niyə başqaları da yazmadı?! Niyə təkcə Nigar Rəfibəyli və Qasımzadə?! Bəzi mülahizələri nəzərə alaraq fikrimizdən keçənləri də gizlətmək istəmədik. Çox sonralar o dövrdə "İzvestiya" qəzetinin Türkiyə müxbiri olmuş Azad Şərifov bir məqaləsində yazırdı: "Respublikamızdan Ankaraya bir qrup ziyalı gəlmişdi. Süleyman Rüstəm də onların arasında idi. Elə birinci axşam bizim evin qonağı oldu və məndən xahiş etdi ki, onu Məhəmməd Əmin Rəsulzadənin məzarı üstünə aparım. ...onu "Əsri" qəbiristanlığına apardım. Uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturdu. Xeyli sonra öyrəndim ki, onlar bir-birilərini yaxşı tanıyırlarmış". Şübhəsiz ki, gözləri yaşla dolu Süleyman Rüstəmin bu barədə yazmamaq istəyi yəqin ki, dövrlə bağlı idi, ya da ki ayıq-sayıq qlavlit Türkiyə haqqında yazmağa 2 nəfərə icazə vermişdi. Ola bilsin bu xoşbəxtlərdən bir idi Nigar Rəfibəyli.

Nigar xanımın həyatı, əsərləri - şeir və tərcümələri uzun illər ədəbi tənqidin və ictimaiyyətin diqqətindən heç vaxt yayınmayıb. Onu ünvanına tənqidlərin (onların nə dərəcədə əsaslı, ya əsassız olduğu başqa söhbətdir) və təriflərin kifayət qədər bol olan yazar da adlandırmaq olar. Amma şairin Türkiyə təəssüratları olan yol qeydlər haqqında nə o dövrdə, nə də sonralar danışılmaması təəccüblü görünüb. Sadəcə bu əsərlə bağlı xatırladığım iki qeyd var. Biri akademik Rafael Hüseynovun "Rəfibəylilər" (1996) kitabında bu əsərin adı çəkilir. Hörmətli akademik Nigar xanımın 40 ildən sonra qardaşı Kamillə olan ilk görüşünün təəssüratlarını da tapa bilmir və qayğı ilə yazır: "Mənim üçün daha maraqlısı ilk görüşdür. Həsrətlərdən sonrakı ilk qarşılaşma. Bu barədəsə, Nigar xanım bircə sətir belə yazmayıb. Nə onda, nə sonralar". Amma nə yaxşı ki, akademik ilk görüşün təəssüratlarını yazıçı Ənvər Məmmədxanlının gündəliyində tapır.

İkincisi isə bilavasitə bu əsərə aiddir, amma neqativ müstəvidə yada salınır: "Anamın bir zamanlar çıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin "türkpərəstliyinə" yeni bir "sübut" olmuşdu". Xalq yazıçısı Anarın bu qeydlərindən göründüyü kimi, "Sağlıqla qal, yaxın qonşu" dərc ediləndən illər sonra da həm Rəsul Rzaya və Nigar xanıma, həm də Anara "Qobustan" ilə bağlı basqılar qalmaqda idi.

Nigar Rəfibəylinin ikinci qardaşı Rəşid bəy

Nigar xanımın yol qeydlərinin onun yaradıcılığının fövqündə durduğunu söyləmək niyyətim də yoxdur. Amma bir həqiqət də var ki, indi hər kəsin geninə-boluna danışdığı və yazdığı Türkiyə haqqında, əslində bu, təqdirəlayiqdir və alqışlanmalıdır, qadağaların zahirən "səngidiyi" bir dövrdə söz demək asan deyildi.

Bolşeviklərin güllələdiyi Cümhuriyyət nazirinin qızı...

Xalq şairi kimi böyük bir titula sahiblənən Nigar Xudadat qızı Rəfibəyli 1913-cü ilin iyun ayında Gəncədə anadan olub. Nigar Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Babası Ələkbər bəy Rəfibəyli dövrünün tanınmış maarifçilərindən olmuş, "Azərbaycanda ilk siyasi partiyanın - Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan "Difai" partiyasının - Gəncədə yaradanlardan biri Ələkbər bəy sonralar bu partiyanın fəxri sədri seçilir. Rəfibəylilər nəslinin sülalə gerbi "Difai" partiyasının emblemi olur".  Xarkov Tibb Universitetinin məzunu olan Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi, 1907-ci ildə həkim kimi Gəncəyə qayıtmışdı. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri, bir il sonra isə Gəncə valisi olmuşdu. Gəncəyə gələn Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanı qarşılayanlardan biri kimi onunla yaxın münasibətləri olub. Bu Ordunun qəhrəman əsgərlərinə və yaralılara kömək üçün xüsusi tibbi qruplar təşkil etmiş və özü də bu qrupların tərkibində yaralı əsgərlərə tibbi xidmət göstərmişdir. 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vəzifəsindən istefa verir. Tədqiqatçı Əli Şamil yazır ki, Xudadat bəy bu vəzifədən uzaqlaşarkən 66 saylı son əmrini (əslində bu, bir müraciət idi) verib, Gəncə Quberniyasının İdarə Heyətinə, dəftərxana qulluqçularına və digər əməkdaşlara təşəkkürünü bildirirdi və həmin ilin 12 mayında həbs olundu. İstintaq materiallarından aydın olur ki, ona qarşı müqavimət göstərən, əsassız iddialar qaldıran ermənilərdir. Lətif Şüküroğlu "Cümhuriyyət hökuməti repressiya məngənəsində" kitabında yazır: "X.Rəfibəylini sorğu-suala tutub istintaq aparan da, saxta ittihamlar əsasında ifadə verənlər də ermənilər idi. Növbəti ifadə verən ermənilər isə aşağıdakılardır: Sərkisov, Ovanes Vartanov, Ambursum Cevorkova, Ovanes Akopov, Yegiş Cevorkova, Arutyunova və b. Onlar X.Rəfibəyovu onun "quldur dəstəsinin-Mustafabəyovun" iştirakı ilə mal-qaralarını apardıqlarından, var-yoxlarını taladıqlarından şikayət edirlər". Nə qədər saxta ittihamlar, Gəncə valisi mal-qara oğurlayır... Tədqiqatçı Nəsiman Yaqublu yazırdı ki, Xudadat bəy inanırdı ki, o, günahsızdır. Amma belə olmur, 43 yaşlı Xudadat bəyi saxta ittihamlarla günahlandıraraq 1920-ci ilin iyunun 1-də Xəzər dənizindəki adalardan birində güllələdilər.

Pərən-pərən düşən ailə dağılır, balaca Nigarın 7 yaşından yetimlik həyatı başlayır. Rəşid Rusiyaya gedir və Mirəli Qaşqayın məsləhəti ilə Moskva Geoloji Kəşfiyyat İnstitutunda ali təhsil alır, 40-cı illərin sonunda Bakıya dönür. Məşhur geoloqun oğlu İslam Rəfibəyli deyir ki, "atam SSRİ məkanında geologiya üzrə məşhur mütəxəssis kimi məsul və rəhbər vəzifələrdə çalışsa da, həmişə qorxu-təşviş içərisində yaşayıb. Onun bu hissləri təhsil aldığım 123 saylı orta məktəbdə oxuyanda da, uzun illər çalışdığım Ali Sovetdə də məni tərk etmədi". Kamil İrana, ordan da Türkiyəyə keçir və həyatının sonunadək Türkiyədə yaşayır. Nigar xanımı Türkiyəyə bağlayan mühüm amillərdən biri də heç şübhəsiz ki, məhz bu fakt olur.

İbtidai təhsilini Gəncədə alan Nigar xanım sonra Bakı Pedaqoji Texnikumunu bitirir (1930), Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdir (1932-1936). Əmək fəaliyyətinə müəllimliklə başlayan Nigar Rəfibəyli ömrünün sonunadək yaradıcılıqla məşğul olur. Amma "uşaqlıq illərimiz yetimliklə, möhnətlə keçdi, gəncliyimiz qayğıyla, zəhmətlə", "nə ata çörəyi yedik, nə gördük qardaş sovqatı, qamçıladı bizi acı-acı sərt üzlü yetimlik həyatı" deyən nisgilli xatirələr Nigar xanımın şeirlərində, eləcə də bütün yaradıcılığında dərin izləri ilə qalır. Zaman-zaman həbs və sürgün təhlükəsi onu izləyir və NKVD-nin təqdim etdiyi saxta və iftiralarla dolu "sənədin sonunda "sürgün edilsinlər" hökmü də olur. Amma M.C.Bağırovun "Ostavit", yəni "dəyməyin, qalsınlar" dərkanarının xilas etdiyi ailələrdən olsa-olsa biri idi. Yenə taleyin xoş bir təsadüfi ailəvi dostları Əhməd Cavadın, Müşfiqin, böyük Cavidin və başqalarının aqibətini onlara yaşatmadı. Ən acınacaqlısı və yaddan çıxarılması tövsiyə olunmayan fakt budur ki, bu sənədləri hazırlayanlar "yanlar" idilər, eləcə də Nigar Rəfibəyliyə və onun ailəsini sürgünə göndərən sənədin də altında "Qriqoryan" imzası var idi.

O ağır illərdə Nigar xanımın həyatına uzanan bir ilahi əl də onun həyat yolunun yeni başlanğıcı olur. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun yazdığı kimi "...Nigar  Rəfibəyliylə evlənmək, onun keçmişinə  və taleyinə ortaq olmaq deməkdir ki, böyük sevgi Rəsula bu qərarı verdirir. Rəsul Rza bircə misra şeir yazmasaydı, həyatında heç bir şey etməsəydi belə, əmin olun, ona yenə eyni dərəcədə ehtiram göstərər, sevərdim".

Bu ilahi qüdrətdən danışdıqca bir faktı da söyləməyi lazım bildim. "İlk yaradıcılıq çağlarında Nigar Rəfibəylinin inqilaba, quruluşa, sonralar Stalinə bəzi şeirlər həsr etməsinin əsas səbəbini başa düşmək çətin deyil" və yaxud "Bu şeirlərin yaranma səbəbini yaxşı anlamaq üçün, xüsusən Əhməd Cavadın adı və əsərləri ətrafında gedən və şairin güllələnməsi ilə bitən intriqaları, ...sürgündən xaricə qaçan Almas İldırımın acınacaqlı taleyini nəzərə almaq lazımdır". Təbii ki, Nigar xanıma məşhur ədəbiyyat alimi Bəkir Nəbiyevin qazandırmaq istədiyi bu bəraət deyilənlərin təsdiqidir, amma tale adamdan üz döndərəndə heç nə keçərli olmayıb. Bəyəm Mikayıl Müşfiq, Əhməd Cavad, Almas İldırım, eləcə də başqaları dövrü, "dahi rəhbəri" tərənnüm edən şeirlər yazmamışdımı? Bu da bir tale işi idi ki, tale bu dəfə də bəy qızının, "xalq düşməni damğası" ilə güllənən AXC nazirinin qızının üzünə gülmüşdü. Amma yenə də taleyin qara buludları başı üzərindən bir an belə çəkilməmiş, hətta NKVD-KQB Nigar Rəfibəyliyə "xüsusi diqqəti"ni heç vaxt  azaltmamışdı.

 

Namiq ƏHMƏDOV

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2022.- 14 sentyabr.- S.15.